Binalar və insanlar

Binalar və insanlar
24 may 2013
# 10:38

Səbuhi Məmmədli üçün

İnsanlar da binalar kimidir... Onların da taleyi, keçmişi, bu günü, sabahı var. Bəlkə onlardan da hansısa bir gün olmayacaq, lap insanlar kimi.

Bir tarixi paytaxt şəhəri vardı. Bu şəhər memarlıq abidələri, qədimi binaları ilə fəxr edirmiş kimi qürurlu görünürdü. Buna haqqı da vardı, çünki həmin qədimiliyi, tarixiliyi, memarlıq quruluşu onu başqa paytaxt şəhərlərdən fərqləndirirdi. Başqa paytaxt şəhərlərdən bura gələn qonaqlar şəhərə heyran qalırdılar, gedib bir də gəlirdilər, paytaxt şəhər öz gözəlliyi, fərqliliyi ilə onları cəlb edirdi.

Zaman keçdi, bu şəhərdə dəyişikliklər başladı. Şəhərin rəhbərliyi, əhalisi, sosial-iqtisadi durumu dəyişdi. Şəhər də insan kimi pullandı, amma bu pul onun xeyrinə işləmədi, şəhər sadə, gözəl, isti xarakterini dəyişdi. Köhnə binaları göydələnlər əvəz etməyə başladı. O binalar bir-bir uçuruldu, yerində ucaldılan otellər, restoranlar gecələr bərq vurmaqda göydəki ulduzlarla bəhsə girdi.

Bir gün gördük ki, şəhərin keçmişindən yalnız bir-iki xatirə-qədim bina qalıb. Onlar da göydələnlərin kölgəsində çox miskin görünür. Elə bil o göydələnlər yuxarıdan aşağı bu qocaman binalara baxıb istehza edirdi onlara: “Buna bax, bu da adını bina qoyub, bir təpiyimə bənddir ki, uçulub yerlə yeksan olsun”. Tarixi memarlıq abidəsi kimi bir vaxtlar qarşısında növbə yaranan bina isə hər gün bu vəziyyətindən elə bil bir az da sıxılır, büzüşür, alçalırdı.

Bir gecə yer-göy lərzəyə gəldi. Şəhər əsim-əsim əsdi, az qala dənizə qərq olacaqdı. Gecənin qaranlığı və yerin o yan-bu yana oynaması şəhəri vahiməyə gətirdi. Nələr oldu, bir gecə bildi, bir də Allah.

Səhər günəş şölələrini şəhərin üstünə salanda o şölələr altında yalnız toz dumanı göründü, şəhər yerlə yeksan olmuşdu. Dünən gözəlliyi ilə öyünən binaların yerində hərəsinin özü boyda təpəcik qalmışdı.

O təpəciklər arasında məğruru-məğrur köhnə şəhərdən və indi həm də təzə şəhərdən yadigar qalan iki bina görünürdü. Bir az kədərli, həm də sevincli, qocaman, məğrur və qürurlu memarlıq üslubunda tikilmiş qocaman iki bina...

İnsanlar da binalar kimidir... Onların da taleyi, keçmişi, bu günü, sabahı var. Bəlkə də onlardan hansısa bir gün olmayacaq, lap insanlar kimi.

# 4013 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #