Sevdiyim əsgər

Sevdiyim əsgər
26 iyun 2013
# 07:30

Uşaq vaxtı soldat çox işlətdiyimiz söz idi.

Yəqin bu sərhəd rayonunda böyüməyimdən irəli gəlirdi.

Sərhədçilər həmişə gözlərimiz qarşısında fırlanırdılar, onlarla rus dilinin qol-qıçını sındıra-sındıra söhbət edib özümü rus dilini bilən göstərib ətrafdakı həmyaşıdlarımın qarşısında təşərlənərdim.

Düz kəndimizin ortasından keçən Bakı-Yerevan qatarının hər vaqonunun qapısında duran soldatlardan “soldat znaçok yest?” deyə soruşardıq. Onlar da bizi qırmazdılar, yaxalarındakı “znaçok”ları sonuncusuna qədər açıb bizə tullayardılar. Beləcə uşaq məsumluğumuzla çox sevərdik onları. Onlara xilaskarımız, qoruyucumuz, güvənc yerimiz kimi baxardıq, hərçənd aralarında tək-tük azərbaycanlı tapılardı.

Soldatları 1990-cı ilin 20 yanvarına qədər hələ də sevirdik, güvənirdik. Güvənc yerimizin necə puça çıxdığı hamıya bəllidir. O vaxtdan sevgi nifrətə çevrildi.

İlk milli batalyonumuzun yaranmasından üzü bəri əsgər sözünə uyğunlaşmağa, onu sevməyə başladıq. Əvvəlcə əsgərin papağındakı, qolundakı bayrağımızı sevdik. Sonra əsgərin hərbi formasını, özümüzünküdür, daha şirin gəlir.

İndi neçə illərdir ki, əsgər deyəndə gözlərim qarşısında təcili yardımla gətirilən 1990-cı illərdə gördüyüm şəhid əsgərlər gəlir. Sevməyə imkan tapmamış itirdiyimiz əsgərlər.

Hələ onlara güvənc yeri, xilaskar kimi baxa bilmirəm, nədənsə daha çox ürəyim yanır, onlar üçün nə isə eləməyə çalışıram, əlimdən gələn bir şey varsa əgər...

Görünür, onlar ilkin xəyalıma şəhid, yaralı kimi həkk olunublar ona görə.

Bayramın mübarək, əsgər. Sənə qələbə arzulayıram. Qalib ol ki, güvənc yeri ol, qalib ol ki, gözlərimiz qarşısında əzəmətin artsın. Qalıb ol ki, səni qüdrətli olduğun, güvənə bildiyimiz üçün sevək. Qələbə sənin şəhid görkəmini alt-üst edəcək. Sənə də, özümə də sonu qələbə ilə bitən döyüş əzmi arzulayıram. Əsgər döyüşməsə möhtəşəm ola bilməz. Günün mübarək! Hər gün sənin olsun.

# 2461 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #