Oğlu qan xəstəliyindən əziyyət çəkən, qürbətdə ölən rəssam

Oğlu qan xəstəliyindən əziyyət çəkən, qürbətdə ölən rəssam
12 dekabr 2017
# 13:10

Ustad Gündüz Əlizadənin əziz xatirəsinə

Bir-neçə il əvvəl, dekabr ayı, yeni il ərəfəsi idi, telefonum zəng çaldı:

- Salam, Ramilə.

- Salam – deyə cavab verdim və həmin an xəttin o başındakı doğma səsi tanıdım – nə yaxşı gəlmisiniz, necəsiniz, Gündüz müəllim? – sevincək soruşdum.

- Necə olaram, Azəri gətirmişəm! - dedi.

- Azər necədir?-deyə soruşmaq istədim, sual dilimdən qopmadan, beynimdə “Azəri gətirmişəm” – kəlməsi əks-səda verdi.

- Azəri gətirmisiniz, necə? – soruşdum.

- Torpağa tapşırmağa – səsi titrədi, mən məhv oldum, daha yaşaya bilmərəm – dedi.

Əlim çatan ümumi dost-tanışa da xəbər verdim, getdik Gündüz müəllimin Əhmədli kəndindəki ata evinə, Azərin 40 mərasiminə.

1995-ci ildə mən “Ədəbiyyat qəzeti”ndə işləməyə başlayanda, rəhmətlik Sabir Əhmədli ilk iş günü məni qəzetin bədii tərtibatını verən, rəssam Gündüz Əlizadənin otağına gətirdi:

- Gündüz, bu qız bizim aləmə daxil olur, nəşriyyatın necə (indiki “Azərbaycan” nəşriyyatı ) bir “cəngəllik” olduğunu bilirsən, bu qız isə gəncdir, təcrübəsi yoxdur, onu səndən başqa heç kimə etibar edə bilmədim, səninlə bir otaqda oturacaq, hamıya mənim qohumumdur de, “yırtıcılardan” da hifz elə. “Arxayın olun, Sabir müəllim, biz tərəflərə yırtıcı gələ bilməz”, -deyə gülümsəyərək nəzakətlə əlini mənə uzadıb özünü təqdim etdi: “Gündüz Əlizadə”.

Mən bu imzanı çox sevdiyim “Gənclik” jurnalından tanıyırdım. “Molla Nəsrəddin” jurnalında Əzim Əzimzadə necə Cəlil Məmmədquluzadə ilə eyni “yükü” daşıyırdısa, mənim aləmimdə “Gənclik” jurnalının tanınmasında, sevilməsində, Məmməd İsmayılla eyni missiyanı Gündüz Əlizadə daşıyırdı, rolu onun qədər böyük idi.

Desəm ki, bəlkə də kənardan tanıdığımla yaxından tanıdığımın arasında heç bir fərq görmədiyim yeganə insan oldu Gündüz Əlizadə. Sözü ilə əməli, işi ilə həyat tərzi, daxili ilə zahiri eynilik təşkil edən, bütöv insan.

“Ədəbiyyat qəzeti”nin nəşriyyatın 9-cu mərtəbəsində yerləşən redaksiyasında lap axırıncı, “De fakto” ilə üzbəüz olan otağına ədəbiyyatın, rəssamlığın ən tanınmış simaları gələrdi. Gündüz müəllimlə Nəriman Həsənzadənin, Məmməd Aslanın, Məmməd İsmayılın və daha kimlərin söhbətləri mənim üçün baş vurduqca dərinləşən dərya idi. Onlar gedəndən sonra Gündüz müəllimlə bu adamların hər kəlməsini müzakirə edərdik, hər kəlmədə, hər hərəkətdə məni daha çox öyrətməyə, daha çox təcrübə toplamağıma çalışardı, kömək olardı. Tez-tez mənim görmədiyim, artıq həyatda olmayan yazıçılardan, rəssamlardan, onlarla söhbətlərindən danışardı mənə. Qəzetdə rəssamların həyatından heç kimə bəlli olmayan həqiqətlərdən bəhs edən layihə aparırdım, Gündüz müəllimin danışdıqlarını hissələrə bölüb, hər nömrə birini verirdim. Mehdi Bəyazidlə, Hüseyn Əfəndi ilə də məni Gündüz müəllim tanış eləmişdi. Deyirdi onların sözə necə yaradıcı yanaşmalarına diqqət edim, öyrənim. Mehdi Bəyazidi danışdır və dinlə-deyirdi, kitab oxumağa ehtiyacın olmayacaq. Bir gün “Daş körpünün göz yaşları” adlı bir yaşam hekayəsi yazmışdım, yazını bitirər-bitirməz məni baş redaktor çağırdı, getdim, qayıtdım ki, əlyazma masamın üstündə yoxdur, soruşdum, Gündüz müəllim: “Görmədim”, - dedi. (O vaxt hələ kompüterlə yazmırdıq, sonralar ilk kompüteri “Ədəbiyyat qəzeti”nə Qəzənfər Paşayev hədiyyə etdi və yenə Gündüz müəllimin sayəsində onu birinci Dilavərlə mən öyrəndik.) Düşündüm yəqin harasa qoymuşam, yadımdan çıxıb. Səhər işə gələndə həmin hekayəni masamın üzərində açıq vəziyyətdə “Ədəbiyyat qəzeti”nin səhifəsində gördüm. Gündüz müəllim yazıb gizlətdiyimi duymuşdu, masa üzərində qalan yazımı oxuyub, bəyənib, nöqtə-vergülünə toxunmadan işlədiyim qəzetdə çap elətdirmişdi. O hekayənin yazılıb ərsəyə gəlməsində Gündüz müəllimin və Sabir Əhmədlinin misilsiz rolları vardı, onlardan öyrəndiklərim karıma gəlməyə başlamışdı. Yaşadığı şokdan dili tutulub, uzun müddət danışmayan, amma sözü yaddaşına yığan və birdən dil açan insan kimi yazı və hekayələrim bir-birinin ardınca düzüldü. Hər yazımı oxuyub məsləhətlərini verərdi, sözü yüz formada işlətmək olar-deyirdi, çalış elə yerində işlət ki, “Mersedes”in qapısı kimi “çık” örtülsün, daha “Jiquli” qapısı kimi “tarak” eləməsin.

O qədər kövrək qəlbli, gözəl insan idi ki, ara-ara söhbətlərdə ailə vəziyyətimi, qaçqınlıq-köçkünlük nisgilimi danışmışdım ona. Zatən, hekayələrim də elə onlardan bəhs edirdi. Bir gün dedim ki, atamla-anama televizor almaq istəyirəm, əlləri qoyunlarında ancaq fikir eləməklə məşğuldular, bəlkə, televizor başlarını qatar-dedim, amma bilmirəm, hardan, necə alım. Dedi işdən sonra birlikdə gedib alarıq. Topladığım bir-neçə aylıq qonorarımla o vaxt təzə çıxmış marka televizoru alıb ticarət mərkəzindən birbaşa evə gəldik. O televizorla evimizə bir az hüzur gəldi sanki, ailəmiz də həm mənim söhbətlərimdən, həm də yaradıcılığından tanıdıqları Gündüz Əlizadəni yaxından tanıdı və çox sevdilər. Bir gün onlar ailəlikcə yığışıb bizə gəldilər, sonra oğlunun doğum günüdə biz onlara getdik, ailəvi dostlaşdıq.

Gündüz Əlizadə təkcə mənim üçün belə xeyirxah deyildi, Aygün Əllədinqızı, Dilavər Nəcəfov, Qənirə Qurbanlı, yüzlərlə o vaxtın istedadlı gəncləri indi bu yazını özləri yazıbmış kimi oxuya bilər. İş otağımıza hər gün ən azı iki-üç gənc oğlan, qız gələrdi. Kimisi Gündüz müəllimdən yazmağı öyrənərdi, kimisi rəsm çəkməyi. Başqa birisinin yeni çıxacaq kitabının üz qabığını işləyirdi, digərinin çıxaracağı qəzetin dizaynı ilə bağlı yardım edərdi. Gördüyü işlərin heç birisinə qiymət oxumazdı, maddi durumunu bildiyi adamdan bəzən heç pul almazdı. Bir dəfə gənc şair Hamlet Kazımoğlu kitab çıxartmaq istəyir – dedim, amma pulu yoxdur, kitabın üz qabığını sifariş verə bilmir. Dedi göndər gəlsin yanıma. Onun “Ağ çadır” adlı şeirlər kitabının üz qabığını bir-neçə gün tam təmənnasız işləyib verdi.

Sabir Əhmədlini “Ədəbiyyat qəzeti”ndən getməyə vadar edən, Yazıçılar birliyindəki məlum, tarixi iclasda, ona qarşı təzyiqlərə iki nəfər qalxıb etiraz etmişdi, biri Bəxtiyar Vahabzadə, o birisi Gündüz Əlizadə.

Dostlarını çox sevərdi, çox sadiq insan idi. Hüseyn Əfəndinin vaxtsız ölümünə, Məmməd İsmayılın qürbət nisgilinə yana-yana danışardı, Nəriman Həsənzadəni, Sabir Əhmədlini çox böyük tutardı. Tez-tez müəllimi Mikayıl Abdullayevdən sitat gətirərdi.

Sonralar, yəni “7 Gün” qəzetində çalışanda hərdən məsuliyyətli bir yazını hökmən 9-cu mərtəbəyə qalxıb ona göstərərdim: “Ustad, bu yazıya bir baxın, lütfən”.

Bir gün qəzetdə “Sil gözün yaşın, Qaragilə” adlı hekayəsi çıxmışdı, oxudum, çox kövrəldim: “Elə bil, gerçək həyat hekayətidir?”, - deyə soruşdum. Qələmi fırçasından geri qalmazdı Gündüz müəllimin. Dedi, hamının uşağı atasının qarşısına yüyürüb: “Ata, mənə şokolad, nə bilim paltar, top almısan?”, - deyə soruşar, mənim oğlum qaçıb qarşıma məndən: “Ata, qan tapıb ala bildin?”, - deyə soruşur.

Oğlu Azər qan xəstəsi idi, vaxtlı-vaxtında ona qan vurulmasaydı, yaşamazdı, qrupu isə çətin tapılırdı, Gündüz müəllim Azərlə nəfəs alırdı, onun nisgilinə dözə bilmirdi. Çox düşünüb-daşınıb oğlunu müalicə üçün Almaniyaya aparmağa qərar verdi. Çox vətənpərvər, doğulduğu, böyüdüyü Bakını bütün qəlbi ilə sevən, müstəqillik hərəkatının önündə gedən, bütün rəssam yaradıcılığı vətənə, onun parlaq gələcəyinə həsr edən bu adam Bakını tərk etməli oldu, ailəsini də götürüb Almaniyaya köç etdi ki, oğlunu həyatda saxlaya bilsin. Onların səfəri ərəfəsində mən ailə qurmağa hazırlaşırdım, toydan öncə kirayə ev axtarırdıq. Gündüz müəllim mənə: “Ev-filan axtarmayın, - dedi, - biz köçürük istədiyiniz qədər bizim evdə qalarsınız”. Səfəri ləngidib toyda da ailəlikcə iştirak etdilər, bizi evlərinə köçürdüb özləri yola çıxdılar. Bir il onlarda qaldıq.

20 Yanvar hadisələrindən sonra Gündüz Əlizadənin yaradıcılığında bu mövzu ana xətt olmuşdu. Xocalı soyqırımı, Qarabağ hadisələri hamısı onun fırçasında öz əksini tapırdı. Almaniyada da Gündüz Əlizadənin sorağı müxtəlif şəhərlərdə keçirilən sərgilərində 20 Yanvarla, Qarabağla bağlı əsərlərinin sərgiləndiyini, həqiqətləri bəyan etdiyini eşidirdim. Yazışırdıq: “Mənə informasiya verin, burda mətbuata yazım”, - deyirdim. “Olmaz, mən informasiya üçün eləmirəm bunları”, - deyirdi.

Təmənnasız insan. Qarşıma belə şəxsiyyətlər çıxartdığı üçün Tanrıma o qədər minnətdaram ki...

Bakıya iki dəfə gəlmişdi, birində oğlunu dəfn etməyə, bir də onun ilində. Görüşüb söhbətləşmişdik, bizim evə gəlmişdi. Danışırdı ki, Bakısız və Azərsiz yaşaya bilmirəm. Yeganə qızı orda ailə qurduğundan xanımı Bakıya qayıtmaq istəmirdi, Yasəmən xanımla, Şəlaləni orda qoyub Bakıya qayıda bilməyən Gündüz müəllim isə həsrətdən yanırdı. Tez-tez buranın havasını soruşurdu.

Bu gün səhər işə çatan kimi internetdə ilk oxuduğum başlıq qanımı damarımda dondurdu: “Almaniyada yaşayan azərbaycanlı məşhur rəssam dünyasını dəyişib...”

İnboksa baxdım, son yazışmalarımızı oxudum:

- Gündüz müəllim, kitabım çıxıb.

- Təbrik edirəm.

- Təşəkkür edirəm.

- Mən təşəkkür edirəm ki, ümidləri doğruldursan.

Növbəti yazışma:

- Salam, Ramilə, necəsən? Bir aktyor haqqında yazını oxudum, sənə yaraşdırmadım belə xalturanı.

- Gündüz müəllim, siz görən mətbuat deyil, kurallar başqadır, bəzən axına qoşulub axmalı olursan, qarşı üzmək çətin gəlir.

- Sən yenə özün ol, imzana hörmət elə.

- Almaniyadan oturub mülahizə etmək asandır yəqin...

- ...

- Deyəsən, xətrinə dəydim.

Növbəti:

- Salam, Ramilə, necəsən?

- Salam, şükür, siz necəsiniz?

- Yaxşıyam deyim....Qoy.

- Deyin və yaxşı olun, nolub ki?

- İnsan da hava kimidi, buludlu, yağışlı bəzən hətta günəşli (((

- Hə elədi, indi siz buludlusunuz deyəsən?

- Buludu heç sevməm, günəşə macal vermir ona görə. Tanrım qara buluddan qorusun cəmimizi...

- Amin.

- Sənin Aminin şükürlü olar, özündən muğayat ol, əzizlərinə salam yetir, yadına düşsəm mənə də ))

Növbəti:

Bir şəkil göndərmişdi, xəstəxanadan.

- Bunu səndən qeyri heç kim görməsin, - dedi.

- Olmasın, azar-dedim, noolub sizə, Gündüz müəllim?

- Dörd aydır müalicədəyəm-dedi...

Növbəti:

- Salam, necəsiniz, Gündüz müəllim?

İndi fərqinə vardım ki, sonuncu sualımı heç oxumayıb, demək vəziyyəti ağırlaşıb xəbərim olmayıb. Arada profilimdəki şəklimi götürüb onu karandaşla çəkib Almaniyadan Bakıya dostları vasitəsiylə göndərmişdi mənə. “Təşəkkür” yazmışam, ona cavab gəlib, amma sonuncu, “Necəsiniz?” sualı cavabsız qalıb. Bu gün səhər oxuduğum xəbərə qədər daha heç bir xəbərim olmayıb. Amma Gündüz müəllim hərdən mənə də salam de-yazmışdı.

Bu yazı onun insanlığını, sənətkarlığını əhatə edə bilməz, yalnız mənim kədərimi və bir az da səhlənkarlıqdan yaranan vicdan əzabımı azaltmaq üçündür.

Daha bir dekabr ayı, yeni il ərəfəsi Gündüz müəllim bu dünyadan haqq dünyasına oğlunun yanına köç edir. Ustad, böyük insan, kiçiklərin günahlarını bağışlayın... Bir də, Ustad, bu yazıya bir baxın, lütfən.

# 2458 dəfə oxunub

Müəllifin son yazıları

# # #