Övladını kinoya qurban verdi və bir daha ana ola bilmədi

Övladını kinoya qurban verdi və bir daha ana ola bilmədi
31 avqust 2013
# 07:45

Sonuncu müsahibəsində “Həyatdan nə gözləyrisiniz?” sualına aktrisa bircə kəlmə ilə, amma göz yaşları içində cavab verib: “Övlad”.

Evindən çıxan gündəliyindən də məlum olub ki, şan-şöhrətə, uğurlara baxmayaraq tənha və dərdli imiş. Uşaq həsrəti çəkib, peşmanlıq yaşayıb, bunu heç vaxt dilə gətirmədən.

Uşaqlığı

Rusiyanın xalq artisti Natalya Georgi qızı Qundareva 2000-ci ildə Bakıda keçirilən beynəlxalq kinofestivalda “Ən yaxşı qadın rolu”nun qalibi olub.

Sovet tamaşaçıları isə onu daha çox “Şirin qadın” filminin qəhrəmanı kimi tanıyırıq. Bu adı həm də onun simasına biçilmişdi. Özü də çox məlahətli, şirin qadın idi.

Natalya Moskvada dünyaya gəlib. Atası və anası tikinti mühəndisi olublar.

O vaxtın insanlarına xas bir maraq və məhəbbətlə həmişə Moskva teatrının tamaşalarına gedərdilər. Anası hətta iş yerində də teatr dərnəyinə gedərmiş və bir neçə dəfə məşqlərə, tamaşalara qızını da özü ilə aparıb. Qızları Natalyada teatra maraq belə yaranıb.

“İlk dəfə teatra gedəndə bu aləm mənə o qədər nağılvarı təsir bağışladı ki, elə bilirdim teatrın döşəməsini tapdamaq olmaz”.

Teatra maraq məktəb illərində daha da artdı. Ədəbiyyat dərslərini həsrətlə gözləyirdi ki, pyesləri rollarla oxuyacaqlar. “Pionerlər evi”nin də müxtəlif dərnəklərinə gedirdi, hamısı da teatrla, sənətlə bağlı.

Nəhayət, ilk dəfə səhnəyə elə “Pionerlər evi”ndə çıxdı. “Vəhşi Dinqo” tamaşasında, ana rolunda.

“Mən səhnə üçün deyildim, səhnə hündür, yaraşıqlı qızları sevir, mənsə kök və bəstəboy idim, ona görə özümdəki komplekslərlə çox mübarizə aparmalı oldum” – bu onun öz fikirləridir.

Qəribə təzaddır: ilk rolu ana olan və Sovet kinosunda ana simvolu sayılan bu qadın əsl ana olmaq şansından ömürlük məhrum imiş. İlk dəfə ona həvalə olunan böyük roldan imtina etməmək üçün aborta gedib, ilk körpəsinin həyatına son verib, bu həm də son övladı olub.

Çatışmazlıqlarını aradan qaldırmaq üçün basketbola yazılır. İdman məktəbində xizək yürüşünə gedənlərə də qoşulub, özü də başını örtməkdən imtina edib ki, özünün şaxtaya dözümünü yoxlasın. Bu üsullarla qız həm ətrafdakılara, həm də özünə sübut edib ki, bütün çətinliklərə sinə gərmək mümkündür, təki insanda ruh olsun.

Dönüş

Teatra bu qədər sevgisinə baxmayaraq, Natalya aktrisa olmaq fikrində deyilmiş, bunu sadəcə bir əyləncə sayırmış. Anasının yolu ilə gedib mühəndis olmağı düşünürdü. 10-cu sinfi bitirəndən sonra iki il kombinatda mühəndis köməkçisi işləyib və sonra Moskva Mühəndislər İnstitutunun hazırlıq şöbəsinə daxil olub. Birdən –birə təhsilini yarımçıq qoyub teatr aləminə üz tutur.

Teatr

Teatr məktəbini bitirəndən sonra ona paytaxtın bir neçə teatrından eyni vaxtda təklif gəlir. Qundareva Mayakovski adına Teatrın təklifini qəbul edir və ömrünün sonuna qədər də bu seçimə sadiq olur.

Teatrdakı rollarını sadalamayacam, çünki bizim oxucu üçün bu maraqlı deyil, görməmişik. Yalnız onu deyəcəm ki, kinoda olduğu kimi teatrda da uğurlu aktrisalardan olub.

Şəxsi həyatı

Natalya Qundareva çalışdığı teatrın aktyoru Mixail Filippov ilə evli olub.

“Mişa teatrda mənim keçmiş tələbə yoldaşımla dostluq edirdi və biz bir yerdə kampaniyalarda olurduq. Onun gözəl yumor hissi vardı. Bir yerdə bizə xoş idi, tez-tez görüşürdük. Tale elə gətirdi ki, bir gün anladı-bir yerdə yaşamalıyıq. “

Ərinin birinci evlilikdən bir oğlu vardı, Natalyanın isə övladı olmurdu.

“Niyə övladınız yoxdur?” sualına aktrisa həmişə belə cavab verərdi: “Buna ehtiyac yoxdur, teatr bəs eləyir”.

Kino və 70-ci illər

Kinoda ilk rolu “Salam və əlvida” filmində baş rol oldu. Aktrisa kənddən gələn gənc qız obrazını o qədər məharətlə oynamışdı ki, kinostudiyaya belə bir məktub gəlmişdi: “Təşəkkür edirik ki, kinostudiya xalqın içindəki adamları kinoya cəlb edir, kəndçi qızı Natalya Qundareva uğurlu tapıntıdır”.

Andrey Smirnovun “Payız”, Nikolay Qubenkonun “Pöhrə” filmlərindəki Dusya, Tasya obrazlarından sonra Natalyanın məşhur, onu bütün SSRİ-yə tanıdan obrazı gəldi. “Şirin qadın” filmindəki üç müxtəlif qadın obrazı.

Film böyük əks-səda yaratdı. 1977-ci ildə ilk dəfə ilin ən yaxşı aktrisası oldu. Sonralar bu titul ona bir neçə dəfə verildi.

Sonra bir çox filmlərdə oynadı. 1979-cu ildə daha bir uğur qazandı-G.Danelyanın “Payız marafonu” faciəli komediyasında Nina obrazı ilə.

80-ci illərin əvvəlində Natalya artıq bütün Sovet İttifaqında tanınan və sevilən aktrisa idi. Çəkildiyi filmlərə artıq necə çəkilməsindən, uğurlu-uğursuz olmasından asılı olmayaraq ona görə baxırdılar.

“Tənhalara yataqxana təklif olunur”, “Uşaq evinin sahibəsi” onun bioqrafiyasına yazılmış filmlərdir.

80-ci illərin ortalarında aktrisa ağır yol qəzası keçirir. Belə yerdə göz dəyməsinə necə inanmayasan. Aktrisa üç ay ayağa qalxa bilmir. Sonra da üzündəki çapıqlara görə bir müddət ekranlara çıxmır.

Sonra yenə ardıcıl filmlər, rollar, uğurlar.

Faciə

Həmin qəza onun həyatına, səhhətinə təsirsiz ötüşməyibmiş, həm də müalicəni tam bitirməmiş iş başına qayıtması ona həyatı bahasına başa gəldi. 2001-ci ildə Natalya Qundareva iflic oldu. Uzun sürən əzablar, ağrılar, həyata nifrət yaratmışdı onda. Qarşısında qulluğunda duracaq bir övladı da yox, ərindən isə çoxdan ayrılıb, onun başqa ailəsi də var artıq. Natalya Qundareva onu tək qoymayan dostlarının əhatəsində 2005-ci ilin mayında pəncərədən bayıra son dəfə yataqda baxıb gözlərini əbədi yumdu.

Sonuncu müsahibəsində ona “Həyatdan nə gözləyrisiniz?” sualına aktrisa bircə kəlmə ilə, amma göz yaşları içində cavab verib: “Övlad”.

Evindən çıxan gündəliyindən də məlum olub ki, şan-şöhrətə, uğurlara baxmayaraq tənha və dərdli imiş. Uşaq həsrəti çəkib, peşmanlıq yaşayıb, bunu heç vaxt dilə gətirmədən.

# 5535 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #