Cəlil Cavanşirin səhv tərcümə etdiyi kitabı 18 manata satırlar - Ramil Əhməd

Cəlil Cavanşirin səhv tərcümə etdiyi kitabı 18 manata satırlar - Ramil Əhməd
9 oktyabr 2023
# 12:00

Kulis.az Ramil Əhmədin "Mücrü" nəşriyyatında çapdan çıxmış, tərcüməçisi Cəlil Cavanşir olan “Hekayə” kitabı haqqında “Tərcüməçi labirintdə olduğunu anlamayanda” adlı yazısını təqdim edir.

İlk cümlədən bildim! Bildim ki, tərcümə xətalarıyla dolu olan beş yüz səhifəlik bu kitabı oxuya bilməyəcəm. Kitab mağazasında bir az vərəqləmiş olsaydım, almazdım.

Başqa kitab olsa, bu qədər əhəmiyyət verməzdim. Amma əlimdə tutduğum kitab ixtisasımla birbaşa bağlı olan Robert Makkinin “Hekayə” kitabı idi.

Cəlil Cavanşirin bu kitabı tərcümə etdiyi barədə statusunu oxuyanda sevinmişdim. Ana dilimizdə ssenari strukturunun öyrədilməsiylə bağlı yazılmış məşhur bir kitabın insanlar üçün əlçatan olmasının sevincini yaşamışdım. Hərçənd, əsərin orijinalını tam oxumasam da, ayrı-ayrı hissələrini oxumuşdum. Ona görə sevinirdim ki, bu sahədə olan boşluğun yavaş-yavaş dolduğunu düşünürdüm. Amma, lakin, fəqət!

İstanbul Universitetindən fəlsəfə doktorluğu elmi dərəcəsini yaradıcı yazarlıq sahəsində alan biri olaraq sözü gedən kitabın ingilis və türk variantını kompüterimdə tapmaq cəmi 12 saniyə vaxtımı aldı. Bu vaxt azlığında ərinmədim, üç variantı da qarşıma qoyub cümlə-cümlə oxudum. Sahənin ən çox bilinən kitablarından birinin ana dilimizə gələnə qədər hansı mənaları itirdiyinə cümlə-cümlə şahid oldum. (Allah başqa dərd verməsin!)

“Hekayə qaydalarla deyil, qanunlarla əlaqədardır.” ilk cümlədəki “qayda”, “qanun” “əlaqədardır” sözlərinin yaratdığı çaşqınlığın yəqin davamındakı cümlələrlə aydınlaşacağını düşündüm. Amma bu məna qarışıqlığı getdikcə aydınlaşmaq yerinə daha anlaşılmaz olurdu. Sonrakı cümlənin isə düzgün tərcümə olunmadığını gördüm:

Orijinal: “...rebellious, unschooled writers break rules.”

Tərcümə olunan: “...üsyankar, müəyyən bir məktəbə bağlı olmayan yazarlar isə qaydalara uyğunlaşır.”

Orijinalın dediyi “break rules”-dur, yəni qaydaları pozmaq, ona riayət etməmək, tərcümənin dediyi isə “qaydalara uyğunlaşır”dır. Tərcümənin türk dilində edildiyi cümlə quruluşlarından və dilin məntiqindən aydın olur. Bu səbəblə türkcə variantında da yanlışlıq varmı deyə baxanda, düzgün tərcümə olduğunu görürük: “...isyankar, ekole bağlı olmayan yazarlar ise kuralları yıkar”. Bir qaydanı pozmaq, qəlibi sındırmaqla ona uyğunlaşmaq tamamilə zidd məna deyilmi?!

Orijinalda “principle”, türkcədə “ilke” olarak ifadə edilən sözün “qanun” olaraq tərcümə olunması kitabın sonrakı hissələrində də problem yaradır:

Orijinal: “Story is about principles, not rules.”

Türkcə: “Öykü kurallarla değil, ilkelerle ilgilidir.”

Tərcümə olunan: “Hekayə qaydalarla deyil, qanunlarla əlaqədardır.”

Kitab orijinaldan tərcümə olunmadığı, əsas variant bilinmədiyi üçün kitabdakı tərcümə həlləri də türk tərcüməsindəki variantlara görə uyğunlaşdırılıb. Deyək ki, orijinalda “məsələn” sözü olmadığı və türkcənin məntiqi ilə tərcüməçinin istifadə etdiyi sözü C. Cavanşir olduğu kimi saxlamaq zərurəti hiss edir. Bununla da orijinal variantdan bir az daha uzaqlaşdığının fərqinə varmır. Bu cür xırda həlləri – türk dilinin məntiqinə görə kopyalanmanı - əlbəttə, normal qarşılamaq olardı, əgər bu bir-iki dəfə görünən bir hal olsaydı. Halbuki bu bir tərcüməçi yanaşması kimi kitab boyunca davam etdirilir. O, özünü bir labirintin içinə salır, problem odur ki, tərcüməçinin buradan çıxmaq cəhdi yoxdur, çünki hələ özünə də labirintdə olduğu məlum deyil. Sonrakı cümlələri oxuduqca türk dilində öz həllini tapan ifadələrin olduğu kimi aşağı-yuxarı söz sırasını pozmadan sadəcə sözləri müvafiq dilə uyğunlaşdıraraq irəlilədiyi görülür:

Türkçə: “Film nerede – Hollyvood, Paris ya da Hong Kong – yapılırsa yapılsın, özgün niteliğe sahipse...” (Vurğu – R.Ə.)

Tərcümə olunan: “Film harada – Hollivud, Paris, ya da Honq Konq – çəkilirsə, çəkilsin, xüsusi özəlliklərə sahibdirsə...”

Bundan başqa yuxarıdakı vurğuya diqqət yetirək. Bir anlıq bu kitabın orijinal variantını unudaq, deyək ki, bunu bağışladıq. Amma “özgün” sözünün “xüsusi” olaraq tərcümə olunmasını necə qəbul edəcəyik, edə bilərikmi?

Davam edirik. Nəzərinizə çatdırım ki, mən hələ kitabın birinci səhifəsindəyəm və hələ səhifəni çevirməyə fürsət olmayıb:

Orijinal: “DIE HARD is no more typical of Hollywood than are PARENTHOOD, POSTCARDS FROM THE EDGE (....) or thousands of other excellent films in dozens of genres and subgenres farce to tragedy.”

Tərcümə olunan: “Məsələn, DİE HARD, PARENTHOOD, POSTCARDS FROM THE EDGE (...) kimi saysız-hesabsız fərqli növlərdəki və alt növlərdəki digər minlərlə mükəmməl filmdən daha çoxu Hollivuda xas üslubda deyil.”

Burada tərcüməçi türk dilindəki bir incəliyi gözdən qaçırıb.

“DİE HARD” sözündən sonra istifadə olunan nöqtəli vergül türkcədə bu tərcümənin düzgün anlaşılmasına şərait yaradır. Orijinalın ötürmək istədiyi informasiyada “Die hard” filmini adı çəkilən digər filmlərdən daha çox Hollivuda xas üslubda olmaması mənası var, təklif olunan tərcümədə isə bu məna vurğusu itib, “Die hard” filmi də digərlərinin dəstəsinə qoşulub, ümumiləşdirilib.


Robert Makki

Digər bir məsələ də orijinalda hekayə sözü (story) kursivlə göstərilir, yəni bu sözə bir vurğu var. Tərcüməçinin əsas istinad nöqtəsi türkçə olduğu üçün müəllifin vurğusundan bixəbərdir. Burada dərin bir məna var. Robert Makki hekayə sözünə ona görə vurğu edir ki, bunu hekayə janrı ilə qarışdırmayaq. Türkcədə bu məsələ “öykü” sözünü işlətməklə həll yolunu tapmış kimi görünür.

Üstəlik, türk dilində bu kimi ədəbiyyatların var olması tərcüməçiyə bu rahatlığı verə bilər. Bu tipli kitablar bizim dilə az tərcümə olunduğu və anlayışların əsas prinsipləri bilinmədiyi üçün tərcüməçidən məsələyə daha həssas yanaşma gözlənilməlidir.

Həm də tərcüməçi ssenari strukturundan bəhs edən bir kitabın adının niyə “Hekayə” olduğunu düşünməliydi. O düşünməmişdisə, heç olmaya “Azərbaycan kinosuna töhfə” başlıqlı təqdimat yazısı yazan naşir düşünməliydi. O da düşünməmişdisə, kitabın redaktoru fikir bildirərdi.
Amma naşir-tərcüməçi-redaktor üçbucağı kənardan hamıya sadə görünən bu yükü qaldıra biləcəklərini düşünüblər.

Hətta bu kitabla kinomuza töhfə verdikləri düşüncəsində, eyforiyasında olublar. Mütəxəssis nəzəriylə baxanda kitabın bu şəkildə dilimizdəki təqdimatı sahəyə töhfə vermir, əksinə işləri bir az daha qəlizləşdirir.

Azərbaycan dilinə tərcümə edilən bu kitabda yuxarıda bəhs etdiyimiz qüsurlar (yumuşaq ifadə etsək) təkrarlanır. Bu halı yaranmasının səbəblərindən biri də məncə, kitabın türkcə variantının da uğurlu olmamasıdır. Türk variantındakı tərcüməçilərin də (Nuray Yılmaz, Ertan Yılmaz, Fatih Kınalı) sahənin terminologiyasını bilmədikləri aydın olur.

Cəlil Cavanşir bu kimi ciddi səhvləri qeyri-peşəkar yanaşma ilə təkrar edir:

Orijinal: “Story is about archetypes, not stereotypes.” (Vurğu – R.Ə)

Türkcə: “Öykü basmakalıplıkla değil, özgünlükle ilgilidir.”

Tərcümə olunan: “Hekayə şablonluqla deyil, xüsusiliklə əlaqədardır.”

Bu sahənin terminologiyasını bilənlərə aydındır ki, arxetip önəmli termindir. Robert Makkinin hekayənin stereotiplərlə deyil, arxetiplərlə bağlı olduğunu deyir. Türk və Azərbaycan dilində olan tərcümə nə deyir bəs? Cəlilin təklif etdiyi variant “xüsusilikdir”. Ancaq xüsusiliklə arxetip arasındakı məna bağı yox dərəcəsindədir. Bu hal bir dəfə üçün olsa, bunu qəbul etmək olardı.

Kitabın əsas istinad nöqtəsi olan fikri ifadə edən “archetypal” sözünü biz geni dəyişilmiş meyvə kimi kitab boyunca “xüsusi” sözüylə nuş etməli olacağıq! Aradakı fərq uçurumdur! Tərcüməçi nəyinki orijinal mətni, hətta ikinci dildən olan tərcüməni də təhrif edir. Türkcədə bu sözə qarşılıq təklif edilən “özgün” sözüdür. “Özgün” sözü “xüsusi” sözü ilə hansı müstəvidə kəsişir sualına cavab tapmaqda çətinlik çəkirəm.

Üstəlik, bir absaz sonra bu məsələyə yenidən toxunulur. Bu dəfə uçurum bir az daha böyüyür. “Özgün”ləşmələr “xüsusi”ləşmələr artıq bir tərcümə xətasına yox, təhrifə, müəllifin demədiyini deməklə nəticələnir. Həmin uzun cümlədə arxetipik hekayənin mədəniyyətlərarası əlaqəsi ilə ortaya çıxan obraz sistemindən danışılır. Tərcüməni isə başa düşmək olmur. Bu cür məna fərqliliyi yaradan tərcümələr kitab boyunca təkrarlanır:

Orijinal: “For example, Spanish custom once dictated that daugthers must be married off in order form oldest to youngest.” (vurğu -R.Ə)

Türkcə: “Örneğin bir zamanlar İspanya`da kız çocuklarının en yaşlısından en gencine sırayla evlenmelerini dayatan bir gelenek vardı” (vurğu -R.Ə)

Tərcümə edilən: “Məsələn, bir zamanlar İspaniyada qız uşaqlarının ən yaşlısından ən gəncinə doğru növbəylə evlənmələrinə şərait yaradan bir ənənə vardı.”

Diqtə etmək, icbariliyi ifadə edən “dictate” sözü türkcədə “dayatan” kimi məna uyğunluğu olsa da Azərbaycan dilində bu sözün icbarilik gücü hədsiz yumşaldılaraq “şərait yaradan”a çevrilir. Bu təyinatsız söz sonrakı cümlədə məsələ ilə bağlı verilən şərhin də məna yükünü dəyişir.

Və ya mexaniki tərcümələrə baxaq: a) “davamlılığı olan bir zövq reaksiyasını özündə birləşdirəcək” (reaction of pleasure / zevk reaksiyonu); b) “Hekayəsinin məhdud səviyyədə bəyəniləcəyindən qorxan yazar” (fearing his story`s limited appeal / öyküsünün sınırlı düzeyde beğeni kazanacağından korkan yazar).

Bura qədər yazdığım bütün təhlillər kitabın ilk üç səhifəsinə aiddir. Bu kitabı mütəxəsssis gözüylə oxumaq, davam etmək mümkündürmü? Hər cümləsi əzab verir. Hər cümləsi ilə dilimizdə onsuz da nümunəsi az olan, terminologiyası oturuşmamış sahədə “bilgi kirliliyi” yaradır. Kitabın dilimizə tərcümə cəhdini alqışlayıram, amma bu cür həvəskar yanaşmanı qəbul etmək çətindir. Mən dəyər qatmaqdan çox, dəyərsizləşdirmə olaraq qavradım bu kitabı.

Üstəlik, bunu bizə mənəvi missiyalar yükləyərək 18 manata satırlar...

Bu tərcümə bir daha bizə iki önəmli məsələnin vacibliyini xatırladır.

Birincisi, üçüncü dildən olan tərcümələrlə vidalaşmaq lazımdır. Macar, çex, serb və sair bu kimi mütəxəssisi az olan dillərdə bu cür tərcümələrə göz yummaq olar. Ancaq ingilis, ispan, alman dili kimi geniş yayılmış dillərdə olan kitabları orijinaldan tərcümə edəcək mütəxəssisi tapmaq çətin olmamalıdır.

İkinci məsələ isə budur ki, bir çox azərbaycanlının türk dilini bilmə iddiası əsaslı deyil. Bu yanlış anlaşılma, bu özünü aldanışla (“Mən bilirəm!”), bu iddialarla qarşılaşmaq üzücüdür. Bir dili akademik səviyyədə bilmək, o dildə hər cür sahəvi kitabları oxuya bilmək, tərcümə etmək və mətn yaratmaq siz deyən qədər asan idisə, biz niyə gəncliyimizin səkkiz ilini İstanbula verdik?!

# 5819 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #