Sənə dönmüşəm, Xanım... - Qulu Ağsəsin yeni şeiri

Sənə dönmüşəm, Xanım... - Qulu Ağsəsin yeni şeiri
8 noyabr 2025
# 12:00

Kulis.az Qulu Ağsəsin yeni şeirini təqdim edir.

Tavanı – göy şüşəli,
Döşəməsi – meşəli...
Ovçunun yuxusunda
Marala bənzəyir o.
Dağların yaxasında
Medala bənzəyir o.
Burda bahar payızı,
Qış yayı məst eləyir.
Bu yerlərin havasın,
Bu göylərin yağışın
Üzeyir bəstələyir.
Burda doğulmur adam
Əkilir şitil kimi.
Adladım yurddan yurda
Şütüyən sətir kimi.
Gəzdim düzü, dünyanı
Bu düz – dünya tükəndi.
Sənə dönmüşəm, Xanım,
Sənə dönmüşəm, kəndim.
Dünyada nələr gördük
Həyatımız baş-ayaq:
Yaşamaq vaxtı öldük,
Ölmək vaxtı yaşayaq!
Tavanı – göy şüşəlim,
Döşəməsi – meşəlim...

# 2772 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər