Reklamda və Kafkada gülümsəməyin fərqi

Reklamda və Kafkada gülümsəməyin fərqi
25 fevral 2013
# 12:28

Hiss elədim ki, monitorun qarşısında gülümsədi. Bunu pauzasından sezdim, sonra yazmağa davam etdi : Mikayıl Müşfiq donos yazıb...

Monitorun qarşısında əllərim əsdi, amma sonra mən də gülümsədim, çünki aramızdakı fərqi anladım : Mən Müşfiqin yazdığı şeirləri oxumuşdum, o isə yazmadığı donosları...

***

Bəzi şeylər çoxdan məhv olub, xəbərimiz yoxmuş...

***

Bir yazı bitirdim, elə bil dünyanı çiynimdən kənara qoydum...

***

Hesse = iztirabın kübar ifadəsi.

***

Kitab evində iki oğlan Qan Turalının "Polis qorxusuyla öpüşmək" kitabını götürüb vərəqlədilər, sonra biri o birindən soruşdu : Oxumusan kitabı ?
Yox - dedi o birisi.


Sualı verən başını yelləyə-yelləyə dedi : Mən də oxumamışam, amma bilirəm ki, tərbiyəsiz kitabdı. Konkret cəmiyyəti uçuruma aparırlar.

***

İbn Xəldunun sözüdür : Coğrafiya alın yazısıdır.

***

Floberin arzusu imiş : Mövzusu heç nə haqqında olmayan, bütün xarici bağlardan arınmış, təkcə, formanın yaratdığı daxili güc hesabına yaşayan bir kitab yazmaq...

***

Biri var Bualo ilə razılaşmaq, biri də var Kalvino ilə...

***

Əkrəmin kitablarının tonqalında bir kişi siqaretini yandırdı, bir qullab vurdu, birdən nəsə oldu, kişi təmiz Azərbaycanca danışmağa başladı...

***

Onlar - hanniballıqlarını, vandallıqlarını içlərində gizlədən o adamlar, sən demə neçə illərində yanımızdaymış və biz onlarla özümüzü məsləkdaş bilərkən, nə qədər uzaqmışıq, yadmışıq...

***

- Dünən iş olub ?

- Xırda-para, Dostoyevskini, Tolstoyu yandırmışıq, vəssalam.

Bu dialoq Rey Bredberinin çox-çox illər əvvəl yazdığı, ədəbi şedevrlərdən hesab edilən, senzura əleyhinə, ifadə azadlığı naminə yazılmış ən məşhur əsərlərdən olan "Fahrengeytlə 451 C" romanındandır.

***

Bizim xalq kitaba yalnız onu yandıranda toxunur...

***

Bu gün İlahə xanımla Cem Yılmazın tamaşasına baxdıq, Camaatın marağı, zarafatlara reaksiyası məni sevindirdi. Demək klişelərdən yorulmuş, kompleksiz düşünmək istəyən insanlar çoxalır. Düzdür, kinoteatrdan çıxanda, belə bir dialoq da eşitdim :

- Yox, əşşi bunların mordası xoşuma gəlmədi, bir az da gözləyək görək...
( Üç-dörd qarageyimli oğlan bu sözləri tamaşadan çıxan 3 rəfiqə haqqında dedilər )
Belə-belə işlər...

***

Adamın saçını külək daraya, əl-üzünü yağış yuya, torpaq öpə ayağından, yoluna günəş doğa...

***

Bilənlər nə qədər bilirsə, bilməyənlər də o qədər bilmir...

***

Əsərdə tarixi məqamlar var - tarixçi çağıraq, açıq-saçıqlıq var sekspatoloq - çağıraq, qətl hadisəsi var - müstəntiq çağıraq, bu yanaşmayla ədəbiyyat oxunmaz, sadəcə biz bunu dərk etmək üçün çox yol keçməliyik.

***

Necə bilirsiz, bir tele-kanalın şüarlarından birinin "Döyüş alnımıza yazılıb !"- olması normaldı ?

***

Bəzən çap olunmadan yazmaq lazımdı...

***

Əlbəttə, bizimkilər hər şeyin asan yolunu axtarırlar. Məsələn, 500 səhifəlik kitabı oxumağa canları çıxır, istəyirlər ki, filmini tapsınlar, vikipediyadan oxusunlar, ya da kimsə onlara danışsın. Sonra bir anın içində o kitabdan "xəbərdar" olsunlar, başlasınlar orda-burda çoxbilmiş-çoxbilmiş danışmağa. Belə desinlər məsələn : Məncə, əsərin əsas ideyası tənhalıqdı...

***

AYB-nin mükafatından hamı geri çəkilir, gərək əvvəldən qaydanı belə qoyaydılar : Kim axıracan dözsə, ödülü o qazanacaq.

***

Telekanallardan birində (ya İctimai idi, ya Mədəniyyət ) "intellektual" yarışma proqramı var.Tamaşaçı suala cavab verir və tele-aparıcı deyir :

- Bu rəfdə gördüyünüz hədiyyələrdən birini qazandınız, amma hədiyyəni sizin seçmək ixtiyarınız yoxdur, hədiyyəni biz seçirik. Bugün qazandığınız hədiyyə üzərində "Qız qalası" təsvir olunmuş suvenir boşqabdır...

***

Nisbilik nəzəriyyəsini başa düşdüm, psixoanalizi anladım, amma bu "tı kto takoy, davay do svidaniya" nədir dərk eləyə bilmədim.

***

- Gəlməsən ?

- Hə.

- Hardan ?

- Kitabdan...

(Ədəbi absurdlardan )

***

Ay Qismət, Salman Rüşdü kimdir ki, onun haqqında yazmısan ? Görmürsən şəklini şeytana oxşayır, o şedevr yazsa da, oxumaram, zəhləm gedir ondan.
( Unudulmaz şərhlərdən )

***

Rakı , sən çox sular görmüsən, amma həmişə üzün ağ olub. Zalım, adamın könlünə düşürsən...

***

Qəribə zəmanədir, həzərat, deyirsən ki, filan kitabı oxumusanmı ? - deyir filminə baxmışam, deyirsən filan filmə baxmısanmı ? - deyir vikipediyadan haqqında oxumuşam...

***

İndicə bir xala zəng vurmuşdu. Aramızda belə bir dialoq oldu :

- Oğlum, pul hələ vurulmayıb ?

- Hara zəng vurmusuz, ay xala ?

- Sabah ?

- Ay xala, deyirəm haranı yığmısız ?

- Yaxşı, sabah baxaram.

***

İki dostun çatlaşması :

Birinci sms : Elşad, kameranı aç, görüntülü danışaq.

Cavab : Mənim kameram həmişə açıqdı...

***

Faulzu oxumaqdan aldığım zövqü müqayisə etmək üçün heç nə tapmıram. Bəlkə belə demək olar : bu rakını İstanbulda, şərabı Fransada içmək kimidir, ya da Afroditayla sevişmək kimi...

***

"Sən hələ gəncsən, bilməzsən, mən də gənc olmuşam, gərək..." - nöqtələrin yerinə bütün zəhlətökən şeyləri yaza bilərsiniz .

***

Ümidini göstər, deyim hansı ağıldasan.
("Atalar sözlərinə düzəlişlər" silsiləsindən )

***

Bir romana sinopsis.

Bir oğlan bir kağıza bir cümlə yaza,
şüşəyə qoyub dənizə tullaya.
Möcüzə baş verə - həmin şüşə
bir balıqçının toruna düşə...
Balıqçının həmişə xəyal quran
bir gözəl qızı ola.
Qız atasını verib yuxuya
şüşədəki kağızı oxuya
Kağızda bu cümlə ola :
"Gözlə məni, gəlirəm..."

***

Həmişə belə olur, bu qəribə, izaholunmaz bir lənətdi. Əlinə kitabı götürürsən ki, başlayasan oxumağa telefon zəng edir. Cavab verirsən məlum olur ki, səhv düşüblər, sonra "olan işdir" - deyib ötüşdürürsən. Bir səhifə oxuyub-bitirməmiş bu dəfə də qapı döyülür.Açırsan və görürsən ki, qapıda bütün ümidlərini gözlərinin dibində basdırmış bir oğlan dayanıb.Soruşur : Ləyən lazım deyil sizə ?

...Oturub yazmağa hazırlaşırsan, iki-üç cümlə qaralayan kimi zəng gəlir. Zırramanın biri sənə deyir ki, elə bilirsən ancaq sənin fanatların var ? Mənim də fanatlarım var, məni bütün Azərbaycan tanıyır...

***

Diş məcunu reklamlarında gülümsəməyə nə var, hünəriniz var gəlin Kafkanın kitablarında gülümsəyin !

# 2652 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #