De gəlsin

De gəlsin
12 sentyabr 2013
# 11:40

Qismət

Bu yazını Mişel Fukonun simasında rəhmətlik Ağasəlim Çıldağın xatirəsinə ithaf edirəm.

Ya Rəbbim, sən təbimizi kasad, bəhrimizi sınıq eləmə, dost var, düşmən var.

Burdan üzümü söz xiridarlarına tuturam, dəstək gözləyirəm. Neftçaladan Mirmehdiyə, Cəlilabaddan Cavidə, Əli Bayramlıdan Səlimə, Rasimə, Azada, Qan Turalıya, Laçından Şərifə, Ağdamdan Seyfəddinə,Quluya, Ağdaşdan Şaiqə, Qazaxdan Mövluda, Göyçədən Namiqə, Oğuzdan Cəlilə, İrəvandan Dilqəmə, Kürdəmirdən Fəridə, Bloqstandan Əli Novruzova, Cəbrayıldan Seymura, Lənkərandan Zahirə, Praqadan Rövşənə, İsveçrədən Əli Əkbərə, Naxçıvandan Elminə xüsusi salamlarımı göndərirəm. Adını çəkdiyim-çəkmədiyim bütün qardaşlardan dəstək gözləyirəm. Özü burda olmayıb, ürəyi biznən olan bütün qardaşlara eşq olsun!

***

Sonra deməyin ki, xəbərimiz olmayıb, həzərat. Gələcəkdə hamının evində sintezator olacaq, marketlərdə cürbəcür qafiyələr satılacaq – konservləşdirilmiş, akzis markalı, dondurulmuş, “sveji”, 3G formatlı qafiyələr... Gün gələcək bütün Azərbaycan əruz vəznində olacaq, rəməl bəhrində yaşayıb, səri bəhrində qocalacağıq...

İlqar Fəhmi uzaq görən adamdı, indidən deyir ki, mən ssenari yazanda da qəzəlxanam. Bu çərxi-fələyin “nastroykası”na kim barmaq eləyib bilmirəm, bildiyim odur ki, türkün məsəli, dala verməklə məşğuluq. Az qalıb, bir azdan hamı maşınını satıb kondisionerli, airbag-li uzunqulaq alacaq, vitrinlərdə qırmızı böyük hərflərlə belə elanlar görünəcək : Şok ! Bir xirqə alana, ikincisi 50 faiz endirimlə. Bu yüzdən bəndeyi-həqiriniz qərara alıb ki, gələcək nəsillərə məndən nəsə qalsın deyə, o qafiyəli gözəl gələcəyin insanlarının uzaqgörənliyimi öyəcəyinə “stavka” edir və bu yazımı meyxana ilə yazıram.

Ordan bir lya ver...

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

Yırtıcılar içində naharmı axtarırsan ?

Başın çıxır romandan, hekayədən, tekstdən,

Çox qudurma, nuş eylə, dönərdən, ya keksdən,

Diyillər çox yazırsan sevişmədən, seksdən,

Ay aşna, sən kilidivə açarmı axtarırsan?

Bütün ölkə bazardı, bazarmı axtarırsan?

Gül kimi ölkəmiz var, iç “vino”dan, kef eylə,

Kitablardan uzaq gəz, qaç kinodan, kef eylə,

Çox yapışma Ekodan, Kalvinodan, kef eylə,

Onlarda bir məna-zad heç varmı, axtarırsan ?

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

Həyat fani həyatdı, o ölçülmür yüz illə,

Millətim dost olammır, nə oğraş, nə rəzillə,

Uşaqları pozursan Uelbeklə, Müzillə,

Özün kimi beş-altı xiyarmı axtarırsan ?

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

İt asqırsın üstüvə, köpəklər kimi ula,

Sən nə yaman hərissən, şöhrətə, şana, pula,

Üz tutma İsveçrəyə, Tiflisə, İstanbula,

Daha gözəl məmləkət, diyarmı axtarırsan ?

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

Özünlə kayf tutursan, özüvü əzizləyirsən,

Görüş verirsən qıza, dişivi təmizləyirsən,

Qızın əlindən tutub, “Bakmili” gözləyirsən,

Gündüz vaxtı adamsız qatarmı axtarırsan ?

Bütün ölkədə bazardı, bazarmı axtarırsan ?

Biz yeni bir eraya, qərinəyə girmişik,

Bilgimiz azdır deyə, başımızı itirmişik,

Çoxdan ölüb Müəllif, ehsanın da vermişik,

Sən mənə inanmayıb, məzarmı axtarırsan ?

Bütün ölkə bazardı, bazarmı axtarırsan ?

# 3483 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #