Bu kitabdan nə başa düşdünüz?

Bu kitabdan nə başa düşdünüz?
2 avqust 2013
# 11:30

Qismət yazır

Şərhşünaslıq fakultəsi

Kitablar, filmlər, rəsmlər haqqında yazdığım bir neçə yazıdan sonra çox maraqlı, çox da haqlı suallarla rastlaşmışam. Ən çox verilən sual belədir : görəsən doğurdanmı müəllif (romançı, rejissor, rəssam) sizin yazdıqlarınızı demək istəyib ?

İstənilən mətnin - hətta qapımıza yapışdırılan ev-alqı satqısı ilə bağlı elanların belə - sonsuz sayda məna pəncərəsi var. Bir az dinə, bir az mətnşünaslığın klassiklərinə və əlbəttə ki, bir az da irfani təlimlərə söykənsək, ortaya belə bir tezis atmaq mümkündür : dünyada hər şey mətndir – rəsm də mətndir, kino da mətndir, musiqi də mətndir və bütün bu sənət növlərinin ifadə etmək istədiyi şeylər də mətndir. Bəs mətni necə oxumaq lazımdır ? Mətnin birmənalı, obyektiv oxunuşu mümkündürmü ?

Bir mətnin istehsal və istehlak prosesini üç yerə ayırmaq olar : Yazıçı (istehsalçı), əsər (məhsul) və oxucu (istehlakçı). Bu üç ünsür şərti olaraq mətnoxuma növlərini də müəyyənləşdirir. Deməli, ən azı bir-biridən fərqli üç oxuma metodu təklif etmək olar : yazıçı mərkəzli oxuma, mətn mərkəzli oxuma və oxucu mərkəzli oxuma.

(Zəruri qeyd : mətn deyəndə mən əsasən bədii mətni nəzərdə tutacam, amma yanaşmaya görə bunu başqa sənət növlərinə də tətbiq etmək olar)

Beləliklə, oxuma, şərhetmə prosesi, ya müəllifin mətnə verdiyi mənanın nə olduğunu (yazıçının niyyəti) tapmaq, ya müəllifdən asılı olmadan mətnin özünün mənasını (mətnin niyyəti) ortaya çıxartmaq, ya da oxucunun mətni necə yozduğunu (oxucunun niyyəti) müəyyənləşdirməkdən ibarətdir.

Yazıçı mərkəzli şərh birbaşa “həqiqi, gerçək,doğru məna hansıdır ?” sualı ilə bağlıdır. E.D.Hirş “Yozumda keçərli olan” və “Şərhin məqsədləri” adlı əsərlərində mətnin şərhində həmişə problemlər ola biləcəyini yazır, amma inadla onu da yazır ki, nə olur-olsun mətnin həqiqi mənası, doğru, obyektiv şərhi mümkündür və ədəbiyyat araşdırmaçılarının, tənqidçilərin məqsədi onu tapmaqdır. Hirş iddia edir ki, təzə oxumağa başlayanlar, yeni oxucular mətndən həmişə arzu edilməz nəticələr çıxarda bilərlər, ancaq bu nəticələr yazıçının əsas, həqiqi niyyəti ilə, ya da müəllifin mətnə yüklədiyi məna ilə eyni olmaya bilər. Hirşin obyektiv şərhin varlığına inadla inanması çox tənqid edilib. Hirşə görə şərhçinin mətni oxuyub verdiyi sual belə olmalıdır : “Bütün ehtimallar nəzərə alınanda müəllifin demək istədiyi nədir ?”

Hirşin yanaşmasında “həqiqi, gerçək məna” həmişə yeganə məna kimi təqdim edildiyi üçün, mətn çoxmənalı şərhə bağlı olur və buna görə də bir tərəflidir.

Görəsən mətnin mənası ilə müəllifin niyyəti eyni şeydirmi? Mətnin mənası ilə müəllifin niyyəti arasında yüzdəyüz bir əlaqə qurmaq mümkündürmü?

Gadamer “Həqiqət və metod” adlı essesində müəllifin niyyəti ilə mətnin mənasının mahiyyətcə fərqli şey olduğunu, buna görə də məna ilə müəllifin niyyətini eyniləşdirməyin qəti əleyhinə olduğunu yazır. Gadamerə görə “təkcə aradabir yox, həmişə mətnin mənası müəllifin niyyətini üstələyir.”

Gadamer yazır : ”Mətnin mənası onu təcrübədən keçirən oxucunu dəyişdirən bir təcrübədir. Mətn öz vektorunu yazıçının niyyətinə, ya da onun şüuruna tərəf arxaya yox, əksinə daim çoxmənalılığa, irəliyə tərəf tuşlayır”.

Gadamer üçün şərh “fusion of horizons”-dur, yəni üfüqlərin kəsişməsidir. Keçmişlə bugünün, yazıçı ilə oxucunun üfüqlərinin kəsişməsi!

Vacib və qəribə məqam odur ki, Gadamer önhökmlü olmaq məsələsində fərqli düşünür : “Əgər önhökmlərimiz yoxdursa, yəni tərəfli deyilsək, bir mətndən nə əldə etmək istədiyimizi bilmiriksə, demək başlanğıcdan mətnə necə yanaşacağımızı bilmirik, əlimizdə metod yoxdur. Önhökmlər - anlamağın ilkin şərtləridir.”

***

Rus formalistlərindən başlayan, sonra Amerikan-ingilis “New criticism” ilə (Yeni tənqid) və nəhayət 1960-cı illərdən Fransız strukturalistləri ilə davam edən bir nəzəri xətt də mətn mərkəzli oxumadır, şərhdir. Bu üç xətt bir-birinə çox yaxın olan, amma aralarında fərqlənən istiqamətlərdir. Bu fərqləri və bənzərlərikləri Frederik Ceymson “Dil həbsxanası” kitabında belə ifadə edir : “Fransız strukturalizmi ilə Rus formalizmi qardaşoğlunun əmiylə münasibətləri qədər olmasa da, əmiuşaqları qədər bir-birinə yaxındır.” Bu qohum-əqrəbalıq hər iki xəttin də Ferdinand de Sössürün dilçiliyinə, onun dilçilikdə binar ziddiyyətlərlə qurduğu əlaqəyə söykənir.

Rus formalistləri ədəbi mətnləri “özgələşdirmə metodu” ilə yaradılan “ədəbilik” konktesktində izah etməyin tərəfindədirlər. Məşhur nəzəriyyəçi Roman Yakobson yazır ki, ədəbiyyatşünaslıq həqiqi fəaliyyət sahəsi ədəbiyyat yox, ədəbilikdir, yəni bir mətni ədəbi eləyən şeylər. Demək ədəbi tənqidin vəzifəsi “özgələşdirməyi”, yəni ədəbiliyi təyin edən şeyləri – formanı və strukturu – analiz etməkdir. Formalistlərə görə mətni özünəməxsus ifadə tərzinə aparan yollar nədirsə, onlar önə çıxarılmalıdır, yəni ədəbi mətnin formal özəllikləri, mətni ədəbi edən vasitələr toplusu qətiyyən mətndən kənar şeylərlə, tutalım, tarixi, ictimai və iqtisadi səbəblərlə məhdudlaşdırılmamalıdır.

***

Məşhur ifadə var ki, dünyada nə qədər oxucu varsa, o qədər də fərqli fikir var. Elə bu ifadənin bətnində oxucu mərkəzli şərhin varlığı boy göstərir. Gadamerin fikrincə, oxucu-mətn münasibətlərində, oxucunu azad, hərəkətdə olan bir subyekt, mətni isə statik bir nəsnə olaraq saymaq düzgün deyil, mətnlə oxucu bir-birinə qarşılıqlı şəkildə təsir edirlər.

Gadamerin önhökmlərə müsbət yanaşdığı, keçmişlə bugünü birləşdirmək istədiyi, ənənəyə söykənən tarixilik metodundan fərqlənən başqa yanaşmalar da var. Bunlardan biri Stanley Fishin “İs There a text in this class?” ( Bu sinifdə bir mətn varmı ?) adlı kitabında “interpretasiya strategiyaları” dediyi metoddur. Fishin Gadamerdən əsas fərqi ondadır ki, Gadamer interpretasiyanın obyektiv olduğuna inanırdı, Fish isə inanmırdı. Fish kitabında yazır ki, hər hansı bir dövrdə nəyin ədəbiyyat kimi qəbul edildiyi həmin dövrdəki ictimai rəylə əlaqəlidir. Deməli, Fishin fikrincə, mətni mənalandıran oxucu kimi görünsə də, əslində, oxucu yaşadığı, dəyərlərini mənimsəyib hesablaşdığı interpretasiya strategiyalarının təsirindədir. Fish yazır : “İnterpretasiya strategiyaları oxuma formasıdı və oxuma forması olduqları üçün də, mətnə forma verirlər. Ümumi qəbul olunmuş rəyin əksinə, bu strategiyalar mətnin içindən çıxmır, mətnə kənardan yüklənir. Bu strategiyalar oxunuşdan əvvəl mövcuddurlar və əvvəldən mövcud olduqları üçün də nəyin oxunduğuna forma verirlər...”

Stanley Fish kitabında çox qəribə nümunələr verir. Lövhəyə alt-alta altı xüsusi isim yazır, tələbələrin tanımadığı bu adam adlarını dini şeir kimi oxuyub fikir bildirməsini istəyir :

Jacobs-Rosenbaum

Levin

Thorne

Hayes

Ohman

Tələbələr bu adları şeir kimi oxuyub şərh edirlər. Fish sübut etmək istəyir ki, mətn deyilən şey yoxdur, ancaq oxucu və onun yozumları var. Mişel Fukonun dediyi kimi “sözlər, əslində, yozumdan başqa heç nə deyillər, bütün tarixi boyu sözlər işarə olmaqdan öncə yozum olublar.”

Rolan Bart məşhur “Müəllifin ölümü” məqaləsində yazır : “Bir mətn çoxlu mədəniyyətlərdən götürülmüş, qarşılıqlı dialoq, parodiya içində olan çoxlu yazılardan əmələ gəlir. Amma bu çoxluğun fokuslandığı yer bugünə qədər düşünüldüyü kimi yazıçı yox, oxucudur.

...Bir mətnin təkliyi, yeganəliyi onun hardan gəlməsində yox, hara getməsindədir. Oxucunun doğuluşu, müəllifin ölümü bahasına reallaşmalıdır.”

Barta görə bir mətndə danışan dildir, müəllif yox! Bart əsərlə mətni bir-birindən ayırır: əsər müəllifə, mətn isə oxucuya aiddir.

# 3068 dəfə oxunub

Müəllifin son yazıları

# # #