Məşhur yazıçıların “qadın” söhbəti

Məşhur yazıçıların “qadın” söhbəti
1 oktyabr 2014
# 13:14

Kulis.Az yazıçı Pol Oster və J.M. Kutzyenin məktublaşmasını təqdim edir.

14-15 İyul, 2008

Əziz Paul,

Dostluqları, onların necə qurulduğunu, bəzilərinin beləsinə uzun, bəzilərinin isə (yanlış təsvir ucbatından) anlaşılmaz formada şərh olunan möhkəm bağlardan da çox yaşamasının səbəblərini düşünürdüm. Sənə bu mövzuda bir məktub yazıb dostluğun sosial həyatda necə önəmli olması, bizim üçün xüsusilə uşaqlıqda böyük əhəmiyyət kəsb etsə də, bu barədə nə qədər az şey yazılmasından danışacaqdım.

Sonra özümdən bunun həqiqətən düz olub-olmadığını soruşdum. Bu barədə məktub yazmamışdan əvvəl ötəri bir araşdırma üçün kitabxanaya getdim. Və heyrətə düşdüm, bu qədər yanıla bilməzdim. Kitabxananın kataloqundakı siyahıda bu mövzuda yazılmış, çoxu da yeni tarixli bir xeyli kitab gördüm. Amma işi belə qoymadım, bir addım da atıb o kitablara göz gəzdirdim, bax onda, özümü olan hörmətimi az da olsa təzədən qazandım. Haqlıydım, ən azı əlli-əlliyə haqlı çıxmışdım; o kitablardakı dostluq, yoldaşlıq haqqında yazılmış yazıların çoxu maraqsız idi. Deyəsən dostluq müəyyən mənada hələ də müəmmalıdır; dostluğun önəmli olduğunu bilirik, amma insanların niyə dost olduqlarını və nədən dost qaldıqları haqqında ancaq təxminlərimiz var.

(Yazıların maraqsız olduğunu deyərkən nəyi nəzərdə tuturam? Dostluğu sevgiylə müqayisə et. Sevgi barəsində deyiləcək yüzlərcə maraqlı şey var. Məsələn, kişilər analarına bənzəyən qadınlarla evlənirlər, daha analarını həm xatırladan, həm də xatırlatmayan, həm anaları olan, həm də olmayan qadınlarla. Düzdürmü? Bəlkə hə, bəlkə yox. Maraqlıdırmı? Yüz faiz. İndi keçək dostluğa. Kişilər dost adına kimi seçirlər? Aşağı-yuxarı öz yaşlarında, məsələn, kitabsevərlik kimi ortaq maraq dairəsi olanları seçirlər. Düzdürmü? Bəlkə də. Maraqlıdırmı? Qətiyyən yox.)

Kitabxanada oxuduğum yazıların içindən həqiqətən maraqlı olan bəzi müşahidələrin siyahısını yazmaq istəyirəm.

Maddə bir. Aristotel deyir ki, insan cansız nəsnələrlə dost ola bilməz. Əlbəttə ola bilməz! Kim deyib ki, ola bilər? Amma yenə də maraqlıdı: insan qəfildən modern dilçilik fəlsəfəsinin hardan təsirləndiyini başa düşür. Aristotel fəlsəfi təkliflər kimi görünən şeylərin, əslində qrammatika qaydalarından başqa bir şey olmadığını 2400 il əvvəl deyib. O deyir ki, “Mən X ilə dostam,” – cümləsində X- canlıya aid isim olmalıdır.

Maddə iki. Charles Lamb insanın görmək istəmədiyi dostlarının ola biləcəyini yazır. Düzdür, həm də maraqlıdı; dostluq hisslərinin erotik alışqanlıqlara bənzəmədiyini göstərməyin bir yolu da budur.

Maddə üç. Dostlar, ən azından qərbdəki dost kişilər, bir-birlərinə qarşı hansı duyğunu bəslədiklərini haqqında danışmazlar. Bunu sevgililərin boşboğazlığı ilə müqayisə et. Bura qədər o qədər maraqlı deyil. Amma o dost öləndə, itkinin ağrısı necə dilə gətirilir: “Əfsus, çox gecdi!”(Montenin La Boetie, Miltonun Edvard Kinqlə bağlı sözləri). (Sual: Dostluq paradoksallığı olmayan açıq-aşkar bir hiss olduğu üçün bu mövzuda danışılmasa da, sevgi təbiəti etibarilə paradoksal və qərarsız bir duyğu olduğu üçünmü haqqında bu qədər çox söhbət gedir? – Şekspir, Sonetlər.)

Sonda, Ford Madox Fordun “Parades End” (“Paradın sonu”) adlı əsərində Christopher Tietjensin bir sözü: “İnsan bir qadınla danışa bilmək üçün onunla yatar. Mənası: İnsanın bir qadını özünə məşuq etməsi sadəcə birinci mərhələdi; əsas ikinci mərhələdi, yəni dost olmaqdır; yatmadığın bir qadına dost olmaq praktiki olaraq mümkün deyil, çünki aranızda dilləndirilməmiş çox şey var.”

Əgər dostluq haqqında maraqlı nəsə demək həqiqətən bu qədər çətindirsə, başqa bir anlayış boy göstərir: Heç vaxt göründükləri kimi olmayan sevgi və siyasətin əksinə, dostluq olduğu kimi görünür. Dostluq şəffafdır.

Dostluq haqqında ən maraqlı fikirlər antik dünyadan gəlir. Niyə belədi? Çünki antik dövrdə insanlar fəlsəfi düşüncəni şübhəçi olmaq məcburiyyətində saymırdılar, ya da əksinə, dostluq olduğu kimi görünürsə, fəlsəfənin mövzusu ola bilməz qənaətinə gəlmişdilər.

Ən xoş arzularla,

Con.

***

Bruklin

29 iyul 2008

Əziz Con,

Bu, illər boyu düşündüyüm məsələlərdən biridi. Dostluq barəsində tutarlı bir fikir formalaşdırmışam deyə bilmərəm, amma (beynimdə düşüncələr və xatirələr girdabını qamçılayan) məktubuna cavab kimi, bəlkə də indi bu düşüncəni formalaşdırmağın vaxtıdır.

Əvvəlcə düşüncələrimi kişilərin dostluğuyla, kişilərin arasındakı dostluqla, oğlan uşaqlarının yoldaşlığı ilə məhdudlaşdıracam.

1. Bəli, (sənin dediyin kimi) paradoksal duyğular daşımayan, şəffaf dostluqlar var; amma öz təcrübəmdən bunun nümunəsini çox da görməmişəm. Bu da sənin başqa bir deyiminlə bağlı ola bilər: susqunluq. Kişilər dostluğunda (ən azı qərbdə) “bir-birlərinə qarşı hansı duyğunu bəslədiklərini haqqında danışmazlar” fikrində haqlısan. Mən bu fikri bir az da inkişaf etdirib belə əlavə etmək istəyirəm: kişilər duyğuları haqqında danışmamaq meyllidirlər, nöqtə. Və əgər dostunun hisslərinin necə, ya da nə cür, yaxud nə üçün olduğunu bilməsən, dostunu həqiqətən tanıdığını deyə bilərsənmi? Yenə də dostluqlar, bu xəbərsizliyin qeyri-müəyyənliyi içində, çox vaxt illərlə davam edər.

Romanlarımın ən azı üçü birbaşa kişilərin dostluğundan bəhs edir; bir növ kişilərin dostluğu haqqında əhvalatlardı – “Kilidli otaq”, “Leviatan”, “Kəhanət gecəsi” – və hər birində də dostlar arasındakı qeyri-müəyyənliyin bu neytral bölgəsi dramaların baş verdiyi səhnələrdi.

Həyatdan bir örnək. Son iyirmi beş ildi ən yaxın dostlarımdan biri – bəlkə də yetkinlik dövrümün ən yaxın dostu – tanıdıqlarımın arasında ən az lal-dinməzlərindən biri idi. Məndən (on bir yaş) böyük; amma xeyli ortaq nöqtəmiz var: İkimiz də yazıçıyıq, ikimiz də dəlicəsinə idman xəstəsiyik, ikimiz də uzun müddətdir mükəmməl qadınlarla evliyik; ən önəmlisi və təsvir edilməsi çətin olanı da, insanın kişilik əxlaqı necə yaşaması gərəkməsi haqqında dilə gətirilməmiş, amma paylaşdığımız ortaq bir duyğunun olmasıdı. Yenə də, o adamı çox istəməyimə, dara düşəndə onun üçün hər cür şeyi etməyə hazır olmağına baxmayaraq, söhbətlərimizin demək olar ki, hamısı elə-belə, havadan-sudan, maraqsız, çox adi şeylərdi. Başqalarının qəribə gələcək şəkildə stenoqrama kimi qısa donqultularla bir-birimizi başa düşürük. İşimizə (ikimizin də həyatında təkanverici güc olan məsləyimizə) gəldikdə isə bu barədə çox nadir danışırıq.

Bu adamın hisslərini necə gizlətdiyi haqqında bir əhvalat danışım. Bir neçə il öncə yeni romanının siqnal nəşri olmalıydı. Romanını oxumaq üçün səbirsizliklə gözlədiyimi dedim (bəzən bir-birimizə tamamlanmış əlyazmalar göndəririk, bəzən siqnal nəşrləri gözləyirik), o da çox yaxında siqnal nəşrini mənə göndərəcəyini dedi. Kitab sonrakı həftə poçtla gəldi, paketi açdım, kitabın səhifələrinə göz gəzdirdim və qəfildən gördüm ki, kitab mənə ithaf edilib. Təbii ki, çox təsirləndim, həqiqətən çox mütəəssir oldum, amma əsas önəmli olan, dostumun bu haqda bir kəlmə də danışmamış olmasıydı. Kiçik bir eyham belə vurmamışdı, kitabı mənə ithaf edəcəyi barəsində ən xırda bir şey belə deməmişdi, heç nə.

Nə demək istəyirəm? Onu tanıdığımı və həm də tanımadığımı demək istəyirəm. Bu bilinməzliyə baxmayaraq, onun dostum, ən yaxın yoldaşım olduğunu söyləmək istəyirəm. Bu adam sabah gedib bank qarət etsə, başıma hava gələr. Digər tərəfdən, arvadını aldatdığını, hansısa binadakı bir evdə gizlətdiyi bir məşuqəsi olduğunu öyrənsəm, xəyal qırıqlığına düşərəm, amma şaşırmaram.

Hər şey ola bilər və kişilərin ən yaxın dostlarından belə gizlətdikləri sirləri var. Dostum arvadına xəyanət etsə, xəyal qırıqlığına düşərəm (çünki xətrini çox istədiyim həyat yoldaşına haqsızlıq etmiş sayaram onu), amma eyni zamanda (mənimlə bunu bölüşmədiyi, deməli dostluğumuzun düşündüyüm qədər yaxın olmadığını aşkara çıxardığı üçün də) inciyərəm.

(Birdən ağlıma gəldi. Ən yaxşı və ən uzun ömürlü dostluqların təməlində heyranlıq var. İki nəfəri uzun vədədə bir-birinə bağlayan əsas duyğu heyranlıqdır. Bir insanın etdiyi şeylərə, şəxsiyyətinə, dünyada özünə seçdiyi yolda irəliləməsinə heyran olursan. Bu heyranlıq həmin adamı sənin gözündə ucaldır, nəcibləşdirir, onu özündən üstün gördüyün bir mərtəbəyə yüksəldir. O adam da eyni şəkildə sənə heyran olsa və beləcə səni ucaldıb, nəcibləşdirib, sonra səni özündən üstün gördüyü bir mərtəbəyə yüksəltsə, mütləq bərabərlik məqamına çatmış olursuz.

İkiniz də aldığınızdan artığını verir, verdiyinizdən artığını almış olursunuz; bu alış-verişin qarşılıqlı olması ilə dostluq tumurcuqlanır. Joubertin qeyd dəftərlərindən bir sitat (1809): İnsan sadəcə dostlarını inkişaf etdirməklə qalmamalı, dostluğunu da öz içində inkişaf etdirməlidir. Dostluqların böyüməsi üçün qayğı lazımdı, diqqət lazımdı.” Və yenə Joubertdən: “Hörmətini itirən adamların dostluğunu da itirmiş oluruq”.)

2. Oğlan uşaqları. Uşaqlıq həyatımızın ən sıx dönəmidir; çünki bu dönəmdə nəyi ediriksə, çox vaxt ilk dəfə etmiş oluruq. Bu haqda bir xatirəmi bölüşməkdən başqa sözüm yoxdu, amma bu xatirə uşaq olanda, hətta çox balaca ikən belə dostluğa verdiyimiz sonsuz dəyəri təsdiq edir. Beş yaşındaydım. Billy, ilk dostum, indi xatırlamadığım formada həyatıma girdi. Sərrast fikirləri və dəcəllik barəsində (mənim heç yaxınından keçmədiyim) çox inkişaf etmiş istedadı olan, qəribə, şən biri kimi xatırlayıram onu. Ciddi nitq qüsuru vardı; danışanda sözləri udar, ağzında əmələ gələn tüpürcək sözləri elə boğardı ki, onun tərcüməçiliyini edən balaca Pauldan başqası nə dediyini başa düşməzdi.

Bərabər oynadığımız zamanın çoxunu Nyu-Cersidəki ara məhəllələrdə gəzib ölmüş balaca heyvanları axtararaq – daha çox quş, amma arada bir qurbağa, ya da sincab ölüsü – və leşləri bizim evin yanındakı çiçək bağında basdıraraq keçirirdik. Ciddi törənlər təşkil edər, əldəqayırma taxta xaçlar basdırar, gülmək yasağı qoyardıq.

Bill qızlara nifrət edər, qadın fiqurları olan boyama kitablarını rəngləməyə yaxın durmazdı və ən sevdiyi rəng yaşıl olduğu üçün, oyuncaq ayısının damarlarında yaşıl rəngdə qan axdığına inanardı. Ecco Billy. (Nitşenin məşhur “Ecco Homo” kitabına işarədir – tərcüməçidən) Sonra altı yarım, ya da yeddi yaşımıza çatanda, Billy və ailəsi başqa şəhərə köçdülər. Çox kədərləndim, həftələrcə, hətta aylarca dostum üçün darıxdım. Axırda anam boğaza yığıldı və bizə çox baha başa gələn şəhərlərarası telefonla Billy-ni yığmağa icazə verdi. Nə danışdığımızı unutmuşam, amma o anda keçirdiyim hissləri bu gün səhər yeməyində nə yediyimi xatırladığım qədər dəqiq xatırlayıram. Daha sonra, yeniyetməliyimdə aşiq olduğum qızla telefonda danışarkən hiss etdiyim hissin eynisiydi.

Məktubunda dostluqla sevgi arasında ayrım aparırsan. Lap uşaq olanda, erotik həyatımız hələ başlamamışkən, belə bir ayrım olmur. Dostluqla sevgi eyni şey olur.

3. Dostluq və sevgi eyni şey deyil. Kişilər və qadınlar. Evliliklə dostluq arasındakı fərq. Joubertdən son sitat (1801): “Kişi olsaydı dost kimi seçməyəcəyin bir qadını, arvadın olaraq seçmə.”

Deyəsən bir az absurd ifadədi (Bir qadın necə kişi ola bilər?), amma nə demək istədiyi aydındı, həm də ki, mahiyyət etibarilə sənin Ford Madox Fordun “Paradın sonu” əsərindən sitat çəkdiyin o qəribə, “İnsan bir qadınla danışmaq üçün onunla yatar”, cümləsinə verdiyin şərhə də çox tərs düşmür.

Evlilik hər şeydən əvvəl söhbətdir və ər-arvad dost olmağı bacarmasalar, o evliliyin uzun ömürlü olmaq şansı çox azdır. Dostluq, evliliyi tamamlayan elementdir; amma evlilik, daim inkişaf edən, daim təkamül keçirən, hamıya açıq bir yarış, davamlı irəliləyən bir məşğuliyyət, adamı həmişə qarşısındakının dərinliklərinə enməyə və özünü də qarşısındakı ilə əlaqəli şəkildə yenidən yaratmağa məcbur edən münasibətdir; fəqət dostluq saf və bəsitdir (evlilikdən kənar dostluğu nəzərdə tuturam), daha statik, daha kübar, daha səthi, daha detalsızdır.

Başqa varlıqlardan dünyaya gələn və öləcəyimiz günə qədər başqa varlıqların arasında yaşamağa məhkum sosial varlıqlar olduğumuz üçün dost axtarırıq; amma bir də ən yaxşı evliliklərdə belə zaman-zaman baş verən dava-dalaşları, fikir ayrılıqlarını, hirslənərək deyilən söyüşləri, çırpılan qapıları və sındırılan boşqabları düşün; dostluğun tərbiyəli otaqlarında bu cür davranışlara yer olmadığını o saat anlayacaqsan. Dostluq tərbiyəli davranışlar, nəzakət və dəyişməz mehribanlıq deməkdir. Bir-birinin üstünə qışqıran dostlar çox nadir hallarda yoldaş qalırlar. Bir-birinin üstünə qışqıran ər-arvadlar isə adətən evliliklərini davam etdirir, əksərən də xoşbəxtlik içində yaşayırlar.

Kişilərlə qadınlarla dost ola bilərmi? Məncə, ola bilər. Hər iki tərəf də fiziki arzu hiss etmədiyi müddətcə. İşin içinə cinsəllik girən kimi, bütün hesablar alt-üst olur.

4. Davamı var. Amma dostluğun başqa özəlliklərini də analiz etmək lazımdır: a) zamanla yox olan və ölən dostluqlar; b) ortaq maraq dairəsi gərəkli olmayan dostluqlar (iş dostluğu, məktəb dostluğu, əsgər yoldaşlığı); c) ortaq mərkəzli dost çevrələri: çox səmimi olan dostlar, daha az səmimi olan, amma çox bəyənilən dostlar, uzaqda yaşayan dostlar, xoş tanışlar və bu kimi dostluqlar; d) Məktubundakı digər nöqtələrə baş vurmadım.

Nyu-Yorkdan ən səmimi hisslərlə,

Paul.

# 3860 dəfə oxunub

Müəllifin son yazıları

# # #