Orxanın tuman və büstqalter fetişi var - Qismət Rüstəmov

Orxanın tuman və büstqalter fetişi var - Qismət Rüstəmov
7 iyun 2024
# 12:00

Kulis.az Qismət Rüstəmovun “Yeraltı keçiddə WC” adlı yeni yazısını təqdim edir.

Orxan Saffarinin “20-ci sahə” kitabı haqqında qeydlər

Fikir vermişəm, Orxan Saffarinin bəzi fotolarda nə başı, nə də ayaqları tam düşür, ürək-göbək arası əcaib bir görüntü alınır. Halbuki obyektivdən bir az aralı dursa, səliqəyə salanda, ona on dəqiqə işləmişi göstərən bığları da aydın düşəcək. Deyəsən, elə hekayələrinin də problemi budur.

Məncə, yerüstü keçid kimi bazburutu olan Orxanın yazdıqlarını yeraltı ədəbiyyata canatım şəklində oxumaq olar. Saffari arabir vaxtilə feysbukda yazdığı köhnə statuslarını bir neçə “vay vay”la yad edir, yəni demək istəyir ki, onda ərgən olmuşam, fəqət artıq bütün yasaq meyvələrin dadına baxıb kamilləşmişəm, özümlə də məzələnə bilirəm. Nə gözəl! Onda biz də onun hekayələrini beş ballıq yox, beş “vay”lıq sistemlə qiymətləndirəcəyik. Ən az “vay vay” alan hekayə ən yaxşısı olacaq. Ancaq bu müsibətə keçməmişdən qabaq gərək əvvəlcə yeraltı ədəbiyyatının nəzəri “racon”unu müəyyənləşdirək, tənbehimizin təsbehini möhkəm tutaq.

Külqabını azca nəm eləyin, başlayırıq.

Yeraltı (underground) deyilən ədəbiyyatın bəzi nəzərəçarpan xüsusiyyətlərini icmallaşdırmağa çalışaq:

  1. Bu estetika ilə yazılmış mətnlərdə zorakılıq, kriminal, xeyirdən çox şərin təsviri nəzərə çarpır. Mətndə konkret məqsədi, funksiyası olmasa da, seksual motiv, cinsi instinktlər, fizioloji təsvirlər ön planda olur, yəni mətn apollonik yox, radikal dərəcədə dionizyak olur.
  2. Bu mətnlər xarakteri etibarilə kanonik ədəbiyyatın ikinci, üçüncü dərəcəli gördüyü mövzulara müraciət edir, yəni təbiətcə anti-kanonik olur. Bu cür mətnlər reallığın içindəki kənaraçıxmaları, anormalları, həyatın ucqarında olanları, çirkaba bulaşanları özlərinə subyekt seçirlər, ancaq bunu fantastik manerada yox, çılpaq şəkildə ifadə edirlər. Faktiki olaraq anti-estetikdirlər.
  3. Əsas devizlərindən biri “ört-basdır etmə, üzləş”dir!
  4. Bu mətnlərin dili bədii-estetik səciyyədə yox, əksinə jarqon, arqo, küçə dilində olur. Müəllif öz üslubunu bu küçə jarqonunda yaradır. Buna küçə dilinin lirikasını axtarmaq da deyirlər.
  5. Bu cür mətnlərin qəhrəmanı yox, anti-qəhrəmanları olur: marginallar, pozğunlar, narkomanlar, fırıldaqçılar, qatillər...
  6. Burada nəsihətə qəti yer olmur, mahiyyətcə anti-didaktik olurlar.
  7. Bu mətnlərin yaxşı nümunələrində özünəməxsus fərdi etika olur. Əgər bu etik onurğa olmursa, mətnlər boş işarədən ibarət olur.
  8. Bu mətnlərdə hadisəçilik, əhvalatçılıq ön planda olur.
  9. Müəllif həmişə həyatın qaranlıq dəhlizlərində gəzişir.

Bu siyahını uzatmaq olar, ancaq istəmirəm punktlarım Saffarinin boyunu keçsin. Bu punktların içində ikisi digərlərindən daha əhəmiyyətlidir: dil və fərdi etika məsələsi. Bu ikisindən başqa digərləri müəyyən mənada dəyişkən və şərtidir. Əgər müəllif təsvir etdiyi yeraltı dünyanın özünəməxsus dilini, lüğət tərkibini mətndə hiss etdirə bilmirsə, üstəgəl, bütün bu pozğun, narkoman, əyyaş anti-qəhrəmanları niyə seçdiyini, niyə yazdığını sezdirən fərdi etikası yoxdursa, onda bu mətnlər “şatala çıxanda” uydurulan yüngül əhvalatlardan, çayxanada vaxt öldürmək üçün danışılan ötəri hadisələrdən o yana keçmir. Məncə, Orxanın hekəyələrində məhz bunlar çatmır. Dağınıq, səliqəsiz, nətərgəldi olsalar da, bu mətnlərdə müəyyən həyat materialı var, ancaq nə canatdığı növün tələbinə uyğun dil, nə də bütün bunları niyə yazdığını bildirən etika gözə dəyir. Sənət dünyasının avtoritetlərdən olan, tanınmış performans sənətçisi Marina Abramoviç bu məsələni belə ifadə edir: Etika olmayan yerdə kosmetika olur!

Orxan kitabın əvvəlinə annotasiya adına yazdığı və bir kiçik abzasda saysız səhv buraxdığı mətncikdə keçmiş ənənələrin üstünə bozarır, önsözləri və “uğurlu yol”ları yeni ədəbi kriteriyalara zidd hesab edir. Belə başa düşdüm ki, öz aləmində lotuluq eləmək istəyən gənc dostum önsöz ilə “uğurlu yol”un fərqini bilmir, üstəlik, yeni ədəbi kriteriyaya iddia etsə də, hekayə adlandırdığı ilk mətndəcə (“Kent”) gedib bir-iki əsr əvvəldən bizə “hövlnak” sözünü gətirir. İddiası təzə ədəbiyyatdır, guya anderqraund mətn yazır, ancaq lüğətindən arabir dəvələr keçir.Ümumiyyətlə, “20-ci sahə” kitabı, deyəsən, redaktə olunmayıb.

Kitabın “Kent” adlı birinci hekayəsinin anti-qəhrəmanı Fəridə adlı bir nəşədartandır, əhvalatı danışan dartanyanın isə adını bilmirik. Çoxdandır xaricdə yaşadığını deyən təhkiyəçi iki cümlə sonra “eks-aşk”ı Fəridəyə on manat verəndə məlum olur ki, şəhərdə bir-iki gün qalmaqla artıq “bir çet malın” qiymətini bilir. Oğulsan! Bu, beş “vay”lıq hekayədir!

“Kor bağır”ı qayçılayıb hekayə eləmək olar. Mətnin bütövlükdə birinci səhifəsi, korluq, bəsirət gözü haqqında sicilləmə, ölənin arxasınca danışmaqla bağlı bəsit ricət – bütün bunlar hamısı artıqdır. Hekayə buradan başlayır:

– Bağır öldü!

Hələ indi?

Ardınca Bağırgilin evinin təsviri olan abzas gəlsə, Bağırın gözlərini ikinci dəfə yummağıyla bağlı cümlədən sonra fləşbəklə əvvələ – onun əsas korluğuna və arvadının özünə korluq verməməsinə qayıtsaq, bu orta məktəb inşasını divar qəzeti səviyyəsində hekayə etmək olar. Dörd dəfə “vay”!

Kitabdakı “Zəngəzur dağlarında”, “Maqsud”, “Kazımın anası” kimi arabesk əsgərlik xatirələri və “Şıkı Həsən” kimi “Tarqovı”da keçən qaralamanın üstündən sürətlə keçirəm. Bu mətnlər heç “vay”a da gəlmir.

Bu məqamda başqa bir vacib məsələyə keçid etməliyik. Müəllif kitabın adını “20-ci sahə” qoyub, buradan belə anlamaq olur ki, kitabda əhvalatı təqdim edilən insanların bu və ya digər dərəcədə sərlövhəyə çıxarılan məkanla zahiri, yaxud batini nəsə əlaqəsi var.

Əvvəla “20-ci sahə”yə heç cür bağlanmayan əsgərlik xatirələrindən ibarət mətnləri çıxıram – onlar deyəsən həcmi artırıb kitab düzətmək üçün araya vurulan silikon mətnlərdir.

İkincisi, əhvalatın qismən sözügedən məkanda keçdiyi hekayələri, tutalım, Kənd Əhmədliyə köçürsək, nəsə dəyişirmi? Məkanın birləşdirici funksiyası ilə bağlı bədii konsept yoxdur, ona görə də kitab havada qalıb. Əslində, bəzi məntlərdə bu bədii konsepti işləmək imkanı və potensialı var, ancaq onlar əldən verilib. Məsələn, “Kent” hekayəsində ötəri detal kimi verilən yataqxananın həyətindəki əzgil motivi, məncə, kitabın ən yaxşı hekayəsi olan “Əjdər”də də keçir. Adi bir detal, sadə bir motiv Fəridə ilə Əjdərin hekayəsi arasında bağ qura bilərdi, ancaq Saffari öz mətninin daltonikidir. Saffarinin yazmağa can atdığı növdə mətn şüurlu şəkildə xam görünməlidir, elə bil, həyatın bir anı götürülüb birbaşa təqdim edilib. Ancaq Orxanın mətnləri şüurlu şəkildə xam yox, şüursuz şəkildə çiydir.

Saymamışam, ancaq xeyli hekayədə alt paltarından danışılır. Kim bilir, bəlkə də, müəllifdə tuman və büstqalter fetişi var. Bu fetiş kitabdakı saxta beynəlmiləlçilik örnəyi olan, ədəbiyyata yox, ictimai sektor aktivistlərinə, məclisdən məclisə və Əylisdən Əylisə hesablanan, kitabın ən qondarma hekayəsi “İrina Qasparyan”da lap qabarıqdır. Bu “tuman kosmopolitizmi”nin, bu “büstqalter demokratiyası”nın altındakı hava-damcı yoluyla keçən konyunktur refleksə beş “vay” da bəs eləmir.

“Əjdər” məncə kitabdakı ən uğurlu hekayədir. Bu, kitabdakı yeganə mətndir ki, Orxanın talantı görünür və yazmağa can atdığı anderqround hekayələrə xas olan faciə içində ironiya, “qaranlıqda qəhqəhə” anti-qəhrəmanların xarakterinə oturur. Ancaq hekayədə rüsvayçı dil problemləri (“...uşaq vaxtı oynayanda oyuna buraxdığımız”), bir az da əttökən arabesk ton var. “Əjdər”də araya yeri-gəldi salınan şeir parçaları artıqdır, əlsiz-ayaqsız qazi Əjdərlə dostunun öz dialoqları, öz jarqonları, öz mırt vurmaqları əlavə poetik yamağa ehtiyac olmadan özlüyündə bədiidir. Bu, kitabdakı yeganə bir “vay”lıq hekayədir!

Saffaridə əksər nəsildaşları kimi hələlik öz içindən keçirdiyi qənaətlərdən daha çox çayxana söhbətlərinin və qeybətlərinin təsirini, əksərən çox adi şeyləri – məsələn, paraqraf qurmaq, abzasdan abzasa keçmək kimi – öyrənməmək, mətni kamilləşdirməkdənsə tez-bazar müəllifi populyarlaşdırmaq, təqdir və tənqid etdiklərinin janrını bilməmək... kimi meyillər sezirəm. Ancaq bu da mərhələlərdən biridir.

Orxanın hələlik can atdığı, meyil etdiyi yeraltı ədəbiyyatının əsas cəhətlərindən birinə hünəri çatmır: özü və doğmaları haqqında bəzək-düzəksiz, güzəştsiz yazmaq. Hələ ki, bütün hekayələrində özü qəhrəmandır, bomba oğlandır, “krutoy”dur, bazdır, yerdə qalanlar zavallı, aciz, bimar. Elə bil, arabir müsahibə aldığı adamlarla şəkil çəkdirəndə yazdığı postlardakı kimi, personajlarını da belə qurur: alçaq, nəşəxor, pozğun, işverən və dahi Orxan Saffari!

Sonda müəllifə bir kitab ideyası. Onsuz da işimiz-gücümüz ideya bağışlamaqdır. Əgər ortaq məkan ətrafında dönən, müxtəlif talelərin kəsişdiyi, ayrılıb-birləşdiyi, həyatın dibindəki insanlardananderqraund tərzdə konseptual bir kitab (tutalım, Amerikada Çak Palanik, Türkiyədə Hakan Günday kimi) yazmaq istəyirsənsə, yaxın otur. Kitabın şərti adı olsun: Yeraltı keçid. Bu sənin mərkəzin nöqtən olsun, yeraltı keçidlər şəhəri iki yerə ayrırır, həm həqiqi, həm məcazi mənada, eyni zamanda da ordakı ayaqyolunda müxtəlif siniflərə aid adamlar rastlaşır. Kitabın təhkiyəçisi də balaca şüşə kabinədə qəpikləri yığan dayı və ya xala ola bilər. Ancaq gərək burada hər personajın həyatında, taleyində də yeraltı keçidlər olsun.

İndi yandır görüm abinin siqaretini!

# 7669 dəfə oxunub

Müəllifin son yazıları

# # #