Sevgilin pornofilmə çəkilibsə...

Sevgilin pornofilmə çəkilibsə...
3 fevral 2015
# 13:45

QAN TURALI

Burda nə zaman bəllidir, nə məkan.

Distopiyadı, yəni antiutopiya.

Burda insanlar bütün günü pedal çevirərək enerji istehsal edirlər.

Çevirdikləri pedala görə xal qazanırlar.

Hər şeyin başı bu xala bağlıdır.

Amma pedal çevirəndə də, evdə olanda da daim qarşılarındakı böyük ekrana baxmalıdırlar.

O ekran müxtəlif əyləncə verilişləri, erotik şoular və ucuz musiqi yayımlayır.

Hər yerdə nəhəng ekranlar var, yataq otaqlarında, tualetlərdə belə.

Bu darıxdırıcı həyatdan bircə xilas yolu var, o TV qəhrəmanlarının birinə çevrilmək.

Bunun üçün də 6 ay pedal fırlatmaq gərəkdir.

Hə, deyəsən çox da distopik alınmadı.

Nəticədə hamımız olmayan pulumuzla (kredit kartlarla) ehtiyacımız olmayan şeyləri alan insanlarıq.

Distopiya əslində gerçəklikdir, bizim görmək istəmədiyimiz gerçəklik.

Sadəcə məsələni qroteskləşdirərək, şişirdərək, teleskopla baxmaqla anlayırıq.

Mikroskop altına saldığımız böcəyi tanımadığımız kimi teleskpola baxdığımız Ayı da tanımırıq.

Halbuki o hər gün gördüyümüz Aydır, o böcək də eyni böcəkdir.

Qara aynalarda gerçəklər görünməz.

Qəhrəmanımızın aşiq olduğu qızın səsi gözəldir.

O qardaşından ona miras qalan xalları verərək qızı müsabiqəyə göndərir.

Qızın səsinə qulaq asırlar, onun səsi nə çox əladı, nə də çox pis.

Deyirlər, 4-5 ilin müğənni ehtiyatı varımızdı, qıza bir təklif verirlər: “Erotik şou ulduzu olmaq”

Qız bu təklifi göydə qəbul edir.

Oğlan isə sistemdən qisas almaq haqqında düşünür.

Gecə-gündüz çalışır, xal yığıb o da proqrama çıxır.

Gizlətdiyi şüşə parçasını çıxardır, jürini ona qulaq asmasa özünü öldürəcəyi ilə təhdid edir, onu dinləyirlər.

Canlı yayımda alovlu bir sistem tənqidi yapır.

Deyir ki, bütün günü boşuna pedal çeviririk, ətrafımızda hər şey saxtadır, lazımsız bu işlərə ömrümüzü sərf edirik, televiziyalara nifrət edirəm və s.

Və bu yerdə siz necə bir sonluq gözləyirsiniz.

Birinci sonluq odur ki, sistem öz tənqidçilərinə dözməyərək oğlanı məhv edir.

İkinci bir sonluq da bu ola bilər ki, oğlan hər şeyi atıb yenidən pedal çevirməyə qayıdır.

Yox, tamam başqa cür olur.

Oğlanın əlindəki şüşə parçası ilə etdiyi antikapitalist çıxış jürinin çox xoşuna gəlir.

Ona televiziyada veriliş aparmağı təklif edirlər

O da hər həftənin iki günü əlindəki şüşə qırığını boğazına dayayaraq, sistemi tənqid edir.

Verilişin sonunda isə belə deyir: “Mən artıq yaşamaq istəmirəm. Gələn verilişdə görüşənə qədər”.

Sistem öz müxalifindən də gəlir götürür.

Hər şey necə də uydurmadır, elə deyilmi?

P.S. Yazı “Black mirror” serialının “15 Million Merits” seriyası (I sezon, 2-ci seriya) haqqındadır.

# 1249 dəfə oxunub

Müəllifin son yazıları

# # #