Tehran Əlişanoğlu: “Hüseynbala Mirələmov adlı yazıçı yoxdur?

Tehran Əlişanoğlu: “Hüseynbala Mirələmov adlı yazıçı yoxdur?
5 dekabr 2016
# 11:43

Nizami adına Ədəbiyyat İnstitutu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi bir müddət əvvəl çapdan çıxıb. Kulis.Az kitabın məsul redaktoru, professor Tehran Əlişanoğlu ilə müsahibəni təqdim edir.

- Tehran müəllim, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı iki cilddə çap olunub. Siz də bu kitabın məsul redaktorusunuz. Kitabın ideyası necə yarandı?

- Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli iki cildliyə “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı önsözündə bunu müfəssəl şərh etmişdir. 2015-ci ildə Elmlər Akademiyasının 70 illik yubiley mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev alimlərimizə müstəqilliyimizin 25 illiyini əks etdirən kitab yazılmasını tövsiyə etdi. 25 il artıq tarixdir, müstəqilliyimizin tarixidir, bu tarixin mənzərələrini ümumiləşdirən, dəyərləndirən nəşrlərə ehtiyac vardı. Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı iki cildlik həmin çağırışa cavab olaraq, elmi kollektivimizin yubileyə hədiyyəsi, eyni zamanda ictimaiyyətə hesabatı kimi ərsəyə gəldi. Əlbəttə, az bir zamanda 130 cap vərəqi, 1890 səhifəlik bir əsərin heç nədən yarandığını düşünmək yanlış olardı. İnstitutumuzda milli ədəbiyyat tarixinin müxtəlif dövrlərini öyrənən şöbələrlə yanaşı, Müstəqillik dövrü ədəbiyyatı şöbəsi var, 1998-ci ildən “Müasir ədəbi proses”, “Müasir Azərbaycan ədəbiyyatı” kimi müxtəlif adlarla fəaliyyət göstərib, müasir ədəbiyyat tarixini izləyir, tədqiq edir. Ədəbi tənqid şöbəsi var, ədəbi prosesi izləyir, münasibət bildirir. Hətta 2013-cü ildən başlayaraq ədəbi proses il-il izlənir, müzakirə olunur, “Ədəbi proses” topluları nəşr olunur. Məhz bu elmi zəmin, potensial, tədqiqatlar və iş təcrübəsinə söykənərək, akademik İsa Həbibbəyli konsepsiya irəli sürdü, kollektiv qarşısında vəzifə qoydu və 44 müəllifin zəhmətinin bəhrəsi olaraq qısa müddətdə belə bir əsər meydana gəldi.

- Kitaba baxanda sanki bir sistemsizlik var. Tipologiya başqa cür də qoyula bilərdi. Bu kitab hansı konsepsiya ilə hazırlanıb?

- Ortada bir konsepsiya olanda, təbii ki, alternativ konsepsiyalar haqqında da düşünürsən. Əgər bu gün müstəqillik dövrü ədəbiyyatının artıq konsepsiyası barəsində danışılırsa, bu da ilk növbədə iki cildliyin xidmətidir. Nəzərinizə çatdırım ki, əsər müstəqillik dövrü ədəbiyyatı haqqında ümumiləşmiş, bu ədəbiyyatı bütün təzahürləri ilə əks etdirən ilk tədqiqatdır. Əsas niyyət də bu olmuşdur. Müstəqillik dövrü ədəbiyyatı artıq 25 ildir mövcuddur və özündən əvvəlki ədəbiyyatdan fərqlənir. Konsepsiya - bu həqiqəti ortaya qoymaqdan ibarət olmuşdur. Bəzən fikirlər səslənir ki, müstəqillik dövrü ədəbiyyatı deyilən ayrıca hadisədən danışmaq tezdir, bugünkü ədəbiyyatda nə varsa, zəmini, əsası 1960-1980-ci illərə bağlanır və həmin ədəbiyyatın sadəcə davamı kimi təzahür edir. Kitab bu mövqenin əsassızlığını üzə çıxarmağa, yeni bir ədəbiyyatın yarandığını göstərməyə cəhd edib. Və reaksiyalar da göstərir ki, buna nail olub da. Müstəqillik dövrü ədəbiyyatı sovet dönəmindən tamamən fərqli, yeni tarixi-ictimai şəraitdə meydana çıxmışdır, tamamən fərqli ədəbi proseslərin cərəyan etdiyi hadisədir. Bu dövr ədəbiyyatının öz prinsipləri, xarakteri, çıxış nöqtəsi və inkişaf amilləri vardır. Ədəbiyyata iki onil ərzində yeni nəsil yazarlar, qələmə məhz müstəqillik illərində sarılmış yazıçılar, şairlər, dramaturqlar, tənqidçilər gəlmişlər. Bunların yazı tərzi, həyata baxışı, dünyagörüş və hətta dünyaduyumu da əvvəlkilərdən kəskin fərqlənir. Biz bu dövrün ədəbi prosesini, yeni ədəbiyyatın tədricən necə təşəkkül tapdığını və bu gün hansı ölçülər göstərdiyini ortaya qoymaq istəmişik...

- Amma Tehran müəllim, kitabı vərəqləyəndə...

- Demək, istəyirsiniz ki, konseptuallıq görünmür?

- Kitabda əvvəlki ədəbi nəsillər daha qabarıq təmsil olunub. Məsələn, Bəxtiyar Vahabzadə, 60-cılar...

- Sanki elədir... Amma diqqətli olsaz, əsərdə müstəqillik dövründə yazıb-yaradan bütün ədəbi nəsillərin yaradıcılığı ehtiva olunub. Təbii ki, ədəbiyyatda yeri, rolu, sanbalına müvafiq. B.Vahabzadə, X.R.Ulutürk, M.Araz kitabda məxsusi – İstiqlal şairləri kimi qabardılıb. Fəxr olunmalıdır ki, müstəqil dövlətin ən ali mükafatı İstiqlal ordenini ulu Heydər Əliyev 1995-ci ildə təsis edərkən, ilk olaraq məhz şairləri, bu yolda haqqı olan B.Vahabzadə, X.Ulutürk, M.Arazı layiq bilib. Ümumən, əsər müstəqillik dövrü ədəbiyyatının inkişaf məntiqinə uyğun olaraq 2 cilddə strukturlaşdırılıb. Birinci cild 1990-cı illərdə hələ bu ədəbiyyatın yaranmasının ictimai-siyasi və tarixi-mədəni şərtlərini, amillərini, dəyər və mövzularını, təşəkkülü və müəyyənləşməsini işıqlandırır. Bu – İstiqlal romantikasıdır, 20 yanvar faciəsidir, Qarabağ müharibəsidir, son sovet dönəmindən davam edən dekadans əhval-ruhiyyəsinin əks-sədasıdır və s. Ümumi icmallarla yanaşı, təbii ki, həmin prosesin ədəbiyyatda əsas daşıyıcıları 60-cılar, 70-cilər, 80-cilər haqqında portret-oçerklər də verilmişdir. Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Musa Yaqub, Məmməd İsmayıl, Nurəngiz Gün və b. haqqında. Kitabın ikinci cildi isə “Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır və adından da bəllidir ki, Azərbaycan ədəbiyyatının 2000-ci illərdən belə çağdaş mərhələsinə işıq tutur. Burda müstəqillik dövrü ədəbiyyatının parametrləri, ideya-məzmun xüsusiyyətləri, tipologiyası və s. əksini tapmışdır...

- Məni maraqlandıran bir məsələ də var. Hüseynbala Mirələmov haqqında oçerk yer alıb kitabda. Düşünürəm ki, Ədəbiyyat İnstitutu kimi nüfuzlu bir yerdə belə bir yazıçı haqqında oçerk olmamalıdır. Xüsusən də Sabir Əhmədlinin ayrıca oçerklə təmsil olunmadığı bir kitabda...

-Kim deyir ki, Sabir Əhmədli kitabda yoxdur. 20 yanvar ədəbiyyatı varsa, orda Sabir Əhmədlinin “Yanvar hekayələri” var. Meydan hərəkatı varsa, Sabir Əhmədlinin bunu əks etdirən “Kütlə” romanı var. Qarabağ müharibəsi mövzusu varsa, orda Sabir Əhmədlinin “müharibə trilogiyası” var və nəzərinizə çatdırım ki, “Axirət sevdası”, “Kef”, “Ömür urası” romanları haqqında bu ifadəni mən formulə etmişəm ilk dəfə, hələ yazıçının sağlığında və heç zaman da bunu reklam etməmişəm.

- Siz Sabir Əhmədli haqqında çox yazmısınız, bilirəm...

-Şəhidlik mövzusu varsa, orda Sabir Əhmədli var. Sənədli-memuar janrı varsa, orda Sabir Əhmədlinin “Yazılmayan yazı”sı var və s. Və bütün bunlar da, təbii ki, 2 cildlikdə var. Mətbuatda səslənən, və mənimcə, yazıçının ruhunu əbəs incidən bu yanlış iddianı isə kitabdan dərindən xəbəri olmayanlar yayır. Desəm ki, Nizami adına Ədəbiyyat İnstitutuna qarşı bu bir şantajdır, inanmayın – yeridir. Hərçənd ki, 2 cildlik indi Sizin qarşınızdadır, baxa bilərsiniz.

- Amma ayrıca portret oçerk Hüseynbala Mirələmova həsr olunub...

- Bu artıq kitabın ümumi strukturuna aid məsələdir. Qeyd etdiyim kimi, əsərin konsepsiyasını irəli sürən akademik İsa Həbibbəyli belə uyğun gördü ki, hər mövzu-problem, bölmə, fəsildən sonra daha əyani, konkret illüstrə etmək üçün kitaba xarakterik portret-oçerklər də daxil edək. Siz deyirsiniz ki, Sabir Əhmədliyə dair ayrıca portret-oçerk yoxdur. Mən artıra bilərəm: İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Qabil, Cabir Novruz, İsa İsmayılzadə, Fikrət Sadıq və bir çox başqaları da portret-oçerk qismində yer tapmayıb kitabda, geniş şəkildə icmallarda əks olunublar. Amma məsələn, Anar var, Elçin var, Mövlud Süleymanlı, Nəriman Həsənzadə, Fikrət Qoca və b.-na dair oçerklər var. Yəni tip etibarı ilə 60-cıların təmsil olunduğu ədəbiyyata həm icmallarda, həm də portret-oçerklərdə kifayət qədər yer verilrib. Eyni qayda ilə daha fərqli 70-cilərdən də, 80-cilərdən də hər iki strukturda – icmallar və portretlərdə söz açılıb. O ki qaldı nədənsə israrla qabartdığınız Hüsenbala Mirələmova, bu məhz müstəqillik dövrü ədəbiyyatının yetirdiyi imzadır. Romanları, povestləri, hekayələri var, ajiotaj doğurub, haqqında monoqrafiya yazılıb. Dünya şöhrətli Çingiz Aytmatovla yanaşı şəkli var, dram əsərləri səhnəyə qoyulub, publisistikası rus dilinə çevrilib və tirajlanıb. Tamamilə yeni təzahürdür...

- Tehran müəllim, müstəqillik dövrünün yetişdirdiyi imza ola bilər. Ancaq mahiyyətcə Hüseynbala Mirələmov yenilikçi yazıçı deyil, 70-ci illər ədəbiyyatıdır. Yeni dövr ədəbiyyatı təfəkküründə deyil axı. Novatorluğu yoxdur. Tutaq ki, Saday Budaqlı qədər modern deyil.

- Kitabın janrını qarışdırırıq, deyəsən. Biz kitabda məxsusi problem qoyub, həll etməyə çalışmamışıq: hansı tip ədəbiyyat məqbuldur, hansı yox. Bu - tarixdir. Modern ədəbiyyat da var, realizm də; postmodern təzahürlərə də, ədəbi qruplara da, detektivə də yer ayırmışıq. Hətta “-izmlər” haqqında ayrıca bir fəsil də var burda. Kitabın məqsədi müstəqillik dövrü ədəbiyyatını bütün təzahürlərdə, bütün tiplərilə göstərməkdir.

- Hüseynbala Mirələmov bu təzahürlərdəndir?

-Yoxdur belə bir yazıçı? Yoxdur onun tirajları, mükafatları? Gözümüzü yumaq ki, yoxdur? Deyirsiz ki, 70-ci illər ədəbiyyatıdır. İslam Qəriblinin oçerkini diqqətli oxusanız görərsiz ki, Hüseynbala Mirələmov, 1970-ci illərdə ədəbiyyata məhz gələ bilməyib, dövr-zaman icazə verməyib, 60-cıların kölgəsində qalıb. Rəşad Məcid də elədir; müstəqillik dövrünün yetirməsidir, 2004-dən sonra AYB-nin katibi olandan sonra imzası parlayır. Kitabda detektiv ədəbiyyatının nümayəndəsi Çingiz Abdullayevə də ədəbiyyat tariximizdə ilk dəfə yer verilir. Bütün bunlar müstəqillik dövrü plüralistik ədəbi mühitinin xüsusiyyətləridir. Ədəbi prosesə avtoritar bir baxış nöqtəsindən baxmağı tərgizmək zamanıdır, məncə...

- Azərbaycan ədəbiyyatında imzalar var. Bu reallıqdır. Kminsə yazmağı ədəbi faktdır. Bir çoban bayatı çağırırsa bu da ədəbi faktdır. Lakin söhbət ədəbi faktdan yox, ədəbiyyatından özündən gedir. Məsələn, Əhməd Qəşəmoğlu şair kimi kitabda yer alır. Aqşin Yenisey isə yoxdur. Bunu necə izah etmək olar?

- 1997-ci il Yazıçılar Birliyinin qurultayındakı çıxışında Heydər Əliyev maraqlı bir məqama toxundu. Dedi ki, artıq Sovet vaxtında olduğu kimi yazıçı və şairə sifariş olmayacaq, hər kəs istədiyi mövzularda, istədiyini yaza bilər; yalnız tövsiyə ola bilər, biz müharibə şəraitində yaşayırıq, yaxşı olar ki, yazıçılar bu mövzuya diqqət yetirsinlər. Əslində, bu çıxış yeni ədəbi epoxanın xarakterini xəbər verirdi. Doğrudan da, yeni ədəbi proses plüralizm əsasında mövcud oldu. Bu plüralizmi o vaxt biz nəzəri olaraq təsəvvür edirdik. İndi o qədər fərqli, özgə, çoxsəsli ədəbiyyat var ki... Siz avanqard tərəfdarısınız. Mən də həmçinin. Amma bununla yanaşı, ədəbi prosesdə arxaika da qalır, həm də postmodern durum şəraitinə uyğunlaşaraq daha fəal və aqressivdir. İndi siz deyirsiniz ki, bu ədəbiyyat deyil. Bunu kim təyin eləyir?

- Ədəbiyyat İnstitutu...

- Qətiyyən razı deyiləm. Bunu ədəbiyyatın öz inkişaf tempi, məntiqi, qanunları təyin edir. Ədəbiyyat İnstitutu bunu yalnız araşdırır, təhlil və şərh eləyir ki, dövrün ədəbiyyatı bu şəkildədir. Prosesə kömək edir sadəcə. Güzgü tutur. Ədəbiyyat İnstitutu bir senzor kimi: bu ədəbiyyat olar, bu ədəbiyyat olmaz prinsipi ilə işləmir. Ədəbiyyat İnstitutunun senzorluq vəzifəsi artıq yoxdur. Biz alimlər bacardıqca ədəbi prosesdəki rəngarəngliyi, fərqliliyi görməyə, dəyərləndirməyə çalışırıq. Kitabda da belədir...

- Tənqid olunsa da, kitabda ədəbi mənzərə göstərilib. Bəzi qüsurlar olsa da... Ancaq mənim diqqətimi şeir hissəsi çəkdi. Nəsr sanki daha yaxşı tərtib olunub, əhatəli işlənib. Ancaq şeir Qulu Ağsəslə bitir... Qulu Ağsəs ədəbiyyata səksəninci illərin sonunda gəlib. Müstəqillik dövründə çox ciddi imzalar var: Aqşin Yenisey, Murad Köhnəqala, Rasim Qaraca, Həmid Herisçi... Bu imzalar yoxdur kitabda. İcmallarda adları çox az çəkilir. Poeziyamızın ən son imzalarından biri olan Qismətin adı kitabda görünmür.

- Ola bilər ki, icmallarda hansısa şairə az, hansınasa daha çox diqqət yetirilib. Qeyd etdiyim kimi, kitab kollektiv əməyin məhsuludur. Önsözdə İsa Həbibbəyli də qeyd edir ki, əsəri tam akademik nəşr kimi qəbul etmək doğru olmaz. Ayrı-ayrı oçerklərdə müəllif baxışlarına da yer var və sərbəstlik özünü bu şəkildə də göstərir. Hansısa oçerklərdə müəllif şeirlərə diqqət yetirib, şairlər arxa planda qalıb, digərlərində əksinə, şairlər öndədir, şeirin hansısa təzahürləri şairin kölgəsində qalır və s. Amma bütünlükdə konsepsiya qorunub-saxlanır: dövrün bütün təzahürləri əhatə olunur. Müasirlik kitabda bir proses kimi təqdim olunub, nəinki tarix kimi. Dediniz ki, əvvəlki nəsillər daha qabarıq görünür kitabda. Axı bu nəsil daha yetkin nəsildir, yaradıcılıqları tam müəyyənləşib, söz deməyə imkan verir...

-Aqşin Yeniseyin imzasının kitabda qabardılmaması...

- Aqşin Yeniseyin təmsil olunduğu nəsil hələ də formalaşmaqdadır, bitkin yaradıcılıq portretindən çox, bu və ya digər əsərlərindən görünürlər. Bu baxımdan kitabda da ayrı-ayrı ədəbi növ və janrların pəncərəsindən təqdim olunur, qiymətləndirilirlər. Povest yazıbsa, povestlərdən görünür, şeir yazıbsa şeirlərindən, roman yazıbsa romanlarından; avanqarddırsa modern “izmlər”dən, postmoderndirsə, bu prizmadan. Məsələn, 2 cildlikdə adı keçən, əsərləri diqqət cəlb edən yazarlardan biri Şərif Ağayardır. Şeirlərində, hekayələrində, povestlərində, romanlarında görünür. Adını çəkdiyiniz bütün imzalara bu və ya digər rakursdan kitabda diqqət yetirilib. O cümlədən Qismətə də...

- Söhbəti fərdlər üzərində deyil, konsepsiya ətrafında davam etdirmək istərdim. Amma Əkrəm Əylisli də kitabda yoxdur...

- Yoxdur. Kitab Dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunub. Ədəbiyyat tarixi ilə yanaşı, burda ideoloji diskurs iştirak edir. Bu baxımdan konsepsiya hazırlanarkən qərar verildi ki, Əkrəm Əylisli özü özünü kitabdan kənarda qoyub. 60-cı illər ədəbiyyatının nümayəndəsi kimi ədəbiyyat tarixində Ə.Əylislinin tutduğu yeri sözsüz ki, zaman müəyyən edir və o yeri yazıçıdan heç kəs ala bilməz. Amma bu yubiley nəşrində ideoloji baxımından Əkrəm Əylisliyə yer verilmədi.

- Tehran müəllim, tənqidçi kimi çox məhsuldarsınız və yeni dövr yazarları haqqında məqalələr yazırsınız. Bu yaxınlarda İsa Həbibbəyli çox maraqlı bir fikir dedi: “Müstəqillik dövründə özünü ən çox realizə və yüksək şəkildə təsdiq edən ədəbi cərəyan postmodernizmdir”. Siz necə düşünürsünüz bu haqda?

- Postmodernizm barədə nəzəri biliklərimlə öyünə bilmərəm. Müstəqillik dövrü ədəbiyyatını isə ardıcıl izləyir, məqalələr yazıram. Bu mənim işimdir. Postmodernizm nəinki bizdə, dünyada qaçılmaz bir tendensiya kimi mövcuddur. Müstəqil Azərbaycan elə ki dünyaya inteqrasiya etdi, Azərbaycan ədəbiyyatı da dünya ədəbi prosesinə inteqrasiya olunmağa, istər-istəməz postmodern durumu öz üzərində hiss eləməyə başladı. Milli və ədəbi dəyərlərlərimizlə postmodernizm nə dərəcədə uyuşur, ayaqlaşır? Ədəbiyyatımızda postmodernizm cərəyan olaraq yaranırmı, yaranmırmı? Sual bundan ibarətdir. İsa müəllimin fikri ilə tam razıyam. Bizdə postmodernizm artıq cəhdlərdən çıxıb, ayrıca tendensiya kimi qabarıq şəkildə görünür. 2001-ci ildə postmodernizmin manifestini AYO bəyan etdisə də, ədəbi mühitdə böyük təpki ilə qarşılandı. Çünki “yeni”ni təsbit edən nümunələr gərəkdir. Yalnız postmodernist poetikanın mükəmməl təzahürü olan “Yarımçıq əlyazma” romanından sonra tədricən postmodernizmə münasibət dəyişməyə başladı. İsa Həbibbəylinin Kamal Abdulla haqqında oçerkində də bu barədə söhbət gedir, bütövlükdə kitabın ikinci cildində də. Burda postmodernizm ədəbi cərəyanı haqqında Salidə Şərifovanın ayrıca məqaləsi verilib; nəsrdə, dramaturgiyada postmodern təzahürlər araşdırılıb. Postmodern romanlara Lalə Həsənova diqqət yetirib. Poeziyada postmodern tendensiyalar Qurban Bayramovun, Elnarə Akimovanın nəzərlərində təqdim olunub. Aydın görünür ki, müasir mərhələdə ədəbiyyatımızda postmodernizm bir cərəyan kimi öz nümunələrini ortaya qoyub. “Yarımçıq əlyazma”dan sonra Kamal Abdullanın, Qan Turalının, Şərif Ağayarın hekayələri, Nərmin Kamalın “Aç mənəm” romanı, poeziyada Aqşin Yeniseydən Aqşin Evrənə qədər əksər “gənclik poeziyası”, dramaturgiyada Elçinin, Kamal Abdullanın, Firuz Mustafanın, İlqar Fəhminin pyesləri və s. postmodern nümunələrə misal göstərilir. Bu nümunələr sübut edir ki, artıq postmodernizmə konservativ yanaşmanın vaxtı keçdi. Yəni postmodernizm yoxdur deməklə, biz heç nə qazanmırıq. Əksinə, mövcud hadisəyə dürüst yanaşmaq və qiymət verməyin vaxtıdır.

- İsa Həbibbəylinin bunu deməyi çox maraqlı oldu. Çünki əvvəllər postmodernizmə qarşı çıxışlar var idi...

- Ədəbiyyat İnstitutunda müasir ədəbiyyatla bağlı araşdırmalarda yeni tendensiyalara, cərəyanlaşma meyllərinə xüsusi diqqət yetirilir. Hər hansı bədii əsərin keyfiyyətini bu və ya digər “izm”ə mənsub olması təyin etmir. Realist prinsiplərlə də yazmaq olar, modern və ya postmodern metodlarla da. Mükəmməl bədii əsər həmin cərəyanın standartlarına cavab verəndə yaranır. Yəni dəb xatirinə postmodernizm hələ postmodernizmin özü deyil. Realizm də, digər ədəbi cərəyanlar da dəb və təqlid mərhələsini keçiriblər...

- Maraqlı bir yerə gəldiniz. Realizm hələ də davam edir?

- Hər bir tarixi dövrün öz xüsusiyyəti var. Bu gün yaranan heç bir realist əsər Cəlil Məmmədquluzadənin realizmi demək deyil. Ola da bilməz. Çünki postmodern durumda sırf realizm tapmaq artıq çətin məsələdir.

# 2987 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #