Zamanı qabaqlamaq Qisməti

Zamanı qabaqlamaq Qisməti
14 mart 2014
# 18:32

Qan Turalı yazır...

Mən Qismətlə tanış olduğumu heç cürə xatırlaya bilmədim. Mənə həmişə elə gəlib ki, Qisməti mən lap çoxdan tanıyıram. Misal üçün, 1995-ci ilin martında televizorun həyəcanlı xəbərlərindən aralanıb “Heklberri Finn” oxuduğum gündən... Ya da Bierhoffun Çexiyanın qapısına vurduğu iki qızıl qol vurduğu gecədən...

Qismətlə tanış olduğumu dürüst xatırlamadığım kimi həmişə Qisməti özümdən böyük, ya da yaşıd bilmişəm. Halbuki o məndən yaş yarım balacadır.

Qismət həmişə mənə doğma gəlib və bu doğmalıq mənə elə gəlir ki, yerli olmağımızın doğmalığıdır. Kitablar da vətəndir.

Biz tanış olduqda ayrı-ayrı cəbhələrdəydik, ol zamanlarda ədəbi mühitimiz qırmızı xəttlərlə ortadan ayrılmışdı. Misal üçün, Anar AYB-nin yubileyində Qismətdən şeir oxumuş, məni də “xoş” sözlərlə yad etmişdi.

Biz o zamanlarda da yaxın idik, elə indi də-hər ikimiz üzvü olduğumuz təşkilatdan istefa verdikdən sonra da yaxınıq.

Nə Qismət mənim dinimə gəldi, nə də mən məzhəbi-İsaya getdim, biz əvvəldən eyni yoldaydıq. O yol ədəbiyyatın yoluydu.

Qismət öz hücrəsinə çəkilib şeir yazmaq dərdində deyil, həm də ədəbi prosesi istiqamətləndirmək, onu yeni əsərlərlə zənginləşdirib, ordakı klişelərə qarşı duran adamdır. Qismət şairliyi ilə bərabər bir estetdir.

Kefinə düşəndə şeir yazan, kitaba xor baxan, vaxtını Hatəmi-Tai səxavəti ilə qonaqlıqlara xərcləyən ənənəvi şair obrazına heç cür uyğun gəlməyən Qismət özünü kitabların arasında xoşbəxt hiss edən və bu xoşbəxtliyi hamıya daddırmağa çalışan istisna insanlardandır.

Bəzi istedadlı dostlarımızdan Qismətin əsas fərqi onun keçmişə münasibətdə nihilist yox, yaradıcı münasibətidir. Qismət 1000 il əvvəlki ədəbiyyatın da bu gün üçün aktual cəhətlərini tapmaqda mahirdir.

O öz varlığı ilə köhnəlmiş düşüncəyə, laxlayan dəyərlərə, iyvermiş ədəbiyyata qarşı nəhəng bir üsyandır. Səssiz-səmirsiz, amma yavaş-yavaş öz işini görən, daim qələbə çalan və sabahı quracaq olan üsyan...

Sabah Qismətin 28 yaşı tamam olur. Mən onu 28 yaşı olduğuna inana bilmirəm. Çünki nə bu savadı, nə bu təmkini, nə təfəkkür 28 yaşlıq deyil.

Hər zaman geriyə qalmalı deyilik ki...

Zamanı qabaqlamaq da Qismətimizdə varmış.

Deyirəm axı, Qismətlə nə zaman tanış olduğumu xatırlamıram...

# 2885 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #