Kənd müqəddəsdirmi?

Kənd müqəddəsdirmi?
18 fevral 2014
# 14:49

Qan Turalı yazır...

Natiq Məmmədlinin Azərbaycan jurnalında (2014, I) çap edilmiş “Körpüdəki ümid” romanını oxudum.

Roman “Ümid Piri” ətrafında baş verən hadisələrdən bəhs edir.

Nənəsi və atası dili tutulan 12 yaşlı uşağı pirə gətirirlər.

Pirə nəzir verəndən sonra ata pullu vəzifəyə qoyulub, amma sabahısı uşağının dili tutulub.

Müqəddəslik duyğusunun itməsi romanın əsas ideyasıdır.

Pirin ətrafında olan adamlardan Burun Qasım, Qələm Bəkir və Qırmızı Xududa da müqəddəslik yoxdur.

Burun Qasım adının əvvəlinə qoşulan ləqəbi Stalinin kəndlərindəki büstünün tez-tez düşən burnunu düzəltdiyi üçün alıb.

Qələm Bəkir isə daim yuxarılara donos yazdığı üçün ad qazanıb.

İndi Burun insanlara əlləri ilə şəfa verir, Qələm isə dua yazır.

Bir anda dövran dönüb, fələyin çarxı çevrilib!

Bir zamanlar insanları pirdən perik salan Qırmızı Pənahın oğlu Qırmızı Xudu isə pirin haqq-hesab işlərinə baxır.

Pirin ətrafında Tellidən və Pirdəlidən başqa müqəddəslik yoxdur.

Ümidin atası pullanandan sonra təndirlərində çörək bişmir, söküb yerində qaraj tikirlər.

Pir də ətrafındakı kəndi təmin edən biznes strukturudur, o da insanları adi kəndli həyatından uzaqlaşdırıb.

Pirdəli gecə Ümidlə pirin ətrafında dolaşır və onu dünyanın gizli işlərindən hali edir.

Bəzən didaktikaya yaxınlaşsa da Pirdəlinin bu söhbətləri dərin fəlsəfi məzmunu ilə yalnız 12 yaşlı Ümidin deyil, həm də oxucunun ürəyini fəth edir.

Bir pir ətrafında bütöv cəmiyyətin mənəvi mənzərəsi yüksək peşəkarlıqla verilib.

Müqəddəslik duyğusunu ürəyində yaşadan Pirdəlini pirə yaxın qoyan yoxdur, orda burunlar, qırmızılar, qələmlər hökmranlıq edir.

Dilək tutub pirə gələnlərin təsviri də realist boyalarla verilib və cəmiyyətin təsvirini tamamlayır.

Hətta 12 yaşlı oğlanın atası da vəzifəsinə görə oğlu üçün pirə dua etməkdən qorxur, “özün bilən məsləhətdir” deyir.

Qorxur ki, oğlunun dili açılsa onu işdən də çıxararlar.

Romanın ideya xəttini russoizm təşkil edir.

Lakin estetik mənada bütün yetkin cəhətləri ilə bərabər russoizm ideyası köhnəlmiş ideyadır.

Bu ideyaya görə ideal mənəvi-əxlaqi vəziyyət şəhərlərin yaranması ilə başa çatdı.

Natiq Məmmədli hadisələrə eyni ideoloji rakursdan yanaşır, təndirin dağıdılmasını az qala bütün bəlaların baiskarı kimi görür.

Amma kəndin şəhərləşməsi iqtisadi və qarşısıalınmaz prosesdir.

Bu müqəddəsliyin də ölüb-getməsidirmi?

Əsla!

Müqəddəslik duyğusunun bu cür provinsial həlli kapitalizmə keçid dövrü yaşayan Azərbaycan üçün xarakterik sayıla bilər.

Lakin ədəbiyyatın ən mühüm funksiyalarının biri də gələcəyi görmək funksiyasıdır.

Kənd nəsrinin parlaq nümunələrini yaratmış Əkrəm Əylisli 2007-ci ildə “Ətirşah Masan” romanı ilə öz ənənəvi kənd romantikasını, kənd idilliyini ifşa etməklə russoizmə amansız zərbə endirmişdir.

Biz zamanın ruhundan doğan bu zərbələri hələ çox görəcəyik.

# 2625 dəfə oxunub

Müəllifin son yazıları

# # #