Bizim Günel

Bizim Günel
5 oktyabr 2013
# 21:39

Bu məqalənin oxucusunun Günel Mövludun mənimlə dost olduğunu bəribaşdan bilməyində fayda var.

Günellə biz elə zamanlarda dost olmuşuq ki, bizim o zaman bir ovuc oxucumuz vardı və bütöv cəmiyyət bizə qarşıydı.

O zamanlar tez-tez “Bizim bir-birimizdən başqa heç kimimiz yox idi” sözünü tez-tez işlədirdik.

Bu sözün müəllifi də Günel idi.

Birimiz “Azadlıq”da idik, birimiz “Yeni Azərbaycan”da, kimimiz isə “Kino+” qəzetində...

Bizi birləşdirən siyasət deyildi. Siyasətdən üstün bir şey-ədəbiyyat idi.

Xalqın bəzi adət-ənənələri bizə çox qəribə gəlirdi. Sanki Qrenlandiyadan gəlmişdik.

Lakin internetin də böyük yardımı, bizim də lokomotiv enerjimizlə ölkədə yeni gənclik yarandı.

Oxucular artdı, kitab satışları stabilləşməyə başladı.

İndi hər nə qədər problem olsa da o günlər çox daha donuq, çox daha solğun idi.

Bozluqda bizi ayaqda saxlayan şey bir-birimizə olan böyük sevgimiz, rəğbətimiz, dəstəyimiz idi.

Bu böyük dostluğa bizdən əvvəlki ədəbi nəsillər belə paxıllıq edirdi.

İndinin özündə belə qəzet səhifələrində, sayt pəncərələrində güləşsək belə, bir-birimizə olan sevgimiz tükənməyib, əksinə zamanın sınağından çıxıb.

Bir-birimizlə nə qədər çox məsələdə razılaşmasaq da sevgimiz, rəğbətimiz ucadır.

Bu bəlkə də ziddiyyətli görünə bilər, amma bizim münasibətlərimiz bu cürdür.

Biz yəni Günel Mövlud, Aqşin, Seymur, Nərmin, Sevinc...

Yaradıcılıq diopazonu, düşüncələri, həyata baxışımız fərqliliyi heç nəyi dəyişmir.

Çünki biz hansısa ədəbi cərəyan uğrunda yox, ədəbiyyat uğrunda vuruşmuşduq.

İndi Günel haqlı-haqsız tənqidlərlə üzbəüz qalanda belə mən onun ağrılarını öz dərimdə hiss edirəm.

Günelin nəyə görə belə davrandığını da özüm üçün çox gözəl bilirəm.

Mühacirət amansız bir şeydir, dilini bilmədiyin, adətlərini öyrənmədiyin bir yad məmləkətdə qalırsan.

Orda hər şey sənə yaddır.

Nazım Hikmətin mühacirətini xatırlayaq, əvvəlcə həbs olunub 1 il həbsdə yatdı, sonra isə dənizçiləri üsyana təhrik etmək kimi qondarma bir ittihamla 28 il həbs cəzasına məhkum edildi.

Sartr kimi böyük mütəfəkkirin başlatdığı Nazimə azadlıq kompaniyası uğurla başa çatsa belə Nazim Hikmət Türkiyədə azad yaşaya bilmirdi.

Yaşı 50-yə çatsa da, onu əsgər aparmaq istəyirdilər.

Üstəlik cəmi 3 il əvvəl böyük türk yazıçısı Səbahəddin Əli öldürülmüşdü.

Nazım mühacirətə məcbur edildi.

Bunları Güneli mühacirətə aparan səbəblərlə müqayisə üçün yazmıram.

Məsələ bundadır ki, Nazım bu cür ağır şərtlərdə edilən mühacirətini belə özünə bağışlamamışdı. Deyirdi ki, şair üçün son dərəcə önəmli bir şeyi-xalqımla olan rabitəmi itirdim.

Yəni mühacirət kimlərəsə görünən kimi Parisdə bir axşamüstü qəhvə içib küçədən keçən adamlara baxmaq deyil.

Bütün həyatı boyunca bir səmimiyyət abidəsi olan Günel Mövlud müsahibəsi ilə “political correctly” davranmamışdır.

O mühacirətinin əsas səbəblərini demir.

Bu səbəblər qətiyyən siyasi səbəblər deyil.

Günel Mövluddan çox daha radikal olan jurnalistlər, yazıçılar bu ölkədə yaşayırlar.

Üstəlik onların müxaliflik yaşı 2 yaş deyil, bəlkə 20 yaşdır.

İndiyənə qədər ifrat səmimiyyətinə görə ittiham edilən Günel indi qeyri-səmimiliyinə görə ittiham edilir.

Facebookda qurulan böyük inkviziyasa tonqalına bizim Janna Darkın atılmasını görən Nazım yəqin belə deyərdi:

“Kabahet senin demeye dilim varmıyor ama

Kabahetin çoğu senin, canım kardeşim”

# 5835 dəfə oxunub

Müəllifin son yazıları

# # #