“Qətl günü” kopyadırsa, Rasim Qaraca nədir?

“Qətl günü” kopyadırsa, Rasim Qaraca nədir?
13 fevral 2014
# 14:27

Kulis.Az-ın “Üç ən yaxşı Azərbaycan romanı” sorğusu yalnız miqyasına görə deyil, həm də 100 illik roman tarixinin saf-çürük edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu cür sorğular dünyanın nüfuzlu nəşriyyatları, media orqanları tərəfindən mütəmadi şəkildə keçirilir.

Yadımda qalan son nümunələri qeyd etmək istəyirəm: “New York Times”un ən yaxşı yüz romanı, Fransanın “Gallimard” nəşriyyatının XX əsrin romanını seçməsi kimi.

Bizim sorğu isə milli xarakter daşıyırdı.

Azərbaycan romanının yaşı heç yüz il deyil.

Amma yüz il roman üçün kəmiyyət və keyfiyyət mənasında kiçik bir zaman hesab edilə bilməz.

İlk rus romanı 1814-cü ildə çap edilsə də əsrin ikinci yarısında Tolstoy, Dostoyevski bəşəriyyətin ən möhtəşəm romanlarını yaratdılar.

Ümumilikdə sorğu iştirakçıları 70 əsərin adını çəkmişdilər ki, bu da kiçik rəqəm hesab edilə bilməz.

Bu sorğu bir az da ədaləti bərpa etmək məqsədi daşıyır.

Sovet dövrünün ideoloji prinsipləri bir çox güclü əsəri görməməzliyə vurmuş, əvəzində isə ədəbi maklaturaları şedevr elan etmişdi.

Müstəqillik dövründə Azərbaycan romanını bu cür təhlilə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır.

“Qətl günü” məsələsi

Düzünü desəm, Yusif Səmədoğlunun yeganə romanının sorğuda əzici bir çoxluqla qalib gəlməsi məni heyrətə saldı.

Söhbət heç də romanın bədii məziyyətlərindən getmir, mənim seçimlərimin arasında da bu roman vardı.

Məsələ bundadır ki, bu roman yazıçılarımız tərəfindən yüksək qiymətləndirsə də “Qətl günü” estetikası ədəbiyyatımızda ənənəyə çevrilməmişdi.

Bu roman uzun illərdir ki, “şedevr” elan edilmiş, lakin onun ədəbi dəyərini çoxları düzgün dərk edə bilməmişdi.

Bu mənada Rasim Qaracanın və Seymur Baycanın mövqeyi xüsusilə xarakterikdir.

Rasim Qaraca yazıçı məclislərindən yüksələn kütləvi xora qoşularaq “Qətl günü”nü “Master və Marqarita”nın “yerəl kopyası” hesab edir.

“Master və Marqarita”nın mövzu etibarı ilə “Qətl günü”ndən kəskin şəkildə fərqləndiyini romanın qısa məzmunu ilə tanış olan hər kəs bilir.

Söhbət hər iki romanda paralel zamanlardan gedirsə, struktur oxşarlığından gedirsə bizim yadımıza Rasim Qaracanın yeni romanı “Qarabağ Dekameron”u düşür.

Dekamorunun təkcə adı yox, süjeti də Rasim Qaraca tərəfindən əxz edilmişdir.

Covanni Bokkaççonun “Dekameron”unda vəbadan qaçanlar bir-birinə əhvalatlar danışırsa, Rasim Qaracanın “Qarabağ Dekameron”ununda Qarabağ müharibəsində mühasirəyə düşən əsgərlər əhvalatlarını danışır.

Bu gün “Qarabağ Dekameron”u müasir proza nümunəsi kimi təqdim edənlərin Yusif Səmədoğluya münasibəti qərəzdən başqa bir şey deyil.

Rasim Qaraca “Ən yaxşı Azərbaycan romanı” sorğusunda Həmid Herisçinin “Nekroloq” və Seymur Baycanın “Quqark” romanları ilə yanaşı Qurban Səidin “Əli və Nino” romanını da xatırlayır.

Həmid Herisçinin “Nekroloq”una daxil edilmiş romanlardan biri “Dəli Kür”, digəri isə “Əli və Nino” romanının dekonstruksiyasından ibarətdir.

Seymur Baycanın “Quqark”ı da pastişlərlə doludur.

Mən Seymur və Həmid nümunəsini, eləcə də Rasim Qaracanın “Qarabağ Dekameron”unu mənfi nümunə kimi qələmə verməkdən uzağam, lakin müasir postmodern metodları (dekonsktruksiya, intertekstuallıq, pastiş) hələ 80-ci illərdə ustalıqla tətbiq edən Yusif Səmədoğluya qarşı bu qərəzli münasibəti də rasionallıq və obyektivlik ölçüləri daxilində anlaya da bilmirəm.

Bəlkə də hər şeyin səbəbi indi yenilik kimi təqdim edilən ədəbi metodların 30 il əvvəl tətbiq edilməsini qısqanmaqdır.

Romanında başqa heç bir resursu olmayan, 16 il bundan əvvəl vəfat edən Yusif Səmədoğlunun romanının qalib olması ədəbiyyatın cılız qısqanmalar, kiçik və gonbul eqolar, xırda hesablar üzərindəki qələbəsinin sübutudur.

# 3995 dəfə oxunub

Müəllifin son yazıları

# # #