Allahı unudub Zumo oynayan imanlı istehlakçılar - QAN TURALI YAZIR

Allahı unudub Zumo oynayan imanlı istehlakçılar - <span style="color:red;">QAN TURALI YAZIR
25 dekabr 2015
# 13:20

XV əsrdə bütün dünyada istehsal olunan məhsulların ümumi həcmi 250 milyard dollar idisə, XXI əsrin əvvəllərində bu rəqəm 60 trilyondur.

Təkcə Hollandiyanın istehsal etdiyi məhsul 853 milyarddır. Əlbəttə, dünya əhalisi də bu beş əsrdə artıb, ona görə də vəziyyəti göstərmək üçün adambaşına düşən məhsul sayına baxaq: o zaman 550 dollar idisə indi 8800 dollar…

Rəqəmlərin içində boğulmadan bir sual qoyaq: Bu qədər məhsulu kim istehlak edir? Ritorik sual sayıla bilər, çünki Marsa ixracatımız yoxdur. Bu məhsulu biz istehsal etdiyimiz kimi biz də istehlak edirik. O zaman ortaya bir sual çıxır. Nəyə görə bizim istehlakımız bu qədər çoxalıb?

Mahiyyət xarakterli sual da budur!

Yüz il əvvəl insanların evində hansı əşyalar vardı, indi hansı əşyalar var. Lap uzaq illərdə, insanların əşyaları əyinlərindəki bircə dəst paltar və əmək alətləri ilə məhdudlaşırdı. Amma, misal üçün, XIX əsrin sonlarında bir kəndlinin evində nələr vardı?

Özümüzü çox çətinə salmayaq, “Danabaş kəndinin əhvalatları”nda Mirzə Cəlil Məhəmmədhəsən əminin evində olan əşyaların siyahısını verib: Kürsü, saxsı qab-qaşıq, bir qazan, bir çanaq, bir-iki mis qab, palaz, üstündə iki dəst yorğan-döşək, bir neçə boxça, köhnə papaq, mücrü...

Amma indi necədir? Adi bir kəndlinin evində olan əşya bundan dəfələrlə çox deyilmi? Bəli, birmənalı şəkildə demək olmaz ki, aldığımız bu qədər əşyaya, məhsula ümumiyyətlə ehtiyacımız yoxdur. Var, əlbəttə. Lakin biz burda istehlakçı təfəkkürdən danışırıq. O təfəkkür insanı ehtiyacı olmayan şeyləri də almağa sövq edir və özü üçün cürbəcür miflər düzəldir.

Bir anlıq təsəvvür edək ki, Füzulinin xanımı ondan pul istəyir ki, şoppinq eləsin. Çünki şoppinq onu sakitləşdirək stressdən uzaqlaşdıracaq. Çox absurd deyilmi? Absurddur. Şoppinqin insanı sakitləşdirdiyi fikri XX əsrin sonlarından bizə yeridilən fikirdir.

Ehtiyacımız olmayan şeyləri olmayan pulumuzla alırıq. İndi al, sonra ödə. İphone almaq üçün böyrəyini satan adam var. Bütün bu əşyalar bizim xoşbəxtliyimizə xidmət etmirmi? Yəni, bahalı bir telefonu xoşumuz gəldiyi üçün, onu kullanmaqla mutlu olduğumuz üçün alırıq. Amma onun kreditini ödəyə-ödəyə canımız burnumuzdan gəlirsə onda necə? Bu əşyalar bizə gözlənilən mutluluğu gətirirmi?

Kapitalizm sistemi bizi çox inanclı, imanlı və kamil bir istehlakçıya çevirib. Bunu nə Budda, nə də Məhəmməd Peyğəmbər bacarmışdı. Bugünkü müsəlmanlar Məhəmməd Peyğəmbər yoluna nə qədər sədaqətlidir? Ya da Budda nirvananı unudub telefonda Zumo oynayan buddistlərə nə deyərdi?

İnam var ki, devalvasiya bizi kapitalizmə küfr elətdirə...

Hərçənd bu zəif təsəllidir.

Amma kapitalizmə qarşı balaca günahlar edə bilərik.

# 1255 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #