Şpaqat və axmaqlıq - Qan Turalı yazır...

Şpaqat və axmaqlıq - <span style="color:red;">Qan Turalı yazır...
8 dekabr 2014
# 12:22

Bir nəzər salın, Facebooka, hamı kefsizdir, hamı əsəbidi, qəzəblidi. Metroda da eyni vəziyyətdi, avtobusda da.

İnsanlar narazıdır, narahatdır və əsəbidir.

Min cür bəhanə gətirə bilərsiniz.

Lakin bunlar bəhanədi, səbəb deyil.

Məsələ sizin adi şeyləri gözünüzdə böyütməyinizdir.

Diqqəti özünüzü xoşbəxt edəcək şeylərdən yayındırmağınızdır.

Normal vəziyyətdə yanından keçməli olduğunuz şeylərin üstündə baş sındırmağınızdır.

Rahat ola bilməməyinizdir, beyninizi hər cür zir-zibillə doldurmaq istəməyinizdir.

Misal istəyirsiniz, baxın, elə bu Mətanət Əlverdiyevanın efirdə açdığı şpaqat məsələsinə.

Yüzlərlə adam aparıcının üstünə hücuma keçib.

Mətanətin bu şpaqatı açmaqda məqsədi nə olub, onu deyə bilmərik, amma hər bir aparıcı kimi onun da vəzifəsi öz verilişinə diqqət toplamaqdır, o da bu diqqəti mənfi reaksiyalarla olsa belə toplayıb.

Bəs insanların bunu narazılıqla qarşılaşmalarına, buna əsəbiləşmələrinə nə deməli?

Onların da məqsədi qəzəblənməkdirmi?

Əlbəttə, onların məqsədi qəzəblənmək olsaydı biz onları çox gözəl başa düşərdik.

Televiziya xoşuna gəlmir, baxma, zatən bu dünyada sənin sevmədiyin o qədər şey var ki...

Bir şeyə baxıb sonra ona qəzəblənmək normal davranışdırmı?

Və nəyə görə insanlar ancaq ovqatlarını təlx edəcək kriminal xəbərləri tıklayır?

Nəyə görə insanlar ucuz şou xəbərlərini oxuyur.

Amma hamı da şoudan narazılıq edir.

Bəlkə bizim şou və kriminal xəbərlərimizi Antarktida pinqvinləri oxuyur?

Bu necə bir riyakarlıqdır?

Bu nə cür ziddiyyətdir?

İnsan nəyə görə özünə narahatlıq verən şeylərdən uzaq qala bilmir?

Xoşbəxtlik insanın özünə rahat və hüzurlu bir dünya qurmasıdır.

İnsanın sevmədiyi şeylərdən, əsəbiləşəcəyi məsələlərdən özünü təcrid etməsidir.

Xoşbəxtlik üçün lazım olan hər şey bizim qarşımızdadır, lakin biz şüursuzcasına özümüzü bədbəxt edəcək şeyləri seçirik.

Fransada salınan Axmaqlar kəndinin qurucusu məşhur rejissor Polunun deyir ki, axmaqlar hər şeyə rəğmən birbaşa öz xoşbəxtliyinə doğru gedən adamlardır.

Axmaqlıq budursa, gəlin biz axmaq olaq.

Hər halda ağıllı və bədbəxt olmaqdansa, axmaq və rahat olmaq yaxşıdır.

# 1239 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #