Xatirələri pozmaq səadəti

Xatirələri pozmaq səadəti
4 dekabr 2015
# 13:02

Modianonun “Möcüzəli balaca” romanını bir gecəyə oxuyub bitirdim və arxasınca bu yazını yazmağa başladım.

Romanın ideyasını bircə cümlə ilə belə ifadə etmək olar: “İnsana əzab verən xatirələrdən xilas olmaq gərəkdir”.

Bu elə asandırmı?

Nazım Hikmət ölümqabağı müdrikliklə yazırdı: “Xatirələrimdən şikayətçi deyiləm”

Bu necə bir ucalıqdır, necə bir müdriklikdir.

Məncə, Nazım Hikmətin bu müdrikliyi Buddanın ağacın altında aydınlandıqdan sonra hiss etdiyi rahatlığa, hüzura bərabərdir.

Yaddaş bizə əzab verir, ondan qaçmaq mümkün deyil, o bizim içimizdədir daima.

Kənan necə deyirdi? “Özündən qaçmaq olmur”.

Bəs o zaman nə etməli?

Özümüz azmışıq kimi ətrafımızdakı minlərlə əşya, söz, məkan, mahnı, kitab bizi xatirələr cəhənnəminə aparır.

Peşmançılıqlar, çəkdiyimiz ağrılar, günahlarımız, sevdiklərimiz və incitdiklərimiz hamısı qoşun kimi çökər üstümüzə.

Özümüzlə bəlkə birtəhərə baş çıxarda bilərik, lakin pusquda o qədər mahnı dayanıb ki...

“Xatirələrdə qalardı bəlkə də zamanla incəbel / Namussuz çay belə incə belli stəkanda verilməsəydi əgər” - şeirinə baxın...

Bu necə bir dəlilikdir, bu necə bir əzabdır?!

İnsan sevgilisiylə armudu stəkan arasında əlaqə quracaq qədər dəli ola bilərmi?

Yox, söhbət bir dəlidən getmir, böyük bir şairdən gedir.

“Sənin adın qışda qarı öpməkdir”. Ya da buna fikir verin. Bu qədər incə düşünmək ürəyə xətər yetirməzmi? (Şairə intihar etdi zatən)

Bu şizofrenik, psixopatoloji ruh halıdır bizi məhv edən.

Elə bu Modianiyə də “xatirələrlə insan hekayələrini dilə gətirdiyinə görə” Nobel mükafatı verilmədimi?

Amma, bayaq dediyim kimi Modianinin əsas ideyası da budur: “Xatirələrdən xilas olmaq gərəkdir”

Di gəl ki, xatirəsiz adamlar bəsitdir.

Hekayəsiz adamlar kədərlidir.

Onların birini heç zaman unutmuram.

Məclisdə hamı maraqlı şeylər danışırdı, yazıçılar üstünlük təşkil eləyirdi, ola bilsin uydurmalar da vardı.

Bu hekayəsiz də həvəsə gəlib bir əhvalat danışdı.

Bir dəfə şəhərə çıxıbmış, Sahil metrosunun çıxışında bir dönərçi varmış, başqalarına çörəyin içinə dönəri yandan doldururmuş, amma bunu tanıdığı üçün çörəyin başından kəsib içinə doldurub, üstəlik dostları üçün də belə bir jest edib. Sonra da bulvarda gəzib evə gediblər. Hə, axırda ötəri şəkildə onu da dedi ki, bu yaxınlarda o dönərçi qəzaya düşüb ölüb.

O adama yazığım gəldi.

Təkcə ona görə yox ki, onun dediyi dönərxana bizim işin yanındaydı, mən ordan iki-üç dəfə dönər almışdım və o, mənim də dönərimi yuxarıdan doldurmuşdu.

Həm də xatirənin bəsitliyi ağrıtdı məni.

Üstəlik, gülmək üçün danışılan əhvalatın ucunda ölüm olmağı...

Mən o adam üçün çox kədərləndim.

Xatirəsiz qalmaq olmaz.

Bu adam təkcə o zaman bizim məclisi korlamadı, indi bu yazını da korladı.

Yazını bitirə bilmirəm.

Bu cür sonluq necədir?

Dönəri başdan doldurun.

# 1162 dəfə oxunub

Müəllifin son yazıları

# # #