Sevgilini necə bədbəxt etməli? QAN TURALININ HEKAYƏSİ

Sevgilini necə bədbəxt etməli? <span style="color:red;">QAN TURALININ HEKAYƏSİ
13 yanvar 2017
# 21:00

Kulis.Az Qan Turalının “O qız və o oğlanın hekayəsi” hekayəsini təqdim edir.

O, ancaq kədəri tanıyırmış... Ona elə gəlirmiş ki, bu dünyada qüssə, qəm, əzab, ağrı-hamısı kədərmiş və kədərdən başqa heç nə yoxmuş.

Əzabla tanış olduğu o gündən bəri o gecələr yatmağa da qorxurdu; qorxurdu ki, yuxudan bir anlıq ayılıb açıq pəncərədən uça, bu əzabdan xilas olmaq istəyə... Beləcə səhərə qədər oyaq qalır, bir şüşə arağı iyrənə-iyrənə içib özündən gedirdi. Çox vaxt yuxu onu oturduğu yerdə tuturdu. Əzab kədərə bənzəmirdi. Belə ağrılı gecələrin birində telefonunu pəncərədən aşağı atmış, modem də qaranlıqda ayağının altında qalıb sınmışdı.

Bir zamanlar bir butulka pivə içib həzin müsiqilər dinləmək, ürəkparçalayan şeirlərə qulaq asmaq onun ən kədərli əyləncəsiydi. Belə axşamlarda öz-özünə pıçıldayırdı: könlümə darıxmaq düşüb. Əslində, nədən ötrü darıxdığını bilməsə də, bu, onun xoşuna gəlirdi. Bəzən tənhalanmaq istəyir, ağrılardan qurtulmaq üçün keçmişə baş vururdu. Onun keçmişində hər şey: üstünə kədər tökülmüş xatırələr də, məsum uşaqlıq illəri də gözəl idi. Xatırladıqca özünü xoşbəxt sayır, xatirələrin işığı ürəyini qızdırırdı...

- Mən bu hekayədən sıxıldım. Mətləb müəllim nəyə görə prosesdə iştirak eləmir?

- Mətləbə gələcəm də...

- Vonnehut deyir ki, hekayədəki hər cümlə ya bilinməyən bir şeyi bildirməlidir, ya da süjeti davam etdirməlidir.

- Sənin Vonnehutun da bir adam deyil...

- Niyə?

- Adam arağın içinə dərman qatıb intihar eləməz.

- Bəs?..

- Dərmanı içər, sonra da arağı ölümün sağlığına qaldırar.

- Amma sənin Vonnehutun Rüstəm Behrudiyə oxşayır... Qalanına qulaq as...

Bəlkə də, o dəhşətli gün olmasaydı, Gülay ömrünün sonuna qədər əzabın nə olduğunu bilməz, şad-xürrəm yaşayacaqdı.

- Burda yuxarıdakı hissəni silmək olar?

- Niyə?

- Vonnehutun dediyinə görə...

- Sən Allah, gecənin bu kilidli vaxtı Vonnehutu söydürmə mənə...

-Yaxşı, davam elə.

Və həmin o kədərli-pivəli axşamların birində çoxdan ayrılmaq istəyib, ancaq bu gün ayrıla bildiyi sevgilisinin profilinin linki ona atılmasaydı, hər şey başqa cür olardı...

Səhifədə elə bu divanda çəkdikləri bir video vardı. Pivə butulkası əlindən yerə düşüb ayağını əzənə qədər ürəyi çilik-çilik olub içinə tökülmüşdü. Gülay o gün əzabla tanış oldu və o gecə ürəyini yaralayan neştərin yeri heç zaman sağalmadı.

Hara getdisə, arxasınca “o qızdı” nidaları eşitdi. Sosial şəbəkələrdə tanımadığı insanların haqqında yazdığı şeyləri oxudu: “Bu qızın yiyəsi yoxdur?”, “Avropalaşmağın axırı budu”, “Amma zor şeydi ha”, “Məncə, özləri buraxıb bu videonu - reklam üçün”, “Qırmızı bustqalter yaraşır”.

Heç kim onun ağrısına yanmırdı, hamı mərhəmətsiz idi, mühakimə edirdi. Tanımadığı oğlanlar bu videonu paylaşır, onun haqqında ən ağlasığmaz cümlələr yazırdılar: “Bir dəfə də mənimlə...”, “O istədi, mən razılaşmadım”. Hələ bunlar görükən şeylər idi, gör arxasından nələr danışırdılar. Deyilənlər bir yana, onu daha çox yandıran deyilməyənlər idi...

- Yoxsa intihar edəcək...

- Səncə?

-Məncə, edibsə, bu çox banal olar.

-Yox, etməyib. Hövsələn olsun, qulaq as...

O gecənin səhəri açılar-açılmaz Sevil gəldi. İçəri girən kimi dil boğaza qoymadı: oğlanın hərəkətini qınadı, dünən getdiyi toydan danışdı, dəyişkən havanın qarasınca deyindi, avtobusda başına gələn əhvalatı danışdı, çay qoydu. Gülay susur, Sevil bir ucdan üyüdüb-tökürdü. Gülay sonda başa düşdü ki, təpər tapıb Sevili dinləməlidir. Yanaşı oturub çay içdilər. Gülayın gözü tez-tez uzaqlara dikilir, sonra yenə fikrini toplayıb Sevilə qulaq asırdı. Bir azdan ayıldı ki, küçədədir, Sevilin yanına düşüb harasa gedir. Sonra qarşısından boşqab götürən ofisiantı, daha sonra isə qara divarda gedən ağ yazıları anışdırdı. Ağ xalatlı biri də vardı və Gülay ömrünün sonuna qədər bu gördüklərinin gerçək, yoxsa xəyal olduğunu anlaya bilmədi. Gecə Sevil onunla qaldı.

- Sonra...

- Səncə, axırı necə olacaq?

- Sevillə sevgili olsunlar. Qızın adı da bu süjetə uyğundur. Sev... Sevil...

- Bu nə cür ədəbiyyatdı? Qızın adı Kifayət olsaydı, Gülay bir də heç kimi sevməyəcəkdi?

- Ay insan, adların insanın taleyinə təsiri var.

- Mən metafizikaya inanmıram.

- Yaxşı, yaxşı... Axırını necə bitirəcəksən?

- Düşün də..

- Sevili dedim... Başqa ağlıma gəlmir. Gəlir e, banal süjetlər gəlir.

- Necə süjetlər?

- Oğlan gəlib üzr istəyir: barışıb, evlənirlər...

- Sonra da mikrorayon tikməyə gedirlər?

- Yox, əşşi..

-Yox, bir abzas yazdım sonluğa... Bir abzas...

-Oxu, görüm...

-Gülay yeni iş tapdı. Özünə əvvəlkindən də yaxşı baxmağa başladı; estetik əməliyyat keçirtdi, burnunu düzəltdirdi, döşlərini və dodağını doldurdu, maşın aldı, altı ay Almaniyada stajından sonra arzusunda olduğu kresloda da oturdu. 16-cı mərtəbədə yerləşən ofisi ilə 18-ci mərtəbədəki evi arasında, asfalt yolların qovuşdurduğu beton yığınında yaşadı. Heç kimi sevmədi, gecələr pivəli kədər məclisləri qurmadı. Evləndi, amma heç zaman “səni sevirəm” demədi. İki dəfə dilinə gələn bu sözü uddu. Bu dünyaya uşaq gətirmək istəmədi. O gündən sonra heç zaman xoşbəxt olmadı, amma gözlərə xoşbəxt dəydi. Rahat olmadı, amma rahat göründü. Bəzən güldü, ancaq burnu kimi bu gülüş də süni idi. Bəzən taxma döşlərinin altındakı ürək döyüntüsü belə ona telefonun vibrasiyası kimi gəlirdi. Gülüşünü desən, o daha betər... Mimikadan çox istifadə ona ziyan idi, - hər halda doktoru belə deyirdi.

Əzabı tanıyandan sonra o bu dünyada sevincin nə qədər bayağı və qəlp olduğunu anladı. Düşündü ki, adının son iki hərfi olan “Ay” belə işığını Günəşdən alıb hamını aldadırsa, bu dünyada gerçək heç nə, hətta yalandan özgə doğru belə yoxuymuş...

- Qurtardı?

- Hə...

- Bəs Sevil... Axı bu üslub xətasıdır. Sevilə nə oldu?

- Sevil o oğlana ərə getdi.

- Hansı oğlana?

- O oğlana...

2015

mart

# 1383 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #