Səməd Vurğun qatildir, xaindir, satqındır! Rahat oldunuzmu?

Səməd Vurğun qatildir, xaindir, satqındır! Rahat oldunuzmu?
28 iyun 2013
# 11:00

Avropalı bir hinduya deyib ki, o vaxt ingilislər sizi qırdı. Hindu təəccüblə çiynini çəkərək cavab verib: “Mən bunu bilmirəm. Babam mənə bu haqda heç nə danışmamışdı”.

Yazılı tarixi olmayan xalqlar üçün babaların əhvalatları tarix hökmündədir.

Bizim xalq çoxmu fərqlidir?

Yazılı tariximiz var, amma biz tarixə sənəd və faktlarla yox, qulaqdandolma biliklərlə yanaşırıq.

Bu məqam təkcə haqqında yazmaq istədiyim 37-ci il hadisələrinə münasibətdə üzə çıxmır.

Eləcə 20 Yanvara münasibətdə də biz rasionallıqdan çox uzağıq.

37-ci il hadisələrinə yanaşmada buraxılan çox ciddi metodoloji yanlışlığımız var.

Biz repressiyanın ancaq incəsənət adamlarına yönəlmədiyini unuduruq.

Repressiya edilən on minlərlə sadə adamı-fəhləni, kolxozçunu, partiyanın kiçik rütbəli əməkdaşlarını unuduruq.

Bir də elə zənn edirik ki, repressiya ancaq Azərbaycanda olub.

İttifaqın digər ölkələrində, o cümlədən dünya kommunistlərinin ən böyük təşkilatı olan İnternasionalda, eləcə də sosialist olmayan ölkələrin kommunist partiyalarında Stalin əleyhdarlarına qarşı repressiyalar olduğunu unuduruq.

Qəsdən yumşaldıb “unuduruq” deyirəm, əslində isə bu haqda məlumatlarımız çox azdır.

37-ci il hadisəsi yalnızca sovet hadisəsi deyildi, qlobal əhəmiyyət kəsb edirdi.

Biz isə bu repressiyanı Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın ayağına yazmaqla təfəkkürümüzə dinclik verir, bizi düşündürən çətin və böyük suallara bəsit cavablar verməklə şüurumuzu, vicdanımızı sakitləşdiririk.

Lakin həqiqəti axtaranlar yalanla ovunmazlar, həqiqətə susayanlar yalan quyusu ilə dolmazlar.

37-ci il hadisələrində o dövrün sözüylə desəm “ifşa olunan” yazıçıların əleyhinə ifadə verənlər əlbəttə ki, olmuşdu.

Amma çap edilən cinayət işlərinin təhlili göstərir ki, bu ifadələr heç bir zaman əsas olmamışdır, partiya kimisə məhv etmək istəyirdisə repressiyaları həyata keçirən Xalq Daxili İşlər Komissarlığı elə də əziyyət çəkmir, müttəhimin boynuna istənilən əməli qoyurdu.

Repressiyalar cəmiyyətdə xof mühiti yaratmaq, Stalinin qeydsiz-şərtsiz hökmranlığını təmin etməyə xidmət edirdi.

Sovet ədəbiyyatı yazıçıya onun partiyaya, rəhbərə münasibətinə görə qiymət verirdi, partiya kursuna sadiq olanlar mükafatlandırılır, ona azca da olsa soyuq baxanlar müxtəlif dövrlərdə, müxtəlif cür cəzalandırılırdı.

Lakin biz indi Səməd Vurğunu yerin dibinə soxub ondan istedadca çox zəif olan Əhməd Cavadı qaldırmaqla ədəbiyyata mətndən kənar meyarlarla qiymət vermirikmi?

Ümumi düşüncəmizə görə repressiya edilənlər qəhrəmanlar, böyük istedad sahibləri, sağ çıxanlar isə mənfi personajlardır, yaltaqlar, xainlər, satqınlardır.

Amma biz repressiya olunanların Sovet ideologiyasını mədh edən əsərlərini unutmağa çalışırıq, sanki Müşfiq, Cavad, Cavid partiyanı mədh etməmişdi.

Repressiya haqqında danışanda biz empatiya (başqasının dərdinə şərik olmaq, özünü onun yerinə qoymaq) hissini tamamilə unuduruq, düşünmürük ki, özümüz qələm dostumuzun əleyhinə ifadə verməyə məcbur edilsək, nə edərik.

37-ci il hadisələrinin mahiyyətini anlamaq o qədər də asan deyil, çünki bu proses kifayət qədər qarmaqarışıq, xaotik və sistemsizdir.

Heç kim Cümhuriyyət dönəmində əsas qəzetin baş redaktoru olan Üzeyir Hacıbəyovun nəyə görə sağ qaldığını əsaslandıra bilməz.

Ya da ADR-in Türkiyədə səfiri olan Yusif Vəzirin sürgün edilməsi müqabilində Stalin haqda poema yazan Müşfiqin güllələnməsini izah etmək asan deyil.

Yusif Vəzir hələ repressiyalardan bir neçə il əvvəl Mir Cəfər Bağırova ünvanladığı məktubunda Hənəfi Zeynallının onu sıxışdırdığını yazırdı, amma özü Hənəfi Zeynallıdan sonra repressiya edildi.

Hənəfi Zeynallı mollanəsrəddinçilərin yaradıcılığını arxa plana atdığına, “Molla Nəsrəddin” nəşrini ləngitdiyinə görə ittiham verilərək güllələnir, amma jurnalın qurucusu Ömər Faiq da ölüm hökmünə məhkum edilirdi.

Yəni, bu işlərdən baş açmaq elə asan deyil.

Asanı günahı Səməd Vurğunun üstünə atmaqdır.

# 5738 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #