Təzədən can atacam sevgidən kam almağa - Pol Verlenin şeirləri

Təzədən can atacam sevgidən kam almağa - Pol Verlenin şeirləri
28 avqust 2023
# 10:23

Kulis.az Mahir N. Qarayevin tərcüməsində Pol Verlenin şeirlərini təqdim edir.

Məktub

Gözünüzdən iraqda yaşayıram, ey xanım,
Tanrı şahidimdir ki, səngimir həyəcanım!
Xiffət içində ölmək – buna adət etmişəm,
Belə hallarda yalnız qüssə çəkməkdir peşəm.
Üz tutduğum yollarda kölgəniz mənimlədir,
Həm gecə mənimlədir, həm gündüz mənimlədir.
Bir gün ruhum cismimi ömürlük tərk edəcək,
Özümü mən də gendən kabus kimi görəcəm.
Bax, onda bu əzablı qayğıların içindən
Nəhayət ki bambaşqa bir aləmə köçüb mən
Təzədən can atacam sevgidən kam almağa
Və kölgəm kölgənizlə qovuşacaq bir daha!

İndi məni, əziz dost, nökərin bil, nə deyim –
Söylə, sənə xoşdumu öz itin, öz pişiyin?
Və bir də Silvaniya – səndən xəbər gətirən
O qız yenə ən sadiq rəfiqəndirmi görən?
Masmavi olmasaydı hərçənd sənin gözlərin,
Onun qara gözünə bənd olardım mən yəqin.
Lakin, ey gözəl xanım, mənə böyük güc gərək,
Elə güc ki onunla dünyanı fəth edərək
Ayağınız altına ata bilim sevgimi –
Ən böyük sevgilərə bərabər girov kimi.
Heç Kleopatranı da inan ki o zamanlar
Bu cür sevə bilməzdi nə Antoni, nə Sezar.
Sezartək döyüşərdim, sarılardım qılınca,
Antonitək qaçardım öpüşlərin dalınca.
Hər yola əl atardım, buna şübhən olmasın,
Təki sənin üzündə bir təbəssüm parlasın.

Di yaxşı, salamat qal. Daha yormayım səni,
Çətin ki oxuyasan sən bu uzun naməni.
Bir az çox çərənlədim. Nə mənası var axı –
Bir belə vaxt sərf edib korlayasan varağı?!..

BELÇİKA MƏNZƏRƏLƏRİ

Valkur

Kirəmit anbarı –
isti bir bucaq;
Aşiq-məşuq üçün
əsl sığınacaq.

Şərab məstliyinin
meyxoş havası;
Bivec əyyaşların
məhrəm yuvası.

Düşmür ağızlardan
qəlyanla pivə;
Xidmətçi qızlar da
kef qatır kefə.

Vağzalı, küçəsi,
hər cür yolları;
Siz ey Aqasferlər,
bura əladır!

Brüssel

Axşam toranında
rəngini dəyişib otlar, ağaclar;
Təpələr allanıb,
qızarıb bir azca yaşıl yamaclar.

Tündləşir get-gedə
sıldırım qayanın qızılı rəngi;
Görünməz zirvədə
bir quş civiltisi bezdirib məni.

Pərən-pərən düşüb
bu gün arzularım, ümidlərim də;
Dərd qatır o quşun
yeknəsəq nəğməsi mənim dərdimə.

Şarlerua

Qapqara çöllüklə
kobold dəstəsidir baş alıb gedən.
Dəlisov külək də
inadla ulayır ara vermədən.

Hardan gəlir bu iy? –
bəlkə dalğalanan yulafdan gəlir.
Külək vıyıldayır,
kol-kos qamçılayır yol gedənləri.

Bircə ev də yoxdur,
yastı komalardır hayana baxsan;
Domna işığından
od-alov rənginə boyanıb hər yan.

Bu nə iydir axı? –
vağzal hay-küyündən bezardır hamı;
Baxışlar axtarır
döyükə-döyükə Şarleruanı.

Bəs bu murdar qoxu
nəyin qoxusudur, hayandan gəlir?
Görən orda axı
nəhəng sistr kimi nə cingildəyir?

Zavodmuş heç demə! –
çəkir nəfəsini zorla, birtəhər;
Metal hönkürmədə,
sel kimi axmada fəhlənin təri!

Qara bir cığırla
koboldlar harasa üz tutub gedir;
Qəzəblə çığıran
inadkar külək də bir an səngimir.

# 1944 dəfə oxunub

Oxşar xəbərlər

Kirli köynəyimi yumuşdu anam... - Şəhriyar Del Geraninin şeirləri

Kirli köynəyimi yumuşdu anam... - Şəhriyar Del Geraninin şeirləri

11:40 14 dekabr 2024
Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
#
#
# # #