Soyun bu əlbisəni... – Kənan Hacıdan yeni şeirlər

Kənan Hacı, şair

Kənan Hacı, şair

30 yanvar 2022
# 10:00

Kulis.az saytı Kənan Hacının “Modern Qış nağılı” silsiləsindən yeni şeirlərini təqdim edir.

Şaxta babanın tənhalığı

Yalandan yanımda qalacaqsansa,
Doğrudan get, bilim, məni sevmirsən.
Ay başı bəlalı gözəl yarasa,
mən bir az dumanı, çəni sevənəm,
sən axı dumanı, çəni sevmirsən.

Sən gecə get, bəxtin yatan vaxtında,
çay süzəndə baxım görüm qənd yoxdu.
Gedişlərin bu gəlhagəl vaxtında
gedim kəndə, baxım görüm kənd yoxdu.

Hələ indiyəcən gözəl Qar qıza
Bir kimsə yarasa söyləməmişdi.
“Yəqin vurulubdur başqa bir qıza,
Bəlkə də əvvəldən heç sevməmişdi”.

“Yarasa” tərk etdi sevgisiz evi,
Şaxta baba
Səhər durub gördü yatağı boşdu.
Hirsindən ağladı, kükrəyib coşdu,
ələk-vələk etdi büsbütün evi,
evin sahmanını bir anda pozdu,
nəyi itirmişdi, nə axtarırdı?...
Oturub Qar qıza bir şeir yazdı:

Sən gedəndən buz dağına gün düşür,
Ayrılıqlar şəhərinə ün düşür,
Gecələr də otağıma gün düşür,
Günəş pərdələri qoyub getmisən.

Sevgilərlə aşıb-daşan evlərə,
Şaxta baba libasında gedirəm.
Qar qız yoxdu, sınıxmısan, deyirlər,
Şaxta nənə mənə qaynar çay süzür,
istilikdən titrəyirəm, əsirəm.

Belə Şaxta baba olar? – dedilər,
Saqqalı od tutub yanır ki, bunun.
Mənim də çörəyim şaxtadan çıxır,
Şaxtanı da mənə çox gördün, Qar qız.

Şaxta babanın da payın yedilər,
Qonaq elədilər məni qazmağa,
Uşaqlar mənimlə məzələndilər,
Getdim evə sənə məktub yazmağa.

Gördüm evimizi tamam su basıb;
əriyir səssizcə Qar qızın donu...
Yarasa özünü çıraqdan asıb,
Kaş bu cür bitməzdi nağılın sonu.

Qar qızı himayə edən Günəş

Taleyin həmləsindən
məni qoruyur bu qış.
Şaxtalar çiçəyindən
qışın şəninə alqış.

Görünməmiş bir işdi
Qar qızın etirafı.
Anası hey deyinib
deyirdi: bu da işdi?
Soruşana nə deyim?
“Qızım qar qız işləyir?”

Qış onu məndən alır,
pəncərəyə qar düşür,
bu kövrək, həzin qardan
nəvəmə də pay düşür.
Mənim dəcəl Qar qızım
görən harda sürüşür?
Soyuq canımı alır,
gur yansa da sobamız,
heç isinmir odamız.

“Körpəmiz süd istəyir,
əppək istəyir, ana”.
Qar qız da qayğı çəkir:
“Allah baba sağ olsun,
ruzi yetirir ona.

Bu körpənin bəxtinə
belə yazıb Yaradan.
Düşən kimi çətinə
atası Şaxta baba,
tez çıxacaq aradan.
Allah baba sağ olsun,
bu bivec Şaxta baba
olunca olmaz olsun!”

Uğunub gedir Günəş
dağda qar əriyəndə.
Ayrılıqdan vüsala
körpü salan bu həbəş
axşam gün əyiləndə,
Şaxta baba yatanda,
pəncərədən adlayır
onun bal yuxusuna,
görün ona nə deyir:

Soyun bu əlbisəni,
bu obraz sənlik deyil,
qış təsdiq etmir səni
Şaxta baba roluna.
Küçələrdə gəzirsən
elə hey veyil-veyil,
səndən imtina edir
uca şam ağacları,
güldürmək əvəzinə
ağlatdın uşaqları,
başın batmasın sənin.

Həyatdakı rolunu
büsbütün unutmusan.
Qar qız sənin yolunu
gözləyir körpəsilə.
Kimə gəlirsən hiylə?
Saxta Şaxta babasan!
Qar qızın qucağında
gülümsəyən körpənin
həqiqi atasısan!

Haydı, özünə qayıt,
Bitdi bu qış nağılı.
Ayıl, yuxudan ayıl,
körpə balan çağırır.

Şaxta baba dəlləkxanada

Günəş qonub pəncərənə,
səni oyada bilmir,
yuxuna selbə atıb
qaranlığı qova bilmir.
Yoxsa yalandan yatmısan,
Oblomovun xələfi?
“Şah tənbəli” olasan,
ələ düşməz beləsi!

Qarı suya çevirir,
öz sözünü yeridir,
qışı yaya çevirir,
səni oyada bilmir,
elə bil Günəş ovçudu,
sən ovsan, tuta bilmir.

Sən hələ qışda qalmısan,
yolu yoxuşda qalmısan,
yaddaşdan, huşdan qalmısan,
yuxun gözündən qaçır,
sən Günəşdən qaçırsan.

Pəncərəni cırmaqlayır
hey Günəşin əlləri.
Şaxta baba sayıqlayır:
Dəllək qardaş, əllərin
niyə belə soyuqdur,
üzüm əlində üşüyür,
hanı mənim saqqalım?!

Qəfil Günəş peyda olur,
dəlləyin siqaretin
çaxmaq çəkib yandırır.
-Dəllək, işin irəli!
Şaxta baba heyrətdən
güzgüdəcə əriyir...

Qanadlı adam

Səhrada Günəş vəhşi kimidi;
adamı külə döndərir...
Səhrada külək bəxşiş kimidi;
nəfəsinə nəfəs qatıb
külü gülə döndərir...

Xəsis səhra adama
bir kölgəni qıymayır.
Dimdiyində bir damla
Su gətirən tapılsa,
verərəm, nəyim varsa.
Bir nəhs xəyal əlində
əsir-yesir qalmışam.
Simurğun lələyini
deyən, yolda salmışam.
Bu səhranın tükü də
Tərpənmədi, ay Allah.
Arzular dağarcığı
tükənmədi, ay Allah.

Göyün uzaqlığında
Bir cins adam göründü.
Gəlirdi mənə sarı,
yanırdı qanadları...

# 3424 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
#
#
# # #