Qaldırdı ürəyim ağ bayrağını – Yeni şeirlər

Qaldırdı ürəyim ağ bayrağını – Yeni şeirlər
26 iyul 2021
# 17:01

90-cılar ədəbi nəslinin istedadlı nümayəndələrindən olan Xatirə Rəhimbəylinin 55 yaşı tamam olur. Kulis.az bu münasibətlə Xatirə xanımı təbrik edir və onun yeni şeirlərini oxucuların diqqətinə çatdırır.

Hər dəfə məni kədərli görəndə oğlum Murad mənə qısılıb soruşur:
- Ana, xəstələnmisən?

Əllərin məndildi ağlar gözümə.
Rəvamı, mən töküm, o silsin elə?!
Sənə qurban olsun bu cəfakeş can,
Ayağının altda qoy ölsün elə!

Getmədi başımdan bu qovğa, məlal,
Bu dinsiz ruhuma ha çəkdin sığal.
Gülmədi bu ürək-bu nadinc, cığal!
Çəkilsin, nazilsin, üzülsün elə!

Niyə mənə elə qısılıb baxdın,
Bu incik qəlbimi sən niyə sıxdın?!
Davamı eyninə almayan bəxtin
Qadan ürəyinə tökülsün elə!

***

Mən azadlıq istəyirəm,
Sevməyin, məni sevməyin.
Dinləyin coşan kədəri,
Qaynayan qəmi sevməyin,
Mən azadlıq istəyirəm!

Nəfsinizin qorxusundan,
İçimə sıxıldim axı.
Yol verin, çıxım özümdən,
İçimdə boğuldum axı,
Mən azadlıq istəyirəm!

Nə sevdiklərim arxamdı,
Nə sevmədiklərim yağım.
Mən hansı dağa söykənim,
Görsün içimdəki dağı -
Mən azadlıq istəyirəm!

Doğulandan qəhər uddum,
Mənə də bir nəfəs verin.
Ya tam kəsin nəfəsimi,
Ya da arzuma səs verin --
Mən azadlıq istəyirəm!

Gözlərim işıq istəyir ,
Ürəyim nur umur mənim.
Sıxlaşır başınız üstdə,
Gözlərim qurumur mənim.
Baxmayın susub durmuşam,
Ürəyim kirimir mənim,
Mən azadlıq istəyirəm!

Qanlıdı sizlə ürəyim
Bu qanlı yaraya baxın
Açın haqqın qapısını
Allaha, Tanrıya baxın -
Mən azadlıq istəyirəm!

***

Hansı inam çəkib soydu dərini?
Yüz də soyul, dünya düzəlməz belə.
Nə qədər yalvardım: "Nə olar, şair,
Ölümə gedirəm, məni vəsf elə...”

Nədi təzə eşqlər, təzə sevgilər,
Bir dəfə ayrılar can cismindən...
Yoxsa sevgin köhnə paltardı sənin,
Ruhun təzələnir soyulduqca sən?

Sənin inamını kim çiliklədi,
Mənim inadımı kim hörüb görən?
Adın ürəyimdən soyulmur, neynim,
Görəm necə qopur can cismindən...

Adın ürəyimə dəridi, şair,
Soyub qurtarmayıb gözlərim hələ...
Vallah, ayrılıq da ölümdü, şair,
Ölümə gedirəm, məni vəsf elə...

***

Sən mənə taleyin zulum payısan,
Göynəyən könlümü bir üfləsən sən...
Ruhumun qısılıb dustaq qaldığı
İkicə kəlmədən özgə nəsən sən?

Gördünmü quruyan qaxac ömrümü,
Cismimi qovuran bu sac ömrümü?
Bu kədər yarpaqlı ağac ömrümü ,
Nolar, bircə kərə silkələsən sən?!

Namərd quyulardı, xəbərçi qamış,
Könlümdə bir zərrə inam qalmamış...
Etibarı perik, ümidi sınmış
Ürək nələr çəkir... Nə biləsən sən...

***

Dözə bilirsənmi bu sata-sova...
Cismimiz ağrıya-acıya yuva.
Daha "Bəsdi!", - deyib bu qovhaqova,
Özünü özünlə götürmə, gedək!

Nə günə qoyub gör bu ürəyini.
Gözündən süzülən su ürəyini...
Təmizlə zehnini, yu ürəyini,
Ağlına başqa şey gətirmə, gedək...

Bu boyda ömürü xərclədik borca,
Nə əldə eylədik bu boyda xərcə?
Nə var xəyalında, at getsin, bircə
Köhnə haqqı-sayı itirmə, gedək.

Fərqi yox, ya fağır, ya da kür adam,
Həmin o adamsan - həmin sirr adam.
Yüz fikir bir borcu ödəmir, adam,
Yolçu yolda gərək, oturma, gedək!

***

Aylara, illərə sığmadı könlüm ,
Mənim ürəyimin sevgisi birdi.
Nə olsun ki, ömür üzü qışadı,
Yaz olsun, qış olsun, pir elə pirdi...

Bu həsrət qəlbimi oyar, dəyişməz,
Yar da əhvalımı duyar, dəyişməz,
Eh, dünya dəyişər, o yar dəyişməz,
Əzəldən yaranıb kür... elə kürdü...

Nadan bu yanğını bilmədi... bilməz,
HAQQ nədi... EŞQ nədi... SİRR nədi bilməz...
Qəlbim qəfəslərə girmədi... girməz
Doğuşdan yaranıb hürr... elə hürrdü...

***

Ürəyim sızlayır səsindən ötrü,
sözünün acısı eynimə gəlməz.
Səsin də dünyanın kefinə gedir -
bircə yol hərlənib bu qəmə gəlməz.

Hər sabah çarmıxa çəkilər ahım,
“Ən-əl-sən” demişəm, bumu günahım?!
Adına bir ölkə qurmuşam, şahım!
Bəs nədən... insafın ölkəmə gəlməz?!

Yıxıb inancları, danıb dinləri,
sevginin canına saldın cinləri.
Ruhumun o xilas göyərçinləri
nə çağrışa baxmaz, nə dənə gəlməz.

***

Qoymamışam ölə bu ulu sevda,
Bu günə gətirib sağ çıxarmışam .
Daşıya bilmirdi Sizif bir daşı,
Mən dağın üstünə dağ çıxarmışam ...

Neynək, itirdilər bu haqqı-sayı ,
Qəlbim sınıq-sökük haqdan dolayı ...
Dərdini almışam, dünya, havayı ,
Köksündən o qədər ah çıxarmışam ...

Fələk, nə vecinə mənim savaşım,
Dərdim oyuncaqdı, qatılır başım.
Belə, ömrü boyu yuyub göz yaşım,
Gecəni səhərə ağ çıxarmışam ...

***

Gördün, ömrü boyu məni qandırıb,
ömrün nağılında dörd dolandırıb,
elə it hürdürüb, işıq yandırıb,
Divə ürcah etdi bu yollar məni?..

Qatdılar başımı dərs oxumaqnan,
savab işlər görüb, günah yumaqnan.
Demədilər, bir gün bir haqsız “Yox!”nan,
zalımlar qaya tək oyallar məni...

Atıb ovcundakı bu xəzəlləri,
mənim də gül açar görən əllərim?
Görən, hayandasa görünər yerim?
Görən, mən deyəntək duyallar məni?

Dartıb-daşısam da aranı dağa,
bir arzum salamat çıxmır sabaha!
Tanrım, niyə rahat buraxmır daha,
bu yiyəsi ölmüş xəyallar məni...

Tükəndim

Açıldı tilsimi bu sirr ömrümün,
Alındı havası bu kür omrümün.
Bu azad ömrümün, bu hürr ömrümün ,
Bağlandı bərəsi, bəndi... tükəndim .

Gərildi qarşımda yolun haçası,
Sındı xəyalımın rəssam fırçası.
Tutuldu könlümün yolu, küçəsi,
Uçuldu şəhəri, kəndi... tükəndim .

Qatlandı dizləri gərdişimin də,
"Haqq" deyib bağıran vərdişimin də.
Ürəyi titrədən gülüşümün də
Tükəndi şəkəri, qəndi... tükəndim .

Arzumun üzünə sökülmədi dan,
Qaldı, yerdə qaldı, ah, bu nahaq qan!
Yedi, ürəyimi, yedi bu hicran,
Tükəndi, tükəndi, indi... tükəndim .

Elə uzaq etdin onda yaxını,
Bir də aşammadım hicran dağını.
Qaldırdı ürəyim ağ bayrağını,
Ta başım sinəmə endi, tükəndim...

***

Aç yuxunun qapısını,
Getməyə yerim yoxdu.
Üşüyür xəyallarım;
Sənsiz dünya soyuqdu.

Biz cüt səbr kasası,
Gözlərim dolub-daşır.
Baxma ki mən toxdağam,
Xəyallarım ağlaşır....

Ah, nə yaman doludu
Ömrünün odaları,
Bir az da sən yola ver,
Bu dinsiz acıları.

Aç yuxunun qapısın,
Getməyə yerim yoxdu.
Üşüyür xəyallarım;
Sənsiz dünya soyuqdur.

No description available.

# 3787 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
#
#
# # #