Dünya bir az həndəsidir - Qılman İmanın yeni şeirləri

Dünya bir az həndəsidir - Qılman İmanın yeni şeirləri
14 sentyabr 2023
# 13:00

Kulis.az Qılman İmanın yeni şeirlərini təqdim edir.

Bu səmanın altı evim -
Üstü də eşik yeridi.
Ulduzları oyuncağım,
Gecəsi beşik yeridi.

Oyundu, oyun bu həyat,
Beşikdən al, məzara sat.
Biz gözətçi, can amanat -
Dünya da - keşik yeridi.

Bu andır qara yuxudan,
Ayılıb, doğmur axı dan.
Başımıza su axıdan,
Göylərin deşik yeridi.

***

Soruşsalar səvabımı,
Batıb günaha deyəcəm.
Yol yox, dünənə getməyə,
Nə də sabaha deyəcəm.

Düzlük görmədim düzündə,
Günlər azır gündüzündə.
Mən burdayam - yer üzündə,
Axtarma daha, deyəcəm.

Fatma nənənin qurşağı,
Sevindirmir ta uşağı.
Göy üzündən düş aşağı,
Gedib Allaha deyəcəm.

***

Ömrümüzdən gedən günlər,
Təndirin küt kündəsidir.
Əyrinin əyrisin yonan,
Yenə düzün rəndəsidir.

Gündüz günəş töksə də tər,
Qarşılayır axşamı şər.
Allah bilir eh, bu bəşər,
Kimdi, kimin bəndəsidir.

Dünya köhnə, günlər boyat,
Aldığını qaytarıb sat,
Ömür - cəbr, riyaziyyat,
Dünya bir az həndəsidir.

***

Qarı dünya, saçlarında,
O nədir, hörük görünür.
Hər telində adam-adam,
Asılmış bir yük görünür.

Saqi, ordan gətir süz mey,
Dinsin kaman, inləsin ney.
Başımızda çox iş şey eyy,
Ancaq elə tük görünür.

Hər baxışda min-min nizə,
Tuşlanıbdı ömrümüzə.
Adam var, nədənsə gözə,
Özündən böyük görünür.

***

Yaranan birdən yaranır,
Yaradan birdən başlayır.
Bildiyimiz bilməcənin,
Cavabı sirdən başlayır.

Hanı mənim, ruhum, hanı?
Uça, gəzə asimanı.
Göyüzünün nərdivanı,
Allaha yerdən başlayır.

Aranır, yollar aranır,
Cığırlar iz-iz daranır.
Səbir ümiddən yaranır -
Ümid səbirdən başlayır.

Nizələr dönüb ox olur,
Var olan bir gün yox olur,
Ölüm - "olum"dan doğulur,
Həyat - qəbirdən başlayır.


***

Yazdıqca ağ varaqları,
Sözlərim qaradan çıxır.
Sovulub, döyülən içim,
Hər payız uradan çıxır.

Nə qəribə sirdi bu sirr,
Qılınc da qınını kəsir;
Adamlar öldükcə bir-bir
Adamlıq sıradan çıxır.

Yolunu tapmır çözümün,
Gəl halına bax dözümün,
Şeir yazıram, sözümün -
İçindən Yaradan çıxır.

Bizə də söz yolu qoyub,
"Bir az da döz!" yolu qoyub,
Çoxları düz yolu qoyub,
Çıxanda aradan çıxır.


***

Uduzdum bu nərddə ömrü,
Cütdədiyim zər tərəfdən.
Xeyir şəhid oldu, oğlum,
Döyüşlərdə şər tərəfdən.

Bizim deyil nə ay, nə il,
Ömür nimdaş, dünya sail.
Hücuma keçib əzrail,
Top-tüfənglə hər tərəfdən.

Açılmır, nədən yolumuz?
Başsız bir bədən - yolumuz.
Göylərə gedən yolumuz
Bağlanıbdı Yer tərəfdən.

***

Ürəyimi kökləmişəm,
İnləyir neyin yerinə.
Göz yaşımı şərab kimi,
İçmişəm meyin yerinə.

Heç bilmirəm kiməm, nəyəm,
Çöl - ovlağım, dağlar dəyəm.
Hər gün yerə səcdədəyəm
Namazda göyün yerinə.

Çoxdan udub Ay ağını,
Çıraq yandırmır yağını.
Bədən var ki, ayağını -
İşlədir beyin yerinə.

Bir az uzağa gedirik,
Doğma qucağa gedirik.
Geyib torpağa gedirik
Kəfəni əyin yerinə.

Güc verər dizi yaradan,
Yol göstər, izi yaradan.
Bilmirəm, bizi yaradan,
Yaradıb nəyin yerinə...

***

Bu dünya yiyəsiz deyil,
Hər yerdə yüz adamı var.
Əyrini döyüb düzəldən,
Gör neçə düz adamı var.

Ahı fələkdən keçməyən,
Dəni küləkdən keçməyən,
Sözü ələkdən keçməyən,
Nə qədər söz adamı var.

Füzulidi söz Allahı,
Vicdan - qəlbin düz Allahı,
Adamların öz Allahı,
Allahın öz adamı var.

***
Səfərimiz uzun çəkir,
Mənzilə yolumuz çatmır.
Özümüzü təsdiq üçün,
İmzaya qolumuz çatmır.

Əcəl qəza kəndirimdi,
Ölüm dərdə endirimdi.
Satdığımız ömrü indi:
Almağa pulumuz çatmır.

Gördük hər dərddən betəri,
Qəza gətirən qədəri.
"Ol"duq ölməkdən ötəri,
Ölmüşük, "ol"umuz çatmır.

***

Gününə bax... günümüzü,
Göy əskiyə düyənlərin.
Əlləri çəkic kimidir,
Başımıza döyənlərin.

Fələkləri "yandırmır" ah,
Yer oxuna göy nişangah.
Dilində qalmışam, Allah,
Hər gün səni söyənlərin.

İtib nəsil, kök, soy dadı,
Sevinc yasda, qəm toydadı;
Gör, qaşığı nə boydadı,
Ömrümüzü yeyənlərin.


Rüstəm Dastanoğluna


Şeir yazmaq - səhrada tək,
Qumnan ev qurmaq kimidir.
Karvan-karvan sözə qədər,
Yolları yormaq kimidir.

Baxıb əyrinə, düzünə,
Axşamına, gündüzünə;
Özündən çıxıb özünə -
Tanrıya varmaq kimidir.

Savaşdı, sözlə başlanan,
Quyudu - sirri daşlanan;
Ömrün üzünə tuşlanan,
Qələm də barmaq kimidir.

Dərya olsun için təki,
Ləpələrdi gücündəki.
Fikir də tor içindəki,
Ov udan qarmaq kimidir.

# 2078 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bu oyunda kim uduzdu, kim uddu? - Məmməd Arazın şeirləri

Bu oyunda kim uduzdu, kim uddu? - Məmməd Arazın şeirləri

12:00 1 dekabr 2024
# # #