Yaman darıxıram, ay Ata...

Yaman darıxıram, ay Ata...
28 sentyabr 2019
# 11:01

Bu gün tanınmış mərhum jurnalist Məmməd Nazimoğlunun anadan olmasından 60 il keçir. Kulis.az bu münasibətlə jurnalistin oğlu Orxan Məmmədlinin atasına həsr etdiyi yazını təqdim edir.

Bilmirəm, nənələrim, babalarım üçün darıxıram yoxsa uşaqlığım üçün... Tez böyümək istəyirdim. Qapımızın ağzındakı şkafa qələmlə işarələr qoyurdum. Hər yaydan sonra uzanmağım və uzanmalar məni fərəhləndirirdi. Mən hər gün böyümək barədə düşünürdüm. Əvvəlcə 15-i , sonra 20-ni hədəf seçdim. İndi 29 yaşım var. Napaleonun 24, Elçin Quliyevin 34 yaşında general olması məni daha hərbiyə rövnəqləndirmir.

Heç Ceyhun Osmanlının 28, Zahid Orucun 29 yaşında deputat olması da məni daha narahat eləmir. Amma bilirəm, bilirəm ki, ata nənəm, indi o dünya mövcuddursa, mənə görə, çox məyusdur. O istəyirdi ki, mən "Bakının yiyəsi" olum. Südün qaymaqlı, qatığın yağlı yerini, hinin təzə yumurtasını, təndirin ilk çörəyini mənə saxlayan nənəm.., Bakının öz yiyələri var indi. Plana düşmək adıyla camaatı şəhərdən kənara köçürürlər, "ay nə".

- Bilirsən, ay nənə əslində səninçün, uşaqlığımçün darıxmağımın təhtəlşüurumda bir adı da var - ATAM. Adam elə adamçün elə darıxır ki, elə bil ürəyi yerindən çıxacaq. Başqa cür adam üçün...

***

Yadımdadır, bir dəfə televizorda atamı göstərirdilər. Deyindin ki, anası ölmüş Məhəmməd yenə əllərini qoynuna qoyub. Qəzetlərdə belə şikli azıydı, indi də televizorda əli qoynundadır. Dedim, ay nənə, əli qoynunda olanda nolurki?! Dedin ki, adamın anası-atası ölür, yetim qalır. Sən istəyərsən, bavannan mən ölüm?! Dedim yox ay nə, bəs mənə mokruşok şalvarı kim alar?!

Mən ki, əlimi heç qoynuma qoymazdım, bəs noldu "ay nə" ...?!

***

Atamı son mənzilə yola salmağa gedəndə bir mitinq adamın içində babam dedi ki, çox arsız adamlarıq . Arvad da, mən də... Biz dura-dura, apar o cür oğulu Aşağı Nəvətavanın torpağına tapşır, gəl. Babam ağlaya bilmirdi. Arada özünü elə aparırdı ki, güya xərifləyib. Amma xərifləməmişdi. Babam sadəcə ağlaya bilmirdi.

***

Bir dəfə, 11-12 yaşım olardı, ilan arxın qırağında nənəmin düz ayağının üstündən keçdi. Nənəmin vay-şüvən qışqırığına mən doqqazdan çatana qədər babam ilanı yabaya keçirmişdi. Açıq sarıya çalan qabıqsız ilan idi. Nənəm dedi ki, ay Şanım bax gör, ilan dəqiq öldü?! Ay Şanım nəyiydisə, babamın adı Nazim ola-ola nənəm ovqatının xoş vaxtında babama Şanım deyirdi. Bu Şanım nə Şanımıydısa burada bir sevgi, bir güvənlik, bir az da intim nəsə vardı. Bu fəlsəfəni indi başa düşürəm. Amma həmin gecə ulduzların çıxmasını gözləmişdim ki, ilan ölsün.

***

Məmməd Nazimoğlu adına yığışanların içərisində deputat, yazıçı, jurnalist, məmur, müəllim, traktorçu, əkinçi, kəndli də vardı. Amma mənim fikrim o adamın üzündəydi. Üzü təbiətə oxşayan adamın... Düşünürdümki, o da nəsə şeir düşünür. Bu dəqiqə fatihənin yerinə mollanın sözünü kəsib, öz misralarını ucadan deyəcək. Buna görə bir az narahat da olurdum.

- Babamgilin həyətində Musa Yaqubun da iştirak etdiyi atamın cənazə namazından 2 ildən bir az çox vaxt keçdi. Soyuq yanvar ayının əvvəli idi. Kənddən zəng gəldi... Getdik.., nənəmi dəfn elədik. Atamın gələn dostları da sağ olsun, tək qoymadılar vasvası kişini. Babam onlarla bir xeyli söhbət elədi. Kommunizmdən, Əliyevdən, sovet sədrliyindən, Bəxtiyar Cavadovdan, partşkoladan, SSRİ-dən danışdılar. İndi olmasın, lap elə indi olsun, Əliyevi yaman çox istəyirdi. Deyirdi, ağızları isti yerdədir. Çox şux danışırdı, kişi. İçimdə bir balaca qeyzləndim də. Nənəmin hüzüründə babamın bu əhvalına biganə qala bilmirdim. Onda indiki düşüncəm deyildi. Adətə görə hamı kədərli görünməliydi. Babam ağlaya bilmirdi. Arada özünü elə aparırdı ki, güya xərifləyib. Amma xərifləməmişdi. Babam sadəcə ağlaya bilmirdi. Bəs niyə o vaxt ilanı öldürmüşdü babam, ağlaya bilmirdisə..?!

***

Qayıtdıq...25 gündən sonra bir də o kəndə qayıtdıq. Nənəmin yanında babamı dəfn eləmək üçün.

Bilirəm , mən bir də uşaq olmayacam. Heç siz də olmayacaqsız. Amma mən məcbur ruhların, o dünyanın varlığına inanıram. Atam var, siz varsız axı.

Böyüdükcə başa düşürəm ki, adamlar o dünyasız yaşaya bilməzlər. "O dünya" haradasa bir ümiddir. Amma gəlin öz dünyamızı yaşayaq, hələki...

Yaman darıxıram, ay Ata…

# 5246 dəfə oxunub

Müəllifin son yazıları

# # #