Sabir bağında görüşdüyüm Marsel Prust

Sabir bağında görüşdüyüm Marsel Prust
16 yanvar 2022
# 13:00

Kulis.az Orxan Həsəninin “Prust haqqında” yazısını təqdim edir.

Dostlarım Afət və Elvinə

Bir fəlakət duyğusu oyandı içində. Necə olacaq?!

Bədənin buzdan heykəl kimi çarpayıda hərəkətsiz durmuşkən. Həyətdə çiçəyi solmuş qızıl güllərin körpə qanadları axşam yağışının ağırlığından yorulmuşkən. Məhəllə səs-küyünü kəsib-doğrayan maşınların ütülü, tüstülü keçidi təntənəylə qurulmuşkən. Sümüyü çıxmış, əti qaçmış barmaqların və o barmaqların dərisində dolaşan damarların ilan balaları kimi hərarətdən qımıldanmışkən! Bingo! Hərəkət varlığını həyata xatırladır.

Gözlərinin var-qüvvətlə ətdən qapaqları qırıb üzə çıxmaq istəyi. Elə indicə qaranlıq sərin-sərin göründü, çəkildi, göründü. Yuxudasan, bilirsən! Oyanmaq istəmirsən, bilirəm!

Əlbəttə, gözlərini açıb şehli, munis bir sabaha oyanacaqsan. Çoxdandır yeni günlərin məmnuniyyət günəşi parlamır. Oyanıb gözlərini tavana döşəyəndə fikində oradan-bura dolaşan fəlakət duyğusunun əslində səni qarabaqara izləyən, nəfəsini kürəyində, səsini qulağında, addımını kölgəndə yaxaladığın narahatlıqla ekiz olduğunu anlayacaqsan. Bəli, mənalar dənizində çox azmısan!

Çarpayından dikəlib qalxırsan. Qollarını yeni günün oxşar nizamına uyğun gərib, bədəninin qırışını açırsan, ütü çəkirsən. İdmanı sevmirsən, ancaq əhval batareyaların nədən boş qalsın? “Hər işin ucu enerji və konsantrasiyaya bağlanır” – iş yerində tez-tez söyləyirsən bu cümləni. İnsanlar istədiklərini anlayır. Bəli, başa düşülmək sarıdan bəxtəvər deyilsən.

Əlbəttə, çox yəqin, rəflərdən sənə gülümsəyən solğun, parıltılı üzlüklü kitablar ilk “sabahın xeyir”lərindir. Kitab və həyat qalalarına uzun lağımlar atıb onlara körpü çəkməyə çalışdığın zamanlardan çox ötüb. İndi o lağımlar sənin taleyindir, hər şey təbii axınla, qutsal vərdişlərin təpəri ilə bir-birinə keçib kilidlənib.

Mədən səhər yeməyi üçün həvəslə oxuyur!

Üzünə su vurursan. Su öz biçimsizliyi ilə səni oxşayır. İllər sonra oxuduğun kitabları bulanıq xatırlayarkən onlarda hazır duran mənəvi və intellektual həzz ilə oxuduğun zamanın havasını duymağa başlayırsan. Matruşkalar birdən açılır və səhnələrin arxasında peyda olan individuallıq gülümsəyir. Hadisə hadisə doğur. Qapını döyən keçmiş səni həmişə valeh edib.

Sifətindən aşağı axan su məhrabanın sürtünmə qüvvəsinə yenik düşüb silinir və qazı qalayıb çayı onun dəmir dişlərinə tapşırırsan. Başını səhər yeməyinə qatmaq üçün soyuducunu yanlayırsan. Bəyaz rəngin ahəngi səni tezliklə götürür. Sehrli qutu qapanır. Masa başındasan.

Və o dad. Uzaq keçmişdən qalan. İnsanlar öldükdən, nəsnələr yox olduqdan sonra onlardan daha sınıq, əbədi və sadiq olan qoxular, dadlar ruh kimi hər şeyin fövqündə qalmağa və xatırlamağa, gözləməyə, ummağa, hardasa xatirənin nəhəng formasını daşımağa davam edirlər. Və o dad. Masada hazır gözləyən şorqoğal və dadın səni müthiş xatirə selinə bürüməyi. O dadı tanıyan kimi damağında oynayan, tezliklə ruhunu maye kimi ovuclarına yığan təravət.

2017-ci ilin payızında Sabir bağında şorqoğal yeyib, Marsel Prust oxuduğun zamanların havası sərinkeş nəfəsiylə səni oxşadıqca itib gedən zamana heyflənmirsən, başqa adam olsan, başqa qapıları döysən, itənləri qucmasan da, onları yenidən yaradacağına inanırsan. Hər şeyi yenidən yaratsan, heç vaxt itirməyəcəksən. Bilirsən. Nə xoş!

2017-ci ilin payızında Sabir bağında şorqoğal yeyib, Marsel Prust oxuduğun zaman yanındakı adam kim idi? Xatırlamırsan.

Üç ildir oxuyub-oxuyub bitirmədiyin kitabların taleyi ilə sənin taleyin iri əllərini bir-birinə sıxıb arxayınca gözləyir. Vətənin tərəddüd dənizləri ilə əhatələnmiş naməlumluq adası. Necə olacaq?!

O müəlliflərdən biri Marsel Prustdur. Sənin eşqin, sənin ruhun, bədəninin işıqlı, qaynar guşəsi, yaddaş təzələyicisi, keçmiş xiffətindən, gələcək gümanından qopan, qopub sənə yüyürən əzablara morfin. Qollarını qayçı qanadları kimi açıb həyatı qucmaq istəyən adamın uzun, heç bitməyəcək cümlələrinin arasında dolaşdıqca, azdıqca, sözlər ruhunun Babil qülləsinə sarmaşıqlanıb qalxıdıqca adidən-adi həyatın, adidən adi məkanında, adidən adi çarpayısında gözlərini həyata açıb hər şeyi başqa görəcəyinə, günəşli görəcəyinə, dünyanın göyqurşağı karandaşlarından rəng alacağına və bu fərqlərin düz xəttində həyatına yeni məna ilmələri toxunacağına inanacaqsan, inanacaqsan, hər şeyin başqa olacağına, başqa həyat yaşayacağına, sevinc quşlarının alçaqdan uçacağına, arzuları yanlayacağına, onları ovcunda qartopu sıxan kimi sıxacağına, əllərindən od bağışlayacağına, inanacaqsan, altenativ dünya imkanlarına, eyni anda müxtəlif küçələrdə addımlamağa, eyni anda müxtəlif adamlarla danışmağa, insanın yaşadığı deyil, arzuladığı olduğuna, keçmişin ovcumuzdan sürüşüb çıxan fürsət olmadığına, diri xatirələrin ruhumuzun dərinliyindəki köstəbək yuvalarında mışıl-mışıl uyquladığına inanacaqsan və arxayınlığı inanc divarlarına söykədikdən sonra yalanlara inanmağın zövqünü dadacaqsan. Sən – bu yazının müəllifi! Solğun bənizlər ölkəsinin sakini və Marsel Prust – sənin eşqin, sənin ruhun, bədənin işıqlı, qaynar guşəsi, damağına həbs olan şorqoğal dadı! Bəs o aadam? Kimdi idi o?

Rəflərin arasında Marsel Prosutu asanca seçirsən. “Yapı Kredi Yayınları”, “Delta” seriyası, iki cild, yeddi kitab, üç min yüz əlli səhifə, bir milyon iki yüz min söz, bir ömür. Ağzını dişlənmiş şorqoğaldan çəkib rəflərə çatırsan. Bu esse Prust haqqındadır və bu esseni yazmaq fikri planlı həyatının təfərruat zəncirlərini dırmaşıb qərar siyahına ilk həmin anda çatır. Saqqalını qaşıyırsan, başlıqlar qalaqlanır, üst-üstə yığılır.

Yaxşısı, bir az da sən danış. Mən yoruldum!

“Düz deyirsən. Keçən zaman deyil. Dünənlə bu günü ayıran o sonsuz sərhəd nəyin kölgəsində dayanıb? Ovuclarımızın arasında qum dənələri kimi axıb tökülən hər şeyə dözümsüz bir ehtirasla sarılmaq istəyimiz niyə? Prust hər şeyə sahib olmaq, ovuclarında saxlamaq, ona daim hökm etmək, qorumaq və sevmək istəmirdimi? Anasının öpüşünə sahib olmaq istəyən uşaq bizə öz uşaqlığından daha çox şey söyləyir. Altenativ aləm yaradan, o aləmi büsbütün ruhundan keçirən və nəhayət o aləmi, qoruyan və sevən Prustun bu sonsuz aləmə sahib olma ehtirası uşağın bütün varlığı və coşğun emosiyaları ilə anasının öpüşlərinə sahib olmasından nədə fərqlənir? Xəstəlikli bir istəklə hörülən bu ehtiras sonda peşmanlığa çevrilib, əslində bütün varlığımızla, bədənimizin bütün hüceyləri ilə arzusunda olduğumuz şeyə heç vaxt sahib ola bilməyəcəyimizi öyrədir bizə.

Müsyö Svanın ailəyə ziyarətə gəldiyi gün, onun üçün fövqəladə əhəmiyyətli öpüş hazırlıqsız, tez-tələssik bir axınla yanağına qonur və yatması üçün otağına yollanır. Sevimli Marsel əllərini yanağına çəkib bu təsirin itib getməsini istəmir. Daim ona sahib olmaq, xatırladıqca ruhuna yayılan şirin qıdığı duymaq üçün evdə heç kimin anlamayacağı dərin üzüntü, ehtiraslı çöküş içində pilləkanları ağır addımlarla qalxır.

Gözəl, balaca Marsel, coşğun emosiyalarına hopan günahkarlıq hissin gələcək səhifələrdə oxuduğun romanlarla silinib gedəcək, ancaq indi cəsarətsizsən, özünü ifadədən oddan qorxan kimi qorxursan. Frençisi çağırıb anana qeyd göndərdiyin zaman xidmətçinin sənə qəzəblə baxan gözlərini necə unutmaq olar? Baxışlarında hansı ifadə vardı? Xatırla! “Belə övladı olan ana-atanın vay halına”.

Anan gəlməmişdi, hətta sənə “cavab yoxdur” yazılı qeyd göndərmişdi və sən illər sonra həmin gecə içində olduğun tutqun çarəsizlik və qatı intizar duyğusunu xatırlayarkən bu qeydin lüks hotel və qumarxana xidmətçilərinin zavallı gənc qızlara söylədikləri ilə bir tutmuşdun. “Necə? Heç nə demədimi? Ola bilməz! Qeydimi onun özünə verdiniz, elə mi? Yaxşı, mən bir az da gözləyəcəm”.

Və gözləmişdin də. Ananın öpüşlərində boğulmadan yatmayacağına söz vermişdin və çarpayının ayağına keçib pəncərəni açmışdın, böyüklərin söhbətini dinləmişdin. Gecə bitib Müsyö Svan evinə yollananda ananla atanın aşağıdakı söhbətləşdiyini eşitmişdin. Sonra ananın səsi pillakanlardan gəlmişdi və sən yerindən atlanıb düşmüşdün, dəhlizə çıxmışdın. Qəlbindəki həssas tellərin sıxlığı bütün günahlarını bir anda yuyub təmizləmişdi. Anan qəzəblənmişdi sənə. Atanın gəlməsi ilə “məhv olduğunu” düşünmüşdün. Ancaq həmin an gümanın səhv çıxmışdı. Atanın yumşaq vaxtı fövqəladə bir təsadüflə sənin xeyrinə işləmişdi və atan anana söyləmişdi ki, bu gecəni səninlə birgə keçirsin. Necə sevinmişdin. Necə şiddətlə arzulamışdın o anı! İndi yalnız ananın öpüşünə deyil, həm də onun özünə sahibdin!

O an gəlib çatdıqdan bir az sonra ananın üzündəki narazılıqla bütün əhvalın, xoşbəxtliyin şar kimi boşalmışdı. Bu arzuladığın öpüş deyildi, ananı etmək istəmədiyi bir şeylə üz-üzə qoymuşdun. Öpüşə sahib olmaqla, əslində “öpüşü” itirmişdin!”

Əziz müəllif, mən yenə burdayam və nə düşündüyünü bilirəm. İş vaxtına lap az qalıb. Hər səhər eyni istəklə tələsib, eyni təəssüflə gecikdiyin iş yerinə çatmalısan. Boz kastyum əyninə çoxdan biçilib. Və qalstuku sıxırsan. Həyətə düşüb, maşını işə salırsan. Adamları bütöv xatırlamırsan, əvvəl-əvvəl simadan qopub kəpənək kimi ətrafında qanad çalan ifadələr parlayır və kəpənəklər yaddaşında elektriklənir, ölü neyronlara can üfürür, nəfəs verir, sonra ifadələr sərin-sərin böyüyür, birləşir, gülüşlər, üzüntülər, qayğılar peyda olur, sima yaradır, ancaq 2017-ci ilin payızında Sabir bağında şorqoğal yeyib, Marsel Prust oxuduğun zaman yanındakı adamı xatırlamırsan. Vişnə saplağı barmaqları eləcə durub, şahmat meydançası kimi ağlı-qaralı xanlardan yığılan köynəyi eynisidir. Bu meydançada hansı gedişə boyun əyməlisən? Bilmirsən. Maşın qızmağında gözləyir və damağındakı şorqoğal dadı yenidən ruhuna qoşun yeridir.

“Əslində Prustun bütün aləmə sahib olmaq ehtirası yaradıcılığını sonsuz enerji ilə doyurmuşdu. Bütün yaxşı yazıçılar kimi Prust da həyatının və ruhunun dərinliklərində gəzişib qarmaqarışıq hadisələri yüksək ustaqlıqla, yaradıcı ehtirasla, sonsuz enerjiylə ilahi nizamin reyslərinə salmışdı və qatar fiti eşidilmişdi. Sevimli Marselin tətmin olmazlıq hissinə bələd olan Prust yalnız bir hadisə ilə deyil, büsbütün həyata sahib olduğu zaman gerçək tətmin olmanı dada biləcəyini düşünür. Necə müdhiş yanılqıdır, əziz oxucu! Axı sən bilirsən, gerçək xoşbəxtlik heç vaxt mövcud olmamışdı. O, təsəvvürlərin al səmasında uçuşan işıldaquş deyilmi? Yaxınlaşdıqca uzaqlaşan ilğım deyilmi? Qayğıların dəmir telləri arasında parlayan süddən şəlalələr deyilmi? Xoşbəxt olmaq üçün gərək ki, bütün istəklərimiz yerinə yetsin. Lakin qısa məsafədə istəklərin məmnuniyyəti insana cansıxıcılıq qatır. Paradoks. Onlar yerinə yetirildikcə və bizi təşviq etmək üçün yeni istəklər gəlmədikcə daha çox bədbəxt oluruq.

Zamanı Marselin anasının öpüşünü tutub saxlaması kimi əbədi etmək istəyən Prust onu sözlərin sehrli ərazisinə tapşırır, ehtiraslarının, günahlarının, yanlışlarının, doğrularının, dostluqlarının, nifrətlərinin, sevgilərinin, məclislərinin suyunu sıxmaqla onu ədəbiyyat faktına çevirir. Bir mənada özünü yeyir, özü ilə qidalanır! Xalası ilə evlənən latın amerikalı yazıçının söylədiyi kimi: Eynən Katoblepas!

Əfsanəvi canlı olan Katoblepas Floberin “Müqəddəs Anton və şeytan” romanında Antonun qarşısına çıxır, sonra Borxesin “Xəyali canlılar kitabı”ında yenidən ətə-qana yığılır. Ayaqlarından başlayaraq özünü yeyən əfsanəvi canlı yazmaq üçün mənəvi aləmin tikanlığında dolaşan, obrazları, hadisələri, məkanları içində yoğurub-yoğurub yenidən yaradan romançı ilə necə də bənzərdir.

Prust gerçək “Katoblepas yazıçı”dır. “İtkin zamanın sorağında” ın memarından özgə hansı yazıçı arxeoloq kimi yaddaşının hər qarışını, hər köşəsini, hər döngəsini eşələyərək, gəzərək, özünü yeyərək bu qədər uğurlu olub?! Prust romanda sadəcə öz həyatındakı ani dəyişikliklərə, ailəsinə, məkanlara, dostluqlarına, münasibətlərinə, etiraf edə bildiyi və edə bilmədiyi həzlərə, sevdiyi və nifrət etdiyi şeylərə atmır təhkiyənin lağımını. Eyni zamanda istedad zənbilini çiyninə çəkib insan ruhunun sirli axtarışına çıxarır”.

Nəyi axtarırsan? Bilmirsən. Hər şey hazırdır. Narahat yol yorğun əhvalına dağ çəkir, əziz müəllif. Mahnı siyahında uzanan bütün səslər oxşardır. Yaxşısı, küçənin səsini dinləməkdir. 2017-ci ilin payızında Sabir bağında şorqoğal yeyib, Marsel Prust oxuduğun adamı xatırlamırsan, ancaq onun pərən düşən ifadələrini, sözlərini, gəmi qəzasından sonra sahilə vuran yiyəsiz xatirə parçalarını asanca tanıyırsan və hərəsi bir rəngdə gülümsəyən pazıl parçalarını yığmaqla insanı yenidən yaratmağın bihudəliyini duyursan. Sabir bağından qalxıb İçərişəhərə daxil olursunuz. Səhərin xoş nəfəsi yumşaq, boz payız səmasından rəng alır. Onun nazik barmaqlarının sümüyü barmaqlarının arasında biçim qazanır. Nədənsə, danışırsınız, ancaq bilmirsən nədən? Uğuldayan şəhər səsinizi batırır. Dar məhəllələr enib qalxır və yol sonsuzluğa uzanır. Divarların birinə adınızı yazırsınız. Və səhnə dumanlanır. Pəncərədən sizə zillənən qadının qeyzli gözləri işıq saçır. Əbədi xoşbəxtlik haqqında düşünəcək qədər gəncsən. Düşünürsən. O isə çiynini çiyninə toxundurur. Ətninin quruluğu içini qıdıaqlayır. Qulaqların qızarır.

Maşındasan. İşə tələsirsən. Məhəllədən astagəl çıxırsan və baş yola dönməzdən öncə bir qədər gözləyirsən. “STOP” işarəsi bura axır zamanlarda qoyulub. Demək ki, yol boş da olsa, gözləməlisən. İşarələrin əmrinə tabe olursan. Hərdəmxəyal təsəvvürlərinlə müqayisədə gözlərinin yaddaşı həmişə aktivdir. Maşınlar baş yoldan gəlib-gedirlər və sənin səbrin nazilir. Sanki dünya dayanıb, bütün məkanlar qapanıb.

“İtkin zamanın sorağında” çoxlu qapalı məkanlar var – sən düşünürsən. Müəllif təhkiyənin nüvəsini bu məkanların tən ortasına bağışlayıb hadisələri onların ətrafında fırladır və dönən hadisələrin, ecəzkar üslubun, eşqin fonunda oxucuları hipnoza salır. Prust bu məkanlara “qapalı kiçik dünya” adını verir. Kənar dünya ilə üzvi bağlanan məkanlar əsas obrazların özlərindən kənarda dönən həyatı qavraması və o həyata münasibəti ilə biçim qazanır, sərhədlərini çəkir. Bu məkanlardan biri Kombraydır!

Sevimli Marselin Kombrayda keçən uşaqlıq xatirələrində ev sakinləri ilə digər obrazları arasında bariz fərqlər gözə çarpır və kiçik əlamətlər kənar dünya ilə ailənin gündəlik vərdişləri arasında nazik bir xətt çəkir”.

Baş yola çıxırsan və sürət yığırsan, əziz müəllif. Açıq pəncərədən içəri dolan külək itirdiyin, xatırlamaqda aciz qaldığın günlərin qoxusunu üzünə çırpır. Qoxuları unutmadığını etiraf et və özünü bağışla! Ona Marsel Prustun “Albertin itkin”ini hədiyyə etdiyini xatırlayırsan. Kimə? Bilmirsən. 2017-ci ilin payızında Sabir bağında şorqoğal yeyib oxuduğunuz kitab həmənki idi. Sən kitaba zillənmişdin, o sənə. Ruhuna kövrək tellərin naxışı düşmüşdü. Nəhayət hər şeyi ya bir-bir, ya birdən itirəcəyimiz dünyada kitablara sığınamağın dözülməz yüngüllüyünü duymuşdun. Orada rahat idin. İndi isə maşındasaan. Hara tələsirsən?

Yol boz çöllüyün yaxasına tel kimi düşüb uzanır. Gözəl mətnlər yazacağına inanırsan, hamını sevirsən, insanlar ölür, sən yaşayırsan. Birdən arxadan atılan maşın səni sürətlə ötür, təhlükəli vəziyyət yaradır. Ehtiyatlısan. Ovcunu çığırmaq üçün hazır gözləyən siqnala sıxırsan. Maşın təpəliklərin arasında itir”.

“Kombraydakı evin iki zəngi vardı – sən düşünürsən. Bunlardan biri ailə sakinlərinin içəri girdiyi zaman çalınan zəngdir ki, bu zəng bayır qapısının üzərində yerləşir və izin gözləyən adamın təlaşı ilə yox, gəldiyini ailə üzvlərinə xəbər verən adamın özgüvəni ilə çalınır. Digəri isə qonaqların (yadların) çalıb, içəridən cavab gözlədiyi, qızılı rəngli, dəyirmi zəng. Prust “utanqac cüt səs” deyir ona. Bunlar biri-birindən fərqlənən iki dünyanın arasındakı fərqi simvolize edir. Yadlar və doğmalar!

Əlbəttə, yadların zəngi çalınanda adamlar “Qonaqmı? Görəsən, kimdir” – desələr də, hamı gələnin Müsyö Svandan ögəsi olmadığını bilirdi, əziz dostum! Adamlardan biri qapıya çıxırdı və bütün ev əhli onu düşməndən gizli məlumat gətirən kəşfiyyatçını gözləyən kimi gözləyirdilər. Və kimsə Müsyö Svanı səsindən tanıyırdı və onun yaşıl gözlərini, Bressant tərzində daranmış qızıla çalan sarı saçlarını, əhatəli alnını seçə bilmirdi, çünki ağcaqanadlara görə bağçadakı işıqlar zəifdi.

Müsyö Svann günlərin biri günü ailəyə hədiyyə göndərir. Bu nəzakətin altında qalmaq istəməyən Selin və Flora xala Svanna tamam başqa bir söhbətin axınında təşəkkür edirlər. Hər şey qəfil gülməli anlaşılmazlığa çevrilir. Bacıların təşəkkürləri o qədər qeyri-müəyyən və mövzudan kənar olur ki, heç kim söhbətin nədən getdiyini anlamır. Yalnız özlərindən başqa! Onlar üçün başa düşülməmək dərdi yoxdur! Svann yaddır!

Ailə sakinləri yadlarla aralarındakı kiçik fərqləri, önəmsiz əlamətləri, həyatın adiliyinə hopan anlaşılmazlıqları duyan kimi bir-birilərinə daha ehirasla sığınırlar. Həftənin başqa günlərindən fərqli rejimdə keçən şənbə onları ziyrət gələn qonağın erkən qurulan nahar yeməyini görüb təəccüblənməsi bütün ailənin əzici zarafatı ilə müşayət olunur. Nəşənin səbəbi şənbə günün fərqliliyi yox, qonağın bundan xəbərsiz olmasıdır. Fərq hissi! Biz və onlar!

İş yerində adamlar iki cürdür, əziz müəllif; sən və onlar. Otağa keçirsən. Çantanı açıb komputeri çıxarırsan. Yeni günün yeni xəbərləri. Uzanan hadisə seli. Əllərin bir-birinə sıxılması. Yanaqların bir-birinə toxunması. Ənənəvi günaydınlar. Axşam erkən yatmısan, demək ki, səni enerjili gün gözləyir. Bircə 2017-ci ilin payızında Sabir bağında şorqoğal yeyib Prust oxuduğun adamı xatırlamırsan.

Sabir bağına getməzdən öncə “Tarqovu”-un yarıqaranlıq pablarından birinə səssizcə burulmuşdunuz. Sizi çəhrayı lampa salamlamışdı və çiyniniz taxta masalara söykənəndə sinəniz arxayınca qalxıb düşmüşdü. Pivələr görünməz əllərə sıxılıb qaranlıqdan xortlamışdı. O, pivəni üfürüb içmişdi və sən düşünmüşdün ki, bu sənin ağlına niyə əvvəl gəlməyib?

İş yoldaşlarınla söhbətlərdə həvəslisən. Özünü unutmağı sevirsən. Ümumiyyətlə, xarakterindəki ikilikdən heç vaxt xilas ola bilmədin. Gerçək həyatın hansıdır? Ədəbiyyatla göz-gözə dayanan, yoxsa məişət münasibətlərindəki amator adam?

Romanın bu hissəsində Svannın iki kimliyi ilə gözə-gözə gəlirik – sən düşünürsən. Biri ailənin qatı inancları altında əzilən, ona münasibətin çoxdan təyin oldunuğu toxunulmaz kimlikdir ki, çox, yəqin, hadisələrin üstünü vurmayan, sənətkar ruhlu Svann bunun fərqində deyil. Bəli, fərqində deyil, əgər belə olmasaydı, bütün ailənin ona yaraşmayan evliliklə adına ləkə gətirdiyini düşündüklərini duyardı, ona acıdıqlarını anlayardı və bir daha evin “utanqac cüt səs”inin arxasından parlamazdı. Aşiq olmadıqca, qürurluydu Svann.

Svannın ikinci kimliyi isə fərqində olduğu, həqiqi kimliyi idi. Sənətkar ruha sahibdi, Le Figaroda Svannın Korot sərgisində olan kollkesiyasından bir tablo yayımlamışdı, qəzet onun adını çəkmişdi, bir çox mühitin sevimli subayına çevrilmişdi. Düzdür, insanları xanımlarla tanışlıq xahişlərinə görə az narahat etməmişdi, ancaq başqa xüsusiyyətləri ilə bu qüsurunu unutdururdu. Ailə masasında baş tutan söhbətlərdə Svann həqiqi həyatından çox danışmırdı. Söhbət gəzib dolaşıb onun gerçək həyatınına aid adamlara çatanda isə tanışlığını gizlətmək ehtiyacı hiss etmirdi.

Svannın yüksək məqamlardakı məclislərdə iştirak etməsi ailənin ona münasibətini dəyişmirdi. Xalalar Svannın adını Le Fiqeroda görəndə Prust onları belə oxumuşdu: “Nə qədər önəmsiz olsa da, özündə olmayan istedadı başqasında görəndə onun istedad deyil, dərd olduğuna özünü inandırırdı. O insana qibtə etməmək üçün isə yazığı gəlirdi”.

Svannın həqiqəti Kombraya nüfuz etmirdi, çünki bu həqiqət ailənin sosial inanclarına, ierarxik burjua təsəvvürüünə tərs gəlirdi. Prust inanclarımızın hökmranlıq etdiyi dünyaya gerçəklərin toxunmayacağını söyləyir. İnanclarımızı bu gerçəklər yaratmayıb və onlar məhv edə bilməz!

Əziz müəllif, kresloya yayxanırsan və qalstukunu boşaldırsan. 2017-ci ildə Sabir bağında şorqoğal yeyib Prust oxuduğun zaman yanında kim vardı? Xatırlamırsan. Xatırlamaq ehtiyacmı? Üzlər, adlar su üstünə yazılmış kimi yazılıb yaddaşına və tezliklə silinib. Şəffaf vərəqlər üst-üstə yığılıb.O adam kim idi? Bilmirsən. Ancaaq mən bilirəm, əzizi müəllif, mən – bu yazıda adı olmayan adam. Mən hər şeyi bilirəm!

# 2747 dəfə oxunub

Müəllifin son yazıları

# # #