Kulis.az Orxan Cuvarlının yeni yazısını təqdim edir.
Yaş ötdükcə uşaqlığımın həm də uzaqlığa çevrildiyini hiss edirəm. Uşaqlığım Şamaxının ucqar kəndlərinin birində - Nağaraxanada keçib. Həyata, işıqlı gələcəyə olan bütün munis hisslərim, təmiz duyğularım, eləcə də, bayram təəssüratlarım yaddaşımın o hissəsində qalıb.
Hər axır çərşənbədə paxlava, şəkərbura qoxusu, bayram təlaşı, yemək hazırlıqları, səməni, tonqal tüstüsü, papaqatma həyəcanı, rəngli yumurtalar, bir nimçə bayram aşı, Məmmədbağırın "Süfrələrə şam düzün"ü, əzizlərimizin qara bayramı üçün etdiyimiz qəbir ziyarətləri yadıma düşür. Qəribə yaddaş burulğanı. Keçmiş bayramlar…
Keçmiş, geridə qalmış hər şeyi xatırlamaq mənə ünvansız səyahət kimi gəlir. Bu səyahətdə hansı stansiyada enəcəyimi dəqiq bilmirəm. Ən çox uşaqlığım üçün darıxıram. Uşaqlığım mənə bu səyahətin ən ucqar, sonuncu stansiyası kimi görünür.
Uşaqlığımı həm də bayramlarla yada salıram. Bir neçə ildir xatirimdə qalan bayramları ürəkdən duya, hiss edə bilmirəm. Hərdənbir burnuma gələn paxlava, şəkərbura qoxusu məni səmənili, şirniyyatlı, ləpəli, xonçalı, rəngbərəng yumurtalı Novruz bayramlarına qaytarır.
Həmin bayramdan bir gün əvvəlki gecələri daha yaxşı xatırlayıram. Bayramdan bir gün qabaq yerində vurnuxub yatmağa çalışanda xanımlar mətbəxdə şirniyyat hazırlığındadır, arabir pıçıltıları eşidilir, sən də yerində qurcuxursan. Çox keçmir ki, həmin şirniyyatların qoxusu qapının arasından otağa dolur və işıq sürətiylə səni yatağından qaldırır.
Novruz bayramında yadıma həm də tonqal əvəzinə yandırdığımız iri təkərlər düşür. İndi bu təkərləri kimin, necə və niyə gətirdiyini dəqiq xatırlaya bilmirəm. Bircə o yadımdadır ki, bu təkərlərin izi yerdən, qoxusu əyin-başımızdan uzun müddət getməzdi. O təkərin yandığı yerdəki yumru, hisli-paslı qaraltı aylarla qalardı, yerində heç ot da bitməzdi.
İnanclara görə, bayram ərəfəsində, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İndi yerin oyanmağını göydələnlərdə duymaq çətindir…