Güzgü - Orxan Cuvarlı

Orxan Cuvarlı

Orxan Cuvarlı

15 dekabr 2021
# 19:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Orxan Cuvarlının “Güzgü” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

“Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid,

Bir təsəllidir sənə ol söz ki, derlər var sübh”

Bu küçəyə öz xoşuma gəlməmişdim.

Məni bura bir payız səhəri gətirdilər. Onda soyuğun nə olduğunu unutmuşdum, isti dərin nöqtələrimə qədər yerikləmişdi. Böyük xanımın zəngindən qısa müddət sonra qapımızı döyən iki fəhlə məni isti yuvamdan ayırdı, qollarımdan bərk-bərk tutub çiyinlərində aparmağa başladılar. İnsafsızlıq etməyim, yaman ehtiyatlı davranırdılar; məni gah sağa, gah sola əyib qapılardan keçirir, pillələrdən endirirdilər. Bu müddətdə üç qapını saymağı bacarmışdım, dördüncünü aydın xatırlaya bilmirəm. Düzü, bunu xatırlamağa macalım da olmamışdı. Binanın qapısında uzun müddət yanpörtü gözlədim. Heç belə olmazdı, amma o səhər binamızın ağzında səbəbini bilmədiyim tünlük vardı. Qonşular mənə toxunmamaq üçün qapını ehmalca açır, zəndlə baxa-baxa mənzillərinə sarı yönəlirdilər. Çoxu təəccübünü gizlədə bilmir, pillələri qalxdıqca dönüb maraqla, bir az da məzəmmətlə baxırdılar. Nədənsə, bu nəzərlərdən utandığımı dərindən hiss etmişdim. Həmin anlarda yox olmağa, yerin dibinə girməyə hazır idim.

Küçəyə çıxarılanda soyuq bir gizilti kimi bədənimdə gəzdi; sanki açıq hava, ayaz və hərcayi küləklə təmasın nə olduğu yaddaşımdan silinmişdi. Fəhlələr hallarından məmnun görünürdülər - bunu mən söykəndiyim divarda onların acgözlüklə siqaret tüstülətməsinə baxa-baxa düşünürdüm. Qabar bağlamış əllərinə, yara, kəsik dolu yoğun barmaqlarına baxanda az-çox onların da güzəranından xəbərim oldu, onları qınamaq fikrindən daşındım. Yarılanmış siqaret kötüyünü əsəbi şəkildə çırtmayla yaxınlıqdakı zibil qutusuna nişanladılar. Mənə tərəf əyiləndə əllərinə tüpürüb var gücləri və bayaqkı ehtiyatları ilə yenə çiyinlərimdən yapışdılar. Tüpürcək anında çimçəşdim, bağır-öfkəm ağzıma gəldi. Yadımdadır, məni binanın girişindəki divara bərkidəndə artıq taleyimlə barışmışdım. Doğrusu, həmin dəqiqələrdə bu təslimiyyəti dərk edə bilmirdim. Qavraya bilmirdim ki, axı belə şeylər niyə həmişə mənim başıma gəlir? İndiyə qədər divara asılanda çiyinlərimdən bütün vücuduma yayılan sızıltını unuda bilmirəm.

O fəhlələri heç bir halda pis xatırlamaq istəmirəm. Nədənsə, onların məmnun davranışlarına baxmayaraq, hər şeyi izahsız bir məhzunluqla etdiklərini duyurdum. Onlar hamıdan – ev əhlindən, bina sakinlərindən, bayaqdan yanımızdan ötən müxtəlif adamlardan fərqli olaraq, heç mənim üzümə də baxmır, nəzərlərini yayındırırdılar. Sonralar həmin an onların əməllərindən peşmanlıq duyduqlarını daha aydın xatırlayırdım. Həmin dəqiqələrdə mən də üz vurmamışdım. Lap vursam da, nə dəyişəcəkdi axı? Arxamı söykədiyim, divarına bərkidildiyim bu binada uzun sayıla biləcək bir ömür keçirmişdim. Güzəranımdan əsla narazı olmasam da, axır vədələr mən də yorulduğumu hiss edir, nədənsə köhnə şövqümdən, həvəsimdən xeyli uzaq düşdüyümü fikirləşirdim. Hərdən ev əhlinin baxışlarında bu məhrəm özüməetirafımın, gizlinlərimin hiss olunduğunu sezirdim. Ürəyimə damırdı ki, bu müşahidələr yaxşı heç nə vəd etmir və qəfil bir bədliklə sonlanacaq. Elə də oldu...

***

Bu evə təzə gələndə ilk vaxtlar evin balaca, munis xanımı nəfəsini üzümə verib barmaqlarıyla ucundan tutduğu köynəyinin dirsəyi ilə məni oxşamağa başlayırdı. Əslində niyyəti silmək idi, ancaq bunu o qədər həvəs və sevgi ilə edirdi ki, hərəkətləri daha çox oxşamağa, əzizləməyə bənzəyirdi. Nəvazişi, şəfqəti ən çox balaca xanımdan gördüyümdən bu evdə məni ondan savayı sevən yoxdur deyə düşünürdüm. O, bu qayğını hər səfərində daha çox hiss etdirirdi. Mən bu evə gələndə o lap balaca idi. Mənə baxmaq üçün sabit dayanmağı bəs etmirdi; mütləq barmaqlarının ucunda qalxıb boyunu bir az da uzatmalı, ya da ayağının altına kətil qoymalı idi. Bir dəfə kətil aşdı, balaca xanımın üz-gözünü qan apardı. Onda böyük xanımın vahiməli çığırtısı bu evdəki ilk sarsıntım idi. O an eşitdiyim çığırtını indinin özündə də xatırladıqda bütün vücuduma istilik yayılır, gözlərim alacalanır.

Göz demişkən, mənim bir cüt gözüm yoxdur. Mənim bütün bədənim gözdən ibarətdir, canımın istənilən nöqtəsindən baxmağı, görməyi bacarıram. O hadisədən sonra balaca xanımı uzun müddət mənə yaxın buraxmadılar. O isə fürsət düşən kimi mütləq yanıma gəlirdi; hərdən bu qaçaq gəlişlər qısamüddətli olurdu. Arada qapının aralı hissəsindən göz-gözə gəlirdik. Mən onda bu qapının aramızda ən böyük əngəl olduğunu anlayırdım. Qapının bu üzü balaca xanıma təhlükəli, yasaq bir ərazi kimi aşılanırdı. Ancaq o, bir az da uşaqlığın verdiyi dəcəllik və şıltaqlıqla daxilindəki mübhəm arzunu – məni görmək istəyini basdıra bilmirdi.

Sonralar o böyüdü, yasaqlar əriməyə, mən gündən-günə bu evə doğmalaşmağa, isinişməyə başladım. Daha kətilə də ehtiyacı yox idi. İndi balaca xanım istədiyi surətdə, heç bir köməyə ehtiyac duymadan mənimlə qabaq-qənşər dayana bilərdi. Hər keçən gün artan boyu ilə bərabər üz cizgiləri də dəyişir, gözəlləşirdi. Sanki bu gözəlliyi o da hiss edir, hər dəfə gözlərini mənə zilləyib heyranlıqla camalına tamaşa edirdi. Balaca xanım böyüyüb gözəlləşdikcə mən yaşlanır, kifirləşirdim. Onun həddi-büluğa çatdığı yaşlarda əvvəlki bəxtiyarlığımdan xeyli uzaq düşmüşdüm. Təkcə balaca xanım yox, bütün ev əhli mənə yad kimi görünürdü. Bu evdəki son aylarımı bütün varlığıma hakim kəsilən süstlüklə keçirdim. Hərdən bu süstlüyü dərindən hiss edir, özümü yerə çırpıb çilik-çilik etmək istəyirdim. Biz ölmürük, çilik-çilik oluruq. Mən bunu hələ bu evə gəlməzdən, zavodun anbarının üst-üstə qalaqlandığımız bir küncündə eşitmişdim.

Mən hamamda istifadə olunurdum. Biz heç bir vədə hansı məqsədlə alındığımızı, bizi nələrin gözlədiyini bəri başdan ehtimal edə bilmirik. Kimin bəxtinə nə düşə, düşə!

Bu evə gətirildiyim ilk gün mənə tanış olmayan simaların, yad divarların arasından keçirilib hamama gətiriləndə içimdə ad verə bilmədiyim hisslər aram-aram qorxu ilə əvəzlənirdi. Hamamın mavi kafellərinə baxa-baxa, bu evdə məni gözləyən fərəhli günləri gözümün önünə gətirdikcə canımdakı soyuq lay yerini ilıq bir boşluğa, işıq dolu anlara buraxmışdı. Bayaq ürkək-ürkək müşahidə etdiyim kafellərin üzərinə pərçimləndikdən sonra da içimdəki ümid topasından nəsə azalmamışdı.

Bu evdə keçirdiyim uzun illərdən sonra kafellərin ürəkoxşayan parlaqlığı azalsa da, çox dəyişməmişdi. Ev əhli duş qəbul edəndə boş vaxtlarda tamaşa etməkdən doymadığım, rənginin bütün gözəlliyi ürəyimə sirayət edən mavi kafellər hamam otağını bürüyən buxarın arxasında gözdən itir, görünməz olurdu. Tül kimi buxar hissə-hissə çəkildikcə kafellərin səthi uzunu aşağı süzülən damlaları göz yaşına bənzədirdim. Hərdən bu “göz yaşları”nı marıtlayıb həmin buxarın onlara hansısa bağışlanmaz bir günahın cəzası kimi olmazın ağrılar yaşatdığını düşünürdüm; bu xəyali “göz yaşları” da həmin ağrı-acıların məntiqi sonluğudur. Ev əhlinin çimdiyi günlərdə mən az qala onların bədənlərini, hərəkətlərini, istifadə etdiyi şampunları ən xırda təfərrüatlarına qədər əzbərləmişdim. Onların çimmək ardıcıllıqları da mənə yad deyildi. Çox vaxt əvvəlcə balaca xanım, arxasınca böyük xanım, sonda isə bu evin yeganə kişisi yuyunardı. Həmin anlarda buxar hamam otağını sanki hissə-hissə canına çəkir, görünməz edirdi. Suyun səsi kəsiləndə ev əhlinin bütün ağırlıq və yorğunluğu çiləyin altından trapa doğru axıb gedən süst bədənlərinə, arxayınlaşmış çöhrələrinə hər ötən il daha da öyrəşirdim. Gözümün balaca xanımın gündən-günə böyüyən, evin böyüklərinin ildən-ilə hamarlığını itirən, qırışları artan bədənlərinə öyrəşdiyi bir vaxtda mən bu darısqal otaqda heç vaxt görmədiyim bir bədənlə qarşılaşdım. Buxar çəkildikcə hamam otağının tən ortasında ortaya çıxmağa başlayan bu cantaraq bədənin sahibi böyük xanımdan başqa heç birimizə tanış deyildi. O, bir vaxtlar balaca xanımın bu tərəfinə addım atmaqdan çəkindiyi qapının aralı hissəsindən böyük xanımın uzatdığı can dəsmalını götürüb qurulanmağa başladı. Sonda dəsmalı mənə yaxınlaşdırıb sağa-sola hərəkət etdirdi və təmizlədiyi hissədə pırtlaşıq saçlarını, yaraşıqlı sifətini görüb məmnun halda gülümsədi. İdmançılara xas əzələləri hər hərəkətində daha çox gərilir, yaranan mənzərədən özü də zövq alırdı. Onun qıvrım, cod saçlarını, şişmiş əzələlərini izlədiyi bir vaxtda canımdan qopan ağrıdan özümə yer tapa bilmədim. Mən onu bir də bu evdə görmədim.

Sonrakı günlərin birində hamam otağını dərinliklərində yox edən buxar çəkildikcə balaca xanımın hamar çiyinləri, uzun saçları yavaş-yavaş üzə çıxdı. Böyük xanımdan fərqli olaraq o, saçlarını həmişə aramla durulayır, buxar tam çəkilənə qədər başında əmmaməni xatırladan kəhrəba və sanki dümağ bədənini məndən gizləmək üçün sinəsinə möhkəm-möhkəm doladığı qətfə ilə qarşımda durub qaşlarını səliqəyə salırdı. Sonuncu dəfə belə anların birində o, illər əvvəl uşaq sadəlövhlüyü ilə gözünü çəkmədiyi üzümə tamam başqa ifadəylə baxdı. Bu dəfə əfsunlu baxışlarından zərrə əsər yox idi. Sifətimdə yaranan nazik xəttə - o məşum gün canımdan qopan dəhşətli ağrıdan sonra yaranan çata baxıb təəssüflə başını buladı. Hələ zavodda ikən, böyüklərimizin öz aralarında etdiyi söhbətlərdən canımıza çat düşməsinin el arasında bədbəxtlik nişanəsi kimi qəbul edildiyini eşitmişdim; insanlar buna görə çox vaxt bizi dəyişir, bəzən təmir etdirirlər. Balaca xanımın səsi hamama bitişik otaqdan gəlirdi; onun və böyük xanımın qulağıma uğultu kimi gələn söhbətindən nədənsə bu evdəki son günümü keçirdiyimi hiss etdim. Uğultu aydın eşidilən ayaq səsləriylə əvəzləndi. Böyük xanım ayaqlarının islanmaması üçün geyindiyi məstlərini sürüyə-sürüyə yanıma gəldi, hərarəti çəkilməmiş otaqda təkcə üzümə yox, taleyimə də qara zolaq kimi düşən nazik xəttə diqqətlə baxdı. Addım səsləri qonaq otağına qədər uzaqlaşdı, böyük xanım ağır-ağır telefonun dəstəyini qaldırdı.

***

Bizi adi şüşə parçasından fərqləndirən tək şey üzümüzə çəkilən gümüş suyu idi. Hələ də xatırlayıram, biz hamımız şüşə ikən, hələ zavodun bir küncündə üst-üstə qalaqlananda hər birimizin içindən eyni həyəcan bir sazaq kimi keçirdi: Görəsən, gümüş suyu kimə qismət olacaq?!

Bizim qövmümüzdə buna nail ola bilmək əlahiddə bir məziyyət, ilahi bir pay kimi qiymətləndirilir. Günlərin birində qabar dolu bir cüt əl məni də qalaqlanmış şüşə parçalarından ayırdı. Gümüş suyunun canıma sindiyi dəqiqələri indinin özündə də sonsuz həzzlə xatırlayıram. Su ilə canımın hər növbəti təmasında bu xoşhallanma daha da dərinləşirdi.

Mənə dikilən ilk baxışlar da elə o qabarlı əllərin sahibinin oldu. O, yaratdığı bu əsərin bəstə boyunu, daz başını əvvəlkitək yaraşıqsız göstərmədiyini düşünürdü. Uzun müddət tövşüyə-tövşüyə qırmızı yanaqlarını mənə tərəf əyib gözlərinə tamaşa etdi. Burnunun ucundakı yöndəmsiz ziyil görkəmini bir az da eybəcərləşdirmişdi. O, dodaqlarının üstünü mötərizə kimi örtmüş nazik bığlarına bir xeyli tumar çəkdi. Bir neçə addım geriyə çəkilib əllərini xaşal qarnının üstündə çarpazladı. Nazik bığı ilə tərs mütənasib qalın üst dodağı sapsarı dişlərinin üstünü örtmüşdü. Xırıltılı gülüşü qarğıdalı dənəsi kimi saralmış dişlərini ortaya çıxardı. Hələ də hafizəmdən silinməyən bu mənzərə mənim o zavodda xatırladığım son görüntü idi.

Bir müddət sonra mən sifarişləri ünvanlarına çatdıran yük maşınının arxasında, şəhərin dolanbac, işıqlı küçələri boyunca, arabir asfaltın yamaq, kələ-kötür hissələrinin təsirilə atılıb düşə-düşə ömrümün güman edilə bilməyəcək qədər fərəhli bir neçə ilinin keçdiyi evə doğru aparılırdım. Mən o zaman başıma gələcək müsibətlərdən xəbərsiz idim. Nəinki bundan xəbər tutmaq, bir balaca duyuq düşsəm, ya da bircə qırıq ürəyimdə şübhə yaransaydı, bəlkə də çilik-çilik olmaq üçün əlimdən gələni edərdim. O evdə keçirdiyim son gündə peşmanlıq hissi məni ağuşuna aldı. Həmin gün düşündüyüm və heyfsləndiyim yeganə şey bu evə gətirildiyim gün hansısa bir yerdə - şüşə parçaları ilə üst-üstə yığılanda, canıma gümüş suyu çəkiləndə, zavoddan çıxarılanda, yük maşınına qaldırılıb-endiriləndə ya da sifariş olunduğum evə sarı qalxan pilləkənlərdə, hamama pərçimlənəndə, o yad kişiylə rastlaşanda, balaca xanım canımdakı dəyişikliyi görəndə, böyük xanım telefonun dəstəyini ağır-ağır qaldıranda düşüb çilik-çilik olmaq idi.

***

Binanın giriş qapısının yanına asıldığım gündən sonra da az şeyə heyfslənmirdim. İndi hiss etdiyim heyfslənməkdən daha çox bihudə bir ömür yaşadığımı düşünməyim və bu qənaətin gətirdiyi xəfif qüssə idi. Bir yandan da bu soyuq. Fəqət insan soyuqluğu bu soyuqdan daha betər idi... Bu divara asılandan ev əhli yanımdan səbəbini bilmədiyim etinasızlıqla ötüb keçirdi. Sanki uzun illər ərzində bizi doğmalaşdıran heç nə baş verməmişdi. Heç olmasa bircə dəfə dönüb üzümə baxsınlar! İstədiyim sadəcə bu idi. Birgə keçirdiyimiz illərin xatirinə oğrun-oğrun baxsalar da inciməzdim. Məndən həya etdikləri üçün üzümə baxmadıqlarını düşünüb özümə təsəlli verirdim. Uzun illər məhrəm yerlərini gördüm, qırışlarını ilk mən hiss etdim, ən təmiz, pak hallarını seyr etdim. Təmiz, pak. Ay-hay. Bu necə paklıq idi ki, böyük xanımın tutduğu əməllər hələ də yadımdan çıxmır? Əlbəttə, üzümə baxmazsan. Özün yaxşı bilirsən ki, hansı qəbahətin yiyəsisən. Rəzil, yaramaz, utanmaz insan. Tfu, sənin sifətinə! Yox, yox, deyəsən başıma hava gəlir. Gərək bir az boşlayam. Mənə deyən lazım, ay balam, nə ortalığa düşmüsən, nə sevgi, nə sədaqətbazlıqdır?! Bir bu evin bəyinə bax. Əlində şişman portfellə oradan ora qaçır, buradan bura. Gəzməyində ol, ay evin kişisi. Ürəyin lap arxayın olsun. Mənim kimi hər şeyə baş qoşsan, bir çat da sənin ürəyinə düşər. Düzünü elə sən edirsən. Nəyinə lazım üzümə baxmaq? Günah məndədir ki, umub küsürəm. Bircə bu balaca xanıma əsəbləşə bilmirəm. Adı balacadır, daha o da böyüyüb, ay parçası kimidir, zalım balası. Səni heç qınaya bilmirəm. Uşaqlığın havası başından getdi, indi maraqların da üz cizgilərin kimi dəyişib. Qıraqdan baxan heç kim bizə yaşıd deməz. Mən yaman tez qocaldım. Siz qocaltdınız məni. Nəsə.

Bu soyuq havalarda artıq hər fəslin dözülməzliyini, ildən-ilə təpərimin azaldığını dərk edirdim. Tərs kimi ötən yay da qiyamət istilər vardı.

Küçədə ins-cinsin gözə dəymədiyi, istinin adamının cızdağını çıxardığı qızmar yay uzunu bürküyə heç öyrəşə bilmədim. Yay axşamları boyunca sağ tərəfimdən bir az aşağıda, söyüd ağacının altında ikibir-üçbir təqaüdçülərin nərd çırpmağını xatırlayıram. Axşamüstü küçədə adda-budda insan qaraltılarının peyda olduğu, Günəşin yorğun-arğın üzünü göydələnlərin arxasında gizlətdiyi anlarda arabir əsən gilavar sanki saralmış bənizimə həyat əlamətləri qaytarırdı.

Sonra mehlər şiddətli küləklə əvəzləndi, ardınca güclü yağışlar başladı. Havalar soyuduqca, yay aylarında adamsızlaşan küçələr indi günün daha uzun hissəsində insan hənirtisinə həsrət qalırdı. Hərdən küçənin, nahamar səkilərin, qəmbərlərin də bir insan nəfəsi, ayaq izi üçün ən azı mənim qədər darıxdığını düşünürdüm. İndi heç nərd oynayan təqaüdçülər də gözə dəymirdi. Elə bil, külək ağaclardan qoparıb apardığı sarı yarpaqlar kimi ömrünün payız çağını yaşayan həmin qocaları da qabağına qatıb yoxa çıxarmışdı.

Küçəmiz günü-gündən adamsızlaşsa da, dəyişməyən şeylər də var idi. Məsələn, bir tin yuxarıdakı məhlədən bir nəfər içki tədarükünü bu həndəvərdə görürdü. O, səkkiz yaza-yaza yanımdan hər ötəndə ucuz və şirin çaxır iyi və əyin-başından gələn kəsif qoxu məni vururdu. Havalar soyuduqca, içki şüşəsini pinti-pələş paltarlarına elə möhkəm sıxırdı ki, deyərdin, əziz-xələf, canbir qəlb dostunu bağrına basıb. O, hər buradan keçəndə mütləq ayaq saxlayıb bir müddət üzümə zillənər və özünə tamaşa edərdi. Üzündəki çaşqın ifadədən nə qədər içdiyini müəyyənləşdirməyim elə də çətin olmurdu. Hər dəfə ciddi-cəhdlə mənə sarı əyilir, üzünün hər nöqtəsini maraqla, bir az da aşkar təəccüblə nəzərdən keçirirdi. Ötən qışdan üzümdə yadigar qalan çat onun əksini ikiyə bölürdü. Bunu hər görəndə gözləri bərəlirdi. Ancaq bu səfər təəccübdən az qala gözləri hədəqəsindən çıxacaqdı. Maraqlı kəşfini quru-quru ötüşdürmək istəmədi. Bağrına basdığı şərab şüşəsini əli titrəyə-titrəyə mənə sarı uzatdı və əksinin burnuna toxundurdu. Başına çəkdiyi şüşədən bir neçə damcı nizamsız, kürən saqqalından süzülüb süd rəngli toxunma köynəyinin yaxasına dağıldı. Turşutduğu üzünü mənə bir az da yaxınlaşdırdı, gah çatın sağ, gah da sol tərəfinə diqqət kəsildi. Yanaqları tamam yara-xora idi; bəziləri soyuğun təsirilə daha da qızartdaqlaşmış, bir neçəsi qartmaq bağlamışdı. İkiyə haçalanmış simasına gizlədə bilmədiyi heyranlıq və fərəhlə baxır, arabir qaşlarını narazılıqla çatır, arabir məmnun halda gülümsəyirdi. Hamı onu əyyaş kimi tanıyırdı. Bura ilk asılanda mən də uzun müddət elə bilmişdim. Onun niyə içdiyi bircə nəfərə də maraqlı deyildi. Bəlkə məhlədə heç kimin gözə dəymədiyi gecələrin birində gəlib ayaq ucumda oturmasa, heç mən də bilməzdim. Həmin gün o yenə ləngər vura-vura gəldi, sakitcə oturdu, bir müddət içdi, doluxsundu, uzun bir səssizlikdən sonra çiyinlərini çəkə-çəkə, uşaq kimi hönkürməyə başladı. Arada sağa-sola baxır, heç kimin gəlmədiyini görüb ağlamağa davam edirdi. Əlindəki boş içki şüşəsini qəzəblə, var gücüylə səkiyə çırpdı. Əynindəki nimdaş, rəngi getmiş buşlatın iç cibindən xırda bir şəkil çıxardı. Əsgər formasında olan üç gənc təbəssümlə şəkildən ona baxırdı. Onlar gülümsəyərək avtomatlarını müxtəlif istiqamətlərə tuşlamışdılar. Köhnə şəkilin aşağı hissəsində solğun bir qeyd var idi: 1993, may, Ağdərə. Ayın kövrək ziyası bu qeydin üstünə düşən bir gilə göz yaşını parıldatdı.

***

Bir az sonra məhəllənin uzun müddət buralarda üzükməyən dəlisi peyda oldu. Elə çoxdan qeybə çəkilmişdi ki, artıq hamı onun öldüyünü düşünürdü. Yenə heç vaxt əynindən çıxarmadığı ağ xələtdə idi. Çaşqın üz ifadəsi ilə əlindəki çəliyi sağa-sola yelləyə-yelləyə ayaqlarını sürüyürdü. Bərabərimə çatanda bir müddət eləcə dayandı. Üzündəki çaşqın ifadə bir az da artdı, sınayıcı nəzərlərlə məni süzməyə başladı. Başdan ayağa qədər diqqətlə baxdı, yarıya bölünmüş əksini görəndə qorxudan dik atıldı. Əlində bərk-bərk tutduğu çəliyi mənə söykədi, qulağını çəliyə verib səbrlə dinləməyə başladı. Eşitdiyi nədənsə qaşları düyünləndi, alnında jalüz pərdəni xatırladan qırışlar əmələ gəldi. Alnındakı dəyişiklikdən xeyli qeyzləndi, hikkəsindən çat düşən hissəmə bir lomba tüpürdü. Elə bil, dünya, çılpaqlaşan ağaclar, kimsəsiz məhəllə başıma fırlandı. Axırıncı dəfə məni divara asan fəhlələr əllərinə tüpürəndə bu qədər iyrənmişdim. Sifətimə hopan tüpürcək asta-asta aşağılara doğru süzülməyə başladıqca bədənimdə hiss etdiyim bu hərəkətlənmə az qala ürəyimi ağzıma gətirirdi. O, get-gedə uzaqlaşdı, sanki ayaq səsləri də sürünə-sürünə azalırdı. Hələ də özümə gəlməkdə çətinlik çəkirdim. Kaş elə bu dəqiqə şıdırğı bir yağış yağa, məni hər şeydən arındıraydı. Ona qəzəblənə bilməməyim özümü də təəccübləndirirdi. Tez-tez binanın, məhəllənin ağbirçəkləri qocaların nərd oynadığı oturacaqlarda əyləşər, ordan-burdan danışardılar. Yayın cırhacırında, ağ xələtlinin çəliyini və ayaqlarını sürüyə-sürüyə buradan keçdiyi günlərin birində qadınlar əyləşən tərəfdən gələn vaysınmalar yanğılı idi. Heyif səndən, ey binəva. Bunu ən yaşlıları dedi. Qucağımızda böyüyən uşaq idi, sonra böyüdü, məhlənin bütün qızlarını divanə elədi. Bunu deyən ağbirçəyin yanına basan dombagöz arvad idi. İki göz lazım idi ki, yaraşığına tamaşa eləsin. Bunu nisbətən orta yaşlıları dedi. Söhbətin davamına qulaq asa-asa öyrəndim ki, gənclərin, uşaqların dəli deyib güldüyü, arada aralarına salıb oyunlarına ortaq elədiyi bu kişi bir zamanlar adlı-sanlı cərrah imiş. Lap ölünü dirildənlərdən. Cəbhədə ad çıxarıb əməlli. Neçə təltif, diplom, təşəkkürnamə, medal. Ayağı sallanan, kəsilməli olan neçə əsgəri əməliyyat edib, şəhid gözüylə baxılan onlarla döyüşçüyə can verib. Ağbirçək üzünü nisbətən cavan gəlinlərə tutub danışırdı. Sonra özü də döyüşdü, kontuziya aldı. Atası deyirdi ki, şəhərə gələndə heç üzünə baxan, qapılarını döyən olmadı. Mən onda qızıma təzə yatmışdım, bala, gecələr oyaq olurdum. Görürdün, qışqıra-qışqıra divarları vurur, gecə paltarında bütün qapıları döyə-döyə hamını oyadır ki, gizlənin, qaçın, sipər alın. Neçə dəfə ərzaq dükanından tənzif, yara sarğısı, yod, jqut istəyib. Eh, qızım. Adamın özü gözəl olunca, bəxti gözəl olsun. Arvadlar hamısı ucadan “Amin” deyib içlərini çəkdilər.

***

Məhləyə qulaqbatıran sakitlik çökmüşdü; axşamdan aləmi bir-birinə vuran şiddətli küləkdən bir qırıq əsər yox idi. Bir neçə saat əvvəl burulğan kimi göydə hərlənən xəzəllər, sellofanlar da daha gözə dəymirdi. Belə havalarda külək mütləq hərləyib, fırlayıb sillə kimi üzümə vurmağa bir şey tapardı. Bu gün də toz-tozanağı bütün bədənimə hopdurmuşdu. Yağışı küləkdən daha çox sevirdim. Dumanlı, çiskinli, yağmurlu günlərdə yağış tozumu, kirimi, canımda azalmaq bilməyən əl ləkələrini yuyub apardıqca paklaşır, durulurdum.

Küçənin aşağılarından dalğa-dalğa yaxınlaşan uşaq qəhqəhələri get-gedə daha da gurlaşırdı. Səslər yaxınlaşdıqca, kimliklərini təsəvvür etməyə çalışdım. Görəsən, neçə nəfərdirlər? Hər səsdə ayrı çalar duyulurdu. Amma onların hamısının səsində oxşar bir ahəng - sevinc cingiltisi, şad-şalayınlıq var idi. Səsləri artıq lap aydın eşidilirdi. Hər birinin gözlərindəki təbəssümü görməmək üçün ya kor, ya da bivec olmalı idin.

Üzümdən süzülüb gedən tüpürcəyə görə dilxorluğum səngiməsə də, gizlədə bilmədiyim bir maraqla gözümü onlardan ayıra bilmirdim.

Dörd-dörd bölünüb futbol oynamağa başladılar. İçlərində ən gombulu topun yiyəsi idi. Bu sahiblik duyğusu onun hərəkətlərindən də aşkar sezilirdi. Yeddi uşağın hamısı bircə topun avarası idi və hər addımlarında bunu hesaba qatıb hərəkət edirdilər. O yeddi nəfər nə əzişdirilməkdən, nə də başqa bir şeydən qorxurdu. Onların hamısı təkcə bir şeydən - gombul dostlarının acıqlanmağından, hikkəsindən topunu da qoltuğuna vurub getməyindən çəkinirdilər.

Az sonra gombulun bədəni yerdə yırğalanmağa başladı. Ona uymayan cəldliklə yerindən qalxdı və qaça-qaça cızılmayan, amma hamının təsəvvüründə varlığından əminlik duyduğu penalti nöqtəsini göstərdi. Heç kim bu qərara etiraz etmədi. Belə bir etirazın olacağına inanmaq sadəlövhlük olardı. Uşaqlar pərt halda kənara çəkildilər. Penaltini gombuldan başqasının vurmağı ehtimallar daxilində belə deyildi. Hamı dinməzcə bir qıraqda durmuşdu.

Gombul mümkün qədər xırda addımlarla on bir metr saydı. Topu penalti nöqtəsinə qoyub zərbəyə hazırlaşanda üzbəüz idik. Nəfəsini dərib bütün diqqətini topa cəmləmişdi. Heç digər uşaqların da cınqırı çıxmırdı, diqqətlə onun hərəkətlərini, zərbəyə hazırlığını izləyirdilər. Bir tək rəqib qapıçı yerində sabit dayanmayaraq fikrini yayındırmaq istəyirdi. Axır ki, gombul yırğalana-yırğalana topa sarı qaçmağa başladı.

Və zərbə!

Gombul və komanda yoldaşları çığırır, əsl peşəkar futbolçular kimi bir-birini möhkəm qucaqlayıb qolu qeyd edirdilər.

Mən isə həmin saniyələri elə də yaxşı xatırlamıram.

Beynimin dumanlandığı, başımın gicəlləndiyi bir vaxtda axın-axın mənə doğru yaxınlaşan addım səsləri yadımda uzaq bir uğultu kimi qalıb.

Səslər sürətlə yaxınlaşsa da, hər keçən saniyə daha zəif eşitməyə, ətrafda baş verənləri qavraya bilməməyə başlamışdım. Az sonra gombulun bayaqkı qırmızılığından əsər qalmayan yanaqları və dostlarının qorxudan saralmış bənizləri, anlaqsız simaları çiliklənmiş parçalarımda əks olundu. Sanki əməllərinin ağırlığını indi dərk edirdilər.

Onların yeknəsəq, həyəcan dolu çığırtıları da addımları kimi uzaqlaşdı, xeyli uzaqlardan gəldi, eşidilməz oldu.

Hamamdakı buxarlı günlərimi xatırladan bulanıqlıq gözlərimdən bir tül kimi asıldı.

Xəzəlli səkiyə səpələnən çiliklərimdə yorğun-yorğun sürünən bəyaz buludlar və masmavi səmanın əksi var idi.

***

Şəhər də insanlar kimi yuxuya gedir. Gecənin zülmətindən, sükutundan sonra o da yavaş-yavaş oyanmağa başlamışdı. Sübh çağı axşamdan qalma sərt ayaz adamın sümüklərini titrədirdi. Bayaqdan zibil maşınının get-gedə artan səsi lap yaxından eşidildi. Bələdiyyənin yaşlı süpürgəçisi xəzəlləri süpürəndə çiliklərimi gördü. Başını bulaya-bulaya parçalarımı iri xəkəndazına yığıb maşının arxa tərəfindən yük yerinə tulladı. Şəhərin yorğun, adamsız küçələrini təmizləyən bu qadın heç vaxt mənim o evdəki son günlərimdə, məhəllədə yaşamağa başlayanda, buranın insanları haqqında nələrsə öyrənəndə çilikləndiyimi bilməyəcəkdi. O, gombul və dostlarının mənə necə bir yaxşılıq etdiyindən, özünün bu qocaman şəhərin bəlkə də ən təmiz adamı olduğundan xəbərsiz halda üzüaşağı səkiləri süpürməyə davam edirdi.

Kazan-Moskva-Bakı (mart-noyabr/2021)

# 3272 dəfə oxunub

Müəllifin son yazıları

# # #