Bu günlərdə qiymət artımı, bahalaşma ən çox eşitdiyimiz sözlərdir.
İnsanlar noyabrın ilk günündə ayın ilk qəhvəsini pəncərənin o üzündəki tutqun şəhəri, xəzəlləri izləyə-izləyə içməyi xəyal etdiyi bir anda günü ardıcıl bahalaşma xəbərləri ilə açdı.
Dərd də gələndə batmanla gəlir.
Bütün bu xəbərləri oxuya-oxuya ağlıma ilk gələn sual ədəbiyyatla, yerli müəlliflərlə bağlı olur;
"Görəsən, azərbaycanlı yazarın qiyməti nə vaxt bahalaşacaq"?
Yerli müəlliflərin hər keçən gün unudulduğu, kitablarının tozlu rəfləri zəbt etdiyi bir zamanda bu sualı aktual edən saysız-hesabsız səbəb var.
Azərbaycanlı yazarı hər kəs unudub.
Bəlkə, Allahın da yadından çıxmışıq.
Yerli yazarların öz hesabına pul verib məhdud tirajla kitab çap etdirdiyi, kitab təqdimatlarının iştirakçılarının adətən yazarlardan ibarət olduğu, müəllifin park-park, kafe-kafe öz kitablarını satdığı, üstəlik, oxunmadığı bir zamanda insanın ürəyindən çox arzu keçir.
Məsələn, kaş bir sabah oyanaq, yenə qəfil bir xəbər hamımızı həyəcanlandırsın.
Saytlar bu xəbəri qırmızı başlıqla manşetə çıxarsın, telekanallar son dəqiqə xəbərini izləyicilərinin diqqətinə çatdırsın:
"Azərbaycan yazarı bahalaşdı” ya da "Yerli müəlliflərin qiyməti artdı!”.
Oxucular bir az da tərəddüdlə linkə daxil olsun, izləyicilər süjeti daha həyəcanla izləsin.
Yazarlara yüzlərlə təbrik mesajı, oxucu zəngi gəlsin.
Oxucular bu illər ərzində etdikləri haqsızlığa təəssüflənsin, xəbəri oxuya-oxuya başını bulasın, bir az da özünü danlasın.
Azərbaycanlı müəllif ölüb!
Və çox təəssüf ki, bu qorxunc gerçəkdən heç özünün də xəbəri yoxdur.
Bəlkə bu zənglər, mesajlar onu yenidən dünyaya qaytara.
Lap komadakı insanın barmağını tərpətməsi kimi…
Kiçik həyat əlamətləri.
Ya da məşhur şeirdə deyildiyi kimi;
"Bir səhər yuxudan durub,
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən".
Kaş bir payız səhəri daha bir artım xəbərinə oyanaq.
Bu dəfə dövlət rüsumları yox, azərbaycanlı yazar, onun əsərləri bahalaşsın. Görək ki, onlar ölməyib, yaşayır.
Kaş!