Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi
23 oktyabr 2024
# 12:00

Bu gün Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi Baninin anım günüdür.

Ümmülbanu Mirzə qızı Əsədullayeva (Banin) 18 dekabr 1905-ci ildə Bakıda neft maqnatı Şəmsi Əsədullayevin oğlu, sonralar Azərbaycan Xalq Cümhuriyyəti hökumətində (F.Xoyskinin başçılıq etdiyi üçüncü hökumət) sənaye və ticarət naziri olmuş Mirzə Əsədullayevin qızıdır.
Banin doğulanda anası vəfat edir. Beləcə, onun təlim-tərbiyəsi ilə atası məşğul olmağa başlayır. Zamanla fransız və ingilis dillərini mükəmməl öyrənir.

1920-ci ildə Cümhuriyyət süqut etdikdən sonra Mirzə Əsədullayev İrana köçür. Düzdür, qısa müddətdən sonra Bakıya qayıdır, ancaq onun əmlakı bolşeviklər tərəfindən müsadirə edilir. Çıxılmaz vəziyyətə düşən Mirzə Fransaya mühacirət edir. Ailəsi isə Bakıda qalır. Ümmülbanu Balabəy Qocayev adlı bir varlı gənclə ailə qurur. Bir neçə il Bakıda yaşayır və 1924-cü ildə İstanbula köçürlər. O, 19 yaşında həyat yoldaşından ayrılır. Paris şəhərinə, qohum-əqrəbalarının yanına gedir. Bir müddət işsiz qalır. Sonra şəhərdə dəftərxanada katibə, tərcüməçi və s. işləyir. Boş vaxtlarında dostlarına Bakı ilə bağlı xatirələrini danışır. Fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə alır.

Paris həyatı, xüsusilə 30-cu illərin ədəbi mühiti Ümmülbanuda yaradıcılığa maraq doğurur. O daha çox Azərbaycanla bağlı mövzulara müraciət edir. Gənc yazıçının “Nami” adlı ilk romanı 1942-də çap olunur. Araşdırmalarda qeyd edilir ki, 1946-cı ildə onun “Banin” imzası ilə “Qafqaz günləri” adlı kitabı çapdan çıxır. Kitab işıq üzü gördükdən sonra Banin Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernst Yunger kimi Qərb yazıçılarının diqqətini çəkir.

Mövzusu Azərbaycan həyatından götürülən bu əsərdən sonra müəllif “Paris günləri”, “Ernst Yungerlə görüş”, “Sonra”, “Sonuncu ümidin çağırışı”, “Xarici Fransa”, “Ernst Yungerin portreti” və s. romanları qələmə alır. Bu əsərlər də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır.

Banin qələmini tərcümə sahəsində də sınayır. Rus, ingilis və alman dillərindən tərcümələr edir. O, məşhur rus ədibləri İvan Bunin və Fyodor Dostoyevski yaradıcılığının bilicilərindən biri kimi tanınıb. Dostoyevskinin “Özgə arvadı” əsərini, Tatyana Tolstoyun xatirələrini rus dilindən, Ernst Yungerin “Sülh” romanını almancadan, Qriqori Martonun “Dostum Blizzar” əsərini ingiliscədən fransız dilinə tərcümə edib.

Banin özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. Yazıçı ana yurdunun həqiqətlərinə biganə qalmayıb. Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” Assosiasiyasının üzvü olan Ümmülbanu Banin 1990-cı illərin əvvəllərində dövri mətbuat səhifələrində Qarabağ hadisələri ilə bağlı məqalələr yazıb, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər haqda Fransa ictimaiyyətinə məlumat verib.

Baninin sonuncu bədii əsəri – “Məryəmin mənə danışdığı” romanı 1991-ci ildə işıq üzü görüb. Bir il sonra, 1992-ci il oktyabrın 23-də vəfat edib. Həmin gün Parisdə çıxan “Fiqaro” qəzeti kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”.

Kulis.az Baninin ədəbi varisi Rolf Stürmerin yazıçı barədə xatirələrini təqdim edir.

Əvvəlcə “Banin” (Banine) təxəllüsü haqqında söhbət açım. O, bu təxəllüsü məşhur fransız yazıçısı Jean Paulhan’ın məsləhəti ilə götürüb. Məqsəd isə bu idi ki, oxucular bu adı daha yaxşı yadda saxlaya bilsinlər. Görünür, bu qərarı verərkən onlar digər fransız yazıçısı- öz adının yerinə tez qavranan təxəllüs götürmüş “Colette”dən nümunə götürüblər. Sonralar Ümmülbanu qərara gəlir ki, özəl həyatında da “Banin” çağırılsın.

Amma Baninin vəfatından sonra qərara gəldim ki, bütün yazışmalarımda onun ilk adından istifadə edim. Bu, mənim Ümm-Əl-Banunun köklərinə və onun qeyri-adi həyat hekayəsinə olan sayğımdan irəli gəlirdi.

Baninlə 1980-ci ildə alman yazıçısı Ernst Jünger vasitəsilə tanış olmuşuq.

Jünger özü Baninlə 1940-cı ildən dostluq edirdi. Banin onun ictimaiyyətlə əlaqələrini təşkil edir, oxucuları, fanatları ilə yazışmalarını aparırdı.

Həmin illərdə mən yazıçı olmaq istəyən cavan bir oğlan idim. Ailəm alman və polyak kökənlidir. Həmin dövrdə Parisdə bir neçə il yaşadım, kitabsatan işlədim, fransız dilindən alman dilinə kitab tərcümə etdim.

Alman dili Banin üçün daha əziz idi, çünki onu alman əsilli Fräulein Anna böyütmüşdü - Banin alman dilini uşaqlıqdan öyrənmişdi.

Banin və mən bir-birimizi yüksək qiymətləndirirdik. Mən ondan əlli yaş kiçik idim və Baninin həyat hekayəsi, onun Parisdəki ədəbi mühit haqqında xatirələri məni heyran edirdi. O, çoxlu sayda məşhur adamlarla görüşmüşdü və lətifələr (bəzən də bir az kobud lətifələr) danışmağı xoşlayırdı.

Banin baməzə adam idi. İçində hələ də yaşatdığı gənc qızı tez-tez büruzə verirdi.

Amma o zamanlar mən hələ anlamırdım ki, Banin depressiyaya qarşı ağır bir mübarizə ilə üz-üzədir və bunu gizlətməyə çalışır.

Ölümündəm sonra onun şəxsi gündəliklərini, hələ çap olunmamış xatirələrini oxudum, həyatındakı dramları da burdan öyrəndim..

Banindən qalan miras yalnız ədəbi mirasdır. O çox kasıb idi, amma varlı və nüfuzlu dostları onun qayğısına qalırdılar. Fransa hökuməti ona sosial yardım edirdi. Banin başqasının mənzilində yaşayırdı. Kiçik olsa da, rahat və doğma mənzil idi.

Mən Baninlə tanış olanda o, 17 il idi ki, “Qafqaz günləri”romanını öz hesabına çap etdirmişdi. Artıq Fransa onu unutmuşdu. O, hələ də məşhur yazıçı deyildi. Deməyə dilim gəlmir, amma o indi də Fransada məşhur deyil.

Baninin ən böyük uğuru 1940-50-ci illərdə, daha sonra isə 1960-cı illərdə “Qafqaz günləri” və “Mən tiryəki seçdim“ (burda söhbət dindən gedir, o, Karl Marksın “Din xalq üçün tiryəkdir” fikrini əsas götürüb) romanları olub. Sonuncu kitab ispan, holland, italyan, alman, hətta yapon dilinə tərcümə olunub.

Mən Banini bir gənc fransız naşiri ilə tanış etdim, 1987-ci ildə onun Ernst Jünger haqqında üçüncü kitabı işıq üzü gördü. Banin buna görə mənə minnətdar idi və bu jesti heç vaxt unutmadı. Onda elə bir rəy yaranmışdı ki, ədəbi irsinin qayğısına qalacaq ən etibarlı adam mənəm.

Ondan ailəsi haqqında heç nə soruşmazdım, amma özü deyərdi ki, ailəsindən sağ qalan yeganə şəxsdir. Hərçənd, bu o qədər də doğru məlumat deyil - təsadüfən öyrənmişəm ki, Baninin böyük bacısı Kövsərin oğlu sağdır, fars incəsənəti üzrə mütəxəssisdir. Onlar mənimlə əlaqə saxlamırlar. Səbəbini bilmirəm, bununla heç maraqlanmıram da.

Baninin vəfatından sonra onun daha bir qohumundan xəbər tutdum. Bu, “Tommy Franklin” imzalı (qondarma addır) bir fransız jurnalistidir (idman yazarı). 67 yaşlı həmin qadın Fransanın cənubunda yaşayır. Tommy Franklin Baninin böyük bacısı Sürəyyanın oğludur. Sürəyya onu doğulandan dərhal sonra ingilis dayəyə verib - ana və oğul bir daha görüşməyiblər. Bu, kədərli həqiqətdir.

Ümumiyyətlə, Əsədullayevlərin ailəsinin tarixçəsi çox kədərlidir: onlar yalnız bolşevik inqilabının qurbanı deyillər, həm də ailədaxili dramlar yaşayıblar. Mənim şəxsi qənaətim belədir.

Odur ki, Banin, öz ailəsi haqda çox adama danışmazdı. Mən isə istisna idim. Bir dəfə ondan ailəsi barədə soruşanda, dedi: “Bu, keçmişdir, daha məni maraqlandırmır”.

Məncə, o, Kübra və Sürəyyanı çox istəyirdi. Ögey qardaşı Şəmsi 1980-ci ildə vəfat etdi. Banin onunla sıx əlaqə saxlamırdı. Gündəliklərində Banin qardaşı haqda onun vəfatından başqa bir şey yazmayıb. Şəmsi tək yaşayıb, bacıları Sürəyya və Banin kimi vəsiyyət edərək, orqanlarını elmə bağışlayıb.

Banin də bədənini, orqanlarını elmi məqsəd üçün bağışlayıb. Mən də, yaxın olan başqa dostları da bu haqda yalnız onun ölümündən sonra xəbər tutub şok keçirdik. Banin bunu öz vəsiyyətnaməsində yazıb xahiş etmişdi.

Amma o, həmişə deyirdi ki, yaşadığı məhəllədəki, Eyfel qülləsinə yaxın ərazidə yerləşən kiçik “Passi qəbiristanlığı”nda (“Cimetière de Passy”) basdırılmaq istəyir.

Bilmirəm Banin sonda öz qərarını niyə dəyişdi. Bəlkə də, Avropada dəfn xərcləri baha olduğundan, dostlarına əziyyət vermək istəməyib. Bu sualın cavabını heç kəs bilmir.

Buna görə kədərlənirəm, çünki Baninin ruhunu yad etmək üçün gedə biləcəyim bir yer yoxdur. Qoy o, Allahın köməyi ilə insanların düşüncələrində və qəlblərində yaşasın.

Fikrimcə, onun hər hansı hobbisi yox idi. Mən onu tanıyanda çoxlu mütaliə edirdi, oxuduqları haqda çox danışırdı. Evdən çıxmağı sevmirdi, yalnız yaxın dostları ilə görüşürdü. Amma qonaq qəbul etməyi sevirdi. Adamlar çox vaxt ondan Ernst Jünger haqda soruşardılar, Baninin öz yaradıcılığı ilə, arabir, nəzakət xatirinə maraqlanırdılar. Amma mən belə deyildim. Məni Banin Ernst Jüngerdən daha çox maraqlandırırdı. Bəlkə də, onun mənə sevgisinin səbəbi də bu idi.

Banin kreslosunda əyləşib uzun-uzadı düşünməyi sevərdi. Bunu pişiyin özünü günə verməsinə oxşadırdı. Onun yuxusuzluq problemi vardı. İcazə vermişdi ki, istəsəm, lap gecəyarısı da ona zəng edim. Banin klassik musiqini xoşlayırdı. Gəncliyində yaxşı piano çalıb. Amma yaşlı vaxtlarında çalmağa pianosu yox idi.

Uzun ömrü ərzində, xüsusilə də, yaxşı dövrlərdə Banin yazıçılarla, siyasətçilərlə dostluq edir, Fransanın mədəni-siyasi həyatına qaynayıb-qarışırdı. Banin bu insanlara doğrudanmı yaxın idi? Məncə, yox. Onun şəxsi sənədlərini oxuyandan sonra qənaətim budur ki, ən isti münasibət saxladığı adamlar yunan yazıçısı Nikos Kazandzakis və onun arvadı Elena olub. Səmimi insan, ilhamverici şəxsiyyət olan Kazantzakis Baninə gözəl məktublar yazıb.

Banin, həmçinin Marqaret Yursenar, Henri de Monterland, Julyen Qreyqi (fransız yazıçıları) tanıyırdı, məşhur şair Pol Elüar ilə də münasibəti vardı.

O, sadə adamlardan Parisdə yaşayan ispaniyalı rahibə Mariya Qloriya Kapella ilə çox yaxın idi. Həmin qadın hələ də sağdır, amma nədənsə öz keçmişi haqda danışmaq istəmir.

Düşünmürəm ki, Baninin Azərbaycan siyasi elitası ilə hansısa əlaqəsi olub.

Atası Mirzə Əsədullayev Fransada yaşayanda ölkəsinin mühacir siyasətçiləri ilə əlaqə saxlayıb. Bəs qızları necə? Bilmirəm. Bəlkə, Ramiz Abutalıbov (keçmiş diplomat, Azərbaycan mühacirətinin araşdırıcısı) bunu yaxşı bilər. O, bu işlə məşğul olurdu.

Banin Fransanı öz ölkəsi hesab edirdi. O, həyatının 19 ilini Azərbaycanda, 60 ildən artıq bir hissəsini Fransada keçirib.

Fransa həyatı onun üçün azadlıq demək idi. Azərbaycan xatirələri isə Rus imperiyası və öz ailəsi, bolşevik inqilabı, atasının həbsi, sonra onun atasını həbsdən çıxarmaq üçün məcburi evliliyi ilə bağlı xatirələrdən ibarətdir. Azərbaycan bu gənc qızın nəzərində bu demək idi: “Mənim heç bir seçimim yox idi! Mən atamın seçiminə tabe olmalı idim…”

Banin ölkəsinə o qədər də yaxşı bələd deyildi. O, yalnız Bakının bəzi küçələrini, Mərdəkan bağlarını, özlərinin və dostlarının evlərini xatırlayırdı.

Azərbaycan Banin üçün bir həbsxana idi... uşaqlığının və gəncliyinin həbsxanası.

O, nəhayət ki, sevmədiyi, seçmədiyi əri ilə birgə öz ölkəsini tərk edəndə, bunu azadlığa qovuşmaq kimi qəbul edirdi. O, artıq Fransada yaşayan bacılarına qovuşa bilərdi və Fransa onun üçün azadlığın özü demək idi.

O, bu ölkəni mənimsəmişdi, özünü fransız sayırdı, nəhayət ki, əgər yer üzündə insan övladı üçün ev deyilən bir anlayış varsa, onun üçün ev Fransa idi.

Əlbəttə, Banin Ramiz Abutalıbov və onun ailəsi ilə görüşməyə çox şad oldu. Amma, bildiyiniz kimi, Banin onlarla Azərbaycan dilində yox, rus dilində danışdı. Banin onları xoşlayırdı, bunu bilirəm. Ramiz Abutalıbov yaxşı adamdır, mən də onu yüksək qiymətləndirirəm.

Bakıda səfərdə olanda mənə çox yaxşılıqlar edib. 2003-cü ildə Bakı səfərimi də o təşkil edib.

Amma Banin ilə görüşəndə - ya 1970-ci illər idi, ya da 1980-ci illər - Abutalıbov Sovet hökuməti üçün işləyirdi, buna məcbur idi. Banin də onun işinin bir hissəsi idi. Məncə, işinin öhdəsindən yaxşı gəldi, Baninin də heç bir illüziyası yox idi. O, faydalı olmağı, xüsusilə də, ömrünün sonunda kimlərəsə faydalı olmağı istəyirdi. Odur ki, Banin “Le Monde” qəzetində Qarabağ konflikti haqqında məqalə yazdı…

Mən sizinlə, siyasi arzulardan yox, siyasi reallıqdan danışıram. O siyasi arzulardan ki, nə məni, nə də ömrünün çox hissəsini dərdlər içərisində keçirən, bu bədxah dünyada sevgi, dostluq, bir az şöhrət axtara-axtara bir yol tapmaq istəyən Banini maraqlandırır. O, yazıçı idi. Onun da, bizim hamımız kimi, zəif cəhətləri vardı. Əminəm ki, düşüncələrinin dərinliyində o, Azərbaycan haqda fikirləşmirdi. Özünün dediyi kimi, Azərbaycan onun üçün itmiş xəyallar ölkəsi idi: orda uşaqlığı qalmışdı, amma uşaqlığının dumanlı xatirələri itmişdi. Birdəfəlik itmişdi. Bununla belə, həm də həmişə ağrı və ümidlə birlikdə bəslənib qorunmuşdu.

# 5318 dəfə oxunub

Müəllifin son yazıları

# # #