8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
29 oktyabr 2024
# 12:00

Kulis.az Ömər Xəyyamın "Quş dimdiyindəki həqiqət" yazısını təqdim edir.

həbsxana.

dustaqlar futbol oynayır.

top hasardan aşır...

çaşqınlıq.

T.Tranströmer



Bu hekayəti illər əvvəl türkiyəli şair, kolleksiyaçı Sunay Akından eşitmişdim.

Deməli, Amerikada ziyalıları həbs edirlər.

Ta səkkiz ildən sonra onlara ailə üzvlərindən yalnız biriylə görüşməyə icazə verirlər.

Biri qızıyla görüşmək istəyir, biri həyat yoldaşı ilə, biri anası ilə…

Xülaseyi-kəlam, hər məhbus bir qohumunun adını qeyd edir, fəqət mən sizə səkkiz ildən sonra atası ilə görüşən qızın əhvalatını danışmaq istəyirəm.

Görüş günü nəzarətçilər qızın üst-başını yoxlamağa başlayırlar.

Uşaqdı da, guya nə keçirəcək içəri…

Onun gətirdiyi şəkil nəzarətçinin xoşuna gəlmir, daha doğrusu, qayda-qanun eləymiş...

Uşağı sorğu-sual eləyir; qız deyir, atam həbs olunanda mənim bir yaşım var idi, onun mənə aldığı qələmlərlə quş şəkli çəkmişəm. Adi quşdu da… eləcə atamı sevindirmək üçün…

Nəzarətçi deyir, qətiyyən olmaz! Və haman şəkli cırır.

Qız ağlaya-ağlaya atasının qucağına qaçır, atası da ona təsəlli verir, fəqət düz-əməlli söhbət eləyə bilmirlər, fit çalınır, görüş vaxtı bitir.

İki ildən sonra – növbəti görüşdə yenə haman qız, başqa bir şəkillə atasının görüşünə gəlir, fəqət bu dəfə də onu saxlayırlar. Qız deyir, keçən dəfə dediniz, quş şəkli olmaz, mən də ağac çəkdim. Xahiş edirəm, icazə verin, bu şəkli atama göstərim. Nəzarətçi bu dəfə, nəhayət, icazə verir.

Atası üç öpür, bir dişləyir, qoxulayır, saçlarını sığallayır, çəkdiyi ağac şəklini tərifləyir.

Deyir, ağacı qəşəng çəkmisən. Bəs bu nə ağacıdır belə? Meyvələri nə böyükdür? Belə meyvəmi olar, qızım?

Qızı sağa-sola baxıb pıçıldayır: ata, onlar meyvə deyil, quş yuvalarıdır, birazdan quşlar yuvalarından çıxıb uçacaqlar…

Beləcə, ziyalı ata da, onun dustaq yoldaşları da dəmir barmaqlıqlar arasında azadlığa qovuşmuşdu.

O.Henrinin "Son yarpaq" hekayəsini xatırlayıram.

Hə... ümidsiz ziyalılardan ötrü o şəkil nəfəsliyə çevrilmişdi...

Əslində, çox da fərqi yoxdur. Həbsdəkilər istədiklərini etməkdən məhrumdursa, çöldəkilər istəmədiklərini etməyə məhkum...

Qadağalar həqiqəti susdura bilər, onun ağız-burnunu da dağıda bilər, di gəl, o bir gün bir quş yuvasının içindən boylanacaq, yaxud bir quş onu dimdiyində gətirəcək…
Gətirib başımıza çırpacaq…

# 2714 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #