Bu günlərdə əlimə olduqca maraqlı bir kitab keçdi. “Vurğun ömrü məktublarda, ellər vurğunu” adlanan bu kitab Səməd Vurğun haqqında xatirələrdən ibarətdir. Səməd Vurğun haqqında çoxlarının bilmədiyi məqamlar, onun xüsusən Mir Cəfər Bağırovla münasibətləriylə bağlı təfərrüatlar diqqətimi cəlb etdi.
Danışılan bu əhvalatların həqiqətə nə qədər yaxın olub-olmadığını demək çətindi. Çünki Səməd Vurğunla Mir Cəfərin münasibətləri haqda bir-birini inkar edən xeyli əhvalatlar söylənilir. Şairlə canlı ünsiyyətdə olmuş Mirvarid Dilbazinin və Vidadi Babanlının danışdıqları hər halda həqiqətdən tam xali deyil.
Xalq şairi Mirvarid Dilbazinin xatirəsində bilmədiyimiz bir sıra məqamlara toxunulur. Mərhum şairə S. Vurğunla bağlı bir əhvalatı xatırladır:
“Müharibə illərində Mirzə İbrahimov Maarif naziri idi. Deyilən həqiqətə görə bir dəfə Səməd Vurğunu Mərkəzi Komitəyə çağırırlar. “Kişi” ona deyir:
- Mirzə İbrahimov haqqında mənfi rəy yaz.
Səməd Vurğun:
- Mən belə bir rəy yaza bilmərəm,- deyir, - çünki mən Mirzəni xalq işinə çox lazımlı, müsbət bir şəxsiyyət kimi tanıyıram”.
Başqa bir xatirəni isə yazıçı Vidadi Babanlı nəql edir:
“Bir gün Vurğunla Fadeyev hardasa yeyib-içib hallanandan sonra Puşkin meydanından “Tverskoy” bulvarı ilə üzü aşağı gedirmişlər. Qəflətən arxadan kimsə Səmədi çağırır. Səməd əvvəlcə fikir vermir. Arxadan bir də çağırırlar, Səməd dönüb baxır ki, Mir Cəfərdir. Tez qayıdıb görüşürlər. Bağırov soruşur ki, Bakıya nə vaxt qayıdacaqsan? Səmədin qayıtmaq fikri olmasa da karıxdığından cavab verir ki, sabah. Mir Cəfər deyir, lap yaxşı oldu, bir yerdə, mənim vaqonumda gedərik. Ertəsi gün vaqonda yaxşı yeyib-içəndən sonra Səməd bir az hallanır.
- Səməd, bilirsən mən səni nə qədər çox istəyirəm? – Mir Cəfər deyir.
Vurğun deyir:
- Bilirəm, Mir Cəfər Abbasoviç, məni oğlunuz qədər istəyirsiniz.
Mir Cəfər: - Yox, oğlumdan çox istəyirəm, -deyir, - Səməd, ürəyində həyata keçməyən arzun varmı, de, bəlkə mən o arzunu yerinə yetirə bildim.
Vurğun da sadəlövh adam, həm də ki, keflənib. Dilindən çıxarır ki, bəs Mikayıl Müşfiq çox cavan, istedadlı şair idi, onu günahsız tutdular, bəlkə onun buraxılmasına kömək edəsiniz? Mir Cəfər onun sözünü kəsir, əsəbiliklə qayıdır ki, necə, sən nə danışırsan?
Səməd çəkinsə də özünü toplayıb Müşfiqin şeirlərindən bir neçə bənd deyir, sonra da soruşur ki, yoldaş Bağırov, bu şeirlərdə antisovet ruhlu nə var axı? Mir Cəfər bir az fikrə gedir.
- Sən məni inandırdın, Bakıya qayıdan kimi bu işlə məşğul olaram, Müşfiqi axtarıb tapdıraram.
Onda Səmədgil Müşfiqin çoxdan güllələndiyini bilmirlərmiş.
Bu hadisədən bir həftə sonra Mərkəzi Komitədə partiya fəallarının yığıncağında tribunada çıxış edən Bağırov birdən üzünü zala tutub qəzəbli tonda deyir:
“Yoldaşlar! Biz bəzi adamlara həddən artıq inanıb, irəli çəkmişik, onlara hər cür şərait yaratmışıq. Amma sən demə, onların ürəyində, beynində Sovet hökumətinə, sosialist quruluşuna qarşı nifrət var”. Sonra barmağını Səmədə tuşlayır: “Vot odin iz nix – qospodin Samed Vurqun Vekilov! Na dnyax on prosil menya osvobodit yaroqo vraqa naşeqo naroda Mikaila Muşfiqa!”
Yalnız bundan sonra Səməd də, yerdə qalanlar da başa düşürlər ki, Bağırovun S. Vurğunu öz vaqonuna dəvət etməkdə məqsədi şairdən söz almaq olub”.
Səməd Vurğunun Mir Cəfərdən Müşfiq xahişi
10 noyabr 2014
12:59
4414 dəfə oxunub
Müəllifin son yazıları
Şuşada oxuyan ruh - Onun ən böyük arzusu nə idi?
09:24
25 dekabr 2024
4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."
09:05
23 dekabr 2024
"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?
17:00
16 dekabr 2024