Bu günlərdə Azərbaycan Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın "Dantenin yubileyi" əsərinin əsasında, Sankt-Peterburqda yaşayan rejissor Ərşad Ələkbərovun quruluş verdiyi eyniadlı tamaşaya baxdım.
Açığı, mən tamaşanı bəyəndim. Üstəlik, Ərşad Ələkbərovun "Kəbirlinski"si mənə Həsənağa Turabovun canlandırdığı Kəbirlinskidən daha doğma, daha canlı gəldi.
Əmma...
Filmlə tamaşanı müqayisə etmək, yaxud Anarla Ərşad bəyin obrazlarını dalaşdırmaq niyyətim yoxdur. Başqa şey deyirəm.
Deyirəm ki, 1960-cı illərdə yazılmış əsəri 2023-cü ildə səhnələşdirmək nə teatrın uğurudur, nə də rejissorun.
Məndən ötrü bu nənəmköhnəliyi diri saxlayan elə əsərin gücüdür.
"Dantenin yubileyi", əlbəttə, Anarın ən yaxşı əsərlərindən biridir, fəqət haman əsəri ədəbi çərçivədən çıxarıb 63 ildən sonra səhnəyə qoymaq, - özü də o əsər ki, o əsərin motivləri əsasında 1978-ci ildə film çəkilib, yəni əsər bir dəfə "səhnələşdirilib", yəni əsərin səhnə versiyası üçün alternativ var. - milli səhnə adına, teatr adına biabırçılıqdır.
"Dante" 1960-larda doğulub, 1978-ci ildə ölüb. Rejissorun əli dəydiyi gün əsər ölür...
Düzdür, əsərin vizual həlli də bir o qədər uğurlu deyil, fəqət 1978-ci ili, o illərin estetikasını xatırlasaq, demək olar ki, bir o qədər də pis deyil.
Rusiyada yaşayan, dünya görmüş, intellektual rejissor gərək ölü temanı 63 ildən sonra səhnəyə çıxarmazdı.
Günümüzlə səsləşən, aktual, müasir mövzuları qrimləmək, obrazlaşdırmaq lazımdır.
Nə qədər Mirzə Fətəli, Mirzə Cəlil, Haqverdiyev, Cəfər Cabbarlı, Elçin, Anar olar...
Məncə, Anar özü də bu tamaşanı bəyənməyib. Ancaq, onun arqumentləri tamamilə fərqlidir. O, sadəcə, yeniliyin, yeni şərhin tərəfdarı deyil. Mən belə başa düşdüm ki, Anar Ərşad Ələkbərovun şərhini bəyənməyib. Ona görə də xəyali müsahibə hazırlayıb, rejissorla məzələnib.
Ömər Xəyyam
Kulis.az Xalq yazıçısı Anarın stenoqram əsasında qələmə aldığı "Üç badam" saytının əməkdaşı Ofelya Hamletqızının məşhur ingilis rejissoru Gen Bolla müsahibəsini təqdim edir.
Ofelya Hamletqızı: Hörmətli mister Gen Bol, bizə müsahibə verməyə razılaşdığınız üçün Sizə saytımız adından təşəkkür edirəm. Mən saytın əməkdaşı Ofelya Hamlet qızıyam.
Gen BoL: Oho nə Şekspirə uyğun adınız var. İngiliscəniz də mükəmməldir.
O.H: Babam Şekspirin fanatı idi. Əlbəttə ənənəvi, konservativ Şekspirin. Odur ki, atamın adını Hamlet, nəvələrinin, yəni mənim adımı Ofelya, qardaşımın adını Laert qoymuşdu.
Hamımız ingilis məktəbini bitirmişik.
G.B: Nə gözəl... Şadam ki, belə uzaq coğrafi məkanda da aborigenlər Şekspiri tanıyır və sevirlər. Həm də gözəl ingiliscə danışırlar.
O.H: Amma hörmətli Gen Bol, Sizin qurduğunuz "Otello" tamaşası çoxlarını şoka saldı. Odur ki, səhnəsevərləri maraqlandıran suallara cavab vermənizi xahiş edirəm: Niyə məhz Şekspiri və niyə məhz Bakını seçdiniz?
G.B. Mən ingilis rejissoruyam və təbii ki, böyük həmvətənimlə fəxr edirəm. Onu dünyada daha çox tanıtmağa çalışıram. İngiltərədə Şekspiri yetərincə tanıyırlar, istərdim onu ən müxtəlif ekzotik yerlərdə də tanısınlar. Məsələn, Sizin ölkədə.
O.H: Ərz edim ki, bizim ölkədə Şekspiri yaxşı tanıyırlar.
G.B: Bəli, tanıyırlarmış, amma ənənəvi Şekspiri tanıyırlarmış. Mən Sizin səhnəsevərlərə tamamilə yeni Şekspiri təqdim etmək istədim. Sizin şəhəri seçməyimsə, onunla bağlıdır ki, gözümü yumub əlimi qoydum dünya xəritəsinə. Gözümü açanda gördüm ki, sizin şəhəri seçmişəm.
O.H: Nə gözəl. Bəxtimiz gətirib. Amma Siz bizimçün tamamilə gözlənilməz olan başqa bir "Otello" quruluşu vermisiniz.
G.B: Bəli, Şekspirin ənənəvi yozulmalarının zamanı keçib. Böyük dramaturqu tamamilə yeni rakursdan, yeni bucaqdan, zamanın tələblərinə uyğun təqdim etmək lazımdır. Odur ki, mən Şekspirin bütün məşhur faciələrini komediya janrında, burlesk, balaqan janrında qururam.
O.H: Niyə?
G.B: Bu saat izah edim. Sizin, rusların məşhur bir rejissoru var - Stanislavski
O.H: Biz rus deyilik, azərbaycanlıyıq.
G.B: Eləmi? Biz İngiltərədə elə bilirik ki əsgi Sovet Birliyində yaşayanların hamısı rusdur. Üzr istəyirəm. Nə isə... Stanislavski deyib ki, teatr qarderobdan başlayır. Tamamilə yanlış fikirdir.
O.H: Niyə?
G.B: Ona görə ki, eyni məntiqlə "teatr tualetdən, yaxud bufetdən başlanır" demək olardı. Tamaşaya erkən gələnlər tualetə gedə bilərlər, yaxud fasilələrdə bufetə baş çəkə bilərlər. Yox, teatr kassadan başlanır.
O.H: Kassadan?
G.B: Bəli, kassadan. Əgər kassa qarşısında uzun bir növbə yoxdursa, bu tamaşa kimə gərəkdir? Kassa qarşısında növbə isə o zaman yaranır ki, tamaşaçı teatra əylənməyə gəlir.
O.H: Əylənməyə?
G.B: Bəli, əylənməyə. Təsirlənmək istəyirsə, kitabxanaya getsin, sentimental romanlar oxusun, siyasətlə maraqlanırsa, televizorda son xəbərlərə baxsın. Televiziya demişkən, ekranlardan o qədər neqativ axır ki, baxanlar bunlardan bezir. Bəs bir az əylənməkçün, başını qatmaqçün, kef çəkməkçün hara getsin? Əlbəttə teatra. Biz tamaşaçının bu istəyinə əməl etməliyik, Mənim devizim: Teatr kassadan başlanır.
O.H: Ona görə də siz Şekspirin faciələrini komediya kimi yozursunuz.
G.B: Bəli, Şekspirin faciə saydıqları əsərlər əslində komediyalardır. Özü də fikir verin, mən quruluşlarımda Şekspirin bir sözünü də dəyişmirəm, Şekspirin mətninə tam riayət edərək onu müasirləşdirirəm, günümüzdə aktual olan məsələlərə uyğunlaşdırıram.
Hətta remarkalarını da replika kimi verirəm.
O.H: Bəli, buna diqqət etdim. Məsələn, Otellonu oynayan aktyor deyir: Otello səhnəyə gəlir. Yaxud Yaqonu oynayan aktyor deyir: Yaqo gedir.
G.B: Bəli, bunu mən icad etmişəm, amma məsələ bunda deyil. Daha vacib odur ki, mən Otellonu ənənəvi təqdimatdan çıxarıram. Şekspir harda, haçan yazıb ki, Otello zəncidir, yəni qara dərilidir. Şekspirdə Otello - ərəbdir. Ərəblərin isə doxsan faizi sizin və mənim kimi ağdərilidirlər. 4 yüz ildir günahsız arvadını boğub öldürən Otellonu qaradərili kimi biabır edərək biz afrikalı qardaşlarımızın qəlbinə dəymişik. Onları alçaltmışıq. Mənim tamaşamda gördüyünüz kimi, Otello ağappaqdır. Bu - bir növ biz ingilislərin, həmçinin bizdən törəyən amerikalıların afro-amerikalı qardaşlarımız qarşısında üzrxahlığımızdır.
O.H: Yeri gəlmişkən, Otellonu ifa edən aktyor mənim uşaqlıq dostumdur. Bir məhlədə böyümüşük, bir məktəbdə oxumuşuq. Amma heç bilmirdim ki o, belə gözəl tvist oynaya bilir. Dezdemonanı öldürmək səhnəsində oynadığı tvistə bayıldım, hətta intim hisslər keçirdim. Bir sual da verim, səhnəni başdan-başa böyük bir hovuz tutur, hovuzun içində də qandola. Bu, Venetsiyaya işarədirmi? Axı hadisələr Venetsiyada başlanır.
G.B: Tək Venetsiyanın yox, həm də Aralıq dənizinin məkanıdır bu hovuz. Axı sonrakı hadisələr Kipr adasında baş verir, yəni Aralıq dənizində.
O.H: Elə ilk səhnədən tamaşa orijinallığı ilə seçilir. Hovuzda çimən bikinili bir topa qız. Hovuzun qırağında özlərini günə verirlər...
G.B: (sözünü kəsərək) Hovuzun qırağında yox, çimərlikdə...
O.H: Çimərlik olsun, tarın müşayiətiylə Beseme muçe mahnısını oxumaları necə gözəl tapıntıdır. Bəs o qandola nəyin rəmzidir?
G.B: Həyatın, insanlar həyatda da sanki harasa üzürlər.
O.H: Necə dərin bir obraz, məncə, bu narrativ ambuvalentliyin konseptual diskursudur.
G.B: (bir an tutulur) Yes... Bəli. Tamamilə düz buyurursunuz.
O.H: Otellonun, Yaqonun, Dezdemonanın, Emilyanın, Kassionun gah qandolaya minib mahnı oxumaları, gah hovuzda üzmək yarışına çıxmaları, gah vaterpol oynamaları həyatın rəngarəngliyinə işarədir, deyilmi? Və yenə də bu konseptual diskursun narrativ ambivelentliyinin rəmzidir
G.B: (bu dəfə daha əmin) Necə də doğru şərh edirsiniz. Siz ki, belə peşəkarlıqla tamaşanı təhlil edirsiniz, yəqin ordakı bir məsələni də - günümüzçün çox aktual olan bir meyli də sezmisiniz. Qeyri-ənənəvi seksual orientasiya məsələsini nəzərdə tuturam.
O.H: (karıxır) Bəli... əlbəttə... amma
G.B: Diqqət etdinizmi hovuzda çimərkən Yaqo Kassioya, Emilya da Dezdemonaya necə şəhvətlə baxırlar?
O.H: Əlbəttə, bu, Şekspirdə olmasa da, müasirlik baxımından çox aktual məsələdir.
G.B: Bağışlayın, necə yəni Şekspirdə olmasa da? Axı dedim ki, mən Şekspirin mətnində olmayan bir məqamı da özümdən uydurmuram. "Otello" əsəriylə şübhəsiz tanışsınız, orda Yaqo Otelloya Kassioyla yatdığını danışarkən bunun ayrı mənası yoxdur ki. Bu, Yaqonun gizli homoseksuallığının aydın ifadəsidir. Elə Kassionu Otelloya, Emilyanı da Dezdemonaya qısqandığı üçün bütün bu oyunu qurur Yaqo.
O.H: Tamaşanın finalı da çox gözlənilməzdir .Otello əvvəlcə Dezdenmonanı boğub hovuza... bağışlayın, dənizə atır. Amma birdən o dəsmalın öz cibində olduğunu görüb tez arvadını sudan çıxarır, Dezdemona bir az öysürüb özünə gəlir. Senatın qərarıyla Yaqo da, Emilya da əməliyyat edib cinslərini dəyişirlər və bir-biriylə yenidən evlənirlər. Emilya erkək, Yaqo qadın kimi. Dezdemona da Otelloyda kilsədə bağladığı nigahlarını Otellonun dininə hörmət əlaməti olaraq kəbinlə təsdiqləyirlər.
G.B: Heyranam sizə. Nə qədər dəqiq təhlil edirsiz.
O.H: Final da çox təsirlidir. Bütün iştirakçılar və bikinili qızlar bir yerdə "Çao Çao bombina" mahnısını ifa edirlər.
G.B: Bəlkə müsahibədən başqa tamaşa barədə bir məqalə də yazasız? Görürəm ki, tamaşanı çox bəyənmisiniz.
O.H: Mütləq yazaram.
G.B: Amma narrativ ambivalentliyi də unutmayın, çox müdrik səslənir.
Müsahibəni stenoqram əsasında qələmə aldı: ANAR