Nə Səxavət Məmmədov muğam oxuya bilirdi, nə də Könül Xasıyeva - Muğamatı gözdən salanlar, yaxud markamaniya

Nə Səxavət Məmmədov muğam oxuya bilirdi, nə də Könül Xasıyeva - Muğamatı gözdən salanlar, yaxud markamaniya
24 oktyabr 2023
# 12:00

Kulis.az Ömər Xəyyamın “Markamaniya” adlı yeni yazısını təqdim edir.


Allah sintezator çıxardanın evini yıxsın
(ləzgi atalar sözü)

Başlığa görə əsəbiləşməyin. Təmkinli olun, hövsələynən oxuyun.

Şərqin səs sistemini rəndələyən, yerbəyer eləyən, “sistemçilik” məktəbinin yaradıcısı, tabulaturanın banisi, “Kitab əl-ədvar fil əlmil-musiqi” kitabının müəllifi Səfiəddin Urməvini “Şərqin Zarlinosu” adlandıran Avstriya musiqişünas-tarixçisi Rafael Kizevetterin musiqi qeydlərini rus dilindən Üzeyir bəy tərcümə edib.

Məsələn, məlum olur ki, monoxordu icad eləyən şərqlilərin tənburu zamanla bandura, Nizaminin bəhs etdiyi ərğanun – özü də, ərğanun cənglə çalınırdı. Yəni ərğanunun təzanəsi cəng idi. – kanona, (bizdə qanon/qanun), əl-ud, yaxud ud Almaniyada laota, İspaniyada laoda, çəng arfaya, fidola əvvəl vialoya, zamanla vialona çevrilib.

Üstəlik, Avropada çalınan zərb alətlərinin əcdadı ərəb mənşəlidir.

Məsələn, gitaranın ana babası rud haqqında Nizami də yazıb, Marağayi də.
Rud (rudə) fars dilində “bağırsaq” deməkdir. Rudun simləri bağırsaqdan hazırlanırdı.

Qərb intellektual, akademik musiqisinin tarixi, alətləri haqqında xeyli məlumat var. Oxusanız, Şərq musiqsinin mahiyyətindən, xarakterindən agah olarsınız.

Şərqdə təkmil musiqi kitabları yazılırdı: Səfiəddin Urməvinin “Kitab əl-ədvar fil əlmil-musiqi”, Xəlilin “Kitabi-əlhan”ı, Əlkəndinin “Musiqi təsnifi”, Əhməd ibn Məhəmmədin “Kitabi-kəbir və kitabi-səğir”.

Qeyd edim ki, Səfiəddin Urməvinin əsərinin "Osmaniyə" kitabxanasından əldə edilmiş fotosurəti (inv. № 535) Memarlıq və İncəsənət İnstitutundadır.

İbn-ül-Heyzüm musiqinin heyvanlara təsiri haqqında kitab yazanda Avropada hələ bu barədə söz-söhbət yox idi.

Qədim Yunanıstanda - ki, Yunanıstan mahiyyət etibarilə şərqidir, Şərqdir, - Dionisian şənliklərdə - Rasional düşüncə, nizam-intizam tanrısı Letonun oğlu Apollon məntiqə, tədbirliliyə, saflığa üstünlük verirdi. (Apollonik konsepsiya).
Semelin oğlu Dionis isə şərab/rəqs tanrısı, irrasionallıq, xaos, ehtiras, duyğu və instinktləri təcəssüm etdirir (Dionisian konsepsiya)
.
- şəraba, qələbəyə həsr olunmuş qəsidələrin, marşların müəllifi şair/musiqiçi, xor lirikasının klassiki Pindarın nəğmələri əsasında (təxminən eramızdan əvvəl 600-cü il) ifa olunan ditiramblar zamanla təkmilləşdi, Pifaqorun redaktə etdiyi səhnə mədəniyyətinin, tamaşa ənənəsinin - teatrın tərkib hissəsinə çevrildi; bir növ, faciə - dram, rəqs və musiqini birləşdirdi.

Faciələrin müəllifləri — Esxil, Sofokl, Evripid də qədim yunan lirik şairləri kimi eyni zamanda musiqi yaradırdılar. Məsələn, Evripid öz əsərlərində xor hissələrinin təqdimatını məhdudlaşdırdı, əsas diqqəti solo hissələrinə yönəltdi.

Orta əsrlər musiqisi təxminən eramızın V əsrindən 14-cü əsrinə qədər olan bir dövrü əhatə edən musiqi mədəniyyətinin inkişaf dövrüdür.

Fəqət ərəb/fars ziddiyyəti musiqinin təkmilləşməsinə, musiqi alətlərinin inkişafına, yeni alətlərin icadına zəmin yaratdı.

Və zamanla Avropaya köçürüldü, daha da inkişaf etdi. Bugünkü Qərb alətləri haman eynilə ərəblərdə varmış, fəqət o qədər kamil deyilmiş.

Fransada ilk bəstəkarlıq (yaradıcılıq) məktəbi (Leonin, Perotin) 12-ci əsrdə, Notr-Dam kilsəsində formalaşdı.
İntibah dövrünün başlanğıcında monofoniya polifoniya ilə əvəzləndi, musiqi tədricən praktik funksiyalardan (kilsə ayinlərinə xidmətdən) azad olmağa başladı.

****

Avropadakı diatonik qamma ərəblərin qamması ilə eynidir. Ki, ərəb qamması da qədim yunan qammasıyla əkizdir.

Üzeyir bəy Razmadzenin “Musiqi tarixi” kitabından tərcümə edir: "Ərəblərin oktavı 17 hissəyə təqsim olunur ki, hər hissəsi bir bütün notun üçdən bir hissəsidir (avropalılarda bir oktav 12 hissədir və hər hissəsi bütün tonun yarısıdır). Ona binaən ərəb oktavı boylə olur:

Do Si bemol Lya Sol Fa Mi Re Do

1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1
3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3
17 16 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1


Avropada “Mi” ilə “Fa”, “Lya” ilə “Si bemolun” araları yarım ton olduğu halda, ərəblərdə üçdə bir tondur.
Hissələrin ümumisi qırx ədəd imiş ki, iki oktav və altı hissə edir. 17+17+6 = 40. yəni qırx pərdə varmış. Pərdələrin adları ya ərəbcə əbcəd hesabı ilə, məsələn: əlif, bey, cim, dal, hey, vav, zay və ya farsca ədədlər ilə: yek-do, se, çahar, pənc, şeş, həft adlanırmış; cərgə ilə düzülmüş olan pərdələrdən əmələ gələn qammalara muğamat deyirmişlər.

Baş muğamlar on iki ədəd hesab olunurmuş. Baş muğamlardan əlavə bir də “Təbəqə” deyilən xırda muğamlar varmış ki, yunanilərdə dəxi boylə bir təqsimat mövcud imiş.

Beləliklə, qammın bir hissəsindən 7 və digər böyük hissəsindən 12 növ dəyişikliklər hasil etməklə 7 kərə 12-dən ibarət olan 84 növ muğam əmələ gəlirmiş.


Baş muğamlar bunlar imiş: 1) Üşşaq, 2) Nəva, 3) Busəlik, 4) Rast, 5) Əraq, 6) İsfahan, 7) Rahavi, 8) Büzürk, 9) Zirəfkənd, 10) Zəngulə, 11) Hüseyni və 12) Hicaz.


Bu baş muğamlardan əlavə altı ədəd “Avaz” varmış. O da bunlardır: 1) Şahnaz, 2) Mayə, 3) Səlmək, 4) Novruz, 5) Gərdaniyə və 6) Guvəşt..

Bilümum, ərəblərdə 12 muğam, 6 avaz, 32 növ ud, 12 növ qanun, 14 növ kamança, 28 növ nay, 22 növ qaboy, 8 növ nəfir və bir çox dəf və dünbəklər varmış ki, heç bir millətdə o zaman bu qədər musiqi aləti yox imiş."

Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaşı da çox qədimdir.

Əsasən, saray məclislərində istifadə olunan zərif/incə səsli çəngin ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir.

Misirlilərə də bu alət Şumerdən gəlib. Qədim şumerlilərin çəngləri bütlərə uyğun idi: qövsvari, bucaqvari və ya üfüqi uzunsov çanglər.
Şərq əfsanələrində bu alətin ilahi qüvvə tərəfindən yaradıldığı deyilir. Hətta onu "Müqəddəs mələk" də adlandırırdılar.
İlk cəngin 6-9 simli olduğu məlumdur. Mülahizələrə görə, çəng ox və yay ovçuluq silahının törəməsidir. Çəngin üzünə dəri çəkilir və ona sim əvəzinə sap bağlanılır ki, onlara da pərdələr deyilir.

Yazılı mənbələrdə çəng haqqında xeyli məlumat var, miniatür sənət əsərlərində təsvir edilib. Üstəlik, Nizami Gəncəvi "Yeddi gözəl" poemasında çəngdən, onun səsindən yazıb.

Əlbəttə, bir gün pianonun əcdadı, Şərqin min illərdir yol gələn “oxu” sintetik təfəkkürlü avropalı gənclərin parıltılı, fışfışalı “azadlığını” imitasiya edən alçaldılmışlar və sındırılmışların ürəyinə sancılacaq!


****


Məlum, muğam yaşca İslamdan böyükdür.

İslam dininəcən zənguləli oxu meditativ məlhəm idi.

Musiqi ki əvvəlcədən vardı, şərqli aydınlar mədə/qarın çakrasını açmaqdan ötrü, özlərindən təmizlənməkdən ötrü haman mızıltıların gözünə "ha", "hı", "eh", "ih" səslərini də qatırdılar.

Necə ki zamanla "hu" kriyanın ümumiləşmiş səsinə çevrildi, eləcə zənguləli mızıltılar da çeşnələndi, çeşidləndi.

Düzdür, muğam bizdə təkmilləşib, özünü aşıb, fəqət bu janr ibtidai formada Türkiyədə, Hindistanda, Ərəbistanda, Monqolustanda da var.

İş elə gətirib ki, musiqini qanmayan, nəğməsi olmayan adamdan ötrü muğam nənəmköhnəlikdir, gerilikdir, üstəlik, bu janr sızlamağın, yalvarışın nəğməsidir, ağlaşmadır.

İş ki belədir, birminci səbəbi muğamın yanlış təqdimatındadır.

Bəzən muğam “ana laylası”, “azan səsi” kimi təqdim olunur, bəzən elə danışırlar ki, deyərsən, bu janrı biz icad eləmişik. Belənçi boşboğazlıq eləyənlər var, düzdür.

Muğam janrının Azərbaycan versiyası hazırda bizim dünyaya çıxara biləcəyimiz yeganə sənət növüdür!

Mənə elənçi vəzifə versələr, dövlət səviyyəsində imkan yaratsalar, mən muğamla, seçdiyim xanəndələrlə, hazırladığım proqramla, peşəkar tərtibat nümunələriynən beynəlxalq səhnələrdə oyun çıxara bilərəm.

Muğamın mahiyyətini dəyişiblər, daha doğrusu, anasını ağladıblar.

Məsələn, Könül Xasıyeva muğam oxumur. Eləcə toylar üçün, el şənliklərini yola vermək üçün, muğamın mahiyyətini qanmayanlar üçün nəsə eləyir, fəqət onun elədiyi hər nədirsə, muğam deyil. "Ata" muğamı, "qardaş" segahı... O necə zəngulələrdir axı... Hələ rəhmətlik Səxavətin zəngulələri... - Manafın yalvarışları... Muğamı urvatdan salırlar, təəssüf ki...

Bu janrın mahiyyəti məhz budur: eşq və xatırlamaq, xatırlayıb özündən arınmaq, heçkimliyini dəfələrlə təkrar qılmaq.

Gəl ki, ata üçün, qardaş üçün, vətən üçün ağlamaq deyil ha bu ağlamaq.

Mən muğam haqda ağız əyənlərin dinlədiklərini də dinləmişəm... Yuxarıda tarixini də qeyd etmişəm.

Şərqli olmaq, şərqli görünmək fobiyasından qurtulmaq gərək!

Gərək bizi mədəni müstəvidə qısnayan qərbin parıltısına yenilməyək!

Başa düşürəm, biz qərbli gənclərin sintetik səs-küyünün, fəstfud dingiltilərinin, dıptıslarının, baslarının “azadlığını” imitasiya edirik ki, alçaldılmış və təhqir edilmiş eqomuz yemlənsin, özümüzə yadlaşıb xumarlanırıq ki, özümüzü unudaq.

Fəqət markamaniya öldürür!
Markamaniya – yadlaşmanın, mədəni toqquşmanın təsirilə yaranmış mənəvi infeksiyadır.

Qərbdən daha çox qərb olmaq istəyirsiniz, nədir?

Muğam bizim sənət müstəvisindəki kimliyimizdir, identifikasiyamızdır.

Əlbəttə, mən kimliyimiz deyəndə, Almazxanın "ata" muğamını nəzərdə tutmuram.

Bu janrı aşağılamaqla özümüzü aşağılayırıq, kimliyimizi aşağılayırıq.

Muğamı, kostyumdan, qalstukdan çıxarmaqla, müqəddəs üçlükdən xilas edibən, sintezatordan uzaq tutuban nəhəng işlər görmək olar.

Əmin olun, qərbdə olsun, Amerikada olsun, - belənçi texnika yoxdur!

# 15524 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #