“Hamı mənim səhnədə büdrəməyimi gözləyirdi” - MÜSAHİBƏ

“Hamı mənim səhnədə büdrəməyimi gözləyirdi” - <span style="color:red;">MÜSAHİBƏ
22 dekabr 2016
# 17:12

Kulis.az aktirsa Xatirə Süleymanovanın “525-ci qəzet”ə müsahibəsini təqdim edir.

- Bir türk rejissoru “kino rəsmdir, teatr dialoq” - deyib. Siz necə müqayisə edərdiniz?

- Əslində Türkiyədə gözəl rejissorlar olduğu üçün onların dedikləri ilə razılaşmaya bilmərəm, amma mənim fikrimcə teatr insanı insana insanla göstərən sənətdir. Həm kinonu, həm də teatrı bu cür qiymətləndirərdim. Kinoya baxmaq üçün böyük bir auditoriya kütləsi oturub, özlərini başqa insanın simasında izləyirlər. Əslində özləri-özlərinə baxır. Həyatda yaşadığımız böyük sarsıntılar var ki, onu öz başımıza gələcək kimi yaşayırıq. Sonra da bir filmə baxanda bu səhnəni yaşadığını deyirsən.

- Səhv etmirəmsə ixtisasınız musiqi üzrədir. Sizi aktyorluğa gətirən səbəb nə oldu?

- Musiqi təhsilim var, ancaq özüm İncəsənət və Mədəniyyət Universitetinin rejissor və aktyor ixtisası üzrə təhsil almışam. Ailə üzvündə beş uşaq olmuşuq. Hamımız musiqi təhsili almışıq. Evimizin yanında musiqi məktəbi vardı. Biz Qarabağlıyıq. Anamın atası müharibədən qayıtmayıb. Anam evin bircə qızı olub. Həyata keçirə bilmədiyi arzularını bizə keçirdi. Hamımıza təhsil verdi, hamımıza iki-iki diplom verməyə nail oldu. İlk olaraq musiqidə kamança ifa etmək istəyirdim. Anam dedi ki, əşi o nədi ciy-ciy edir. Ən yaxşısı qarmondu. Mən də hər gün qarmona gedirdim amma hər gün piano ifa edirdim. Sevirdim pianonu. Bacım pianist idi, evdə olmayan günlərdə onun pianosuna cumurdum. Sovet vaxtı belə bir rejim vardı ki, saat doqquzdan sonra evlərdə səs-küy olmazdı. Qonşuları narahat etmək qadağan idi. Bacım kimi pianoda ifa edə bilməsəm də pianoya sevgim çox böyük idi. Musiqini bilmirəm Qarabağlı olduğum üçün sevirdim, yoxsa elə gözümüzü açandan evimizin yanında böyük bir incəsənət məktəbi vardı ona görə. Təzə tikilmiş, möhtəşəm bina idi. Hamımız həvəsə düşmüşdük ki, orda oxuyaq. Ordan musiqi səsi gələndə elə bilirdik ki, sehirli bir aləmə düşürük.

Orta məktəb illərindən səhnəyə çıxırdım. Qarmonda da ifa edirdim, mahnı da oxuyurdum, rəqs də edirdim. Kiçik səhnələrdə yer alırdım. Xırda-xırda tamaşalarda oynayırdıq. Hələ böyük tamaşalar oynamaq iqtidarında deyildik.

Qəbul olunduğum illərdə də tamaşalarda oynayırdım. Sənət müəllimimiz Ələmdar Quluzadə idi. Allah ona rəhmət eləsin. Qocaman bir rejissor idi. O həmişə mənə deyirdi ki, gözəl rejissor olacaqsan amma tənbəlsən. Səni mütləq nəyəsə vadar eləmək lazımıdr. Elə bil güclü bir əl lazımdır ki, kürəyindən vursun səni, irəli itələsin, gedəsən rejissor olasan.

Doğurdan tənbəllik qanımda vardı. Universitet illərində də son diplom işimi müvəffəqiyyətlə bitirdim.

- Uşaqlığınız necə keçib?

- Çox xoşbəxt. Kaş o illər olardı. Uşaqlığım Sumqayıt şəhərində keçib. Ancaq Ağdamda dünyaya gəlmişəm. Anam, atam yay tətilində olarkən, orda doğulmuşam. Sonra iki-üç gün keçəndən sonra qeydiyyatım Sumqayıta düşüb. Hərdən fikirləşirəm ki, pasportumda doğum yerim Ağdam yazılardı. Çünki Ağdam adı gələndə nostalji hisslər keçirdirəm. Uşaqlığım, kəndimiz yadıma düşür. Cənnət məkanlarımızda yay tətilini keçirdirdim. Sumqayıta gəlmək istəmirdim, ora mənə yad görünürdü. Çünki nəslimiz, kökümüz hamısı kənddə idi. Mənə ora doğma gəlir.

Xuliqan uşaq olmuşam. Həyətə düşən kimi qonşunun oğlan uşaqlarını döyürdüm. (gülür) Qonşular şikayətə gəlirdilər. Qızlarla dostluq edirdim, yanımıza gələn oğlanları döyürdüm ki, qız büvüsən ki, bizim yanımıza gəlirsən. Bir şey olsa da qardaşlarıma güvənirdim. (gülür)

Yaxşı ailəmiz olub. Varlı olmamışıq. Atam o vaxtlar briqadir vəzifəsini icra edirdi. Atam çətin islah olan insanların üzərində briqadir idi. Ən çox həbs yaşamış adamları atama verirdilər ki, bunların öhdəsindən ancaq o gələr. Çox ötkəm adam idi.

Sovet dövrünə görə çox xoşbəxt uşaqlığım olub. Hamımız təhsil almışıq, hər şeyimiz olub.

- Bölgə teatrları ilə paytaxt teatrlarının fərqi nədir?

- Lənkəran teatrında olmuşuq, qastrolda. “Qarağaclar altında məhəbbət” tamaşasında baş rolu ifa etmişdim.

Paytaxtda tamaşaçı kütləsi çoxdu. Bu danılmaz faktdır. Ancaq Sumqayıtın teatrında tamaşaçı qıtlığı olmayıb. Yəni, Allah eləməmiş biz boş zala oynamışıq, elə şey baş verməyib. Həmişə tamaşaçılarımız olub. Sadəcə olaraq tamaşaya ən çox gələnlər uşaqlar olub. Elə olurdu ki, bir biletə uşağın valideynləri də gəlirdi. Biz onlara başa salırdıq ki, olmaz da axı uşaqlar üçündü yer. Yox biz də baxmaq istəyirik deyirdilər. Pərdələr bağlanırdı valideynlər hələ də getmək bilmirdilər.

Sumqayıt teatrı həmişə Bakı teatrları üçün tramplin olub. Böyük aktyorlarımızın əksəriyyəti Sumqayıt Dram Teatrından çıxıb.

- İlk səhnə həyəcanınızı necə xatırlayırsınız?

- Mən universiteti bitirəndən sonra Uşaq və Yeniyetmələrin Yaradıcılıq mərkəzində incəsənət şöbəsinin müdiri vəzifəsində çalışırdım. Məni Sumqayıt Dram Teatrına oranın baş rejissoru Firudin Məhərrəmov dəvət etdi, mənə baş rolda oynamağı təklif etdi. Bu elə o vaxt teatrda səs-küyə səbəb oldu. Mən isə, öz növbəmdə, Firudin müəllimin bütün rejissorluq əməyinin nəticəsində rolumun öhdəsindən bacarıqla gəldim. Bu rol Judjin Onilin "Qarağaclar altında məhəbbət" əsərində baş rol olan Abba idi.

İlk olaraq sevindim, fors elədim ki, mənə baş rol verilib. Sevinirdim ki, əsərdə yeganə qadın mənəm. Teatrda böyük bir ajiotaj yaranmışdı ki, küçədən keçəni gətirmisən, üstəlik baş rol vermisən. Hamıya diplomumu göstərirdim ki, mən küçədən keçən deyiləm. Mən İncəsənət və Mədəniyyət universitetini bitirmişəm.

Ölürdüm həyəcandan. Tamaşaya 10-15 dəqiqə qala mən özümdə deyildim. Əlim, ayağım əsirdi. Rolu oynadım, amma necə oynadımsa özümü hiss eləmirdim. Heç bir səhv də etmədim. Çox böyük bir şey idi ki, xalq artisti Məzahir Süleymanovla tərəf müqabili idim. O mənim ərimi oynayırdı. Qoca bir kişi olur, məni alıb gətirir evinə, mən də onun oğluna aşiq oluram. Hamı mənim səhnədə büdrəməyimi gözləyirdi. Çox böyük gözləntiləri vardı. Çünki teatrın direktoru mənə üç aylıq sınaq müddəti vermişdi. öhdəsindən gələ bilməsəm teatrdan uzaqlaşacaqdım. Ancaq Allahıma çox şükürlər olsun bu işin öhdəsindən gəldim. Səhnədə qazandığım uğurlara görə Firudin bəyə minnət borcluyam.

- Son vaxtlar teatrlarda gedən intriqalardan xəbəriniz varmı?

- İzləyirəm əlbəttə. Sosial şəbəkələrdən, müəyyən saytlardan xəbərdar oluram. Mən düşünürəm ki, əlbəttə heç kimin haqqına girə bilmərəm, bilmədiyim şeyi danışa bilmərəm. Özümdən danışa bilərəm ancaq. Mən maşallah 12 ildən çoxdur ki, teatrda işləyirəm. Olub, məsələn, Firudin müəllimə demişəm, mən oynaya bilmirəm. Deyib ki, canın çıxacaq, oynayacaqsan. Ən böyük intriqam bu olub.

Mən əgər bir yerə gedirəmsə, özüm haqqında danışmağı sevirəm. Adamlar var ki, gedirlər radio verilişlərinə, canlı yayımda iki daşın arasında deyirlər ki, Xatirəni sevmirik. Öz zəifliklərini göstərirlər. Məni niyə sevmirsən? Koridorda mənimlə öpüşüb-görüşən adamsan. Bu hökumətdən sən də maaş alırsan, mən də. Hamımız alnımızın təri ilə, əziyyətimizlə qazanırıq. Səhnə elə bir sehrli aləmdir ki, ora açıq meydandır. Tamaşaçı oturur, tamaşaçının gözü tərəzidir. Görür ki, sən necə oynayırsan, mən necə oynayıram. Bura intriqaya girməyin adı yoxdur. Ailədə elə tərbiyə ilə böyümüşəm ki, dövlətlə dövlətçilik etmək olmaz.

- Mütaliyəyə vaxt ayıra bilirsiz? Hansı janrda kitablar marağınıza səbəb olur?

- Ən çox şeir kitablarını oxuyuram. Ramiz Rövşənin şeirləni xoşlayıram. O gün Ramil Mərzilin şeirini oxudum, çox bəyəndim. Duyğu dolu şeirləri var.

Kitablar onsuz da oxuyuruq. Əsərləri oxuyuruq, məlumatımız olur. Tamaşaya görə əsərləri tam olaraq oxuyuruq.

- Turgenev deyir ki, mən olmasam, rus ədəbiyyatı yarımçıq qalardı. Siz necə düşünürsünüz, Azərbaycan teatrı sizsiz yarmçıq qalardı?

- Yox. Azərbaycan teatrı böyük, dahi aktrisaları qoynunda saxlayan teatrdır. Mən də onların xırda bir zərrəsiyəm. Biz hələ varıq, olacağıq, yaşayacağıq. Sabah məndən də gözəl aktyor, aktrisalar olacaq səhnədə. Təkəbbürlü adamı Allah sevməz. Biz hamımız o böyük dalğaların zərrəcikləriyik.

Azərbaycan mədəniyyətində yüz faizin bir faizi də olsa, bir izim olan insanam.

- Dünya və Azərbaycanda kino üzrə aktyor kumirləriniz varmı?

- Dünya üzrə Sofi Loren. Azərbaycandan isə Şahmar Ələkbərov, Həsən Turabov, Şəfiqə Məmmədova. Mənim üçün Sofi Loren necə qüvvəli insandırsa Azərbaycan səhnəsində Şəfiqə Məmmədova zabitəsi o qədər böyükdür.

- Maraqlıdır, aktrisa olmasaydınız kim olardınız?

- Mən aktrisalıqdan əvvəl anayam. Adamlar var ki, uşaqlarını küçəyə atırlar, yiyə durmurlar. Mən həmişə fikirləşirəm ki, uşaqlarım məndən xahiş etməmişdi ki, onları dünyaya gətirim. Mən onları dünyaya gətirmişəmsə, onlara həm ana, həm ata olmalıyam. Öz ayaqlarında durana kimi.

Uşaq vaxtı düşünürdüm, mən polis olacam. Həmişə fikirləşirdim ki, ya polis olacam, ya prokuror. Sonra “Oğlan evi” kinokomediyasında məni hakim roluna dəvət etdilər. Həmin səhnə Yasamal rayon məhkəməsində çəkildi. Çəkiliş bitəndən sonra hakimlər dedilər ki, xanım sizin sənətiniz nədir? Dedim, aktrisayam. Dedilər, siz sənətinizi səhv seçmisiniz. Siz qətnaməni o qədər soyuqqanlı oxudunuz ki, bizə elə gəldi ki, siz həqiqətən hakimsiniz.

Deyirdim mən paqon adamı olacam. Ancaq anam deyirdi ki, ay qız milis nədi otur yerində, musiqi alətlərini çal.

# 1625 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #