Motivasiya kitabı yazmağın 5 qızıl qaydası

Motivasiya kitabı yazmağın 5 qızıl qaydası
20 dekabr 2021
# 17:20

Kulis.az Nihat Pirin "Motivasiya kitabı yazmağın 5 qızıl qaydası" adlı yazısını təqdim edir.

Əgər indiyə kimi bir dənə də olsun, motivasiya və özünüinkişaf kitabı oxumamısınızsa, bu sizin üçün ola biləcək ən yaxşı motivasiyadır.

Xatırladım ki, bu yazının məqsədi sizi bu cür kitablardan uzaq tutmaq deyil. Sözün düzü, buna nail olmaq da bir az çətin məsələdir. Ol səbəbdən, mən sadəcə X adlı motivasiya kitabını yazmağın 5 qızıl qaydası üzərində baş sındıracam.

Gerisi sizin boynunuza...

Qayda 1: Özünüzü çox uğurlu biri kimi təqdim etmək.

Bu qayda “İşin açar hissəsidir” deyə bilərik. Nədən ki, oxucunu tora salan əsas məqam məhz budur. Sən həddindən ziyadə uğurlu biri olduğuna oxucunu inandırmalısan. Sözsüz ki, özün inanmasan da, olar. Əsas olan qulağa xoş və təsirli gələn bu mifə adamları inandırmaqdır.

Məsələn, “Əvvəllər mən də belə idim”, “Əvvəllər mən də belə düşünürdüm”, “Sonralar başa düşdüm ki, yanılıram”, “Artıq əvvəlki mən deyiləm” və s. kimi katalizator xarakterli cümlələr oxucunun beynini səhifə yekunlaşana qədər qarışdırıb o kitabı sona qədər oxumağa vadar edəcək.

Yəni “əvvəllər” və “sonralar” ifadələrinə müraciət işin “teorem” səviyyəli nöqtəsidir. Bu iki söz sənin (uğur qazanmış adamın) keçmişi və indiki halı ilə müqayisəsini göstərir ki, uğur qazanmaq üçün sənin kitabını xəritə seçmiş biri üçün bundan gözəl müqayisə ola bilməz.

Qayda 2: Dünyaca məşhur insanların uğur hekayələrindən sitat gətirmək.

Bu hissə, bir növ, hipnoz rolunu oynayır. Sözsüz ki, Elon Musk, Bil Gates, nə bilim, Zukerberq kimi A kateqoriyalı isimləri görən oxucu onun kimi olmaq və onun uğurlarını qazanmaq xəyalını qurmaqdan yan keçə bilmir. Daha doğrusu, keçmək istəmir. Əgər Zukerberq deyirsə ki, özünə inan, deməli, inanmalısan, əgər Zukerberq deyirsə ki, beynindəki xəyalları gerçəkləşdirməyə tələs, deməli, tələsməlisən. Amma bunu qonşu Məmmədhəsən dayı deyirsə, bu, xəyaldan başqa bir şey deyil. Nədən ki, o, Məmmədhəsən dayıdır, Zukerberq deyil.

Qayda 3: Əsla ruhdan düşməməyin müxtəlif ifadə vasitələri ilə diqtəsi.

“Daha yaxşı uğursuz ol” səpkili cümlələr üzərində qurulan bu hissə artıq sizin təsir altına düşdüyünüz zamanla üst-üstə düşür deyə, bu tip cümlələrin məntiqi tərəfi o qədər də maraqlı olmur. Bax məsələn, aşağıdakı cümləni sərgilərin birində hansısa motivasiya kitabından oxumuşdum. Düzdür, mən ifadənin məntiqinə varmaq cəhdində bulundum, amma “nafile”.

“Səni əmin edirəm ki, uğursuz olmaq daha çox uğursuz olmaqdan pisdir”.

Nakaut!

Qayda 4: Birmənalı olaraq, ifadə və təklifləri əmr vurğusunda ifadə etmək.

“Elə bu dəqiqə başla!”, “Sabah gec olacaq!”, “Dünəndən niyə başlamadığını sorğula!” tipli mühakimə xarakterli cümlələr isə artıq müəllifin qələbəsinin carçılarıdır. Çünki kitabın bu hissəsinə qədər gəlib çıxan oxucu çətin ki onu yarımçıq buraxa.

Bu hissənin özəlliyi, dediyimiz kimi, daha çox əmr vurğusunun sağa-sola xərclənməsidir. Müəllif, az qala, kitabın ortasından əllərini çıxarıb, səni yaxalaya ki “Nə durmusan? Elə bu dəqiqə başla!”.

Amma nəyə?

Amma necə?

Yuxarıdakı tip suallara isə müəllifin dillərdə əzbər klişe cavabı məlumdur: Problemi əvvəlcə beynində çöz, çünki problem sənsən.

Qayda 5: “Mənə yaz”, “Mənimlə əlaqə saxla” kimi güvən toxumlarını səpmək.

Bu hissə daha çox kitabın sonluğuna aiddir ki, bu da adamlarda müəllifin güvənini yaratmaq hiyləsi və yaxud cəhdidir. Amma istənilən halda, kitabın bu hissəsinə kimi gəlib çıxan oxucu sözügedən hiylənin qurbanı olmaqdan yaxa qurtara bilməyəcək və “ona yazanda” birinci növbədə növbəti kitabının nə vaxt satışa çıxacağını soruşacaq.

Yəni bu hissəyə qədər oxucunu gətirən müəllif artıq istədiyinə nail olub.

Adını unutduğum filmlərdən birində belə bir səhnə var idi. Uğurlu bir biznesmen müəyyən bir kütləni iri bir zala toplayaraq “Necə rahatlıqla pul qazanmaq olar?” adı altında seminar keçirir. Biznesmen çıxışa başlar-başlamaz seminarı bitirir:

– Zalda neçə adam var?

Yerdən cavab gəlir:

– 500.

– Adambaşı bilet pulu 200 dollardan hesablayın, mən getdim!..

Yazının burasına qədər gəlib çıxmısınızsa, o məlum üzdəniraq sualı verdiyimdən dolayı gərək bağışlayasınız?

Uğur qazanmağa hazırsınız?


# 2281 dəfə oxunub

Müəllifin son yazıları

# # #