Kulis.az Nihat Pirin "“Bu şəhərdə” adlı rəzillik və Rafael İsgəndərovun özünü məhv etməsi haqqında" adlı yazısını təqdim edir.
Bu yaxınlarda aktyor Rafael İsgəndərov “Məhəllə” filminin çəkilişləri olan həyətə gedərək oradan video paylaşmışdı. Açığı, Rafaelin həmin məhəllədən paylaşdığı kadrlara baxanda çox qarışıq hisslər keçirdim. Nostalji, uşaqlıq və qayğısız günləri xatırlamaq bir yana, Rafaelə görə içimdə qəribə bir təəssüf hissi baş qaldırdı.
Ümumiyyətlə, “Məhəllə” filminə adamların bu qədər sevgisi, bu qədər “respect” anlayışını tam olaraq başa düşmürəm. Ola bilsin ki, həmin dövrdə Azərbaycan tamaşaçısı, bir növ, yerli filmə, yerli komediya filminə ac idi deyə, “Məhəllə” onlara doğma gəlmişdi və günü bu gün də həmin xatirənin havasını yaşamaqla məşğuldurlar. Necə ki eyni hissləri mən də həmin kadrlara baxanda yaşadım. Amma reallığa qalsa, “Məhəllə” bir film olaraq olduqca uğursuzdur, hətta biabırçılıqdır. Filmin ən çox danışılan və yaddaqalan obrazı isə məhz Rafaelin canlandırdığı – kənddən şəhərə gələn və heç cür şəhər mühitinə öyrəşə bilməyən, heç cür şəhər adamı ola bilməyən “Qüdrət” obrazı idi.
Qüdrət obrazı Rafaelin, bir növ, pasportu olsa da, sonralar o, “Bu şəhərdə” layihəsindən tanınmağa başladı. Yəni bu gün Rafael İsgəndərov dedikdə istər-istəməz ağla “Bu şəhərdə”nin mənasız, duzsuz, şit səhnəcikləri gəlir.
20 ilə yaxındır (Bəlkə də, daha çoxdur), Rafael “Bu şəhərdə”nin və Müşfiq Abbasovun mənasız, məzmunsuz və düşük səhnəciklərində əsas iki obrazdan birini canlandırır. Allah üzümüzə onda baxıb ki, “Bu şəhərdə” adlı bu rəzil layihənin iki siması var. Mən şəxsən üçünə, dördünə, beşinə dözməzdim. Sözün düzü, “Bu şəhərdə”nin kollektiv səhnəcik göstərməsini heç təsəvvür belə eləmək olmur. Bu adamların bəlli kriteriyaları var ki, o kriteriyalarda üçüncü şəxsə heç vaxt ehtiyac qalmır: qaynana-gəlin, gəlin-baldız, ər-arvad, arvad-ər, baldız-gəlin, gəlin-qaynana, qaynana-gəlin...
Rafael İsgəndərov da hansısa səhvlə, yaxud nəyinsə xətrinə yuxarıda sadaladığım rəzilliklərə ortaq olmağa razılıq verib və düz iyirmi ildir, gah sərsəm tamada obrazında, gah qarnı burnunda qeybətcil qadın obrazında,, gah hamilə gəlin, gah dinc durmayan qaynana, gah yolagetməz baldız obrazında qarışımıza çıxır.
Bütün bu sadaladıqlarımız Rafaeli bu illər ərzində karyerasında zirvəyə daşıyıb kimi görünsə də, əslində, onu bir aktyor kimi, bir sənətkar kimi deqredasiyaya uğradıb. Rafael ölkənin bu günü üçün ən potensiallı və ciddi aktyorlarından biridir, amma o, özünü məhz bu formada təqdim eləmir, eləmək istəmir. Rafaelə “Bu şəhərdə”nin duzsuz, şit obrazları üzərindən tanınmaq, görünür, daha xoşdur. Həqiqətə gəldikdə isə, Rafaeli Müşfiq Abbasov və yaratdığı “Bu şəhərdə” məhv elədi, karyerasını heçə çevirdi. Ciddi aktyor obrazını (Ciddi aktyor dedikdə dramatik obraz yaradan aktyor nəzərdə tutulmur – söhbət aktyorluğun ciddiliyindən gedir) düşük-düşük qadın obrazları və şit, bayağı məişət mövzuları ilə çirkləndirdi. Əvəzində bu çirkinliklər Rafaelə və o üçlüyə müəyyən küt düşüncəli adamların şöhrətini gətirdi, populyarlaşdırdı. Və nəticədə, “Bu şəhərdə” dönüb oldu ölkənin ən çox tələb olunan bir layihəsi.
Məhz buna görə də camaat Rafaeli elə bu formada qəbul edir, sevir, alqışlayır, “Bu şəhərdə” adlı səviyyəsiz layihənin konsertlərində boş yer saxlamır. Onların elə bir konserti yoxdur ki, zalda boş yer tapasan. Həm də bir gün yox, bir neçə gün: üç gün, dörd gün, beş gün...
Eyni kontekst, eyni repertuar, eyni şit və lüzumsuz zarafatlar, eyni bayağı dialoqlar və bitib tükənməyən məzmunsuzluq. Konsertlərdə normal geyimli-kecimli adamlar elə şeyə elə formada gülür, elə reaksiya verir ki, adamın əli üzündə qalır. Bu yaşlı-başlı adamlar Coşqunun mini yubka geyib orasını-burasını əsdirməsinə nə adla gülür? Özlərinə baxanda niyə “Biz nəyə gülürük?” sualını vermirlər? Və Coşqun özünə baxanda niyə “Mən nə edirəm?” demir?
“Youtube”nin axtarış hissəsinə “Bu şəhərdə qaynana” sözlərini yazanda çıxan nəticələrə göz gəzdirəndə aşağıdakı nəticələr çıxır:
“Bu şəhərdə qaynana”
“Bu şəhərdə qaynana gəlin”
“Bu şəhərdə qaynana vəsiyyəti”
“Bu şəhərdə qaynana cadusu”
“Bu şəhərdə gəlin qaynana” ...
“Bu şəhərdə”nin bütün konsertlərində və bütün səhnəciklərində mərkəzdə duran bir mövzu var: arvad mövzusu. Bəli, bəli, birmənalı olaraq, arvad. Bu nə qadındır, nə qız, nə nənə, nə də ki, həyat yoldaşı. Bu, birbaşa arvaddır. Təhqir olunan, alçaldılan, kütbeyin, cahil, savadsız formada təqdim olunan arvad.
“Bu şəhərdə”nin bütün konsertlərində və bütün səhnəciklərində seksistlik aparıcı xətdir. Və bu seksist yanaşma ola biləcək ən ifrat və iyrənc formada təqdim edilir – Əgər buna təqdim demək olarsa.
“Bu şəhərdə”nin bütün konsertlərində və bütün səhnəciklərində Azərbaycan qadınına, Azərbaycan ailəsinə və ümumiyyətlə, Azərbaycan adamına qarşı yuxarıdan aşağı baxma, həqarət və təhqir var.
“Bu şəhərdə”nin bütün konsertləri və səhnəcikləri başdan-ayağa rəzalətdir.
Özü də bu səhnələr fərqli illərdə, fərqli adlarda baş tutan konsertlərdə olub. Yəni illər keçib, dünya üçün, ölkəmiz üçün yeni-yeni mövzular yaranıb, amma “Bu şəhərdə” üçün yumor anlayışı “qaynana pro” və ümumiyyətlə, hər bir ucuz zarafatın qadın məfhumu üzərindən qurulması həddindən o yana keçə bilməyib.
Nə vaxta kimi?
Yəni bu adamlar düz iyirmi ildir, eyni bayat və bayağı mövzunu isidib camaata təqdim edir, camaat da onu bəh-bəhlə çəkir qənşərinə. Maraqlıdır, lap belə bu camaat Coşqunun orasını-burasını əsdirməsinə gülsün, Rafaelin hansısa bir kişicik obrazı üzərindən qadına aşağılayıcı sözlərinə baxıb uğunsun, bəs eyni şeyə ildə iki dəfə, üç dəfə necə gülmək olar?
Əslində, konsert proqramlarının adlarına baxanda proqramın mahiyyətini bütün çılpaqlığı ilə görmək olur:
“Ər İştə”, “İki canlı”, “Hamı ilə”, “Bal Duz”, “Qəşş Əng”, “Tək Ər”...
Bax bu nə məzmunsuzluqdur? Belə bir söz oyunu nəyə lazımdır? Yəni bir konsertin adı niyə “Hamı ilə” (Hamilə nəzərdə tutulur) olsun? Bir konsertin adı niyə “Tək Ər” (Təkər nəzərdə tutulur) olsun axı? Və bir adam belə bir adlı konsertə niyə pul verib bilet alsın?
Əslində, sualın cavabını bilirəm. Mənim başımı kəssən də, “Bu şəhərdə” adlı bu sərsəm layihənin konsertində oturmaram. Amma o konsertə gedənlər var. Və o adamlar Siltuş Çölçəmənli bayağılığına və şitliyinə güldüyü kimi “Ər İştə” söz oyununa da qəşş edib gülür. Nəticədə, yenə də yuxarıda qeyd etdiyimiz şey əmələ gəlir: konsertlərdə bir dənə də olsun, boş yer qalmır.
Məni şəxsən nə bu konsertlərin məzmunsuzluğu, nə də ki, adamların onlara gülməsi narahat edir. Mənim dərdim Rafael İsgəndərovun o cür potensialla bu formada məhv olub getməsidir.
Buna isə əlimdən və dilimdən ancaq təəssüflənmək gəlir.
Yazıya xitamı elə bizi bu komediya zövq xərçənginə yoluxduran Müşfiq Abbasovun müsahibələrinin birində dediyi fikirlə yekunlaşdırmaq istəyirəm.
Müşfiq Abbasovun müsahibəsindən:
“Əsas qazanda bişən "Bu şəhərdə" adlı yemək duzlu olsun, şit olmasın, ürəkbulandıran olmasın. Çalışırıq ki, heç kimi zəhərləməsin, hamı yesin həzz alsın və bişirəndə o qədər bişirək ki, onu səhnə vasitəsilə masaya qoyanda elə qoyaq ki, heç kim ondan heç vaxt doymasın”.
Əziz Müşfiq bəy, şəxsən mən sizin bizə hər il eyni formada, eyni boşqabda təqdim etdiyiniz iyrənc zarafatlardan doymuşam da, zəhərlənmişəm də.
Allah sizə insaf versin.