Dələduzluğa görə həbs olunan İlham Mirzəyev yenidən iş başında

Dələduzluğa görə həbs olunan İlham Mirzəyev yenidən iş başında
11 sentyabr 2023
# 13:27

Kulis.az Nihat Pirin "İlham Mirzəyev, qayıtma, sahmana düşsün kainat" adlı yeni yazısını təqdim edir.

Bir müddətdir, bütün sosial şəbəkə hesablarımı dondurmuşam. Özümü bircə gecənin içində çox qəribə bir boşluqda tapdım ki, o boşluqdan hazırda da çıxmış deyiləm, amma boşluğun daşı düşdü sosial şəbəkə hesablarımın başına. Odur-budur, çəkilmişəm Daş dövrünə, mağaramdayam və çox məmnunam.
Günü bu gün sehirli çıraq tapsam və içindən dekabrın sonuna qədər özümdə arzu və qərar tutduğum bədən quruluşunda cin çıxsa, üç dilək haqqımdan biri budur: adamlara “Facebook”u bağlama gücü nəsib elə, Rəbb.

Dünən gecənin bir vədəsində xəbər tutdum ki, mənim ən böyük uşaqlıq travmalarımdan biri (Hollivud rejissorlarının qulağından iraq) İlham Mirzəyev təzə veriliş açır. Özü də harada: ənənəvi məkanında – “Space”də.

Düzü, bir müddət öncə “Space”dəki “Mey xəbər” adlı rəzillikdən yazdığıma görə, təzədən eyni kanala müraciətdə bir xeyli tərəddüddə bulundum. Nədən ki başqa bir televiziya kanalı haqqında bir ay içrə iki yazı yazmağım həmin kanal əməkdaşlarının o dərəcədə “şəst”inə dəymişdi ki, məni “sifarişlə yazı yazan” adlandırmışdılar.

Xülasə, bu yazıda çalışacağam ki, həm “Space”i, həm də Mirzəyev cənablarını paralel formada çək-çevir edim.

Yəni nə şiş yansın, nə də ki kabab. Şişin və kababın kimliyini isə oxucuya buraxıram.
İlham Mirzəyevi tanımamış olmazsınız. Bayaq boşuna uşaqlıq travmalarımdan biri ifadəsini işlətmədim. Mirzəyev cənablarının özünün psixoloji təhsil baqajına (?) dayanaraq uzun müddət aparıcısı olduğu “Tale yolları” verilişini xüsusilə bizim nəsil yaxşı xatırlayır. Məntiqi vurğu ona görə “bizim nəsil”də cəm oldu ki, verilişin yayımlandığı dönəmlərdə bizlərin televizorun idarəedicisinə toxunmağa o qədər də haqqımız tanınmırdı. Nənəmiz nəyə baxırdısa, biz də məcbur ona baxırdıq.

Yəni bizim nəsillərin sırf həmin dövrə “dənk gələn” uşaqlığına balaca bir səyahət reallaşdırsaq, o səyahətin “özət”i beləcənə olar:

İlham ağlayır, nənəm ağlayır.

İlham ağlayır, Teymur Əmrah ağlayır, nənəm ağlayır.

İlham ağlayır, Teymur Əmrah ağlayır, nənəm ağlayır, mən ağlayıram.

Və bir daha xülasə.

Mirzəyev cənablarının “Tale yolları” verilişi, oradakı şou nümayəndələrinin “mənim evdə xaladelnikim boşdur” tipində sentimentallıq cəhdləri hələ “TikTok” kimi bir platformanın icad olunmadığı dövrdə Nazanın kimliyindən bixəbər Azərbaycan tamaşaçısı üçün olduqca maraqlı idi. Kəsəsi, İlham ağlaya və ağlada-ağlada reytinqləri partladırdı.

Amma günlərin bir günü xəbər yayıldı ki, İlham Mirzəyev yoldaşı həbs ediblər. Maddə də nə olsa, yaxşıdır: dələduzluq.
Hər nə qədər yoldaş Mirzəyev ittihamı qəbul etməsə belə, sırf bu səbəbdən filan qədər “yatıb” deyə, həmən ittihamı olduğu kimi xatırlamaqda fayda var: İlham Mirzəyev direktor olduğu X adlı tibb mərkəzində Y adlı xanım vətəndaşa cadugərlik (!!!) yolu ilə yalan vədlər verərək onun nə az, nə çox düz 3000 avro pulunu mənimsəyibmiş – günü bu gün də bu pulun niyə manat yox, dollar yox, avro olması sualı mənim üçün cavabsızdır.

Hə... Deməli, Vikipediyasında şair-publisist, tədqiqatçı-psixoloq, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, psixologiya üzrə fəlsəfə doktoru başlığı ilən adı keçən İlham Mirzəyev cadugərliklə, fala baxanlıqla məşğul imiş.

Gün o gün deyil, amma “Space” elə həmən “Space”dir, Mirzəyevin həbs xəbəri çıxanda mən hərbi xidmətdə idim. Dağın təpəsində. Bizə qəzetlər ayda, iki ayda, üç ayda bir dəfə toplu şəkildə gəlib çıxırdı. Onda da boşluq olan kimi açıq vərəqləyirdim. Bir onda gördüm ki, bizim yoldaş psixoloqumuzu falabaxan adı ilə ittiham edirlər.
And ola Teymur Əmrahın göz yaşlarına, ilk ağlıma gələn sual bu oldu: görəsən, nənəm bilir?

İlham Mirzəyev həbsini yatıb çıxdı. O, öz günahının bədəlini, tutaq ki, bu dünyada ödədi, haqq dünyasında nə olar, olar. Yaxşı bəs, bu boyda haqq-hesabdan sonra bizim psixoloq şairimiz səhərin gülüburnunda çağında tamaşaçısına necə “Sabahınız xeyir” deyəcək?

Heç ayıbına və jurnalist (diqqətli oxucu bu mötərizənin niyə açıldığını bilir) kimliyinin vicdan tərəzisinin həssas nöqtəsindəki elektroneyronların xətrinə dəyməyəcək?
Yaxşı bəs, palatka toylarından çıxarıb efirdə kreslo və mikrofon verib meyxanaçıların sərsəmliklərindən mədət (reytinq) uman “Space” bu dəfə İlham Mirzəyin əvvəlki reytinqi gətirəcəyinə olan inam hissindən utanmır? Xəcalət çəkmir?

Ümumiyyətlə, “Space” televiziyasında nə baş verir? Bu verilişlər, bu layihələr necə qəbul olunur? Necə dəstək alır?

İlham Mirzəyevi aparıcı qılafında təzədən tamaşaçı qarşısına çıxarmaq nə deməkdir?

“Space” tamaşaçısı ilə niyə bu qədər məzələnir?

Məncə, yuxarıda bəhs elədiyim parallelik məsələsini sırf bu sual bölümündə qoruya bildim. Ona görə də yuxarıdakı sualıma “Space”dən cavab gözləyib İlham Mirzəyevə həbsi günü Elgiz Əkbər tərəfindən deyilən ifadələri oxutduraraq ritorik sualla da yazıya xitam verirəm:

"Bəzi insanlar var, dərs keçirlər, psixoloji söhbətlər aparırlar. Hətta psixologiya elmləri namizədidirlər. Hansı ki bunun psixologiyadan xəbəri yoxdur. Bu adam cadugərliklə məşğuldur. İnsanlar onun qapısında dayanıb falına baxdırıblar.

Veriliş aparır, camaata dərs keçir. Şarlatan, dələduz kimi təhqirlərə məruz qalıb. Mən bunu görmüşəm. Bu haqda araşdırma aparacağam. Onun hansı fəaliyətinə görə namizəd adı verildiyinin araşdırılması üçün alimlərə müraciət edəcəyəm. Şarlatanın, dələduzun böyüyüdür, aktyordur, adamları ağladır. Bu sahədə analoqu olmayan dələduzlar çoxdur. Onun dünyagörüşündə "e" hərfi belə yoxdur, nəinki "elm" sözü".

Ay İlham, dəyərdi qayıtmağa?

# 6117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #