Zəlzələ və tutuquşular - Vüsal Bağırlının hekayəsi

Vüsal Bağırlı

Vüsal Bağırlı

7 fevral 2023
# 11:40

Kulis.az Vüsal Bağırlının “Zəlzələ və dalğalı tutuquşular” hekayəsini təqdim edir.

Bəşəriyyət daim dəyişir. Sürətlə inkişaf edir. İndi biz quş kimi havada uçmağı, balıq kimi suda üzməyi bacarırıq. Amma bir şey çatmır: insan kimi yaşamaq.

(Bernard Şou, yazıçı)

“Elmlər Akademiyası” parkında rütubətli havaya qarışmış həzin çiskin altında qızımla gəzişir, erkən gəlmiş təravətli payızın tər nəfəsini içimizə çəkir, sarı və qırmızının müxtəlif çalarlarına bürünmüş ağacların nəm, rəngarəng yarpaqlarına baxırdıq.

Birdən qızım əlimdən yapışıb məni sağa, səkinin kənarına, səyyar kitab piştaxtasına tərəf dartdı.

– Ata kitab istəyirəm, noolar mənə nağıl kitabı al?

Üstü tentlə bağlanmış piştaxtanın arıq, pırpız saçları quş yuvasına bənzəyən sısqa satıcısı bizə gülümsündü. Yağışlı, soyuq, kimsəsiz məkanda o müştəri, biz isə həmsöhbət tapdığımıza sevinirdik. Oğlan mənə siyahı göstərdi. Mən kataloqa göz atıb, qızımın ən xoşladığı əsəri “Balaca şahzadə”ni tapdım və qiymətini soruşdum. Gənc oğlan başını buladı, günahkarcasına çiyinlərini çəkdi və təəssüflə kitabın satılıb qurtardığını bildirdi. Onun təklif etdiyi, sadaladığı kitablar isə bizim üçün əlverişsiz idi. Onu ya artıq almışdıq, varımız idi, ya da mütaliə üçün qızıma maraqsız görünürdü.

Mən üzrxahlıq edib, sağollaşmaq niyyətindəykən, satıcı əlində tutduğu nazik üzlü kitabçanı bizə sarı uzatdı.

– Buna da baxın, əminəm maraqlı olacaq...

Heyvanların, quşların, balıqların insanla dostluğundan bəhs edən, rəngbərəng illüstrasiyalı kitab müxtəlif maraqlı və qeyri-adi əhvalatlar toplusuydu.

Burada qara-qışqırıq salaraq, iki yaşlı Hanka Kusku qida boğulmasından xilas edən tutuquşu Billi Kvakerdən, fermer Co Enni ürək tutmasından qurtaran donuz balası Luludan, göldə əzələ iflicindən batan gənci xilas edən Mimo adlı ağ balinadan və digər canlılardan bəhs edilirdi.

Evdə kitabı oxuduqca, içindəki əhvalatlara nüfuz etdikcə, qızımın qaşları təəccüblə yuxarı dartılır, olmuş, həqiqi baş vermiş hadisələrdən söhbət açan nikbin sonluqlu qısa novellalara diqqətlə qulaq kəsilirdi.

Mən oxuyur, o isə səbirziliklə bir hekayətdən digər hekayətə, növbəti səhifələrə keçməyimi tələb edirdi. Mən isə heyvanların insan həyatını xilas etməsindən bəhs edən kitabı vərəqlədikcə, uzun illər əvvəl baş vermiş başqa bir əhvalatı xatırlayırdım.

***

Bankada bərkiyib buz qaxacına dönmüş dolmanı qaşıyıb, faşist kaskasına bənzəyən qazançaya tökənə qədər hövsələm daralıb bir tikə oldu. Qazın yaşıl alovu dili qazançanın qaramtıl altını yaladıqca, xörək qabda çartıldayır, xarta-xurtla qızırdı. Bayaq, mən hələ küçədəykən baş qaldırmış canavar iştahı, yemək masaya gələnə kimi təzə alınmiş zavod çörəyinin yarısını bir göz qırpımındaca məhv etdi. Təlatümlü aclığı əvəz edən məmnun toxluq, mədəyə yığılmış izafi qıdanın yaratdığı küt ağırlıq kürəyimi klassik güləşçi cəldliyi ilə köhnə divanın üstünə aşırdı. Beynimi şirin mürgü duyğusu işğal etdi. Fəqət tənbəllik vaxtı deyildi.

Mən bədənimi, əl-qolumu süstlədən üstələyici yuxuya qalib gəlməli, ac qalmış quşları yedirtməliydim. Biri cəld, digəri nisbətən astagəl olmaqla, dalğalı tutuquşu cinsinə aid rəngarəng lələkli ovuc içi qədər balaca iki canlımız var idi. Tutuquşuları bacım saxlayırdı. Onun evdə olmadığı müddətdə isə quşların sağ və salamat olmasına cavabdehlik mənim üzərimə düşürdü. Vəhşi təbiət qoynunda minimum sağ qalma ehtimalı və qəfəs mühitinin saxta asayiş sabitliyinə nəzərən, kövrək və zavallı quşların dəmir barmaqlıqlar arxasına salınması mənə həmişə yersiz və lüzumsuz görünüb.

Lakin üzərimə düşən məsuliyyəti vicdanla yerinə yetirməli, onların yemini, suyunu vaxtaşırı dəyişməliydim. Öhdəliyimə düşən işi təzəcə bitirmişdim ki, birdən qapı döyüldü. Baxam ki, xalaoğlu Rəşad qoltuğunda bir yığın videokaset dəhlizdə farağat dayanıb.

Ənənəvi qaydada salam-kəlam, hal-əhvaldan sonra, döşəkçəni yerə atıb cəld mütəkkəyə dirsəkləndik və qarşımızda buğlanan mürəbbəli pürrəngi çayla “əkşn” janrlı on səkkiz üstü filmləri seyr etməyə başladıq. Elə təzəcə yerimizi rahatlamışdıq ki, qəflətən ətrafı bürüyən səs-küy, bərk çığırtı səsi məni yan otağa keçməyə vadaer etdi. Xalaoğlu dirsəyi, ombası mütəkkədə, başını döşəkcədən qaldırıb ardımca qışqırdı:

– Sən canı, orda nə baş verir?

Gördüyümə inana bilmirdim. Tutuquşular hədsiz narahat görünür, bir yerdə qərar tutmur, həyəcanla özlərini qəfəsin dəmir divarlarına çırpırdılar.

Mən əlacsız halda ora-bura vurnuxur, nəsə düşünüb tapmağa çalışırdım. Lakin ağıla batacaq bir vasitə tapmadıqca, əl-qolumu yelləyir, faydasız və mənasız hərəkətlər edirdim. Görəsən nə olub, nə baş verir? Zavallı quşlar niyə özlərini həlak edirlər?

– Bəlkə su istəyirlər?

– Yox e, qablarını indicə doldurdum…!?

Biz olanlara təəəcüblə, matı-qutu quruyub, köməksiz halda ətrafa boylanırdıq. Heç nə anlamırdıq. Yəqin beş dəqiqə də belə davam etsəydi, zavallı quşlar qəfəsin sərt, metal millərində özlərini həlak edəcəkdilər.

Birdən hər yan şiddətlə titrədi. Qəflətən baş verən kəskin təkan, hansısa qəribə, mübhəm, görünməz qüvvə məni geriyə itələdi və zərblə divara çırpdı. Ağrıdan gözlərim qaraldı. Özümü birtəhər hiss etməyə başladım. Ürəyim bulanır, ödüm ağzıma gəlirdi.

Ətrafda olan hər şey, döşəmə, tavan, evdəki əşyalar, su-kanalizasiya xətləri, yer-göy silkələnir, dəhşətli qüvvəylə titrəyirdi. Şkafın üzərindəki köhnə samovar və qab-qacaq qutuları gurultuyla yerə aşdı. Mətbəxdə nə isə yerə töküldü, harada isə partlayışa bənzər səs eşidildi.

Adama elə gəlirdi ki, içərisində əşyalarla birgə otaqlar, bütün mənzil, yaşadığım bina nəhəng canlı varlığa çevrilərək hərəkər edir, harasa addımlayır. Baş verən bütün bu həngaməyə tormozlayan beynim isə qaçıb getmək, uzaqlaşmaq, qurtulmaq istəyən bədənimi zorla tutub yerə mıxlayırdı.

Rəşadın “vay, imdad zəlzələ!” qışqırığı, instinktiv qorxu hissi orqanizmimə soyuq duş effektiylə təsir göstərdi. Sanki dərin yuxudan ayıldım və nə baş verdiyini anladım.

Zəlzələ!

Yaşadığım dördüncü mərtəbədən aşağıya, həyətə düşənə, nisbətən təhlükəsiz məsafəyə çəkilənə qədər zaman büsbütün dayandı. Bir dəqiqə adama bir il qədər uzun göründü. Bayırda isə nəhəng hündürmərtəbə binalar ləngər vurur, qorxunc şəkildə əyilib-qalxır, şiddətli xəzridən budaqları oyuncağa çevrilən zeytun ağacı kimi sağa-sola yellənirdilər.

Elə bil yerin altında sürünən nəhəng canlı varlıq, anakonda ilanı hamıda, hər kəsdə ölüm təhlükəsi, patoloji fobiya, ibtidai vahimə hissi yaratmişdi. Ruhu sarsıdan hansısa əlçatmaz, ünyetməz duyğu yalnız yuxularda, kinofilmlərdə rast gəlinən səhnə kimi ortaya çıxmış, dəhşətli gerçəkliyə çevrilmişdi.

Xalaoğlu ilə bir-birimizlə kəlmə kəsmədən yanaşı dayanmışdıq. Yerin altında baş verən təlatümlər havaya, səmaya, adamlara gözgörəti təsir göstərirdi. Külək olmadığı halda elə bil qəfildən buludlar sıxlaşdı, hər yan bozardı. Biz küçədə dayanıb, ətrafda baş verənlərə, insan izdihamının kor-koranə xilasolma cəhdlərinə maraqla tamaşa edirdik

Adamlara baxır, üz cizgilərindən, mimikalardan qorxunun, həyəcanın ölçüsünü tapmağa çalışırdıq.

Zəlzələnin birinci dalğasından sonra, ondan geri qalmayan ikinci dalğası baş verdi. İnsanlar tədricən təcrübə toplayır, yavaş-yavaş özlərinə gəlir, bir-birlərinə təsəlli verməyə çalışır, lakin heç kəs öz evinə, mənzilinə qayıtmırdı.

Sonra ayrı-ayrı yerlərdə, məhlələrdə tonqallar qalandı. İnsanlar açıq havada ocaq başına yığışıb, baş vermiş hadisəni özü bildiyi şəkildə şərh izah etməyə başladılar. Biri təhlükəsizlik naminə bütün gecəni çöldə keçirməyi təklif etdi. Digəri, evə qayıtmağı üstün saydı.

Biri təkanların yenə təkrar olacağını söylədi, başqası isə şəhərin müxtəlif yerlərində güclü dağıntılar, ölüm və itkilər olduğunu təxmin etdi.

Şayiələr fasiləsiz şəkildə ağızdan-ağıza yayılır, telefon əlaqəsinin kəsildiyi, elektrikin və informasiyanın olmadığı şəraitdə nəyin həqiqət, nəyin yalan olduğunu ayırd etmək müşkülə çevrilirdi.

Bəzi ailələr gecələmək üçün avtomobillərə doluşur, bəzi ailələr isə çiyinlərində adyallar yenicə qalanmış tonqalların ətrafına toplaşırdılar.

Birdən, quşları xatırladım. Onların taleyi necə oldu? Görəsən sağdırlarmı?

Yoxsa qarmaqarışığın, xaosun içində məhv oldular? Axı onlar məni xəbərdar etmişdilər!? Axı onların səsinə, qara-qışqırığına vaxtında reaksiya vermək təlatümə, vəlvələyə, zəlzələyə sinə gərmək, qurtulmaq, xilas olmaq demək idi?!

Xalaoğlunun təkidli etirazına (binanın uçma ehtimalı var idi), beynimdə ilişib qalan patoloji qorxu və instinktiv vahimə hissinə baxmayaraq, geri qayıtdım. Yaşadığım binaya girib, pillələri sürətlə, birnəfəsə yuxarı qalxdım. Mənzilin açıq qalmış qapısından qaranlıq dəhlizə atıldım. Sağa dönüb, təngnəfəs tutuquşuların olduğu otağa girdim.

Gördüklərimə inanmadım. Tutuquşular qəfəsdə heç nə olmayıbmış kimi var-gəl edir, məzəli səslər çıxarır, başlarını bir-birinə sürtərək, xoşbəxtcəsinə cükküldəşirdilər.

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #