"Zəfərin izi ilə" gedən APA ailəsi - Mirmehdi Ağaoğlunun kitab təqdimatından reportaj

"Zəfərin izi ilə", Mirmehdi Ağaoğlunun kitabı

"Zəfərin izi ilə", Mirmehdi Ağaoğlunun kitabı

11 noyabr 2021
# 15:10

Kulis.az Mirmehdi Ağaoğlunun "Zəfərin izi ilə" adlı yeni kitabının təqdimatından reportajı təqdim edir.

Dünən Mirmehdi Ağaoğlunun işğaldan azad edilmiş bölgələrimizdən hazırladığı reportajlardan ibarət olan “Zəfərin iziylə” adlı kitabının təqdimatı baş tutdu.

Təqdimat Elmlər metrosu yaxınlığında, “Libraff” kitab mağazasında keçirilirdi. Hava dəhşət küləkli idi. Payız çıxhaçıxda da şıltaqlıq edib, həmişəki xasiyyətinə uyğun davranırdı. Mağazanın qapısı açılarkən içəridən üzümə vuran istilik canıma yayıldı.

Boş stullardan birinə əyləşib ətrafı izləməyə başlayıram. Qonaqlar yavaş-yavaş yerlərini alırlar. Gözümə sataşan ilk qonaq Aqil Abbas olur. Çiyninə atdığı pencəyini, üzündəki yorğun ifadəni, gözlərindəki qəribə duyğuları bir anlıq sezməyə fürsət tapıram. Deyəsən, Aqil müəllim Qarabağ arzusuna yetişdikdən sonra illər boyu çəkdiyi həsrətin yorğunluğunu indi yaşayır. Birdən Sabir Rüstəmxanlı ilə üzbəüz gəlirlər və salamlaşırlar. Niyəsə, mənə elə gəlir ki, onlar ədəbiyyatımızın sonuncu mogikanlarıdır və keçdikləri boranlı yollar onları möhkəmləndirmək əvəzinə hislərini daha da itiləşdirib, bir az da yaşlarına görə daha çox həssas olublar.

Rəşad Məcid də onlara qoşulur, söhbət edirlər, deyib-gülürlər. Əhvallarının yaxşı olduğu hiss edilir.

Mirmehdi isə çox həyəcanlı görünür. Hər kəslə maraqlanmağa, hamıya təşəkkür etməyə çalışır. Bir-bir qonaqlarla görüşür və təbrikləri qəbul edir.

Kitabın adı haqqında düşünürəm: “Zəfərin izi ilə...”. Olduqca koloritli, canlı və təbii addır. Demək olar ki, kitabın içini tamamilə izah edir. Mirmehdi zəfərin iziylə addımlayıb. Həmin izləri izləyib geri qaytardığımız, illərdir həsrətində olduğumuz torpaqlarımızdan, od-alovun içindən öz canı bahasına, hər şeyi gözə alıb həmin yerlərdən reportaj hazırlamağı və bunun kitab şəklində çap olunması çox böyük və təqdirəlayiq hadisədir. Mirmehdinin cəsarətinə və əzminə görə ona təşəkkür düşür.

Tədbir başlayır və aparıcı təqdimatı açıb sözü “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızına verir. Vüsalə xanım çox sevincli görünür. O, həm də kitabın və layihənin ideya rəhbəridir. Bu, həm də onun kitabıdır. Ümumiyyətlə, bu elə bir kitabdır ki, hər kəsindir...

Vüsalə xanım çıxışında bildirir ki, kitab I və II Qarabağ müharibəsinin şəhid və qazilərinə, mina partlayışı zamanı şəhid olmuş həmkarlarımız Sirac və Məhərrəmə ithaf olunub. Bu anda bədənimdən bir gizilti keçir. Mənə elə gəlir ki, uzaqlarda, çox-çox uzaqlarda baş verən mina partlayışı səsi zalda sədalanır. Bu səslə insanın içini qərib duyğular ağuşuna alır və sən kədərlənib yalnızca susa bilirsən.

Daha sonra qonaqlar – Media və inkişaf agentliyinin rəhbəri Əhməd İsmayılov, Sabir Rüstəmxanlı, Əflatun Amaşov və Siracın qardaşı Şirzad çıxış edir. Çox incə nüansa diqqət edirəm. Şirzadın kövrək çıxışından sonra qonaqlar çox ehtiyatla əl çalırlar. Bu kiçik, qeyri-reflektiv hərəkət məni olduqca kədərləndirir.
Qonaqlar kitab haqqında fikirlərini dedikcə zala nəzər yetirirəm. Hər tərəfdə hansısa bir işin qulpundan yapışan APA əməkdaşlarını görürəm. Tədbirin gözəl keçməsi üçün hamı nəsə edir. Fotoqraflarımız, operatorlarımız, hamı həvəslə əlindən gələni edir. Kadrlar şöbəsinin rəhbəri Səidə xanım təşkilatçılığa nəzarət edir, Lent.az-ın baş redaktoru Hafiz müəllim də eyni canfəşanlıqla yardım edir. Düz arxamda əyləşən Nurşən müəllimi isə ilk dəfə işdən kənar bir mühitdə görürəm deyə mənə çox qəribə və maraqlı gəlir.

APA TV-nin müxbiri, dostumuz Mirçingiz yenə əlində mikrofonla xidmətini edir. Bir göz qırpımındaca zalın bir başında yoxa çıxıb, o biri başında peyda olur. Zarafatlarından da qalmır.

Mirmehdi Ağaoğlunun iş və nahar yoldaşı Sail Ağasəlim isə hamıdan daha şıq görünür. Dostunun özəl günü üçün xüsusi hazırlaşdığı ilk baxışdan bəlli olur. Səliqəli kostyumu, ütülü köynəyi və parıldayan ayaqqabısı göz qamaşdırır. Soruşuruq, deyir ki, "kostyumu bir günlük kirayəyə götürmüşəm". Elə bil dostunun toyuna gəlib.

Fotoqrafımız İlkin Nəbiyev əlindəki kitabı fəxrlə tutaraq bizə yaxınlaşır. İlkin Qarabağ səfərləri zamanı Mirmehdiyə yol yoldaşlığı edib, eyni təhlükələri yaşayaraq həmin fotoları çəkib. O da zəfərin izi ilə gedib. Qürur və sevinci gözlərinin içindən oxunur. Mən də ona və əlindəki kitaba baxıb sevinirəm.

Hamı bu kitaba baxıb sevinir. Axı bu kitab doğrudan da hamımızın kitabıdır! Hər kəsin üz ifadəsindən, sevincindən, fəxarətindən bunu hiss etmək olur.

Kitabı götürüb içini vərəqləməyə başlayıram. Bu kitab azad olunmuş ərazilərdən ilk reportajlar toplusudur. 30 ilə yaxın işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmən vəhşilikləri nəticəsində Qarabağda yerləşən tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdükləri acınacaqlı vəziyyəti insanı dəhşətə gətirir. Hər şey məhv edilib, bərbad günə salınıb. Şəkillərə baxdıqca fikirləşirəm ki, bunun bir adı var – vandalizm. Vandalizm isə antisosial şəxsiyyət pozuqluğudur.

Sonda Mirmehdinin özü danışır. O deyir:

“Orda olanda həyəcanlı idik və bəzən hətta hüquq mühafizəçilərinin, bizə təhkim olunmuş nəzarətçilərin qoyduğu qaydaları pozurduq. Bir dəfə Füzulinin heykəlini kolluqdan axtarıb tapdıq, şəkillərini çəkdik. Təhlükənin fərqində deyildik. Sirac və Məhərrəm şəhid olandan sonra başa düşdük ki, biz həyatımızla oynayırıq. Hər addımda minaya ayaq basa bilərdik”.

Daha sonra tədbir bitir və imza mərasimi başlayır. Mən, Samirə Əşrəf və Ulucay Akif – üçümüzə bir kitab ala bilirik (onu da Ulucay alır) və Kulis üçün imzaladırıq. Ulucay bizə tərəf çönüb deyir:

- Bu kitabın pulunu maaşınızdan, ya da premyalardan çıxacam. Seçimi özünüz eləyərsiniz. – Samirə ilə mən gülürük. Ulucayın üz ifadəsi isə dəyişmir. Ciddi olub-olmadığına aid şübhəm yaranır, amma yenə də ümid edirəm ki, sadəcə bizimlə zarafatlaşır.

Mirmehdi ilə xatirə şəkli çəkdiririk. Onun əlini sıxıb bu dəyərli iş üçün həm təbrik, həm də təşəkkür edirəm.

Çölə çıxırıq. Bakının küləyi adamı buz kimi kəssə də, deyəsən, üşümürük. Az öncə iştirakçısı olduğumuz tədbir və işıq üzü görmüş dəyərli kitabın sevinci bizə bəs edir.

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

# # #