Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi
30 oktyabr 2024
# 18:00

Kulis.az Rüstəm Dastanoğlunun "Zaman" adlı yeni hekayəsini təqdim edir.

... Atasının vəziyyəti heç yaxşı deyildi.

Xeyli vaxt idi ki, yatağa düşmüşdü, bilirdi ki, xəstəliyi hər nə idisə, ağır idi, yaşı da az deyildi, yetmişi keçmişdi.

Atasının qismətinə dünyanın hər üzünü görmək düşmüşdü; uşaqlıqdan atadan yetim qalmışdı, əmisinin himayəsində böyümüşdü, qoyuna, quzuya getmişdi, məktəb üzü görməmişdi. Birinci erməni-müsəlman davasında 7-8 yaşı olanda kənddən qaçqın düşmüşdülər, bir də ara sakitləşəndən, sovet höküməti gəlib stabillik yaratdıqdan sonra kəndə qayıtmışdılar. Hardasa, 15-16 yaşında axşam məktəbinə yazılmışdı, yazmağı, oxumağı öyrənmişdi, atestat almışdı.

Kolxoz quruculuq illərini görmüşdü, bütün o çətinlikləri keçmişdi, yarı ac, yarı tox anasının böyründə böyümüşdü.

İkinci Dünya müharibəsi başlayan kimi müharibəyə aparmışdılar, müharibənin əvvəlindən axırına düz Berlinə kimi bir yol keçmişdi, orden, medallarla kəndə qayıtmışdı. Texnikumda oxumuşdu.

53-cü ildə yenidən qaçqınlıq həyatı yaşamışdı. Onları Azərbaycana, Aranın isti rayonlarından birinə köçürmüşdülər, orda dözə bilməyib, bir neçə ildən sonra yenidən öz kəndlərinə qayıtmışdılar.

...Atasının keçdiyi həyat yolunu oğlan qohumlarından, ondan-bundan eşitmişdi, özü heç vaxt uşaqlığından çətin həyat yolundan, oğluna danışmamışdı, həyatından şikayət eləyən adam deyildi.

... Atası üçün taxtın üstünə döşək sərilmişdi, mələfə atılmışdı, iki dənə böyük yastıq qoyulmuşdu. Belini taxtın məhəccərinə dirənmiş yastıqlara söykəyib, yorğanı yarı oturaqlı vəziyyətdə sinəsinə çəkmişdi, qıçlarını dizdən yığıb dikəltmişdi, əlləri yorğanın üstündə idi. Başını yaylıqla bağlatdırıb alnında düyünlətmişdi.

... Oğlan atasının ayaq tərəfində, böyük taxtın aşağısında oturmuşdu, başını aşağı salmışdı. Atasının xəstəliyinin nədən ibarət olduğunu düz-əməlli dərk eləmirdi, bilmirdi, elə-belə onun ayaq ucunda oturub, atasının hənrini alırdı, bir şey lazım olub eləyəndə verirdi. Çay istəyəndə anasına gedib deyirdi, anası çay süzüb gətirirdi.

... Çox istəyirdi ki, atası nələrdənsə danışsın, o da atasına qulaq assın, atasının isə danışmaqla elə arası yox idi, susurdu.

***

... Və oğlan illər keçəndən sonra, indiki yaşında təəccüblənirdi ki, atası niyə ona əzablı uşaqlıq illərindən, atasızlığından heç vaxt danışmayıb?ǃ

Özünü atasının yerinə qoyurdu, amma bunun səbəbini başa düşə bilmirdi. Ona görə ki, onun özü oğluna, qızına uşaqlığından indiyə kimi keçdiyi həyat yolundan dəfələrlə danışmışdı və yeri gələndə indi də danışırdı. Özünü qəhrəmanlaşdırdığı vaxtlar da olurdu.

***

... Oğlan bilirdi ki, atasının xəstəliyi ağırdı, belə ağır olmasaydı, atası yatağa düşən adam deyildi. Və heç vaxt əvvəllər atasının xəstələndiyini, yatağa düşdüyünü görməmişdi. Həmişə onu hərəkətdə, iş başında, ayaq üstündə görmüşdü.

... Universitetin birinci kursunda oxuyurdu, yay tətilinə gəlmişdi və öyrənmişdi ki, atası o tətilə gəlməmişdən əvvəl yatağa düşübmüş.

Onun əlindən nə gəlir ki, pulu-parası yox, xəstəliklərin nə olduğundan xəbərsiz idi. Birinci dəfə idi ki, kənddən kənara çıxmışdı, qohumları ilə sənədlərini universitetə vermək üçün şəhərə getmişdi. Onun üçün hər şey qabaqda idi, həyatının qurulmasının başlanğıcında idi.

... Atası isə ömrünü başa vurmağın astanasındaydı, bəlkə də, ömrünü başa vurmağa sayılı günləri qalmışdı.

Ona görə oğlan çox istəyirdi ki, atası ilə bir yerdə olsun. Sakitcə taxtın üstündə oturmuşdu, atası ilə bağlı günlər yadına düşürdü, fikrindən keçirdi.

... Hardasa, 5-ci, 6-cı sinifdə oxuyardı, atası ilə rayon mərkəzinə getmişdilər. Rayonda o dükandan, bu dükandan bəzi şeylər aldıqdan sonra bazara gəlmişdilər, atası yenə nələrsə aldı, - bunlar onun yadında deyildi,- sonra ağ tut aldı, yəqin pulu az qaldığından evə aparmağa yox, iki kağız bükməsində və hər bükmədə iki stəkan tut aldı. Birini ona verdi, birini də özünə saxladı. Bazarın bir küncünə çəkilib ağ tutu yeməyə başladılar.

Kəndləri dəniz səviyyəsindən çox hündürdə və soyuq olduğundan, tut ağacı və digər meyvə ağacları kəndlərində bitmirdi, ona görə də oğlan indiyə kimi heç vaxt tut yeməmişdi və indi birinci dəfə şipşirin, çox dadlı tut yeyirdi və yavaş-yavaş, bir-bir yeyirdi ki, tutlar gec qurtarsınlar. Gözünün altından baxıb görürdü ki, atası da tutu çox ləzzətlə və yavaş-yavaş yeyir.

...Və indi, hardansa, birdən-birə onun yadına atası ilə birgə birinci dəfə tut yediyi həmin gün düşmüşdü.

... Əməlli-başlı kövrəldi və ürəyindən keçdi ki, sabah tezdən rayon mərkəzinə gedim, üstümdə qalan təqaüd pulundan tut alıb gətirim, atamı sevindirim, bir yerdə tut yeyək.

Tezdən rayona gedən yolun kənarına çıxdı, avtobusa minib rayona getdi, bazara girdi, bütün bazarı axtardı, tut tapa bilmədi, dedilər ki, artıq iyulun axırıdı, tutun mövsümü qurtarıb.

***
... Oğlan kor-peşman avtobusa minib kəndə qayıdırdı, orta cərgədə pəncərənin qabağında oturmuşdu, gözlərini sonsuzluğa dikib, hey Allaha yalvarırdı ki, gələn il tut çıxana kimi atasına heç nə olmasın...

# 857 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #