Xatirələr - Vüsal Bağırlı

Vüsal Bağırlı

Vüsal Bağırlı

21 noyabr 2022
# 23:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Vüsal Bağırlının "Xatirələr" hekayəsini təqdim edir.

Eyvana çıxdım. Hava buludludur. Ətrafda qəribə səslər eşidilir.

“Tap-tap-tararapp”.

Alnıma, əlimə soyuq damcılar düşür. Deyəsən yağış başlayır.

Dayanıb diqqət kəsilirəm. Yox, səhv edibmişəm. Bu eyvan ipindən asılmış nəm paltarlar, yenicə yuyulmuş köynək, kombinzon və şalvarlardan düşən oynaq damlaların aşağıdakı köhnə avtomobillə ritmik söhbətidir.

O həmişə eyni yerdə dayanır. Evdən çıxıb harasa gedəndə, işdən geri qayıdanda daim göz önündədir. Onu, beşmərtəbə “xruşşovka” ilэ palçıqlı xəndəyin arasında qərarlaşmış üzgün görünüşlü köhnə “Moskviç”i hər gün görürəm.

Hər gördüyümdə də anlayıram ki, onunla sərt və amansız davranılmış, avtomobil dəmir qalağı, zibil yığını kimi kənara atılmış, hər gün səhərdən axşamadək ora-bura tələsən, sakinləri acı tüstüsüylə boğan, bir-birlərinin qarnına girib hər yerdə tıxaclar yaradan modern avtomobillərə tay ola bilməyəcəyini anlayan keçmiş sahibi tərəfindən birdəfəlik tərk edilmişdir.

Avtomobilin indiki halı acınacaqlıdır. Qapısının biri əzilib, kapotu içəri batıb, müxtəlif iqlim dəyişikliyi, rütubət, külək, korroziyanın təsirindən metal gövdəsi, torpağa yaxın hissələri labüd aşınma prosesindən çürüyüb, eybəcər hala düşüb. Dəmir səthini toz basıb, buferi əyilərək sallaq dayanıb.
Futbol oynayan uşaqların çoxsaylı top zərbələri, korafəhm atılmış sapand daşların təsiriylə arxa-qabaq şüşələri sınıb, bəzi yerləri zədələnib. Təkərləri boşalaraq təbii müvazinətini itirib və o bir böyrü üstə əyilmiş məşhur Pizza qülləsini xatırladır. İçindən yağ, benzin və müşəmbə iyi gəlir.

Fəqət bütün üzücü məqamlarla yanaşı, avtomobildə bəzən pozitiv, məzəli şeylər da tapmaq mümkündür. Əgər ona yaxınlaşıb, gözümüzün birini qıysaq və yan şüşədən əks şüşəyə diqqətlə baxsaq, maraqlı illüziya, optik aldanış müşahidə edərik: obyektivdə yaranan ilğım, həyətdəki çiçəkləmiş albalı ağacını çoxaldır, təsviri bir-birinin üstünə mindirir və qəribə kaleydoskop yaradır.

Başımızı tərpətdikdə ağaclar dairəvi hərəkətlə tərpənir, sanki yallı gedirmişlər sayaq fırlanırlar. Bir dəfə tapıntımı həyətdəki uşaqlara göstərdim. Bu onları xeyli əyləndirdi.

“Moskviç” günlər, aylar, fəsillərlə silahlanmış zaman ordusu ilə daim döyüşür. Vaxt çayının aramsız, sabit axınına tabe olur, arxayın, qayğısız ömür sürməyə çalışır. Pəncərə-gözlərin yorğun qırışları, yarıaçıq kapot-dodağın kənarındakı narahat büküşləri, ağır, sallaq döşləri, rezinlə dartılmış qarın və budları əvəz edən bufer, disk və deflektora külək, şaxta, fırtına belə təsir etmir.

Payızın əvvəlləri əsən tozlu küləklər maşının üstünü kirlə örtür. Bu zaman onun əsl rəngini seçmək, ayırd etmək çətin olur. Payızın sonlarında isə fasiləsiz yağan noyabr yağışları maşını yuyub təmizləyir, onu uzaq yaylaq səfərinə hazırlaşan yorğa və saz kəhərə bənzədir.

Qışın ayazlı, qarlı günlərində qoca avtomobil gecənin öldürücü sazağından, boranından xilas olmağa çalışan evsiz-eşiksizlərə, “bomj”lara fərqli formatda xidmət göstərir, öz hostel statuslu havayı salonunu səxavətlə təklif edir. Neçə-neçə insanı amansız şaxtadan qoruyur, bahalı-ucuz həyatları ölümün labüd pəncəsindən xilas edir.

İsti fəsillərdə, havalar qızmağa başlayanda, həyətdə oynayan uşaqlar köhnəlmiş maşının üzərinə dırmaşaraq müxtəlif dəcəlliklər edirlər. Yeniyetmə və gənclər onun ətrafına toplaşır, kapotun üstündə şahmat, nərd oynayır, yaxud banın üstünə dırmaşaraq ayaqlarını saya sallayıb, siqaret çəkir, zarafatlaşır, bir-birlərinə şıllaq, yumruq atır, aşıb-daşan tükənməz enerjilərini israf edirlər.

Səhərlər səyyar meyvə satıcısı alma, şaftalı, ərik yeşiklərini, göyərti torbasını, yetişmiş boranı və qarpizları kapot-piştaxtanın üzərinə qoyur. Kepkasını gözünü üstünə basır, yerə çömbəlir və damağındakı tüstüləyən siqaretlə növbəti müştərini səsləyir.

Günorta toyuqlar, ördəklər əyilmiş buferin saldığı ensiz tünd zolağa çəkilib dincəlirlər. Axşamlar isə orada yaşlı qadınlar, qoca arvadlar, ahıl, ələngə qarılar qərarlaşır. Onlar avtomobilin kölgəsində oturub tum çırtlayır, məhəllədə olub keçmiş və baş verəcəklərdən qeybətləşirlər.

Bir gün, bütün gecəni əsən coşqun və azğın xəzri yaxınlıqdakı qoca küknarı köhnə avtomobilin üzərinə aşırdı. Qonşu mənzili təmir edən fəhlələrlə köməkləşib, onu bu ağır yükün altından çıxardıq.

Biz “Moskviç” in yanında dayanıb, üst-başımızı çırpıb, təmizləyərkən, qəfil qeybdən peyda olan helikopter-cırcırama diqqətimizi cəlb etdi. O, havada yarımdairə cızıb, qövsvari aerodinamik hərəkətlə ehmalca kapotun üzərinə qondu. Həşərat küləyin sərt nəfəsindən büzüşmüş, öz bozumtul şəffaf plaş-qanadlarına sıx-sıx bürünmüşdü.

Oynaq, zarafatcıl külək onun sarı-yaşıl gövdəsini tərpətdikcə cırcırama xoş təmas, incə nəvazişdən vəcdə gələrək xoşhallanır, nazik ip qırığına oxşayan quyruğunu qarnına tərəf qıvxırıb, axına uyğun titrətdirdi.

Birdən fəhlələrdən birinin ehtiyatsız, qəfil hərəkəti - üzünümü qaşıdı, ya əlini alnınamı çəkdi - həşəratı ürkütdü və o, qanadlarını küləyin yüngül axınına təslim edərək havaya pərvazlandı, uçub harasa getdi. Kapotun bozumtul narın tozu üzərində canlının kədərli, solğun izi qaldı.

Vaxt keçdikcə köhnə avtomobillə münasibətləri isinişdirməyə, dostlaşmağa başladım. İşdən qayıtdıqda, yaxud axşamlar həyətə düşdükdə, tez onun yanına gəlir, gün ərzində başıma gələnlərdən, müxtəlif hadisələrdən, gündəlik qayğı və problemlərdən danışıb onunla söhbətləşirdim.

O da yöndəmsiz və sallağı oturaraq dərdini mənimlə bölüşür, özünün bir vaxtlar tamaşa edənləri heyrətə salıb, ağılları başdan çıxardığı dövrlərindən qeyri-adi əhvalatlar nəql edirdi:

“Zavoddan yenicə çıxmış, hər iki tərəfdən paslanmayan nikel ramkayla əhatələnmişdim. Zil qara şinli, təzə təkərlər, parlaq metal örtüyüm günəşin şəfəqlərində bərq vurur, qibtə dolu baxışları qamaşdırırdı. Kənarlarıma parıltılı hərflərlə adım həkk olunmuşdur.

“Moskviç”

Sürücü dodağında xəfif təbəssüm, heyran baxışlarla mənə yaxınlaşır, qapını ehtiyatla açır, şəstlə dəri oturacağa yayxanır. Açar burulan an mühərrikimin həzin uğultusu eşidilir. İşə düşürəm. Sürücü ayağını akseleratorun üzərinə qoyunca, kiçik təkanla azacıq tullanır və hərəkətə gəlirəm.
Şəhərin əzəmətli, işıqlı, gen prospektlərində alışıb yanan faralarla, özündən razı görkəmlə şütüyərək, təşəxxüs satıram. Qarşıdan gələn çoxsaylı avtomobilləri sevinclə qarşılayır, salamlayıcı siqnallar verirəm.

Mənim üçün hər şey maraqlıdır - dolanbac küçələr, işıqlı prospektlər, geniş magistrallar- hətta kriminal qoxulu qaranlıq tinlər də...”


# 2812 dəfə oxunub

Oxşar xəbərlər

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel nitqi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel nitqi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

15:17 5 dekabr 2024
#
#
# # #