Vətənpərvər - Qafar Rüstəmin hekayəsi

Qafar Rüstəm

Qafar Rüstəm

26 iyun 2023
# 14:00

Kulis.az Qafar Rüstəmin "Vətənpərvər" adlı yeni hekayəsini təqdim edir.


Səhər pəncərəni döyəcləyən şıdırığı yağışın səsinə oyandı. Hələ sübh tezdən idi, yorğanı başına çəkib yatmaq istəyirdi. Nə illah elədisə, gözlərinə yuxu getmədi. Hər gün səhər işə getdiyi vaxtda oyanmışdı. Uzun müddət o tərəf-bu tərəfə qurcalandı. Yerində oturub yanında uzanan arvadına baxdı. Buxağında, sinəsində qat-qat olmuş dəri qəribə formada sallanırdı. Nəfəs alıb verdikcə sallaq döşləri enib qalxırdı.


Ayağa qalxıb başmaqlarını geyindi. Arvadı gecə gec yatmışdı, səhərə hər şey hazır olsun deyə özünü oda-közə vururdu. Xoşqədəmə qarşı hisslərini tam olaraq təyin edə bilmirdi, sevirdi, yoxsa hörmət edirdi. Adını nə qoyur qoysun qadına qarşı dərin bir bağlılığı vardı. Bu dünyadakı yeganə sığınacağı idi. Əvvəllər anasına qarşı hiss etdiyi bu duyğuların yönü çoxdandı dəyişmişdi. O, həyatda olsaydı oğluna “arvadının sözüylə oturub duran” deyərdi. İndi kim bilir, bacılarım mənim haqqımda nə fikirləşir, deyə qayğılı halda düşündü. Hiss etdiklərini onlara başa sala bilməzdi. Məgər dağ boyda qardaşları arvadının kölgəsinə sığınan balaca uşaq idi?

Balkona çıxıb pəncərəni bir balaca araladı. Siqareti yandırıb bir qullab vurdu. Yağışın soyuq həniri içəri soxulurdu. Jaketinə bürünüb siqaretini bir də sümürdü. Bərk öskürək tutdu. Son vaxtlar onu qəfil öskürək boğurdu. Arvadı yanında olanda deyirdi:

- Zəhrimar o vaxtdan qalıb. O qədər qarın, suyun içində yatmışıq ki. Gərək gedib özümü yoxlatdıram.

Heç vaxt dediyini etməzdi. Həkimə gedən kimi nəsə bir xəstəlik tapıb deyəcəyindən qorxurdu. Elə bil xəstəni əliboş geri qaytarmaq böyük günahdı.
Mədəsi aclıqdan bərk guruldadı. Əlini iri, köppə qarnında gəzdirib əsnədi. Saçları töküləndə, birdə qarnının böyüdüyünü görəndə yaşlandığının fərqinə vamışdı. Laçın vaxtlarından ona yadigar qalan bığlarına belə dən düşmüşdü, amma onları qırxmağı düşünmürdü, onlarsız özünü təsəvvür edə bilmirdi.

Doxsanıncı illərin əvvəli idi. Sovetlər qazan kimi qaynayırdı. Fazil o vaxt rayondan birbaş mitinqlərin içinə düşmüşdü. Tələbə yoldaşları ilə hər gecə toplanıb müzakirələr edir, Boz Qurddan, vahid Azərbaycandan, üçrəngli bayraqdan söhbət açırdılar. Natiqlər meydanlarda atəşin nitqlər söyləyəndə onun damarında qan civə kimi axır, tükləri biz-biz dururdu. Şairlər bağıra-çığıra Araz, qan ağlayan vətən, ulu türkün müqəddəs yolu haqqında şeirlər deyirdilər. Elə o vaxtlar Oğuz Xaqan kimi çənəsinə tərəf uzanan şəvə bığ buraxmışdı.

Ana dilinin təbliği üçün əlindən gələni edirdi. Milli ruhda yazılan əsərləri həvəslə oxuyur, başqlarına da təbliğ edirdi. Rus dilində sözlər istifadə edənlərə irad tuturdu. Onsuz da “İyirmi yanvar” hadisəsindən sonra hamıda rus dilinə dərin bir nifrət yaranmışdı. Heç kim Fazilin dil məsələsindəki xəbərdarlığından incimirdi. Məsələ orasındaydı ki, özü rus dilini bilmirdi. Rusiyaya qarşı olan nifrətinə görə bildiyi bir neçə kəliməni belə istifadə etmirdi. Rusdilli ailələrdə böyümüş millətçi uşaqlar onun saf azərbaycanca danışığına heyran qalırdılar. Onu hər dəfə alqışlayıb kürsüyə çıxaranda həyəcanlanıb mətləbləri dolaşdırır, nitqini bir-iki bənd şeir deyərək güclə başa vururdu.

Üniversiteti könüllü tərk edib Qarabağa yollandı. Müharibə çətin idi, üsətlik lazımı silah-sürsatın olmamağı, xəyanətlər, satqınlıqlar Fazili əməlli-başlı dəli edirdi. Ayağından yaralanıb xəstəxanaya düşməsəydi, ölənə qədər savaşmağa hazır idi. Şuşa itiriləndə, Kəlbəcər işğal olunanda keçirdiyi stress və əsəb canından çıxmırdı. Müharibənin qan-qadalı səhnələri röyalarını kabusla doldururdu.

Atəşkəs imzalanandan sonra ölkəyə qəribə bir səssizlik çökmüşdü. İqtisadi problemlər, gün-güzaran dərdi insanları məşğul edirdi. Keçid dövrünün xaotik ab-havasında hamının başı özünə qarışmışdı.

Fazil rayona qayıtmaq istəmirdi. Bir yandan üniversitet oxuyub digər yandan bazarda mer-meyvə satırdı. Gələcək qayğısı, itirilən torpaqlar onu qəmə-kədərə boğurdu. Xoşqədəmlə evlənəndən sonra elə bil bir balaca sakitləşmişdi. Onu tələbəlik illərindən tanıyırdı. Aktiv, dilli-dilvər qız idi. Fazil sakit, utancaq olsa da, niyəsə arvadının gözüaçıq, sözünüdeyən biri olmağını istəyirdi. Bir yolunu tapıb Xoşqədəmə ismaric göndərəndə qəbul edəcəyinə ümidi yox idi. Amma tale onun üzünə gülmüşdü.

Xoşqədəm evi çək-çevir eləməyi yaxşı bilirdi. Üstəlik müəllimlikdən pul qazanıb ərinə də maddi köməklik edirdi. Birlikdə əl-ələ verib yaşayırdılar.
Fazil yenə mitinqlərdə iştirak edirdi. Hər dəfə polislərdən yaxşıca kötək yeyəndən sonra Xoşqədəmdən də bir sicilləmə danlaq eşidərdi. Ancaq ölkədə baş verənlər qarşısında sakit otura bilmirdi. Daxilən hər şeyin dalana tərəf getdiyini görürdü. Bu həqiqəti qəbul etməyi özünə yedirə bilmirdi.

Oğlu Məmməd, qızı Günay iki il ara ilə dünyaya gəldilər. Fazilin yükü gündən günə artırdı, dolanışıq çətinləşirdi. Yaxşı iş tapıb bir təhər dolanmalıydı. Dostunun köməkliyi ilə işıq idarəsində işə düzəldi. Uzun bığlarını qırxıb qısaltdı. Əsəblərini sakit tutmaq üçün nə televizora baxır, nə də qəzet oxuyurdu. İctimaiyyətdə baş verənləri bilmək istəmirdi. Siyasi münaqişələrdə iştirak etsə, işindən də ola bilərdi.

Uşaqları məktəbə getmək yaşına gələndə Xoşqədəmlə bərk mübahisə etdilər. Arvadı uşaqlarını rus bölməsinə göndərmək istəyirdi. Fazil üçün bu qəbuledilməz idi. İndinin özündə də dilinə rus sözləri yatmırdı. Az-maz bildiyi “da”, “xoroşo”, “uje” kəlimələrini belə uzun illərdi dilinə gətirmirdi. Yenə də nitqində rusca söz işlədənlərə xəbərdarlıq edir, ana dilindəki qarşılığını deməyi təkid edirdi.

Xoşqədəm Bakıda böyümüşdü, valideynləri ilə çox vaxt rusca danışırdı. Üniversitetə gedəndə millətçi hərakatın səyi nəticəsində ana dilini öyrənib nitqini səlisləşdirmişdi. Fazillə evlənəndə gələcəkdə belə bir problem yaşaya biləcəyini qətiyyən təxmin etməmişdi. Ərinin rus dilində bilmədiyindən xəbəri var idi, amma bu onun üçün elə də ciddi nöqsan deyildi.

Məmməd anasının səyi nəticəsində rus bölməsinə getdi. Üniveristeti bitirəndən sonra “Port Baku”da nüfuzlu bir şirkətin baş ofisində iş tapdı. O, anası kimi dilli-dilavər idi. Gələcəyi barəsində yaxşı planlar qurur, hər şeyi bəri başdan götür qoy edirdi. Yaxşı pul qazanırdı, bəzən Fazil arvadının əliylə oğlundan borc alırdı.

Məmməd iş yerində gözünə kəsdirdiyi qızla xoş münasibətlər qurmuşdu. Aygün hər gün ayrı libasda, ayrı qır-qızılda iş yerinə gələcək qədər zəngin olsa da, Məmmədin alicənablığı, şirin dili qarşısında tab gətirə bilməmişdi. Ailələrinin bir-birlərinə uyğun olmadığını bilirdi, ancaq evin “Aykası” “papasını” razı sala bilmişdi. Atası “O da mənim oğlum, belə lap yaxşı olar”, deyə fikirləşib qızının arzusunu ürəyində qoymamışdı. “Gəlib səni istəsinlər”, - demişdi.

Boz buludlar bir-birini sıxışdırıb yenə torpağa yağış səpirdi. Fazil ürəyini çulğayan kədərdən qurtula bilmirdi. Oğlunun xoşbəxtliyi onun üçün hər şeydən önəmli idi, amma istəməyə gedəcəkləri qızın ailəsi onlara uyğun deyildi. Siqareti bir-birinə calaya-calaya fikrini dağıdacaq şeylər düşünməyə çalışırdı.

İnsanın sahib olduğu fikirlər zamanın gur axını qarşısında necə də yıxılıb gedirdi. Ona qarşı inadına dirənmək qeyri-mümkün idi. Məmməd tərbiyəli, yaraşıqlı, ağıllı oğlan idi. Fazil belə oğlu olduğu üçün fəxr edə bilərdi. Lakin anası onu rus bölməsinə yazandan sonra övladına qarşı yadlaşmışdı. Bəzən bir-birilərini başa düşə bimirdilər. İndi nəvələri ilə də eyni aqibət gözləyirdi. Kim bilir onlar Azərbyacan dilində qəti bilməyəcəkdilər. Ürəyindən keçən bütün bu fikirləri, qayğıları nə oğluna, nə Xoşqədəmə aça bilirdi. İllərlə mübahisə edib yorulduqları məsələləri yenidən açmaq istəmirdi. Qaysaq bağlamış yaranı didməyə nə ehtiyac vardı axı.

Aygünün atası onları Bilgəhdəki villalarına dəvət etmişdi. Qohum-əqrabaları da çağırmışdılar. Fazil beş-altı nəfərlik yaxın qohumları ilə gedəcəkdi. Bütün hazırlıqları Xoşqədəmlə Məmməd görmüşdü. Böyük gül dəstəsi sifariş vermiş, Aygünlə bilikdə seçdikləri iri birliyant qaşlı üzüyü almışdı. Qaynanası və qaynatası üçün İtaliyadan xüsusi gətizdirdiyi bahalı şərab və şokoladdan hədiyyə bağlaması düzəltmişdi. Yeni qohumlarının qarşısına urvatlı çıxmaq çox vacib idi.

***

Günbatana yaxın villanın qabağına çatmışdılar. Bağ evinin geniş həyəti maşınlara dolu idi. Müasir üslubda dizayn edilmiş geniş qonaq otağında uzun masa açılmışdı. Fazil qudası ilə salamlaşıb qucaqlaşdı. Aygün “Pivet, Mamed”,- deyib sevgilisinin yanağından öpdü. Dj, skripka və gitaradan ibarət musiqiçilər sakit melodiayalar ifa edirilər. Ev sahibi ayağa qalxıb qonaqları salamladı. Hündürboy, gursəsli olan Asəf danışmağa başlayanda hamı sakit dayanıb ona qulaq asırdı. Çallaşmış sıx saçlarını əliylə geri darayıb badəni havaya qaldırdı.

- Dorogiye druzya, dobre pojalovat.

Sonra öz qohumlarını bir-bir tanış elədi. Onlardan birini Fazil elə bil hardansa tanıyırdı. Bəli, yanılmamışdı, Aygünün dayısı onun tələbə yoldaşı idi. Ara bir dərsə gəlib gedirdi, qiymətləri pulla yazdırdığına görə onu ancaq imtahan vaxtı gömək olurdu. Adını güclə yadına saldı, Zəfər idi. O da Fazili tanımışdı.

Məmmədin dayısı ayağa qalxıb oğlan evinin nümayəndəsi kimi rus dilində hamını salamladı. Sonra da öz qohumlarını bir-bir tanış elədi. Fazilin, Xoşqədəmin, Məmmədin şəninə xoş sözlər dedi. Fazil ümumi məğzini başa düşdüyü danışıqlardan sıxılmağa başlamışdı. Geniş, hündür divarlar daralıb qəbir kimi onu sıxırdı.

Məclis açıq elan ediləndən sonra hamı yeməyə başladı. Süfrə çoxdan soyuq qəlyanaltılarla dolmuşdu. Ofisiantlar onları götürüb yerlərinə balıq, bildirçin, tikə kababları, dolmanı və aşı düzürdülər. Qonaqların istəyinə görə fərqli içkilər təklif olunurdu. Fazil səhərdən bəri ürəyini çulğayan qayğıdan qurtulmaq üçün üç stakan arağı qısa fasilələrlə içdi. “Jack Daniels” viskisinin buzu əriməyinə imkan vermədən başına çəkdi. Bütün bədəninin qızışdığını hiss edirdi. Elə bil eyni-başı açıldı. Biri çiyninə ərkyana şappıldatdı. Geri dönəndə Zəfərin həmin heyvərə gülüşüylə ona baxıdığını gördü. Ayağa qalxıb tələbə yoldaşı ilə qucaqlaşdı. Birlikdə balkona tərəf keçdilər.

Zəfərin sir-sifəti elə də dəyişməmişdi. Tələbə illərindəki kimi qara saçları, ətli burnu, yumru sifəti vardı. Bir nəfəsə özü haqqında məlumat verdi. Fazilin rus dilini bilmədiyini başa düşdüyü üçün hıqqana-hıqqana Azərbaycan dilində danışırdı. Purosunu sümürə-sümürə uzun illər həyatında baş verənləri bir-bir nağıl edirdi. Onun tikinti şirkəti vardı. Bakıda və rayonlarda dövlətin sifarişi ilə layihələr icra edirdi. Hətta xaricdə tenderlər udmuşdu. Fazil siqareti bir-birinə calayaraq Zəfərə qulaq asırdı. Əslində onu tam başa düşmürdü. İçkidən idi, yoxsa hava bürkülüydü, eşitdiklərini qavraya bilmirdi. İldırım çaxıb yağış yağmağa başlayanda bir balaca nəfəsi açıldı. Zəfər ona sual verəndə elə bil yuxudan oyanmış kimi oldu.

- Sən o vaxt könüllü getdin də?

- Hə.

- Ondan sonra mən də üniversitetə çox gəlib getmədim, zənglə yoluna qoydum imtahanları.

Puronun dumanını havaya püləyib irişə-irişə soruşdu.

- Yəqin, ikinci Qarabağ müharibəsinə də gedərsən.

Fazil bu barədə çox düşünmüşdü. Getməliydimi? Polad Həşimov cəbhədə həlak olanda o da insanlara qoşulub Azadlıq meydanına tərəf yerimişdi. İnsanların torpaq uğrunda ayağa qalxmağı çoxdan yadırğadığı, unutduğu hissləri bir anda oyatmışdı. Elə bil üzərindən ölü torpaq atılmışdı. Ancaq o gecə insanların üzərinə təziqli su şırnaqları sıxılıb, həbs ediləndən sonra elə bil daxilində son tel də qırılmışdı. İllər öncə yaşadığı iztirablı günlərə bir daha qayıtmaq istəmədi. Ona kədərdən uzaq sakit həyat lazım idi.

- Yox, getmədim.

- Oranın daşı da, torpağı da qızıldı. Bilirsən nə işlər var orada? Qudanla mən yaxşı layihələr götürmüşük. Yenə də olacaq. Sənin oğlunu, Mamedi də götürəcik yanımıza. Maaşla adam dolanar?

Göy yarılırmış kimi ildırım çaxdı, yağış qəfil gücləndi. Hava elə də soyuq deyildi, torpağın canındakı istilik havaya qarışırdı. Fazil siqaretindən bir qullab vurub işıqlı villanın həyətinə səpələnən yağış damcılarına baxdı. Elə bu dəm qudası onların yanına gəldi. Kefi kök idi. Əlində şampan rumkasıyla onların söhbətinə qulaq asdı. Sağ əlini uzadıb

Fazilin qoluna girdi.

- Seyças ne vremya abota. Poydyom.

Fazil onun dediklərini təxminən başa düşdü. Başını “yaxşı” mənasında yavaşca tərpətdi. Əlindəki siqareti bayıra tulladı. Siqaret havada uçub şıdırğı yağışın amansız hücümü qarşısında sönüb gözdən itdi. O, boğazını arıtlayıb bir-birinə yapışmış dodaqlarını zorla qımıldatdı.

- Хорошо, пойдем!

# 2655 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #