Tutu topu tutdu

Zamin Hacı

Zamin Hacı

11 noyabr 2021
# 09:00

Kulis.az Zamin Hacının "Tutu topu tutdu" yazısını təqdim edir.

(Yəhya Kərimovun xatirəsinə)

Yayda, avqustun 13-də Yəhya Kərimov 94 yaşında öləndə mən çox dilxor oldum. Çünki bu adam mənə hərfləri öyrədən kitabı yazmışdı. Təkcə mənə deyil. Yəhya Kərimov haqda internetdə çox qısıtlı informasiyalar var. Yazırlar 1963-cü ildən “Əlifba” kitabının müəllifi olub. Ancaq neçənci ilə qədər? Bu, yoxdur.

Yəhya Kərimovun mənə hərf öyrətdiyi “Əlifba”sı kiril qrafikalı Azərbaycan əlifbasıydı. Sonralar, müstəqillik dövründə o, deyəsən, latın qrafikalı “Əlifba” kitabını da hazırlamışdı. İnternetdə onun müəllifliyi ilə 90-larda çıxmış “Türk dili, 2-ci sinif” dərsliyinin üz qabığının fotosuna rast gəlinir. (İndiki uşaqlar bilməz, o zamanlar qısa müddətə “Azərbaycan dili” rəsmən “Türk dili” olmuşdu). Hər halda, güman edə bilərəm “birinci sinfin” müəllifi də Yəhya müəllim olub.

Bir neçə nəsil azərbaycanlıya yazmağı öyrədən adamı yayda sakitcə Qax şəhərinə aparıb, oradakı qəbiristanlıqda dəfn elədilər. Bilmirəm bu nə dərəcədə doğru idi? Niyə belə məsləhət olunmuşdu? Mənə elə gəlir, Yəhya Kərimovu ölkənin mərkəzi şəhəri Bakıda, fəxri xiyabanda basdırmaq, hər il məktəbliləri onun qəbrinin ziyarətinə aparmaq lazım idi.

Əlbəttə, elmi-pedaqoji baxımdan onun hazırladığı dərsliyə qiymət vermək qabiliyyətim yoxdur. Ancaq yazmağı öyrəndiyin kitab haradasa ilk məhəbbət kimi bir şeydir. Burada qiymətləndirmə kateqoriyaları olmur. Həm də biz nədəsə ənənə yaratmalı deyilikmi? Bir əsrdə 4 dəfə əlifbası dəyişdirilən, nəticədə Güneydə qalmış milyonlarla soydaşının yazı-pozusunu oxuya bilməyən (onlar, bəlkə, bizi daha asan oxuyur – hər halda, latın ərəbdən populyardır) xalq üçün əlifba mövzuları müqəddəsləşir hardasa.

Yəhya adı dini kitablardan gəlmə addır. Xristianlarda İohandır, bu adam İsa peyğəmbərin gələcəyini camaata anons edərmiş. Onları İordan çayında suya çəkib təmizləyərmiş. Biz də Yəhya Kərimovun “Əlifba”sından keçib təmizlənməli idik.

Müsəlmanların bir hədis kitabından rəvayət də olduqca gözəldir. Orada Yəhya peyğəmbərin uşaqlığından bəhs edilir. Yaşıdları balaca Yəhyanı oynamağa çağırırlar, o isə deyir: “Biz oynamaq üçün yox, böyük işlər görmək üçün yaranmışıq”. Bunu həyətdən evə yığışmayan və dərslərini oxumaq istəməyən balacalara danışmaq olar.

Bir müqayisə də yazım, oxucular bağışlasın: alman xalqının böyük oğlu, kitab çapı qurğusunu kəşf eləməklə dünya tarixini dəyişdirən Quttenberqin ismi-şərifi İohann olub. Yəni, Yəhya müəllim. Yəhya Kərimov bizim milli Quttenberq kimi adam idi. Nə qədər adama kitab oxumağı öyrədə bildi, bax, bunu dəqiq deyə bilmərəm.

“Əlifba” bir söz olaraq da mənə doğmadır, qanıma-canıma istilik gətirir, çünki üzünü görmədiyim, mən doğulandan 10 il qabaq ölmüş babamın adı Əlif olub. “Əlifba” deyəndə balaca vaxtı az qala hesab edirdim “Əlif baba” deyirəm. Babam tarix müəllimi olub. Atası, ulu babam Cabbar haqda nənəmdən eşitdiyim əhvalat yadımda qalıb:
“Hacı İmamqulu oğlu Cabbarı Məşhədə, mədrəsədə oxumağa göndərir. Ancaq bir həftə-filan keçməmiş görür Cabbar qaçıb gəlib. Oxumaq istəmirmiş. İmamqulu kişi əsəbiləşir, bunu çobanlarının yanına qovur, deyir sən elə qoyun otarmağa yarayarsan”. Bu kişi bəs niyə oğluna birinci hərfin adını qoyub və onu oxudub?

Xocalı hadisəsindən sonra Əlif Hacıyevin qəhrəmanlığı məlum olanda babamın tam adaşı olan bu adam da mənə qəribə doğmalaşmışdı. Tam təsadüfən onun adını daşıyan küçədə – “Qara Qarayev” metrosu tərəfdə – yaşamışam.

Keçən ilin dekabrında dostum, həmkəndlim Şükranla azad edilən yurdumuza gedəndə qəbiristanlıqda Əlif babamın qəbrini salamat tapanda çox sevinmişdim, evimizin darmadağın olması belə bir anlığa yadımdan çıxmışdı.

Əlbəttə, bu şəxsi düşüncələrə görə də oxuculardan üzr istəyirəm. Sadəcə uşaqlara yaxşı dərsliklər yazan, hərf öyrədən hər kəsi babam qədər sevdiyimi çatdırmaq istədim həm də. Yayda Qax qəbiristanlığında babamı basdırmışdılar.

Bir nəvə olaraq borcum, haçansa Qaxa getsəm o qəbri ziyarət etməkdir.

Tutuya gələndə, ondan da nigaran qalma, Yəhya müəllim. Tutu topu tutmuşdur.

# 5875 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #