Səkkizinci simfoniya - Şahin Səmədovun hekayəsi

Səkkizinci simfoniya - Şahin Səmədovun hekayəsi
15 may 2025
# 16:33

Kulis.az Şahin Səmədovun "Səkkizinci simfoniya" hekayəsini təqdim edir.


Yağış günahı yumadığı kimi müsiqi də vicdanı oyada bilmir, yenidən unudulacaq hər şeyi yalnız xatırladır. Mənim nümunəmdə isə bir təbiət hadisəsinin səsləndirdiyi musiqi hansısa bəstəkarın sinfoniyası ilə birləşərək günahı eyni vaxtda, yanaşı xatırladır. Dəhşət ondadır ki, günahkar bu işi görən zaman musiqi səslənir və yağış yağır.

Bu, sadəcə, maraq deyildi, daxili ehtiyacdan doğan acgözlük iştahı idi. Acgözlük həqiqətən də ağla gəlməyən yerlərdə gizlənir və heç gözlənilməyən məqamlarda özünü göstərir. Bu aşırı tamahkarlığı həyatda mövcud olan ən çirkin məhdudiyyət hesab edirəm. Təbiət istəsəydi belə insanı bu məhdudiyyət içərisində yarada bilməzdi, bu sonradan qazanılmış cəhətdir və mən bundan azad deyildim. Gecikmiş təəssüf hissi ilə bildirməliyəm ki, yaxşı iş görməmişəm. Həmin gün o mənim vecimə olmamışdı. İfrata varmaq istəmirəm, ancaq indi bunu təmiz əxlaqsızlıq adlandırardım. Əlbəttə artıq etdiyim əmələ görə peşimanam, bütün bunları xatırladıqca xəcalət çəkirəm. Səmimi desəm, bu hadisə məni dərindən həyəcanlandırmısdı.
Keçmişə nəzər saldıqda özümü daha çox cavan və imkanlı vaxtlarımda xatırlayıram.

Mənim şəhərdə daimi yaşamaq üçün nəzərdə tutulmuş müxtəlif mənzillərim və bir də indi yaşadığım keçmişdən qalma bağ evim olub. Şəhərin səs-küyündən uzaqlaşıb tək qalmaq istəyəndə bu qədim bağ evinə gəlirdim. Burada müasir dövrü xatırladan təkcə mən özüm deyildim. Yenilikdən xəbər verən bəzi əşyaları saymasaq nə vardısa ötən əsrdən qalmışdı. Bağdaki antik əşyalar içərisində əsl incəsənət nümunəsi hesab etdiyim trubası təmiz gümüşdən hazırlanmış və müxtəlif maraqlı naxışlarla bəzədilmiş qrammafon digərlərindən xüsusilə seçilirdi. Hər dəfə pəncərə qarşısında kresloda oturub üzərində iri hərflərlə səkkizinci simfoniya yazılmış valı oxutmaq üçün qrammafonu işə salırdım. Ruhum eyniliyi inkar etsə də, seçim imkanı olmadığından eyni musiqini dinləməyə məcbur olurdum.

Altmış səkkiz yaşımda tək qalanda həmişəlik bu bağ evinə pənah gətirdim və sadə ömür sürməyə başladım. Mənə qalan, ancaq lazım olmayacaq şeyləri satmağa başladım, az istifadə olunduqlarından yeni görünən nə varsa hamısını verdim getdi. Ən axırda isə ilk qoyulduqları yerə hər zaman sadiq qalmış ağır mebelləri satdım. Onları yerindən tərpətmək kiminsə ağlına gəlməmişdi. Aydın oldu ki, düz də etmişəm. Artıq təmamilə tək tənha yaşayıram- dünən səhər itim də dünyadan köçdü.

Haradansa simfonik musiqinin hüznlü səsi eşidilir. Yetmiş beş yaşımın tamam olacağını xatırladım və başımı qaldırıb səmaya baxıram. Qara buludlar göyün üzünü örtməyə başlayır, elə bil yerə meydan oxuyurlar. Sanki öz laqeyd baxışları ilə yer üzərində növbəti məhkəmələrini qurub mühakimə etməyə hazırlaşırlar. Belə havaya etibar etmirəm və bu səhnədə iştirak etmək fikrim yoxdur. Yağış yağacaq, bunu heç gözləmirdim. Evə keçmək istəyirəm, ancaq taqətim yoxdur, elə bil məni kimsə ayaqlarımdan tutub saxlayıb və mən mübarizə aparıram. Zorla nəfəs alıram. Məni kədərli fikirlər bürüdü, illər əvvəl baş verənlər gözlərim önündə canlanır.

Həmin gün işdən tez çıxıb bağa gəldim. Pencəyimi çıxarıb kənara qoydum, qalstukumu boşaltdım . Pəncərə qarşısında kresloda oturub qrammafonu işə saldım. Ayağımın birini digərinin üzərinə aşırıb musiqiyə qulaq asırdım. Klassik musiqiyə dalaraq düşunməyə çalışsam da məni yuxu basırdı. Yuxunu qovmaq üçün musiqinin səsini artırdım və pəncərə qapılarını taybatay açdım. Fikirləşdim ki, fırlanan qrammafon valına tamaşa etməyin heç bir mənası yoxdur. Qonşu bağa baxırdım. Ora mənim üçün kiçik cəngəlliyi xatırladırdı. Gözüm qonşuluqda yaşayan tənha qocaya sataşdı və təəccübləndim. Əvvəllər onu bir dəqiqə oturan, ya da hərəkətsiz dayanan görməmişdim. Ətrafına fikir vermədən başı aşağı gəzərdi, elə bilərdin ki, işi başından aşır. Onun necə istirahət etdiyinin fərqində olmamışdım. İndi isə həmişəkindən fərqli olaraq əyilmiş vəziyyətdə ağacdan tutaraq hərəkətsiz qalmışdı, elə bil yerə mıxlanmışdı. Gözlənilmədən mənə baxdı. Göy üzünü buludlar örtsə də qocanın sifəti aydın görünürdü, orada çox gərgin bir ifadə vardı. Mənə elə gəldi ki, o baxışları ilə kömək istəyir.

Bir müddət keçdikdən sonra qəddini düzəldərək güc bela ilə özünü evinin açıq qapısından içəri saldı. Qonşu olsaq da onu uzaqdan uzağa tanıyırdım, buna baxmayaraq gedib vəziyyətinin nə yerdə olduğunu bilmək istədim. Tələm tələsik küçəyə çıxdım və qocanın darvazasına yaxınlaşdım. Darvaza qapısını itələmək istəyərkən hardansa qaçıb gələn, artıq üzünü xatırlaya bilmədiyim bir uşaq qarşımda dayandı.
-Salam. Topum sizin həyətə düşüb, götürə bilərəm?- şıltaq səslə dedi. - Gözlə özüm gətirərəm, - dedim.
-Çox sağ olun, - uşaq razılıq əlaməti olaraq başını yellədi.
İçəri keçib arxamca qapını bağladım.

Başqasının bağında ağacların arasıyla gəzərək topu axtarmağa başladım. Bağ həqiqətən də geniş ərazidə salınmışdı. Ancaq axtarış tez nəticə verdi. Yaddaşım məni aldatmırsa qapını açıb topu qaytarmaq istədikdə uşağı görmədim, üzümü həyətə çevirib yenidən baxdıqda o qarşımda idi, əvvəlki yerində dayanmışdı və müəmmalı təbəssümlə mənə baxırdı. Əllərini uzadıb topu aldı və qaçıb getdi. Ola bilsin ki, yanılıram, həmin an uşaq heç yoxa çıxmayıb, sadəcə yaddaşımda belə qalıb, bəlkə də qarışdırıram. Uşaq olanda eyni hadisə mənim də başıma gəlib, bir dəfə oxşar vəziyyətlə qarşılaşmışdım. Topum qonşunun həyətinə düşmüşdü. Qapı açıq olsa da başqasının həyətinə icazəsiz soxulmayıb gözləmışdim və axırda topumu birtəhər geri ala bilmişdim.
Topu sahibinə qaytardıqdan sonra qocanın yaşadığı evə yaxınlaşdım. Pəncərələrinə möhkəm dəmir barmaqlıqlar vurulmuş evin qapısı hələ də açıq idi. Açıq qapını döyüb bir az gözlədim. Evə daxil oldum, içəridən zirzəmi qoxusu gəlirdi . Yenə az bir müddət dayanıb gözlədikdən sonra heç nə düşünmədən qarşıdakı otağa tərəf addımladım və bu vaxt külək qapını örtdü.

Tələsmədən sakitcə otağa keçdim və qocanı gördüm. Taxta döşəmə üzərində mənasız bir vəziyyətdə başı aşağı oturmuşdu, daha doğrusu donub qalmışdı, elə bil özündən getmişdi. Kürəyi divara söykənmişdi, qısabogaz çəkmədə olan ayaqlarını qarşısında uzatmışdı. Göz qapaqları tam yumulmamışdı, əvvəlki gərginliyinin izi isə hələ də onun üzündəydi. İlk baxışda qarşılaşdığım mənzərə məni çaşdırdı, nə edəcəyimi bilmədim. Otaq sükuta qərq olmuşdu, divardakı saat da susmuşdu. Divarların və əşyaların ölü sükutu məni hərəkətsiz adama toxunmağa məcbur etdi. Sonra ixtiyarsız olaraq geri çəkildim. Qoca tərpənmirdi, onun üçün hərəkət bitmişdi. Heç vaxt barmağımı belə möhkəm dişləməmişdim, tüklərim qabardı.

Öskürərək boğazımı arıtladım, danışmağa təhərim yox idi. Beynim buz kimi donmuşdu. Ancaq buna baxmayaraq çox yaxşı başa düşürdüm ki, ona heç cür kömək edə bilmərəm: artıq gecdir, onun dirilməsi mümkün deyildi. Daha bir müddət gözlərim qocanın cansız bədəninə dikilib qaldı. Sonra ətrafı müşahidə elədim. Otaqda qiymətli bir şey görmədim. Bir dəmir çarpayı, bir stol, üç stul, bir siyirtmələri olan dolab və başqa şeylər vardı. Hamısı da həddən artıq köhnə vəziyyətdə idi. Evdəki köhnəlik və yoxsulluq cansıxıcı mühit yaratmışdı. İçərinin sakitliyi isə narahatlıq yaradırdı.

Ancaq sonra damdan səslər eşidilməyə başladı. Yağdıqca şiddətlənən yağışın damı döyəclədiyi aydın oldu. Pəncərəni açdım, selləmə yağış tökməyə başlamışdı. Qrammafon hələ də oxuyurdu. Yerə tökülən suyun şırıltısı içərisindən pəncərədən eşidilən simfonik musiqinin səsi gəlirdi. Əvvəlcə yardım çağırmaq istədim, sonra fikrimdən daşındım. Məni nəsə tərpədirdi, bir yerdə dura bilmirdim, var-gəl edə- edə qalmışdım, əllərim gicişirdi. Və dəhşətli məqam gəldi, əslində fövqəladə heç nə olmadı. Dolabın qarşısına keçib siyirtmələrini bir-bir açmağa başladım.

Məqsədimin nəyə yönəldiyini yaxşı bilirdim, sanki mənə nə etməli olduğumu qabaqcadan demişdilər. Birdən qulaqlarımda bir ifadə vızıldadı : "sən nə hoqqa çıxarmaq istəyirsən?". Elə bu vaxt kağıza bükülmüş pulları gördüm. "Burada ürəyin istəyən qədər pul var" dodaqaltı dedim və çevrilib qocaya baxdım. Bu pulları nə məqsədlə yığıb saxladığını və xəzinəsini niyə etibarlı yerdə gizlətmədiyini anlaya bilmədim. Bəlkə, qoca yaddaşının ona naxələflik edə biləcəyini düşünərək belə qərar veribmiş. Fikirləşdim ki, bu qiymətli kağızları xərcləsəydi ömrünün son aylarını insan kimi yaşaya bilərdi.
Ayaqlarım sözümə baxmır. Musiqi səsi azaldıqda başa düşdüm ki, daha evdəyəm. İndi küncə çəkilib keçmişdə olanları gözümün qabağında canlandırarkən özümü daha çox köməksiz hiss edirəm. Sanki bütün baş verənləri yenidən, təkrar yaşayıram.

Elə də az məbləğ deyildi. Əvvəlcə tərəddüd etdim, ancaq qiymətli bağlama öz qeyri-adi cazibəsilə sağ əlimi özünə tərəf çəkirdi. Baxıb gördüm ki, bükülünü artıq əlimdə tutmuşam. Bunu soyğunçuluq da adlandırmaq olardı. Yaxşı iş görmədiyimi bilirdim, özünüqiymətləndirmə hissim təmamilə yoxa çıxmışdı. Pulları necə xərcləyəcəyimi təsəvvür etmək istədim, ancaq bacarmadım. Bağlamanı yerinə qoya bilərdim, təəssüf olsun ki, bunu etmədim. Hətta otaqdan çıxarkən qocanın cansız bədənindən üzr istəməyim gəldi, güya mənim səsimi eşidəcəkdi.

Pulları cibimə qoyub həyətə çıxdım. Kədərli yağış davam edirdi. Ağacların hüznlü görkəmindən qüssə yağırdı, yaşıl yarpaqlar və çəmənliklər təmiz islanmışdılar. Özümdə-sözümdə deyildim, məni görən olsaydı çox rahatlıqla özümü ələ verərdim. Heç kimlə rastlaşmamaq üçün əvvəlcə küçəyə çıxan darvaza qapısını azca aralayıb ətrafa nəzər saldım və tam əmin olduqdan sonra tələsik oranı tərk etdim. Evə gedib qrammafonu söndürdüm. Təmamilə islanmışdım, köynək əynimə yapışmışdı. Yenə bağa baxırdım. Gördüyüm mənzərə məndə nəhayətsiz bir tənhalıq hissi doğurdu. Amma hər halda, o sahibsiz bağda həyat davam edirdi. Bir az keçdikdən sonra göy üzü açılmağa başladı, gün yavaş-yavaş qüruba enirdi. Qrammafonun gümüş trubası son şüaların altında parıldayırdı. Daha sonra baş verənləri xatırlaya bilmirəm.
Bütün bunları xatırlamağımın yəqin ki, bir səbəbi var. Bəlkə də indi özümü qocanın yerinə qoyuram. Getdikcə gücümün tükəndiyini hiss edirəm, ölü kimiyəm. Saata baxıb işləmədiyinə əmin oluram. Elə bil bütün dünya qolumdakı saat kimi dayanıb.

Bayırdan səslər eşidirəm, qapı döyülür, kimsə içəri girdi. Addım səsləri və külək qapını örtdü.

# 143 dəfə oxunub

Oxşar xəbərlər

Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

12:00 14 may 2025
8b-dəki İra -  Alpay Azərin yeni hekayəsi

8b-dəki İra - Alpay Azərin yeni hekayəsi

09:00 13 may 2025
Mən necə evsiz qaldım?

Mən necə evsiz qaldım?

14:20 12 may 2025
Üzüm yarpağına görə ağlayan kişi - İsi Məlikzadənin hekayəsi

Üzüm yarpağına görə ağlayan kişi - İsi Məlikzadənin hekayəsi

13:31 12 may 2025
Zolaqlılar - Sənan İsmayılovun hekayəsi

Zolaqlılar - Sənan İsmayılovun hekayəsi

09:15 8 may 2025
Sədaqət - Pərvanə Əliqızının hekayəsi

Sədaqət - Pərvanə Əliqızının hekayəsi

11:42 7 may 2025
# # #