Kulis.az Əli Çağlanın "Şahmat" adlı yeni hekayəsini təqdim edir.
Bəzən hündür bədbəxtliklərə məğlub olmayan xoşbəxtlikləri unuduruq. Qalib gəldiyimiz anları yaddaşımızın köhnə kolleksiyalara aid olan zirzəmisinin küncünə buraxırıq. Sonra onların toz basıb köhnəldiyini bilib-bilmədən götürürük, qolumuzun uzandığı qədər tullayırıq. Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq, doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra onlar sümsük itlərə çevrilirlər, qapımızın ağzında dayanırlar. Ona yal atan da, onu vəfalı bilən də, onu böyüdən də biz oluruq. Sonra o, yırtıcılaşır. Sonra o, bizim kim olduğumuzu tanımır. Sonra o...
Yaz havasının qoxusu hər yeri ağzına almışdı. Aprelin ortası idi. Bükülü saxladıqları qırmızı naxışlı xalçaları evin zirzəmisindən çıxartdılar, qonaqların oturacağı otağın ortasına sərdilər. Xalçaların butalarında olan rəngarəngliklər adamın ürəyində sevinc hissi yaradırdı. Ancaq o xalçaları toxuyan hansısa analar, gözlərinin məhsulunu, günlərini həmin xalçalara sərf edərək toxumuşdurlar. O anaların çəkdikləri nəfəslər, birbəbir ilməklərin arasına oturmuşdular, hər bir ilməyin arxasına onların zümzümə elədikləri mahnılar hopmuşdular. Sonra nə olmuşdu? Sonra o xalçaları anaların bükülü belləri kimi büküb qaranlıq zirzəmidə gizlətmişdilər. Qonaqlara yeni görünsün deyə otağa sərmişdilər, o anaların göz məhsullarını, nəfəslərini, zümzümələrini ayaqlamağı düşünmədən, sadəcə, evin bəzəyinə yenilik qatmışdılar. O analar, xalçaların ayaq tərəfində toxuduqları butalarını şən mahnılar ilə zümzümə etsələr də, həmin butanın tayını xalçanın sonunda kədərli mahnılar zümzümə edərək toxuyub qurtarmışdılar. Anaların karıxmadan ilməkləri öz yerinə toxumaqları onların həyatda yaşayan insanlara buraxacağı təsirlərə nə qədər diqqətli olduqlarını göstərirdi.
Zirzəmidə toz basmış xalçaları döşədilər. Toz-torpaqlarını alsınlar deyə onları yaş süpürgə ilə süpürdülər. Pəncərələri açdılar. Şüşələrini sildilər. Xalçaların üstünə yatan toz-torpaqlar evdə fırlanıb özlərini həmin pəncərədən həyətə atıb intihar etsələr də, göyə çəkilirdilər. Yerə düşmədən məhv olurdular. Həmişə intihar göydən yerə düşmək cazibəsi ilə baş vermir, bəzən də göyə çəkilərək intihar prosesi həyata keçirilir.
Həyəti süpürdülər, qapının ağzına su səpdilər. Keçən il onların qonşusu Qəhrəmanın oğlunun futbol topu qapılarının başında olan lampaya dəymişdi, topa vurulan ağır zərbənin ucbatından lampa ovuq-ovuq olmuşdu. Patronun üzərində lampanın tilişkəsi qalmışdı. Çıxartdılar, patrona yeni işıqlı lampa qoşdular. Hələ qaranlıq çökməsə də, yeni lampanın necə yandığını yoxladılar.
Məhəmməd dərzi Şakirə təzəcə tikdirdiyi kostyumunu məhəllənin paltar ütüləyəni Mustafadan aldı, qıvraq ayaqları ilə addımlarını tələsik götürüb evə doğru yollandı. Həyət qapısını açıb içəri keçdi. Heç zaman oxunmayan qəzetlərə bükülmüş qara kostyumunu yerə salmasın deyə həyət tərəfindən qapını ayağı ilə üstünə örtdü. Sonra budlarının iki tərəfini də qapıya dayayıb yavaşcadan bağladı.
- Ay kişi, indicə qonaqlar gələr, cəld ol! – deyən Məhəmmədin həyat yoldaşı Şəhlanın səsi idi.
Şəhla həyətdə tələm-tələsik iş görə-görə hər şeyi sahmana salmaq istəyirdi. Hələ bəzənəcəyi üçün qonaqlıqda hansı paltarı geyinəcəyini düşünməyə vaxt ayırmamışdı. Şəhla hər şeyi deyinə-deyinə görürdü, hələ də bəzənə bilmədiyini vurğulayaraq mızıldanırdı. Bu mızıltıları Məhəmməd eşitməsəydi də, yaxşı anlayırdı. Onsuz da bu gün Şəhlanın ömrünün ən əziz günlərindən hesab olunurdu.
- Nə yaxşı ki, Novruz bayramında aldığımız yeni paltarları geyib köhnəltməmişik – Aylin başını, axşam qonaqlar oturacağı otağın bir az öncə xalçanın tozları özünü həyətə atıb intihar elədiyi pəncərədən eşiyə çıxarıb dedi.
Dediyi sözə Məhəmməd ilə Şəhladan cavab gözləmədən içəri keçdi. Mobilinə sevgilisi Arazın tərəfindən gələn mesajı oxuyandan sonra təbəssüm ilə yazışmağa başladı.
Məhəmməd həyəti evin dəhlizinə qovuşduran üç pilləni çıxdı, dəhlizin qapısının ağzında iki əli ilə də kostyumundan yapışdı, kürəyini divara söykədi, sağ ayağında olan ayaqqabının pəncəsi ilə sol ayaqqabısının dabanını sıxdı, sol ayağını azca yuxarı qaldırıb ayaqqabısından çıxartdı. Eyni işi sağ ayağında olan ayaqqabısına da gördü. Şəhlaya deyinmək, mızıldanmaq bəhanəsi yaranmasın deyə çıxartdığı ayaqqabılarını cütlədi. Həyətdən dəhlizə keçdi. Aylin əlinə daraq almışdı, sarı saçlarını darayırdı. Atasının qarşısına çıxdı. Məhəmməd qızının boynundan, üzündən öpəndən sonra təbəssüm dodağına qonaraq “Qızım, dayan!” dedi.
Şəhlanın həyətin o başında olduğunu yoxlamaq üçün çevrilib həyətə baxdı. Bir əlində su şlanqını saxlamışdı, bir əli ilə də həyətin tut ağacından qopub kafellərin üzərinə düşən şirələrinə süpürgə çəkirdi. Şəhla Məhəmmədin səsini eşitsin deyə ağzını həyətə tutub uca səslə “Qızım, qonaqlar gəlməmiş şahmat oynayaq?” dedi. Məhəmmədin ömür boyu ən çox ləzzət apardığı anları, qızı Aylin ilə şahmat oynamaqda keçmişdi. Aylinin şahmat oyununda mahir olduğuna baxmayaraq, indiyə kimi atasını məğlub edə bilməmişdi. Amma oyunun harasındasa səhv etdiyi hərəkətlər onun üçün yeni bir təcrübəyə çevrildiyini düşünərək o səhvlərin bir daha təkrar olmağına yol verməmişdi, oyunda məğlub olduğunda yeni strategiyalara malik olmuşdu, bu isə onu çox sevindirirdi.
Şəhla deyinə-deyinə kranı bağlamamış özünü dəhlizə çatdırıb ərinin sağrısını çimdiklədi. Məhəmməd isə arvadını daha artıq əsəbiləşdirmək üçün qızına göz vurub səsini yenidən ucaltdı:
- Hə qızım, oynayaq?
Aylin boylandı, ətrafa göz gəzdirdi, anasının uzaqda olduğunu sezdikdən sonra o da atası kimi səsini ucaltdı:
- Hə ata, gəl oynayaq – dedi.
- Yaxşı, keç fiqurları qur, kostyumumu geyinib gəlim.
Məhəmməd, sözünü deyib qurtarmamış, pıqqıldayıb güldü, Aylin isə özünü saxlaya bilmədi, gülüşdülər.
- Ay qız, utan! Əslində qonaqlar sənin üçün gəli... – Şəhla sözünün ortasında başını qaldırıb qızı ilə həyat yoldaşına baxdı, onların güldüyünü, onu ələ saldıqlarını görəndə başını tovlayıb hirsini boğazında uddu.
Gələn qonaqlar Aylinə görə gəlirdilər. Qonaqların tərəfindən qadınlar, bir neçə dəfə söz danışmaq üçün gəlmişdilər, Məhəmmədi Aylinin evlənməyi üçün razı salmışdılar. O günlər məhərrəmlik mövsümünün son günləridir, qohum-qonşular toy tutduğumuzu eşidərlər, dindən ötrü söyüş qalmaz yağdırarlar deyə kəbin kəsib şənlik etmək gününü yas günlərindən sonraya tənzimləmişdilər. Məhəmmədin belə şeylərə inancı yox idi, amma öz inancını isə canının qorxusundan heç kimə deyə bilmirdi. Həm də bir tərəfdən qız atası idi, özünü hər yerdə ağır aparmalı idi. Yaşadığı mühit bunu məcburiyyətlə tələb edirdi. “Qız atasısansa cızığından çıxmayacaqsan, yoxsa üstünə damğa yapışdırarlar, qızın yolundan olar” deyən xalqla bir yerdə yaşayırdı. Bir tərəfdən də oğlanın atasının dinə olan inancı yüksək idi. Hər il məhərrəmlik mövsümündə baş yarırdı, şaxsey gedirdi, yas saxlayırdı.
Aylin, sevgilisi Araz ilə evlənmək qərarına gəlmişdilər. Arazın atası ilə Məhəmməd bir-birinə bənzəyirdilər. İkisinin də qalın bığı var idi, gözləri qap-qara, burunları eyni şəkildə, ikisi də bir boyda idilər. Daha sonralar onlar qayınatalarını əmi səsləyəcəkdirlər.
Məhəmməd, təzəcə ütülənmiş qara kostyumunu geyindi. Şəhla, bəzənib qonaq paltarlarını geyindiyi an, qapının zəngi çalındı. Qonaqlar gəldilər, Aylin, qonaqlara çay gətirdi.
Oğlan tərəfindən gələn ağsaqqal – Arazın dədəsi Sədi “Allah xoşbəxt eləsin” dedikdə, evdə oturanların hamısı onların xoşbəxt olmaqlarına alqış ilə yekun vurdular.
Məhəmməd qızının seçiminə güvənirdi. Qızının kimi sevdiyini, xoşbəxt olmasını özü öz həyatında seçdiyinə, Aylinin isə seçimini dəyərləndirməyini illər öncə ürəyində planlaşdırmışdı.
***
Artıq Araz ilə Aylin evli idilər. Bir müddətdən sonra Aylin hamiləlik xəbərini utana-utana, qızara-qızara qayınanası Məryəm ilə anası Şəhlaya bildirdi. Doqquz ayın Aylin üçün necə ağır günlər olduğuna baxmayaraq, o, ümid dolu hisslər ilə öz uşağını qarnında saxlamışdı. Uşağın adını Anna qoydular. Uşaq üçün alınan hədiyyələrin sayı bəlli deyildi. Məhəmməd nəvəsinə aldığı hədiyyələrdə heç bir şeyi gözdən yayındırmamışdı. Oğlanın atası da iki bilərzik almışdı. Anna böyüdüyündən sonra biləyinə taxacaqdırlar, indi körpənin biləyinə çox böyük gəlirdi, yəqin 7-8 yaşına münasib idi.
Aylin zahı olduğuna görə atasının evində qalırdı. Anası Şəhla Annanın bütün məsuliyyətini öz öhdəsinə götürmüşdü, sevinə-sevinə qulluq eləyirdi. Aylin uşaq üçün gətirilən hədiyyələri ayırıb otağın bir küncünə qoydu. Anna bələkdə idi, dünyada olanların heç birisindən xəbəri olmadan şirin röyalarda seyr eləyirdi. Aylin qayınatasının hədiyyə aldığı iki bilərziyi götürüb onların çəkisini yoxlamaq üçün bir neçə dəfə əlini yumşaltdı, onların ağırlığını nəzərdən keçirdi. Məhəmmədin səsini eşitdi.
- Qızım, çoxdandır ki, atanla şahmat oynamırsan. Demək, daha məni saymırsan, qocalmışam.
Aylin atasına yaxınlaşıb gülər üzlə üzündən öpdü. Şahmat taxtasını gətirib atasının oturduğu masanın önünə qoydu. Annanın 7 yaşında salacağı bilərzikləri isə masanın üzərinə atdı, bilərziklər bir neçə dəfə fırlandıqdan sonra dayandı. Atası ilə şahmat oynamağa başladı. Şəhla mətbəxdə iş görürdü.
Oyundan on dəqiqə keçmişdi. Aylin atasından daha yaxşı oynayırdı. Öz atasından öyrəndiyi strategiyanı onun özünə işlədirdi. Növbə Aylinə çatanda, hansısa şahmat fiqurunu yerindən qaldırandan sonra atasının üzünə baxırdı, xoşbəxtlik təbəssümünü saxlaya bilmirdi.
- Ata, artıq böyümüşəm. Bu dəfə oyunda məğlub olacaqsan – deyib güldü.
Atasının hər dəfə oyunda deyəcəyi “Məni məğlub edən anasından olmayıb” cavabını gözləsə də, cavab gəlmədi. Sıra Məhəmmədə çatmışdı. Tərpənmədən əlini çənəsinin altına yerləşdirib şahmat oyununun ağ-qara kvadratlarına baxırdı. Aylin atasının fikrini yayındırmaq üçün bir də həmin sözü gülə-gülə dedi. Yenə də Məhəmməddən xəbər çıxmadı. Heyrətləndi. Axı atası heç zaman Aylini cavabsız buraxmamışdı?!
Məhəmməd niyə fikirləşirdi? Nə olmuşdu?
Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra, onlar sümsük itlərə çevrilirlər, qapımızın ağzında dayanırlar. Ona yal atan da, onu vəfalı bilən də, onu böyüdən də biz oluruq. Sonra o yırtıcılaşır. Sonra o bizim kim olduğumuzu tanımır. Sonra o...
Qızının sözünü eşitmirdi. Bəlkə də eşidirdi, cavabdeh olmaq istəmirdi. Məhəmməd on səkkiz il öncəyə - Aylinin yeddi yaşı olduğu zamana qayıtmışdı.
Parkın ortasında yerdə təzəcə göyərmiş çəmənlərin üstünü gön ayaqqabıları ilə ayaqlaya-ayaqlaya qaçırdı. Ağacların arxasını axtarırdı. Nəzərdə tutduğunu tapmadıqdan sonra o biri ağacların arxasını yoxlamaq üçün keçib gedirdi. Parkın sonunda olan ağaclara çatmamışdan, qaçdığı yerdəcə dayanıb ötdüyü ağacın arxasına baxdı. Aylin təzəcə əkilmiş bir kiçik daş palıd ağacının altında dayanmışdı, dondurma yeyirdi. Məhəmməd qızını görduyündə qucaqladı, doyunca boynundan, üzündən öpdü.
- Qızım, burda nə iş görürsən? - deyib nəfəsini dərdi. Məhəmməd qızını qucaqlayıb onun saçlarını sığalladı.
- Səni kim bura gətirdi? Kimsə sənə bir söz demədi ki? Bu dondurmanı sənə kim alıb?
Aylin 18 il sonra atası ilə şahmat oynadığı zaman güləcəyi kimi gülə-gülə dondurmaya bir dilim dişini batırdı.
- Ata, mənə dondurmanı dayım yox, əmim aldı. Dedi ki, sənin atan ilə qardaşam. Ata, sənin qardaşın mənim əmim olur, yoxsa dayım? Hə, anam öyrətdiyi qədər əmim olduğunu bilirəm.
- Kim? Son... Sonra... Nə oldu? – Məhəmməd, stress içində boğulurdu.
Aylin əlini uzadıb parkın o tərəfindəki dondurmaçını göstərdi:
- Əmim mənə dedi ki, qolundakı bilərzikləri ver, sənə dondurma alım. – Aylin yenə də dondurmadan bir dilim dişlədi. Dondurmanın kakaosu dodaqlarının ətrafını batırmışdı.
Məhəmməd əl atıb Aylinin qollarına baxdıqda, bilərziklərin oğurlandığını anladı. Təəccüblənərək qışqırdı:
- O kim idi?
- Dayım idi. Yox, əmim. Dedi ki, atanın qardaşıyam. – Aylin yenə də gülümsədi.
Məhəmməd gön firmasında işləyirdi. İşlədiyi pulları toplayıb qızı Aylinə iki bilərzik almışdı. Onu aldığı zaman Aylinin adı ilə soyadının birinci hərflərini bilərziyin arxasında həkk elətdirmişdi.
Qızının əlindən yapışıb dondurmaçıya tərəf addımladıqda, Aylin aşağıdan yuxarı atasının üzünə baxıb – Ata, sən də mənə dondurma alırsan? – deyib sevindi.
Atası dondurmaçıya yaxınlaşıb dayandılar.
- Bağışlayın, cənab! - dedi.
Dondurmaçı, sarı saqqallı, arıq bir gənc oğlan idi.
- Buyurun! – deyərək qarşısında qızının əlindən yapışaraq tərləyib dayanan kişinin üzünə baxdı.
Məhəmməd özünü itirmiş adamlar kimi səsləndi:
- Cənab, indicə burda mənim qızıma bir kişi dondurma alıb onun hara getdiyini gördünüzmü?
- Məgər siz deyildiniz?
- Yox, mən deyildim. Təəssüflə qızımın bilərziklərini oğurlayıb.
Dondurmaçı bir addım geri çəkilib təəccübləndi.
- Cənab, onu gördünüzmü? Nə təhər bir adam idi? – Məhəmməd müsbət cavab eşitmək üçün bir az yumşalmışdı.
- Onun boyu siz boyda idi. Sizin kimi bığları var idi. O, qızınızın əlindən yapışıb o tərəfə getdi – barmağı ilə qızının bir az öncə altında dayandığı daş palıd ağacını göstərdi.
Məhəmməd çevrildi, həmin yerə bir də baxdı. Bayaq qızını tapdığı daş palıdın altında heç kim yox idi. Dondurmaçıya tərəf çevrildi:
- Siz indiyə kimi həmin adamı burda görübsünüzmü?
- Yox, vallah. Görsəm də, xatırlamıram. Mənim çoxsaylı müştərilərim olur. Sifətləri yadımda qalmır.
- Ata, mənə dondurma al! – Aylin yeyib qurtardığı dondurmanın çubuğunu yerə atdı. Heç nədən xəbəri yox idi.
Sarı saqqallı gənc oğlan, qızın atasından söz gözləmədən əlini soyuducuya aparıb bir ədəd dondurma çıxardıb Aylinə tərəf uzatdı. Məhəmməd dondurmanın pulunu ödədiyində, ağzını açıb yenə də sual soruşmaq istədiyində bir başqa müştəri dondurmaçıya yaxınlaşdı. Məhəmmədin gözləri kişinin yanında dayanan uşağın bilərziklərinə sataşdığı an dondurmaçıdan soruşacağı sözünü udqundu. Qız uşağı altdan-yuxarı onun əlindən yapışan kişiyə baxdı:
- Əmi, mən dondurmanı çox sevirəm – dedi.
Dondurmaçı gülər üzlə soyuducunun qapağını götürdüyü an Məhəmmədin bir əlində Aylinin əli, bir əlini də atıb qız uşağı tərəfindən əmi səslənən bığlı kişinin biləyindən yapışdı.
- Sən bu uşağın əmisisənmi? – dedi
Kişi diskindi. Sonra özünü ələ alıb “Necə? Sənə nə?” deyərək sərt cavab verdi. Məhəmmədin beynində qalmaqal yaranmışdı. Hamıya şübhəli idi. Kişi dondurmaçıya üz tutdu:
- Fərhad, bu nə deyir? Ağlını itirib sanki! – deyib əsəbiləşdi.
Fərhad bir əlində dondurma, o biri qolunu onlara tərəf apardı, savaşmasınlar deyə araya atılıb Məhəmmədi qane etməyə çalışdı:
- Bu mənim dostumun qardaşıdır, adı da Hüseyndir. Hər gün məndən dondurma alar. Lütfən əsəbiləşməyin, sizi anlayıram.
Məhəmməd, qızına tərəf çevrildi:
- Aylinim, qızım, bayaq sənə dondurma alan əmi bu idi?
- Yox, ata, mənim əmim bu deyil! – deyib dondurmasını dişləyərək Hüseynin əlindən yapışan uşağa baxıb gülümsədi.
Məhəmməd işlədiyi pulu qəpik-qəpik yığıb iki bilərzik almışdı. Onları da oğurlamışdılar. O, bilərzikləri aldığı gün Şəhlanın gözləri par-par parıldamışdı. Aylin isə sevindiyindən atasının boynundan aslanıb ehtirasla üzündən öpmüşdü. Üçü də sevinmişdilər. Bir gecənin sevinci illərcə işləyib həmin pulu bir yerə toplamaq ilə bərabər idi. Bir anda sevincin kədərə çevrilməsi daha qorxunc, daha dəhşətli idi.
Evə qayıtdılar. Şəhla bilərziklərin oğurlandığını eşitdiyində özünü saxlaya bilməyib ağladı. Anasının göz yaşlarını görən Aylin işin nə olduğunu sezib ağlamağa başladı. Məhəmməd Aylin ilə Şəhlanın boynundan, üzündən öpüb onlara təsəlli verdi:
- Ağlama, qızım. Canın sağ olsun. Allah canımıza dəyməsin, işləyib ondan yaxşısını alaram.
Həyatda hər şey başqa cür təkrar olunsa da, təkrar olunur. Həyatın təkrarlarından qurtarmaq qeyri-mümkündür. Başqa bir zaman həmin olaylar baş verir. Həmin səhvlər! Amma bu dəfə Məhəmmədin qızı Aylinin bilərziklərini oğurlamamışdılar, onu başqa tərzdə özünə qaytarmışdılar, arada oğurlanan şey xoşbəxtlik idi. Məhəmməd etdiyi səhvlərini unutmuşdu, yenə də həmin səhvlərə ayrı cür yol vermişdi. Bunu özü də bilməmişdi. Nəvəsinə hədiyyə alınan iki bilərziyin arxasında Aylinin adı ilə soyadının ilk hərfləri həkk olunmuşdu. Həmin bilərziklər idi.
Aylin yenə də atasının üzünə baxıb gülə-gülə “Ata, bu dəfə at mənimdir, meydan da mənim. Əlimdən qaça bilməyəcəksən. Artıq böyümüşəm, qalib gələcəyəm” dedi.
Məhəmməd birdən-birə özünə gəldi, bir kəskin bıçağın ürəyinə soxulduğu hissi yaşadı, oturduğu yerindən dik atıldı. Boylanıb həyətə baxdı, yağış yağırdı. Qızına baxıb onun təəccübləndiyini görəndə özünü ələ aldı, Aylin onun vəziyyətini sezməsin deyə gülümsədi. Şahmat oyununda Aylinin qara fiqurlu ordusu Məhəmmədin ağ şahını mühasirəyə salmışdılar. Şah mat olmuşdu. Şəhla mətbəxdə hələ də iş görürdü. Anna şirin yuxuda idi. Aylin isə qalib gəldiyi üçün zəfər sevinci yaşasa da, atasının məğlub olduğuna görə narahat idi, ona hörmətsizlik elədiyini hiss edirdi. Yağış həyətin kafellərinə dəydikcə şır-şır səsi evə dolurdu. Aylinin əlindən yapışdı:
- Hə,qızım, sən artıq böyüyübsən. Bax, uduzdum. Mən bundan sonra şahmat oynamayacağam! – deyib ayağa qalxdı.
Şəhla nə qədər deyinsə də, onun sözünü dinləmədi. Pencəyini geyinib on səkkiz il öncə Aylini itirib tapdığı parka yönəldi, Aylini dondurma yeyərkən tapdığı daş palıd ağacı dirçəlmişdi, altında dayanıb ağladı...