Rəqs edən taxta qayıq – Günel.C.Hacıyeva

Günel.C.Hacıyeva

Günel.C.Hacıyeva

4 dekabr 2021
# 15:03

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Günel.C.Hacıyeva “Rəqs edən taxta qayıq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Göy üzünün dənizin səthində təcəssüm edən ecazkar rəqsi – bu yer üzərində görə biləcəyi gözəlliklərdən sadəcə biri idi. Dünya belə gözəlmi imiş?! O, dənizi ilk dəfə belə yaxından görürdü. Sanki səma dənizə nazlanırdı. Uşaq vaxtı ona satılmış və illərlə inandığı bir yalan var idi: böyük şəhərlərin səmasında ulduzlar heç görünməzmiş. Necə saf imiş, uşaqlıqda söylənilən bütün yalanlar kimi bu yalan da iliyinə o qədər dərin işləmişdi ki, heç bir dəfə də başını qaldırıb səmada ulduz axtarmamışdı. Bu böyük meqapolisin səmasında nə çox ulduz sayrışır, hələ ayın gözəlliyinə bir bax, İlahi!

Gecə onu elə sehrləmişdi ki, o özünü bu gecənin ilahəsi kimi hiss edir; sakit, dodağında xəfif təbəssümlə heç tələsmədən addımlayırdı. Dəniz, yer, göy, ay, arxasında buraxdığı ulduz kimi sayrışan böyük şəhər – hər şey onun idi bu gecə. Üzərində əlindəki kökü gəmirən mavi dovşanlar olan boz pijaması, ayağında mavi rəngli yumşaq tüklü çəkələkləri, çiynində böyük, toxunma yun şal dağınıq saçlı bu qızın asta, çəkələklərini sürüyərək addımlaması belə zərifliyinə, gözəlliyinə xələl gətirə bilməmişdi. O, pijamada gecə saat ikidə dəniz kənarında gəzən yeganə qadın kimi tarixə keçə bilərdi, bəlkə də. Azad ruhun azad geyimlə ahəngi də bir başqa aləm imiş: ayaqların ayyaqabıların içində sızlamır, şalvar belini kəsmir, iç geyimin ürəyini sıxmır, ən əsası insanlar səni bayağı və əxlaqsız təəccübləri ilə süzmürlər.

Artıq gecə saat 3-ü göstərirdi, sahildəki saat dirəyindəki elektron lövhədə “03:04” yazısı yanıb sönürdü. O isə evindən kilometrlərlə aralıda şalını sinəsində bərk-bərk sıxaraq, heç tələsəcək yeri yoxmuş kimi irəliləyir, gah yerə, gah göyə, gah dənizə, gah da çox uzaqlarda qalmış evi səmtə baxır və susmaqdan zövq alırdı.

Bir it üzü ona sarı gəlirdi; qız ani duruxsundu, sonra çöməlib iti tumarlamaq istədi. İt isə çatar-çatmaz ona göz vuraraq qaçmağa başladı. Qız heyrətlə itin ardınca boylandı, ayağa qalxıb fikirli halda dodağının altında mızıldandı:

- İtlər göz vura bilirmi?!

O, dəmir məhəccərdən ayaqlarını aşırıb dənizin qumlu- kəsəkli sahilinə endi, çəkələyinin bir tayı məhəccərin o tayına düşdü.

“Qayıdanda götürərəm” o səsli düşünüb ayağındakını da çıxarıb o birinin yanına atdı. Corablarını soyunub ayaq barmaqlarını suya toxundurdu, su çox soyuq idi; o heç vaxt ayaqlarını hiss etməmişdi, soyuq suyun toxunuşu çox qəribə hiss idi – bədənindən bir göynəmə keçdi. Bu heç xoş deyildi. Tez ayağa qalxdı, çünki o bu möhtəşəm, azad gecəni qüsursuz yaşamaq istəyirdi. Corablarını ayağına geyinib, dizlərini qarnına yığıb, şalına bürünüb oturdu.

Sahilə yaxın bir taxta qayıq suyun üzərində yırğalanırdı. Bu gecə ilahi bir sənət əsəri idi, onun heç vaxt görmədiyi bir möcüzə idi bu gecə.

- Salam.

Qız elə diksindi ki, az qaldı ki, üzü üstə dənizə yıxılsın. Amma özünü ələ alıb ayağa qalxdı, tez əks tərəfə doğru qaçmağa başladı.

- Bu tüklü çəkələklər sənindir?

Qız geri boylandı, çəkələkləri əlinə keçirib gülə-gülə ona baxan oğlan heç yerindən tərpənmədən soruşdu:

- Qorxma əşşi, mən bu qayığın kapitanıyam. O bərkdən güldü.

- Rəssamam, ziyansız bir məxluqam, gecələr bura enib rəsm çəkirəm.

Qız ona “sən” deyə müraciət edən bu oğlanın səmimiyyətindən ürəklənib ayaq saxlayıb, ona sarı bir-iki addım atdı.

- Gözəldir, hə?

- Nə?

- Ha-ha-ha, yaşamaq.

- Yəqin, gözəldir.

- Niyə yəqin? Sən yaşamırsan? Qız cavab verməyib susdu.

- Asəf. Bax o binada yaşayıram, 3-cü mərtəbə, işığı yanan pəncərə... O əli ilə dənizi şəhərdən ayıran küçənin kənarındakı beşmərtəbəli binanı göstərdi.

- Gecələr burada sülənməyimə baxma, işimi bitirib evə qayıdanda ev qaranlıq olarsa, vahimələnirəm, ona görə işığı yanılı qoyub çıxıram evdən. O yenə qəhqəhə çəkdi. Ayın işığında üzünün düzgün cizgiləri daha da aydınlanırdı. Görünür, gülüşünün gözəl olduğunu ona çox deyiblər ki, o da bundan qəlb ovsunlamaq üçün bir silah kimi istifadə edirdi.

- Qayıq sənindir?

- Yox, bir balıqçının, işimə görə ondan xahiş etmişəm ki, bir müddət qayığı buradan aparmasın. Əslində, o mənə pul ödəməlidir ki, gecələr onun qayığının həm keşiyini, həm də rəsmini çəkirəm. Bu dəfə qız onun zarafatına gülsə də, o çox ciddi şəkildə davam etdi:

- Amma, mən ona 50 manat söz vermişəm, xəbəri yoxdur ki, cibimdə heç 50 bitim də yoxdur. İşimi bitirən kimi gərək yoxa çıxam.

- Salam, o bir daha salamlaşıb, əlini qıza uzatdı.

Qız itaətkarcasına əlini uzadıb dedi:

- Leyla.

- Hə, bilirəm.

- Hardan bilirsən? Qız duruxsundu.

- Sevda olsaydı, çox təəccüblənərdim. Yazıçıların, rəssamların, varlı oğlanların qarşısına çıxan qızların adları Leyla olur. Hə bir də, yuxulardakı qızların. Gecə sahildə seyrə çıxıb sonra kasıb bir rəssama rəst gələn qızın adı məhz Leyla olmalı idi. Siz Leylalardan başqa qızlara aman yoxdur.-Bu şirin komplimetdən məmnun qalan Leyla parlaq gözləri ilə oğlana baxıb gülümsədi.

Bir müddət bir-birinə baxıb söhbətə necə davam edəcəklərini bilmədilər. Ani bir əl hərəkəti ilə oğlan qumlu sahildə oturmağı təklif etdi. Hər ikisi quma oturub ayaqlarını uzatdılar.

- Sən hər gecə bura gəlirsən?

- Nədir, hər gecə gəlib məni burada tapmaq istəyirsən? Zarafatından qızın utandığını görüb əlavə etdi:

- Evdən qaçmısan?

- Yox!

- Rəsmim bitənə kimi gələcəyəm, sonra hara gedəcəyim çəkəcəyim yeni əsərə bağlıdır.

- Mən də...

Əksər qadınlar kimi, o da təsirləndiyi kişiyə maraqlı ola bilmək üçün nəsə yalan demək istədi, amma cümlənin ardını gətirə bilmədi.

- Mən səni burada heç görməmişəm.

- Hər dəfə müxtəlif səmtlərə gedirəm,bu gün isə bu qayıq çəkdi məni.

O, həyatında ilk dəfə dəniz sahilinə endiyini deməyə utandı.

- Qayıq yox, qayığın rəsmini yaradan rəssamın cazibəsi. O, yenə qəhqəhə çəkib güldü.

Qız heyranlıqla onu profildən görünən gözəl simasına, qar kimi ağaran dişlərinə, üzünü azacıq örtmüş saqqalına tamaşa edirdi. O, dodağının altında pıçıldadı:

- İlahi, sən bu yad insanı necə belə doğma yarada bildin?

- Nəsə dedin, Leyla?

Bu adı ancaq belə gözəl, nəzakətlə səsləndirmək olardı. Qız nəzərlərini oğlana zillədiyinin fərqinə varıb tez qayığa tərəf baxmağa başladı.

Elə gözəl bir sükut çökmüşdü ki, bu sükutu yalnız dənizin pıçıltısı və Leylanın qəlbinin döyüntüsünü pozurdu. Əlləri ilə arxaya yastlanıb, bir ayağı uzadılmış, bir ayağı dizdən bükülü halda oturub dənizin lap dərinliklərinə gözlərini zilləmiş Asəf anidən özünü düzəltdi, əllərini bir birinə vurarq qumunu tökdü və qızın əlindən tutdu. Qızın bədənindən elə bil cərəyan keçdi, amma o əlini heç çəkmək istəmədi. Başını oğlanın çiyninə qoydu, elə yaxın idi ki, nəfəsi onun boynuna toxunurdu. Qız gözlərini yumub dünyanın ən gözəl qaranlığına qapandı.

***

- Leyla, üşüyürsən? Asəf başını çevirib qızın qaranlıqda parlayan gözlərinə baxdı. Leyla çiynindəki şalın yarısını da oğlanın çiyninə atdı, onlar bir şalın altında dünyanın ən doğma iki yad insanı kimi bir-birinə qısıldılar.

- Leyla, gəl sən qayığa qalx mən əsərimi sənlə tamamlayım. Sənə görə evdə narahat olmazlarsa, mənə bir saat bəsdir.

Qız heç bir söz demədən qıvraq bir hərəkətlə qayığa qalxıb onun kənarında oturdu. Çiynindən yuxarı, düz biçimdə kəsilmiş qıvrım saçlarını külək üz-gözünə dağıtdıqca, o da uşaq kimi onları üzündən kənarlaşdırırdı. Kədərli, amma gülərkən parlayan gözləri ilə oğlana gülümsəyirdi.

- Pijamam bu romantikanı tamamlayır. Qız oğlanı yamsılayırmış kimi bərkdən qəhqəhə çəkdi.

- Mənə də rəssam deyərlər, mən səni pijamada görüb mələk qiyafəsində yarada bilərəm....

***

Dənizin kənarı illə illərlə bir-birini tanıyan sevgililər kimi əl-ələ tutub addımlayırdılar. Qız sinəsinə sıxdığı tablonu gah qaldırıb baxır, gah da yenidən bağrına basırdı.

- Asəf, sən bu tablonu niyə çəkirdin?

- Sərgidə iştirak edəcəkdim.

- Edəcəkdim niyə?

- Çünki, sərgi iki gün sonradır, bu isə yaxşı əsər yaratmaq üçün çox qısa zamandır.

- Onda sən bu tablonu mütləq özünlə aparmalısan. Qayıq kənarında ayı seyr edən Leyla simalı dəzi ilahəsi səni mütləq o sərginin qalibi edəcək. Mənə isə heç nə verməyəcək. O gülümsədi.

- Nədir, yoxsa işimi bəyənmirsən? Oğlan zarafatla dedi və qızın həyacanlanıb nəsə üzrxahlıq etmək istədiyini görüb sakitcə əlavə etdi:

- Bu şəkil sənə daha çox şey verəcək, inan mənə, Leyla. Qızın heyranlıqla ona baxdığını görüb onun üzünü əlləri arasına alıb ehmalca gözlərindən öpüb pıçıldadı:

- İnan mənə!

O, qızı ürəyinə basdı. O an sanki bu nəhəng dünya Leyla, Asəf, dərin bir ümman, onları heyranlıqla seyr edən sayrışan göy qübbəsi, gecənin sirlərinə qərq olmuş ucsuz-bucaqsız bir meqapolis və bütün bunlara laylay çalan xəfif mehdən ibarət idi.

***

Günəşin ilk şəfəqləri dənizin üzərində bərq vurmağa başlamışdı. Gecə dənizdə ayla rəqa edən taxta qayıq indi Günəşə naz satırdı.

- Bu mənim nömrəmdi, mənə zəng elə.

- Gözlə...

- Zəng edirəm, bax.

- Yox, bu mənim zəngim deyil.

- Axı zəng səsi gəlir.

- Sənin telefonundur.

- Yox.

- Axı heç susmur.

- Cavab vermək istəmirəm, səndən ayrılmaq istəmirəm.

- Cavab ver, Leyla, bu elə mənəm.

- Səndən qopmaq istəmirəm.

- Leyla!!!

Telefonu zəngi durmadan çalır, saat 8-i göstərirdi. Pəncərədən düşən günəş işığı qızın yatağına düşürdü.

- Leyla, telefonun səsin kəs! Yan otaqdan anasının yuxulu səsi gəldi:

- Bu pişik də başımıza bəla olub. O, qızının eşitməsindən ehtiyat edərək astaca əlavə etdi...

Leyla nə baş verdiyini anlaya bilmədən əlini atıb telefonun ekranına baxdı. “Pişiyin yeməyi” ekranda –saatın zənginin altına bu sözlər yazılmışdı. O əsəbi halda telefonda zəngin səsini kəsib ətrafa baxdı. Bədəninə ağır bir ruh düşkünlüyü çökdü. Pişiyi yatağının kənarında oturub diqqətlə sahibinin üzünə baxır, ona yemək verəcəyini ümidlə gözləyirdi. Leyla otağına nəzər saldı: əlil arabasını yanına çəkə bilmək üçün əlini uzatdı. Düz çarpayının yanından asılmış “Dəniz İlahəsi” tablosuna gözü sataşdı. 4 il əvvəl atası bu tablonu şəhərin sərgi salonlarının birindən alıb gətirmişdi. Bəlkə, elə ilk və son dəfə o gün baxmışdı bu tabloya. Tablonun lap kücündə xırda hərflərlə nəsə yazılmışdı. Leyla gözlərini qıyıb nə qədər baxsa da, yazını görə bilmədi. Hələ də onu seyr edən pişiyinin pəncələri arasından telefonunu götürüb kamera ilə rəsmin altındakı yazını yaxınlaşdırdı: “A.A”

Qızın boğazı qurudu. “A.A – yəni Asəf?” o pıçıldadı. Ürəyi yerindən çıxırmış kimi vurmağa başladı. Nə yaşadığını analaya bilmirdi. Yorğanı üzərindən atıb illərin verdiyi alışqanlıqla qıvraq bir hərəkətlə əlil arabasına oturdu. Qucağına atlayan pişiyini bağrına basıb yem götürmək üçün yataq otağının açıldığı eyvana çıxdı. Pişiyinin yeməyini qabına töküb, onu nəvazişlə tumarlayıb qucağından buraxdı. Başını qaldırıb ümidsizlik içində şəhərə nəzər saldı. İlk dəfə eyvanından dənizin göründüyünün fərqinə vardı. Otağında və otağından dünyaya açılan məzərənin özündə bir dünya var imiş, o isə bütün bunlardan illərdir xəbərsiz idi. Bax, lap uzaqda dənizin sahilində görünən o qaraltı da elə o taxta qayıqdır, Asəf də yanında oturub onu gözləyir yəqin. Bəlkə də, Asəf onu elə bu halı ilə də sevəcəkdi – yuxusunda sevdiyi kimi. Pijamadakı qızdan dəniz ilahəsi yaradan rəssam, bəlkə onun ayaqlarına da bir ruh verə bilərdi.

Xeyli vaxt internetdə Asəf adında rəssamları axtardı. Nömrələr, simalar, ünvanlar, məlumatlar... Bu dünyada nə çox Asəf var imiş. Amma, öz Asəfini tapa bilmirdi. Yalnız gülüşü yaddaşında qalmışdı, simasını xatırlaya bilmirdi.

Bəzən insanın özünü məhkum etdiyi gerçəklər xəyal gücünü belə məhv etməyə qadir olur. Yaratdığı “səbəblər” hislərini, arzularını, xəyallarını, düşünə bilmə bacarığını da məhv edir və bir də gözünü açıb görür ki insan, onun həyatı hər hansı bir dəmir parçasının, bir əlil arabasının məhkumuna çevrilib. Sən onu yox, o səni idarə edir. Leyla da illər idi ki, Leyla olmaqdan çıxıb Leylalı bir əlil arabasına çevrilmişdi. Ta ki yuxusuna Asaf gələnə kimi.

Anası otağa girərkən, bəlkə illərdən sonra ilk dəfə, onun üzündə gülüş gördü. O, pişiyi ilə söhbətləşərək özünə xas olmayan bir tərzdə qəhqəhə çəkib gülürdü, sanki kimisə yamsılayırdı. Qızının bu halının o qədər xəyal etmişdi ki, qonşuların eşidib ayıb edəcəkləri kimi məşhur cümlələrini bir kənara qoyub onu bağrına basdı.

- Ana, məni bu gün sahilə apararsan? O anasının qulağına pıçıldadı.

Qadın hönkürüb ağladı. O illər idi ki, qızına dəniz kənarına enib hava almaq üçün yalvarırdı. Bu gün isə bunu Leyla özü istəmişdi.

40 dəqiqənin tamamına qız artıq tam hazır vəziyyətdə əlil arabasında oturub sahilə enmək üçün anasını gözləyirdi. Əynində dəniz ilahəsini xatırladan dizlərini örtən mavi, zərif libası, səliqə ilə daranmış saçları və şiddətlə vuran qəlbi...

- Asəf, oğlum sən 2 saat sonra gələrsən. Mən qızı sahilə aparıram.

- Sabah da gələ bilərəm.

- Yox, oğlum, su axır. Qonşu üstümə gələr. İki saata evdə olarıq, - Sonra səsini yavaşıdıb: qız ilk dəfədir məndən çölə çıxmağı xahiş edib, bala, nə yerdəyəm, nə göydə.

- Mütləq gedin, mən gələrəm sonra. Oğlan asta və anlayışlı səs tonu ilə cavab verib, özü ilə gətirdiyi alətləri qoymaq üçün mətbəxə keçdi.

- Ana kimi ilə danışırsan, atam ki işə gedib.

- Üst qonşu, təzə köçüb. Təzə deyəndə ki, 2 ay olar. Alt qonşuya su sızır, gəlib ona baxacaq. Nəysə, uzun danışdım. Qadın elə həyəcanlı idi ki, hərəkətlərindəki rabitəni itirmişdi...

***

Oğlan qapıdan çıxarkən qeyri-ixtiyari səs gələn otağa boylandı, həzin səsin sahibəsi ona çox sirli gəldi. Qız dəmir arabada oturub anasının dəniz sahilində nə üçün lazım olacağını heç cür izah edə bilmədiyi çantasını götürməsi üçün gözləyirdi. Oğlan onun yalnız profildən görünən simasına heyranlıqla nəzər yetirib həyəcandan özünü itirib sağollaşmadan qapını çırpıb çıxdı. Bağlanan dəmir qapının səsinə Leyla geri boylandı, artıq otaqda heç kim yox idi.

Sahil boyunca anasının sevgi dolu, həyəcanlı nitqini Leyla heç eşitmirdi, onun baxışları yuxusundan bir işarə gəzirdi. Kiçik bir nişanə – dənizlə rəqs edən taxta bir qayıq kimi...

# 2348 dəfə oxunub

Oxşar xəbərlər

Doğum günü almaları - Günün hekayəsi

Doğum günü almaları - Günün hekayəsi

13:00 11 oktyabr 2024
Duman - Günün hekayəsi

Duman - Günün hekayəsi

12:00 9 oktyabr 2024
Diş qatili -  Vüsal Nurunun yeni hekayəsi

Diş qatili - Vüsal Nurunun yeni hekayəsi

09:00 7 oktyabr 2024
Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

19:00 4 oktyabr 2024
Bitməyən həsrət - Hekayə

Bitməyən həsrət - Hekayə

17:55 3 oktyabr 2024
Evli kişini sevən qadın - Sülhiyyə Şirinovanın hekayəsi

Evli kişini sevən qadın - Sülhiyyə Şirinovanın hekayəsi

12:00 3 oktyabr 2024
# # #