Qızlarının həyatını zəhər edən dahi - O, oğlunu niyə qəbul etmirdi?

Qızlarının həyatını zəhər edən dahi - O, oğlunu niyə qəbul etmirdi?
25 yanvar 2025
# 12:00

Kulis.az Həmid Piriyevin Qalileo Qalileyin həyatı haqqında yazısını təqdim edir.

Qaliley deyəndə yadımıza teleskopdan tutmuş Piza qülləsinə qədər bir çox şey düşür. İnternet resurslarında, elə azərbaycandilli kontentdə də alim barədə xeyli məlumat tapmaq olar. Amma onun ailəsi haqqında, demək olar, heç nə bilmirik.

Doğrudanmı, Qaliley gecə-gündüz teleskopun yanından çəkilməyən, araşdırmalar aparıb məqalələr yazan alim olub? İnternetdə bir az araşdırma apardım və azərbaycandilli mənbələrdə olmayan maraqlı məlumatlara rast gəldim.

Gəlin bir az da alimin ailəsi haqqında danışaq.

Qalileo Qaliley hələ dünyanın düz olduğuna inanıldığı dövrdə, 1564-cü ildə Pizada anadan olub. Əslən Toskanadan olan, sonradan müflisləşmiş zadəgan nəslindən idi.

Atası Vinçenso Qaliley (1520-1591) lyutna ifaçısı idi. Çox gec, 42 yaşında Culiya Ammannati (1538-1620) ilə ailə qurub, ondan sonra sənətini dəyişdirib taxta ticarəti ilə məşğul olmağa başlayıb. Onsuz da, musiqiçi kimi çox da peşəkar sayılmazdı.

Qalileo ailənin ilki olub, ondan sonra isə daha on bacı-qardaşı dünyaya gəlib.

Atasının ölümündən sonra ailənin bütün yükü Qalileyin çiyninə düşüb, hətta məlumatlarda buna da rast gəldim ki, anası ölənə qədər ailəni alimin "cibin"dən dolandırıb.

Qaliley 1624-cü ildə. Rəssam: Ottavio Leoni

Qaliley rəsmi surətdə evli olmasa da, bir qadınla onillik münasibəti bizə məlumdur.

Bu münasibət Qaliley Paduada işləyib yaşadığı müddətdə baş tutub. Alim tez-tez işlə bağlı Venesiyaya gedirdi, Venesiyada Mariya Qamba (1570-1612) ilə tanış olub onu Paduaya gətirmişdi və ondan üç uşağı olmuşdu – iki qızı, bir oğlu. Çox güman, Mariya kasıb təbəqədən olduğu üçün onunla qanuni evlənməmişdi. Çünki həmin dövrdə kasıb qadınla evlənmək Qaliley kimi adam üçün eyib sayılırdı. Qaliley axı artıq tanınmış alim idi, Padua Universitetində dərs deyirdi. Bu səbəbdən Qaliley heç uşaqlarını da qəbul etməyib və uşaqlar analarının soyadı ilə qeydiyyata alınıb.

Bayaqdan elə uşaq-uşaq deyirəm, adlarını da deyim: böyük qız Virciniya Qamba (1600-1634), ikinci qız Liviya Qamba (1601-1659), oğlu Vinçenso Qaliley (1606-1649).

Mediçidən uyğun təklif gələndə Florensiyaya gedən Qaliley nə Mariyanı, nə də oğlunu özüylə aparmayıb. Bircə qızlarını aparıb, o da onları çox istədiyindən yox, kilsəyə vermək üçün. Hə də, qeyri-qanuni qızlardı, kimdi onlara cehiz hazırlayıb ərə verən? Onsuz da qazandığını bacı-qardaşlarına xərcləyir, qızları üçün pulu hardan tapsın? Yaxşısı, gedib Tanrıya ibadət etsinlər.

Beləliklə, böyük qızı Virciniya 16 yaşında Mariya Selesta adı altında rahibəliyi qəbul edir, kiçik qızı Liviya da eyni yaşda Arkancela adı ilə. Arkancela atasına qarşı soyuq olsa da, böyük qız atasına çox bağlı idi. Bunu onların dövrümüzə qədər gəlib çatan məktublaşmaları da təsdiqləyir.

Hətta qeyd edim ki, Qaliley birtəhər tonqalda yandırılmaqdan canını qurtarıb ev dustaqlığına buraxılanda və kilsə onu hər gün bir neçə saatlıq dini kitab oxumağa məhkum edəndə, Virciniya necəsə kilsəni razı sala bilib ki, atasının yerinə ibadəti o etsin. Virciniyanın dizenteriyadan ölməyi Qalileyə çox bərk təsir edib, məhz bundan sonra atanın gözləri tutulub.

Portretin Mariya Selestaya (Virciniyaya) aid olduğu ehtimal edilir

Kiçik qız isə, qeyd etdiyim kimi, atası ilə əlaqə saxlamırdı. Onun haqqında bildiklərimiz elə Virciniyanın məktublarında qeyd olunan ötəri məlumatlardır.

Qaliley oğlu Vinçensonu isə 19 yaşı olanda oğlu kimi qəbul edib. Vinçenso da babasının yolu ilə gedib, lyutna ifaçılığını öyrənib. O, həmişə atası ilə dava salıb, ondan pul istəsə də, Qalileyin vəziyyəti pisləşəndə onunla barışıb, özü ona maddi köməklik etməyə başlayıb.

Deyilənlərə görə, Qaliley öləndə də yanında bircə oğlu var imiş.

# 749 dəfə oxunub

Oxşar xəbərlər

Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi

Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi

15:00 26 yanvar 2025
Qürub çağı - Mirça Kertereskunun hekayəsi

Qürub çağı - Mirça Kertereskunun hekayəsi

09:00 25 yanvar 2025
Tarix həmişə təkrarlanır - Salidə Şərifovanın hekayəsi

Tarix həmişə təkrarlanır - Salidə Şərifovanın hekayəsi

15:36 24 yanvar 2025
Zorən xuliqan - Alberto Moravianın hekayəsi

Zorən xuliqan - Alberto Moravianın hekayəsi

13:30 23 yanvar 2025
Allah insanın günahıdır! - Dünyanı azdıran kitab haqqında

Allah insanın günahıdır! - Dünyanı azdıran kitab haqqında

16:51 21 yanvar 2025
Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

13:00 20 yanvar 2025
# # #